Dünya musiqi xəzinəsinə daxil olan sənətkar-Niyazi

 

Maestronun mənzil muzeyinin kolleksiyasında 6200-dən artıq qiymətli eksponat qorunur

Layihə çərçivəsində təqdim etdiyimiz yazı dahi Niyazi və onun xatirələrinin yaşadığı mənzil muzeyi ilə bağlıdır.

Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist əməyi qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun 101 yaşı tamam oldu. Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. O, mənalı ömrünü mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edib. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət maestronun sənətinin sehrindən ayrıla bilməyiblər. Niyazi musiqiçi ailəsində dünyaya göz açıb. Atası Zülfüqar dövrün tanınmış bəstəkarı, əmisi isə dahi Üzeyir Hacıbəyli idi. İlk musiqi təhsilini Bakıda alan Niyazi sonralar Moskvada Qnesinlərin Musiqi Məktəbində, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirib. Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günlərindəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə parlaq səhifələri yazıb. Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Əksər bəstəkarlarımızın partituraları onun əlindən keçib, məhz maestronun dirijorluğundan sonra onlar öz uğurlarını və qüsurlarını başa düşüblər. Niyazi Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında, Leninqrad OperaBalet Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında işləyib. Filarmoniyaya rəhbərlik etdiyi illərdə “Humayunxalq çalğı alətləri ansamblı Niyazinin təşəbbüsü ilə yaradılıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara OperaBalet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuş Niyazi 1970-ci illərin sonu və 80-ci illərin əvvəlində Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. Vaxtilə maestro deyirdi: “Xalqın-xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.

Maestroya ümumdünya şöhrəti gətirən dirijorluq olsa da, Niyazi bir bəstəkar kimiuğur qazanıb. “Rastsimfonik muğamı, “XosrovŞirin” operası və “Çitrabaleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Sonuncuya görə Hindistanın beynəlxalq Nehru mükafatına layiq görülüb.

Niyazi sənəti tanınmış sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç deyib: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, onun belə bir dirijoru var”. Həqiqətən də, həmkarlarının qibtə edə biləcəyi əllər, musiqi duyumu, zövqü məhz maestro Niyaziyə məxsus idibununla da fəxr etməyə dəyər. Maestronun lent yazılarına baxarkən bir anlığa musiqinin səsi kəsilsə belə, onun əl hərəkətlərində həmin musiqinin ahəngini, ritmini duymaq mümkündür. Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir insan olub. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürüb, onların ailə həyatı bir sevgi dastanına çevrilib. Maestro Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Maestronun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. O, ən yüksək mükafatlara layiq görülüb, bir çox ordenmedallarla təltif olunub, Tiflisin fəxri vətəndaşı seçilib.

1994-cü ildə Bakıda Niyazinin mənzil-muzeyinin açılışında ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Prezidentinin 2010-cu il 20 may tarixli sərəncamı əsasında 2012-ci ildə maestro Niyazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla yanaşı çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.

Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov deyir ki, Azərbaycan musiqi tarixində dünya musiqi xəzinəsinə daxil olmuş şəxsiyyətlər çoxdur. Belə sənətkarlar sırasında Niyazinin xüsusi yeri var. Niyazinin Azərbaycanda peşəkar dirijorluq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərib: “Niyazi hansı ölkədə qastrol səfərində olurdusa, Azərbaycan musiqisini yüksək səviyyədə, layiqincə təmsil edirdi. Azərbaycan simfonizminin təşəkkülü və inkişafı da Niyazinin adı ilə bağlıdır. “Rastsimfonik muğamı, Nizami Gəncəvinin “XosrovŞirin” poeması əsasında yazdığı eyni adlı opera, Robindranat TaqorunÇitra” poeması əsasında yazdığı eyniadlı balet Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb”.

Muzeyin şöbə müdiri Xanım Abdinova deyir ki, maestro 1936-cı ildən 1981-ci ilə qədər onlarla Azərbaycan filminə musiqi yazıb, dirijorluq edib: “Azərbaycanın sonuncu səssiz, ilk səsli filmi olan “Almaz”ın və ilk sənədli filmimiz olanTürk qadınının baharı” filmlərinin musiqisi Niyaziyə məxsusdur. Bundan başqa, maestro 1936-cı ildə “Kəndlilər”, 1940-cı ildə “Ordenli Azərbaycan”, 1945-ci ildə “Arşın mal alan”, 1947-ci ildə “Fətəli xan”, 1957-ci ildə “Mahnı belə yaranır”, 1981-ci ildə “Üzeyir ömrü” və s. filmlərin musiqi tərtibatçısı olub. NiyaziUzaq sahillərdə, “O qızı tapın”, “Sehrli xalatkimi filmlərin dirijoru olub”.

Qeyd edək ki, Azərbaycan Musiqi M ədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə və eksponatların sayına malik olan Niyazinin mənzil muzeyidir. Onun təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilib. Geniş tamaşaçı kütləsi üçün muzey 1994-cü il sentyabrın 18-də qapılarını açıb. Hazırda muzeyin müdiri Rza Bayramovdur. Muzeydə olarkən sanki sehrli bir aləmə düşür, həmin illərə qayıdır, Niyazi yaradıcılığının möhtəşəmliyini hiss edirsən. Niyazinin yaşadığı evin hər qarışında onun yaradıcılığının izləri yaşayır. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaradıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq otağı) memorial otaqlardır. Onlar maestronun dövründə olduğu kimi qorunub saxlanılıb. Digər 2 otaq-ekspozisiyaqonaq otağı məqsədilə istifadə olunur. Memorial otaqların Niyazinin vaxtında olduğu kimi tərtib olunması muzeyə xüsusi əhəmiyyət verir. Digər otaqlar rekonstruksiya olunub. Yemək otağında nümayiş olunan eksponatlar Niyazinin asudə vaxtlarını necə keçirdiyi, gərgin yaradıcılıq anlarından sonra onun sadə, təvazökar həyat tərzi haqqında təsəvvür yaradır. Mənzilin “ürəyi”, Niyazinin gərgin yaradıcı əməyinin mərkəzi otağıdır. Dirijor və bəstəkar Niyazinin gündəlik işi-partituraların öyrənilməsi, Azərbaycan və xarici müəlliflərin yeni əsərləri ilə tanışlıq, saatlarla yaradıcılıq axtarışları məhz bu otaqda baş verib. Otağın mərkəzi divarında vaxtı ilə Niyazinin özü tərəfindən asılmış fotoşəkillər daha çox diqqəti cəlb edir. Burada müxtəlif illərdə Niyazi ilə birgə Azərbaycan və dünyanın ən məşhur musiqiçilərinin fotoşəkilləri, nümayiş olunur. Bu otaqda həmçinin, Niyazi ilə əmisi Üzeyir Hacıbəyov, atası Zülfüqar Hacıbəyov, qaar qaryve, Bülbül, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Van Klaybern, Bella Davidoviç, Leonid Koqan, Adnan Sayqun və digər görkəmli musiqi xadimlərinin fotoları xüsusi yer tutur. Burada maestronun yaradıcılığı haqqında, onun xarici qastrol səfərləri, Azərbaycan simfonik musiqisində oynadığı rol haqqında ətraflı məlumat əldə etmək olar. Yataq otağında nümayiş olunan eksponatlar-geyimlər, şəxsi əşyalar, mebellər, Niyazinin şəxsi keyfiyyətləri, zövqü, geyim tərzi və 60-80-ci illərin dəbi haqqında geniş təsəvvür formalaşdırır. Ekspozisiya otağının materialları Niyazinin çoxşaxəli yaradıcılığını əyani surətdə əks etdirir. Burada maestronun həyat və yaradıcılığı xronoloji ardıcıllıqla təqdim olunur. Ona aid nadir sənədlər, fotolar, afişalar, ən əsası isə onun müəllifi olduğu not əlyazmalar nümayiş olunur. Muzeyin ən geniş otağı qonaq otağıdır. Bu otaqdan Niyazi nadir hallarda istifadə edib. Burada dövlət və ailə bayramları, görkəmli musiqiçilər, Bakıda qastrolda olan məşhur mədəniyyət xadimlərinin şərəfinə ziyafətlər təşkil olunub. Otağın divarlarında dirijor və bəstəkar Niyazinin ictimai fəaliyyətini əks etdirən fotolar, təsviri sənət əsərləri, müxtəlif illərdə ailəyə bağışlanan əşyalar nümayiş olunur. Niyazinin mənzil muzeyi öz fəaliyyətini maestronun irsinin toplanması, qorunması, tədqiq, nümayişi və təbliği istiqamətində qurub. Muzeyin kolleksiyasında 6200-dən artıq eksponat qorunur. Muzeydə hazırda 120 ədəd Niyazinin not əlyazması, 2746 ədəd fotoşəkil, 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitabnotlar, 279 ədəd qramvallar, 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanmaqdadır. Muzeydə müntəzəm olaraq xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində klassik musiqi həvəskarları klubu fəaliyyət göstərir.

Anar Miriyev

Palitra.-2013.-3 sentyabr.-S.11.