Qafqaz İslam Ordusu xatirələrdə

 

“Azərbaycana dair başqa bir məqsədimiz yox idibu prinsipə sadiq idik: Azərbaycan azərbaycanlılar üçündür. Əgər səhv etmişiksə, bu, faciəmizin nəticəsi idi”. Bu fikirlər 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının qurultayında çıxışına icazə verilməyən Ənvər Paşanın nitqindəndir-Bakını, Azərbaycanı elə azərbaycanlılar qədər sevən və onu bolşevik-daşnak silahlı dəstələrindən qorumağa ilk qalxan Ənvər Paşanın, adı Vətənimizin müstəqillik tarixini yazan dahi şəxsiyyətlərlə birgə çəkilən Ənvər Paşanın. Bəli, 1918-ci ilin iyununda məhz onun əmrinə əsasən, Şərq Orduları Komandanlığının tərkibindəki V Qafqaz piyada diviziyasının bazasında Qafqaz İslam Ordusu formalaşdırılıb Azərbaycana göndərildi.

Osmanlı ordusu

Qazaxda

“Türklər Qazaxa Cəmil Cahid bəyin komandanlığında girdilər. Onda mənim 21 yaşım vardı. Gürcülərlə hər gün döyüş gedirdi. Hələ ermənilər də yaylağa çıxmış elimizə silahlı hücumlar edirdilər. Qorxu içində olan xalq türk ordusunu böyük sevinc hissi ilə qarşıladı. Qısa bir zamanda ordu toplamağa başladılar. Bizim kəndə bir çavuş və 3 əsgər gəlmişdi. 20 nəfərə yaxın gənc könüllü orduya yazıldıq. Çavuş Əhməd və əsgərlər bizə 7 gün təlim keçdilər. Çavuş Əhməd iri gövdəli, burmabığ bir pəhləvan idi. Üzü gülməyən, çox sərt insan idi, təlimdə səhv nəticə göstərərkən, bizə həmin tapşırığı 10 dəfə təkrar etdirərdi. Hər bir hərbi termini əzbərlədərdi. Məsələn, heç yadımdan çıxmayan bir tərif: “Nişangahla arpacığın bir hizaya gətirilərək hədəfə düzgün tuşlanmasına “vurdumdeyilir”. Bu fikirlər 1918-ci ildə Qazaxdan Bakıya, Qarabağa, Naxçıvana kimi 2 il döyüş yolu keçmiş Cümhuriyyət əsgəri Ağqırax Məmməd oğlunun xatirələrindəndir. O dövrə aid mənbələri araşdırdığımız zaman həmin yazılar hazırda haqq dünyasında olan Qazax rayonu Yuxarı Salahlı kənd orta məktəbinin tarix müəllimi İmrayıl Alıyevin arxivindən tapıldı. İmrayıl müəllimin ömrünün çox hissəsini sərf edib qələmə aldığı əlyazmaların ən maraqlı hissələrini seçib sizə təqdim etmək qərarına gəldik. Düşündük ki, bu faktlar tarix tədqiqatçıları üçün də maraqlı olar. Beləliklə, Ağqırax Məmmədoğlu öz xatirələrində daha sonra qeyd edir: “7 gündən sonra bizi Qazaxdakı qərargaha gətirdilər. Daş Salahlıdan, İncə dərəsindən, Şıxlıdan çoxlu tanıdığım əsgərlər vardı. Bizi türk əsgərləri ilə birgə Gəncəyə gətirərək, oradan birbaşa döyüşən orduya göndərdilər. İsti yay günlərində ağır döyüşlər gedirdi. Ərzaq çatsa da, içməli su problemi yaşayırdıq. Sursat azlığından qəfil hücumlara üstünlük verilirdi. Hər gün 15-20 bəzən də 30 km irəliləyirdik. Ordu hücuma keçən zaman itkilər böyük olurdu. Komplektləşmə səngərdəcə aparılırdı. Bəzən yeni döyüş planları hazırlanana kimi 1-2 gün istirahət verilirdi. Bu istirahət günlərində də təlimlər keçərdik. Sonra isə möhtəşəm əsgər marşları oxuyaraq dəstələr halında sıra keçidləri edərdik. Ömrümün sonunadək unutmayacağım həmin marşları oxuyarkən indi də gözlərim yaşarır”.

Tarixi zərurətdən

doğan qardaş yardımı

Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi. Adıçəkilən müqavilə 1918-ci il iyunun 4-də Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətləri arasında imzalandı. Həmin sənədin 4-cü maddəsinə görə, əgər Azərbaycan daxili qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün müraciət edərdisə, Osmanlı dövləti bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım üçün müraciət etdiyindən qardaş ölkə öz yardımını əsirgəmədi. Baxmayaraq ki, həmin dövrdə Türkiyə I Dünya müharibəsinə qoşulduğundan müəyyən itkilər və çətinliklərlə qarşılaşmışdı. Məhz belə bir çətin durumda Türkiyənin hərb naziri Ənvər Paşa Bakının və azərbaycanlı müsəlmanların işğaldan azad edilməsi məqsədilə 257 zabit və 5575 əsgərdən ibarət böyük bir hərbi bölüyü Azərbaycana göndərmək əmri verdi. Sonradan yerli sakinlərdən formalaşdırılan “vəhşi diviziya” hesabına sıraları genişləndirilərək Qafqaz İslam Ordusu adlandırılan hərbi birləşməyə qardaşı Nuru Paşanı rəhbər təyin etdi. Türk ordusunun Azərbaycana, Bakıya yürüşünün həm də mənəvi əsasları vardı. O dönəmdə Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi sayılırdı. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat mənbəyi kimi baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvət olaraq getmişdilər. Ağqırax Məmmədoğlunun xatirələrindən də aydın olur ki, türklər Azərbaycana qərbdən daxil olublarilk olaraq Qazaxda daşnak-erməni birləşmələrinin törətdiyi soyqırımına son qoyublar: “Nuru paşa və Xəlil paşa tez-tez ön cəbhədə görünərdi. Azad olunmuş kəndlərdə şahid olduğumuz erməni vəhşiliyi ağlımızı başımızdan çıxarırdı. İnsanlara necə əzab verib öldürdüklərini dillə demək çox çətindir. Bakı üzərinə birinci hücumdan sonra, 10 avqustda bizi Qarabağa göndərdilər. Burada ermənilər dinc əhaliyə divan tutmuşdu. Elə kəndlər vardı ki, əhalisi ilə birgə yer üzündən silmişdilər. Şuşanı, Əsgəranı erməni daşnaklarından 7 gün ərzində azad etdik. Sonra bizi Naxçıvana göndərdilər. Orada da yerli ermənilər qonşu kəndlərin sakinlərini süngüdən keçirmişdilər. İnsan heyrətə gəlirdi gördüklərindən”.

Anadoludakı həsrət

Gəncədə bitdi

1918-ci il mayın 25-də isə Qafqaz İslam Ordusu Gəncəyə daxil oldu. Ordunun fəallarından olan Nağı Şeyxzamanlı sonralar qələmə aldığı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” əsərində Nura paşa ilə yanındakı türk əsgərlərinin Gəncəyə girişini belə anlatmışdı: “Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc bütün xalq, əsgərləri coşquyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uşaq evlərindən gətirilən bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb, ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü”. Qeyd edək ki, N.Şeyxzamanlı yardım edilməsi üçün İstanbula göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edirdi. O, həmin vaxt Osmanlı sultanı və baş nazir olan Tələt Paşa, hərb naziri Ənvər Paşa ilə görüşərək Azərbaycan xalqına hərbi yardım göstərilməsinə razılıq aldı. Azərbaycan hökuməti də Bakının azad edilməsi üçün diplomatik fəaliyyətini artırdı.

Bakı hürriyyətə qovuşdu

Və gözlədikləri də baş verdi. 1918-ci il avqustun 5-dən Bakıya doğru başlanan uğurlu əməliyyatlar, nəhayət, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsi ilə nəticələndi. Böyük tarixi əhəmiyyəti olan bu hadisədən sonra Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıya köçürülməsi azərbaycanlılarda milli ruhun yüksəlməsinə təkan verdi.

Sonralar Nuru Paşadan müsahibə alan ingilis jurnalist Skotland Liddel ilk olaraq ona Bakının işğaldan azad edilməsi barədə sual ünvanlayır. Nuru Paşa cavabında bildirir: “Mən Bakı haqqında danışmaq istəməzdim, lakin siz bu mövzuya toxundunuz. Yalnız onu deyə bilərəm ki, mən borcumu yerinə yetirdim.Vicdanım qarşısında özümü günahkar hesab etmirəm. Biz Bakıya hücum edən gün, sentyabrın 14-də türk ordusunun sayı çox az-5 min nəfərə qədər idi. Bakıda isə düşmənin 30 mindən çox silahlı qüvvəsi, 9 zirehli maşını var idi. Şəhəri sürətli hücum ilə götürmək təhlükəli idi. Əgər şəhərdə küçə döyüşləri olsaydı, biz təkcə çoxlu türk əsgərini itirməzdik, eyni zamanda həmin vaxt tamamilə məğlub ola bilərdik. Tüfənglər lazım olmazdı. Zirehli maşınlar işə düşərdi. Axı biz Bakını almaq istəyirdik, əsirlər almaq istəmirdik. Axşamüstü bizim ordular təpələri tutdular. İngilislər axşam şəhəri tərk etdilər. Onlar öz aeroplanlarını yandırdılar. Mənim gözlədiklərimin əksinə olaraq düşmən təslim olmadı, ermənilər ya qəhrəmanlıqlarından, ya da digər mülahizələrdən Bakı ətrafında müdafiəyə keçdilər. Buna görə də Salyan kazarması ətrafında döyüş qızışdı. Mən mövqeyə baxdım və onu gözəl tapdım. Düşmən burada qələbə qazana bilməzdi. Mən öz qərargahıma qayıtdım. Bir-iki saat ərzində atəş dayandı. Şəhər artıq təslim olmağa hazır idi. Bizim orduların eskadronu şəhərdə idi. Mən bir neçə saat ərzində şəhərdə qayda-qanun yaratmaq barədə düşündüm”. Nuru Paşa II Dünya müharibəsi zamanı da azərbaycanlı əsirlərin faşizm zülmündən qurtulmalarına şərait yaratdı. Bütün bu xidmətlərinə görə xalqımız Nuru Paşanı daim yad edib örnək kimi gənc nəslə tanıtmalıdır. Xüsusilə müharibə şəraitində olan olan millət üçün bu, çox vacibdir. Həm də bütün qeyd olunanolunmayan xidmətləri, keyfiyyətləri, millətsevərliyi ilə Nuru Paşa bu ehtiramı özü qazandı.

 

Fərqanə VƏKİLOVA

Palitra.-2013.-5 sentyabr.-S.12.