Azərbaycanın cüdo
üzrə ilk dünya
çempionu- Elxan Məmmədov
“2015-ci il Avropa Oyunları və
Braziliyadakı Yay Olimpiya
Oyunlarında da çempion
olmaq istəyirəm”
Braziliyada keçirilən cüdo üzrə Dünya
Çempionatında 1 qızıl və 1 bürünc
medal qazanan
yığma komandamız artıq Vətənə
qayıdıb. Dünya çempionu
Elxan Məmmədovu hava
limanında ailə üzvləri, yaxınları, dostları
və jurnalistlər qarşılayıb. Azərbaycan idmanı
tarixində cüdo üzrə ilk dünya çempionu olan Elxan Məmmədov jurnalistlərə
müsahibəsində Rio-De-Janeyrodakı
çıxışından, rəqiblərdən və
karyerasının ən böyük qələbəsindən
danışıb:
- Braziliyaya yola düşəndə
özünüzə inam var idimi?
- Əlbəttə, mən çox istəyirdim dünya çempionu olum. Azərbaycanda cüdo üzrə dünya çempionu yox idi. Məhz buna görə də məqsədim yalnız qızıl medal qazanmaq idi. Sözsüz, çətin oldu. Hələ yorğunluqdan çıxmamışam. Yorğun olduğumdan çox danışa bilmirəm. Bir müddət sonra düşünəcəm və çempionatdakı çıxışımı analiz edəcəyəm. Bu qələbə təkcə mənim deyil, bütün xalqımızın uğurudur.
- Hansı mərhələdə
çempion olacağınıza ümidiniz artdı?
- Yarış çox çətin başladı. İlk görüş olduqca çətin oldu. Rəqib mənə 2 dəfə "yuko" fəndi işlətdi. Amma yaxşı ki, sonda qələbə mənim oldu. Getdikcə döyüşlər daha çətinləşir, amma qələbə həvəsi artırdı. Finaldakı rəqibim holland cüdoçusu çox təcrübəli idi. İlk dəqiqələrdən çox diqqətli idim. Fikirləşirdim ki, bura qədər gəlmişəm, gərək qızıl medal mənim olsun. Şükürlər olsun ki, çempion oldum.
- 31 yaşlı Elxan Məmmədov üçün
çempionluq nə deməkdir?
- Karyeramın ən böyük uğuruna imza atdım. Zəhmətimin bəhrəsini gördüm. Çempion olandan sonra zirvəyə gedən yolu yadıma saldım. Qələbə qazananda bütün yorğunluq çıxır. İndi çalışmaq lazımdır qarşıdakı yarışlarda da uğurla çıxış edək. Fikrimcə, millimizin çıxışı yaxşı alındı. 1 qızıl və 1 bürünc medal müsbət nəticədir.
- Dünya
çempionatı Elxan Məmmədovun həyatında
nəyi dəyişdi?
- Dövlət himnimiz səslənəndə qürur hissi yaşadım. Vətəni təmsil etmək şərəflidir. Qələbə qazananda daha şərəfli olur. Dünya çempionu titulu məni daha məsuliyyətli edəcək. İndi artıq titullu idmançı kimi bütün rəqiblər mənə qarşı daha ciddi hazırlaşacaqlar.
- Bakıda belə qarşılanacağını gözləyirdinmi?
- Hava limanında özümü çempion kimi hiss etdim. İlk dəfə isə final görüşü başa çatandan sonra göz yaşlarımı saxlaya bilmədim. Qələbədən sonra ağlamaq tam başqa hisslərdir. Onda başa düşdüm ki, dünya çempionuyam. Sağ olsunlar, daim qalib gələn idmançılar yüksək səviyyədə qarşılanır. Böyük sevinci görmək sevindiricidir. Həm də məsuliyyətdir. Çünki bu insanlar bundan sonra məndən medal gözləyəcək.
- 2016-cı ildə
keçiriləcək Yay Olimpiya
Oyunlarında iştirak
şanslarını necə qiymətləndirirsən?
- 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında iştirak edəndə medal şanslarım çox idi. Amma alınmadı. Onda bəziləri deyirdi ki, Elxan güləşə bilmir və sair. 2012-ci il London Olimpiadasında da ümumiyyətlə, komandamız pis çıxış etdi. "Qara zolağ"a düşmüşdük. Bu qələbə ilə nəyə qadir olduğumu göstərdim. Gələn il keçiriləcək Dünya Çempionatında da qızıl medal qazanmaq istəyirəm. Eyni zamanda 2015-ci ildə Avropa Oyunlarında, sonra isə Braziliyadakı Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm.
- Qələbəni
kimə həsr edirsən?
- Qələbə bütün
Azərbaycanındır. Yaxınlarım deyir,
final gecə saatlarında keçirilməsinə
baxmayaraq, hamı izləyirdi. Xalqım mənə
dəstək olduğu üçün
qələbə hamımıza məxsusdur.
Palitra.-2013.-4 sentyabr.-S.13.