“Yol gedir...
Qubadlıya”
Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Bununla bağlı Şəhidlər xiyabanı ziyarət edildi. Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH), o cümlədən ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edildi, ruhlarına dualar oxundu. Ziyarətçilər Şəhidlər xiyabanındakı Əbədi Məşəl Kompleksinə əklil qoydu. Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi yad edildikdən sonra “Yol gedir... Qubadlıya” adlı sənədli film nümayiş olundu.
Mərasimi giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Ermənistanın təcavüzü başlayanda Qubadlı rayonu 238 şəhid verib. Rayona milyardlarla manat maddi ziyan dəyib, köçkünlük dövründə 4476 nəfər Qubadlı rayon sakini dünyasını dəyişib. M. İsaqov Qubadlının işğalına səbəb kimi o vaxt dövləti idarə edən şəxslərin səriştəsizliyini göstərərək, doğma torpaqlarının işğaldan azad olunması üçün qubadlılıların hər zaman hərbi əməliyyatlarda fəal iştirak etməyə hazır olduqlarını da bildirdi. O qeyd etdi ki, “Xocalıya ədalət” kampaniyası təcrübəsindən istifadə etməklə Azərbaycanın ayrı-ayrı rayonlarının işğalı, burada ermənilərin törətdikləri kütləvi vəhşilik və vandalizm halları da dünya miqyasına çıxarmağın vaxtı çatıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə gəlincə, Ali Baş Komandanımızın bu istiqamətdə atacağı hər hansı addımın və qəbul edəcəyi qərarın birmənalı şəkildə dəstəklənməsi və müdafiə olunması bizim üçün sübuta ehtiyacı olmayan aksiomadır”.
Bayram Səfərov:
“Bayrağımızın
altından keçən hər bir erməniyə
çörək
verməyə
hazırıq”
“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa RİH başçısı Bayram Səfərov şəhidlərin qanının yerdə qalmayacağını bildirdi, işğal altında olan ərazilərin azad olunacağına əminliyini vurğuladı: “Azərbaycanın həm iqtisadiyyatı, həm ordusunun gücü bizim ümidlərimizi daha da artırır. İşğal altında olan ərazilərimiz azad olunacaq. Ali Baş Komandanın əmrini gözləyirik”.
B. Səfərov bildirdi ki, Dağlıq Qarabağa bir dəfə səfər edən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də getmirlər: “Ermənistana səfər edən xarici ölkə rəsmiləri aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər. Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də Dağlıq Qarabağa da aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri riyakarlıqla hazırlamasından xəbər verir”. B. Səfərov qeyd etdi ki, bu gün heç bir xarici dövlət bir rəsmi şəxsin əməlinə görə, Azərbaycanla əlaqələrin korlanmasını istəmirlər. B. Səfərov Qarabağdakı təbii sərvətlərin talan edilməsi ilə bağlı məlumatları da şərh edərək qeyd etdi ki, nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii sərvətləri istismar etməsi üçün maliyyə imkanları yoxdur: “Bu ermənilərin Azərbaycanı qıcıqlandırmaq üçün ortaya atdığı növbəti dezinformasiyadır. Həmçinin belə informasiyalar yaymaqla Ermənistan hökuməti öz əhalisini yalançı iqtisadi uğurlar adı ilə aldatmaqla məşğuldur. Sirr deyil ki, bu gün Ermənistandakı iqtisadi vəziyyət çox ağırdır və çıxış yolu isə yalnız Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdir”.
O, erməni ictimaiyyətinə müraciət edərək, bütün erməniləri öz haqlarını müdafiə etməyə də çağırdı: “Buradan onlara səslənirəm. Üzümü həm Ermənistanda, həm də Qarabağdakı ermənilərə tuturam. Yaşadığınız yerdə sizə qarşı haqsızlıq edənlərdən öz hüquqlarınızı tələb edin. Onlara deyin ki, sizə qarşı niyə belə cinayətlər törədirlər. Azərbaycan olaraq, bizim qapımız hamının üzünə açıqdır. Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq”.
Baş nazirin müavini:
“Dağlıq Qarabağ probleminin sonu
yaxınlaşmaq üzrədir”
Qubadlı rayonunun işğalı
tarixinə toxunan Baş nazirin və YAP sədrinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov bildirdi ki, işğal günlərinə
yığışmaq təəssüf
doğursa da, qalibiyyət uzaqda deyil: “Qubadlı Zəngəzur mahalına
aid olan, uzun illər Qarabağ xanlığına bağlı
bölgə olub. Qubadlı əhalisi mərd, döyüşkən, dövlətə
bağlı camaatdır.
Bu əhali özü-öz
dolanışığını təmin edə bilir. Qubadlı əhalisi respublikanın
42 şəhər və
rayonunda, məcburi köçkünlərin 70 faizindən
çoxu isə Sumqayıt şəhərində
məskunlaşıb. Prinsip etibarı ilə bu rayonun əhalisi
dövlətə, hökumətə
yardım üçün
müraciət etməyiblər.
Bu camaatda ələbaxımlıq
yoxdur. Bu insanlar dövlətə xidmət edən şəxslərdir. Buna görə də onlar hörmət və izzətə layiq insanlardır. Hesab edirik ki, gün
gələcək bu torpaqlar azad olunacaq”. Ə. Həsənov
münaqişənin ilk illərində
beynəlxalq humanitar təşkilatların və
bəzi dövlətlərin
Azərbaycanın qaçqın
və məcburi köçkünlərinə etdiyi
yardımları unutmadıqlarını
və buna görə onlara minnətdar olduqlarını
da bildirdi. Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Avrasiya üzrə əməliyyatlarının başçısı
Korba Loranın da tədbirdə iştirakını, beynəlxalq
humanitar təşkilatların
bu problemə münasibəti kimi dəyərləndirdi: “Yaxşı
olardı ki, dünyanın bəzi dövlətləri, siyasətçiləri
və dövlət rəhbərləri də
bu problemə belə münasibət bəsləyərdilər. Biz
tam əminik ki, ölkə başçısının
rəhbərliyi altında
yaxın gələcəkdə
mütləq qalibiyyət
gününə yığışacağıq.
Gün gələcək, bu torpaqlar azad olunacaq. Ölkə başçısı necə ki, Azərbaycan
dövlətini, xalqını
bütün dünyaya
qısa müddətdə
tanıdıb, bütün
dünyanın maraq mərkəzinə çevirib,
bu problemin də həllinə nail olacaq. Hesab edirik ki, ölkədə bu problemdən başqa ciddi problem qalmayıb.
Yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsidir, o da
həllini tapacaq.
Baxmayaraq
ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə bu problemin həllini
uzadır, problemin sonu yaxınlaşmaq üzrədir”.
İlin sonunadək məcburi
köçkünlər üçün
tikilən
qəsəbələrin sayı 82-yə çatacaq
Ə. Həsənov qeyd etdi ki, 1 milyon
200 min qaçqın və
məcburi köçkünün
həyat şəraitinin
yaxşılaşması tam təmin edilib, bu kateqoriyadan olan insanların sosial problemləri həllini tapıb: “Bu gün dünyanın bütün münaqişə
zonalarında ən yaxşı təminat Azərbaycan qaçqın
və məcburi köçkünlərinə aiddir.
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı
da öz çıxışlarında dəfələrlə
bəyan edib”.
Ə. Həsənov vurğuladı
ki, ötən il ərzində orta hesabla bir
məcburi köçkünə
1350 ABŞ dollarına qədər
vəsait sərf olunub: “Son 20 ildə isə bu sahəyə
5,4 milyard dollar sərf olunub. Bunun 81%-i məhz Prezident
İlham Əliyevin ölkəyə başçılıq
etdiyi dövrə təsadüf edir. Bu ilin sonunadək
məcburi köçkünlər
üçün tikilən
qəsəbələrin sayı
82-yə, köçürüləcək
əhalinin sayı isə 180 min nəfər və 35 minə ailəyə çatacaq.
Bu işlərin 91%-i
son 10 il ərzində həyata keçirilib. Yəni bu qədər işləri görən prezident mütləq bu torpaqların azad olunmasına nail olacaq. Biz də
mütləq yaxın
gələcəkdə sizlərlə
həmin torpaqlarda görüşəcəyik”.
Tədbir ədəbi-musiqili kompozisiya
ilə davam etdirildi. Mərasimdə Milli Məclisin
deputatları, ictimaiyyət,
dövlət, hökumət,
həmçinin Dağlıq
Qarabağın azərbaycanlı
icmasının nümayəndələri
iştirak edirdi.
Nigar Abdullayeva
Palitra.-2013.-31 avqust.-S.10.