“Həqiqətlərimizin təbliği üçün Koreyada
müxtəlif imkan və fürsətlər
var”
Rigina Baxşəliyeva: “Daim inkişaf edən Koreya adət-ənənələrinin
qorunmasına böyük əhəmiyyət
verir”
Layihə çərçivəsində
müsahibimiz Koreyada magistratura təhsili alan Rigina Baxşəliyevadır.
- Öncə özünüz haqqında məlumat verərdiniz…
- Adım - Rigina Baxşəliyevadır. Bakı şəhərinin Sahil qəsəbəsində yaşayıram. Öz təhsilim barədə bunları deyə bilərəm ki, ali təhsilimi Baki Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisasında almışam. Hələ sonuncu kursda oxuyarkən Asiya ölkələrinə, Koreyaya və Koreya dilinə marağım yaranıb. Universiteti bitirən kimi Koreya dilini öyrənmək üçün Bakıda keçirilən Koreya dili kurslarına yazılmışdım. Dünyada keçirilən Koreya dili üzrə imtahanda da iştirak etmişdim (TOPIK). Kursların köməyi ilə Koreyada xaricilər üçün dövlət təqaüd proqramı barədə məlumat alıb, şansdan istifadə etdim. Beləliklə, 2011-ci ildə KGSP təqaüdünə layiq olan tələbələrin siyahısına düşdüm. 2011-ci ildən Seulda Dongguk Universitetində təhsil almağa başladım. Koreyada xaricilər üçün nəzərdə tutulmuş Koreya Dövlət Təqaüd Proqramı (KGSP - Korean Government Scholarship Program) vasitəsi ilə Dongguk Universitetinin magistratura pilləsində (Reklam və ictimaiyyətlə əlaqələr ixtisasında) təhsil alıram.
- Təhsil
aldığınız ölkə və təhsilin barəsində
nələri danışmaq olar?
- Koreya güclü iqtisadiyyat və yüksək həyat səviyyəsinə malik olan, inkişaf etmiş və zəngin mədəniyyəti ilə tanınan bir ölkədir. Koreya həm Asiyada, həm də dünyada qabaqçıl ölkələrdən biri olsa da, öz inkişafı ilə kifayətlənib dayanan ölkə deyil. Ölkə daim inkişaf edir, dəyişir. Koreyalıların dediklərinə görə, indiki vaxtdakı cəmiyyət və şərait 5 il əvvəl olan Koreyadan çox fərqlənir. Amma buna baxmayaraq, daimi inkişafda olan və daim dəyişən ölkə öz adət-ənənələrinin qorunmasına böyük əhəmiyyət verir. Koreyalılar kimi öz ölkəsinə olan sevgini nəinki sözdə, daha çox fəaliyyətlərində əks etdirə bilən bir ayrı xalqı indiyə qədər tanımamışam. Məsələn, onların bir bayramlarına nəzər salsaq, hər il adi Əlifba günündə (9 oktaybrda keçirilir. Koreyalıların öz əlifbası var - hanqıl adlandırırlar) müxtəlif tədbirlər və müsabiqələr keçirirlər, xarici tələbələr arasında hanqılda gözəl yazı müsabiqəsini misal kimi gətirmək olar.
- Təhsil
aldığınız ölkənin adət-ənənələri
ilə necə uyuşa bilmisiniz?
- Koreya nə qədər də Vətənimdən fərqli olsa da, buranın mədəniyyəti və adət-ənənələrinə çox qısa bir zaman ərzində uyuşa bildim, daha çox koreyalıların qonaqpərvərlik və xaricilərə mehriban münasibət göstərdiklərinə görə. Amma ilk görünüşdə mədəniyyətlərimiz bir-birindən çox seçilsə də, Koreyada xeyli vaxt yaşadıqca bir çox oxşarlıq da tapmaq olar. Misal üçün, dəyərli adət-ənənələrimizdən biri - böyüklərə hörmət. Koreyada bu adətə çox böyük fikir verilir, hətta səndən bir yaş böyük olan adama da hörmət göstərməlisən. Koreyada çətinliklə uyuşa bildiyim şey - Koreya yeməklərinə alışmaq idi. Koreya milli yeməkləri çox istiotlu ve acılığı ilə tanınır. İlk zamanlar çətin olsa da, artıq neinki öyrəşmişəm, həm də ən sevimli yeməklərimin siyahısına bir sıra Koreya yeməklərini də əlavə etmişəm. Hətta tətil zamanı Azərbaycanda olarkən Koreya mətbəxi üçün (kimçi, bulgogi, dvencancigye ve s. üçün) darıxmağa başlayıram.
- Azərbaycan mədəniyyəti və həqiqətlərini Koreyada təqdim və təbliğ etmək çətin deyil ki?
- Bir tərəfdən, ölkəmiz, ölkəmizin mədəniyyəti və həqiqətlərinin təbliğ edilməsi üçün Koreyada müxtəlif cür imkan və fürsətlər var. Bu nöqtədən Koreyanı - imkanlar dolu ölkəsi kimi adlandırıram. Koreya dövlətinin dəstəyi ilə müxtəlif mədəniyyət festivalları, müsabiqələr, sərgilər, prezentasiyalar keçirilir. Hətta, Koreyada məktəblilərə öz ölkəsi və ölkənin mədəniyyəti barədə məlumatı çatdırmaq üçün bir sıra proqramlar da həyata keçirilir. Koreyalıların digər mədəniyyətlər ilə tanış olmaq, öyrənmək istəkləri də çox böyükdür. Amma digər tərəfdən, ölkəmiz çox da tanış gəlmir koreyalılar üçün. Çoxlarının Azərbaycan adlı bir ölkə olduğu barədə məlumatı belə, yoxdur, hətta Koreyada yaşayan bəzi xaricilərin də bu barədə məlumatı yoxdur. Və zənnimcə, gərək ölkəmiz barədə bir anlayışları olsun ki, koreyalılara Azərbaycan həqiqətlərini də çatdıra bilək. Buna nail olmaq üçün də ki, həmişə bir olub bir-birimizə kömək etməliyik.
- Bu
barədə hansı fəaliyyətlər həyata keçirmisiniz?
- Özüm
hələ ki, çox
da fəaliyyət həyata keçirməmişəm
və yalnız bu yaxın zamanlarda
Vətənimin təbliğatı ilə məşğul olmağa başlamışam. İlk fəaliyyətim
SIWA adlanan (Seoul International Women’s
Association) qadınlar təşkilatı
ilə bağlıdır. Həmin təşkilatın
köməyi ilə Azərbaycan barədə prezentasiya hazırlayıb
mədəniyyəti barədə
məlumat vermişdik.
Koreyada təhsil alan digər
tələbəmiz - Ülviyyə
Məmmədova ilə
birlikdə Koreyanın
Namyangju adlı şəhərində keçiriləcək
Beynəlxalq Yemək Bişirmə Müsabiqəsinə
qatılmışıq. Bu yaxınlarda MİZY Center (Seul
Gənclər Mərkəzi)
tərəfindən keçirilən
və Seoul Metropolitan Government -in dəstəyi ilə
“Deep-rooted World Heritage” adlı bir proqramda iştirak
etmək imkanını
qazandım. Həmin proqram
vasitəsilə Koreya
məktəblərində və
gənclər mərkəzlərində
Azərbaycanın UNESCO-nun Dünya
Mədəniyyət irslərinin
siyahısında olan mədəni irslərimiz və ümumiyyətlə,
mədəniyyətimiz barədə
təqdim edəcəm.
Və ölkəmizin təbliğatı
ilə bağlı ümid edirəm, daha da fəal
olmağa çalışaram.
- Koreyada təhsil alan və
yaşayan azərbaycanlılarla
bağlı nələri
demək olar?
- Koreyada təhsil alan həmyerlilərimizin
sayı hazırda o qədər də çox olmasa da, azərbaycanlılar tərəfindən Koreya ilə maraqlananların sayı artmaqdadır. Əgər əvvəllər bura Azərbaycanda sırf Koreya dili ixtisasını
bitirənlər oxumağa
gəlirdilərsə, indiki
vaxtlarda müxtəlif
sahələrdə təhsil
almış tələbələrin
sayı da artır. Tələbələrimiz nəinki paytaxtda
(Seul şəhərində),
həmçinin Koreyanın
digər iri şəhərlərində təhsil
alıb, yaşayır.
(Decon, Dequ, Busan şəhərlərində).
Koreyada yaşayarkən,
burda fəaliyyət göstərən səfirliyimiz
tərəfindən keçirilən
müxtəlif tədbir
və bayramlarda yığışıb tez-tez
görüşürük. Həmişə bir olub, bir-birimizə
kömək eləməyə
də çalışırıq.
Misal üçün, oxuduğumuz
universitetlərdə mədəniyyət
festivalı keçiriləndə,
qızlarımız (Əfsanə,
Pərvin, Bahar, Aysel, Vüsalə, Könül və s.) ilə birlikdə Azərbaycan milli xörəklərini hazırlayıb
festivalda təqdim edirik. Bir neçə ay əvvəl
isə Koreyada ölkəmizin tabliğatında
çox fəal olan tələbəmiz - Nihat Xəlilzadə başda olmaqla 3 gün ərzində Koreyanın məşhur universitetlərinin birində
(Hanyanq Universiteti) cəmi 4 ölkə (Rusiya, Çin, Fransa, Türkiyə) ilə yanaşı, Azərbaycanı təmsil
etmişdik. Xörəklərimiz və milli suvenirləri satmaqla yığılan pulları
isə Seul Dövlət Universitetinin nəzdindəki Uşaq xəstəxanasına bağışlamışıq.
- Xaricdə təhsil
alan azərbaycanlı tələbələrə
hansı tövsiyələriniz və məsləhətləriniz
ola bilər?
- Xaricdə olan tələbələrə onu tövsiyə edə bilərəm ki, onlara təqdim edilən müxtəlif imkanlardan istifadə etsinlər, qaldıqları ölkənin mədəniyyəti barədə çox öyrənsinlər (Milli musiqi alətlərini, incəsənətini öyrənsinlər), universitetdəki dərnəklərə yazılsınlar, könüllü kimi fəaliyyət göstərsinlər, təki həmişə fəaliyyətdə olub, vaxtlarını səmərəli keçirsinlər. Ola bilər, sonra belə bir şans ələ düşməyə də bilər. Adamları ilə ünsiyyətdə olsunlar. Əsası isə vətənlərini və azərbaycanlı olduqlarını unutmasınlar.
- Azərbaycan diasporunun güclənməsində xaricdə
təhsil alan tələbələrin rolunu necə görürsən?
- İdeya və enerji dolu motivasiyalı gənclər, tələbələr nəinki diasporun, həm də cəmiyyətin hərəkətverici qüvvəsidir.
Xarici ölkələrdə olan hər vətəndaşımız, xüsusən gənclər, ölkəmizin simasıdır. Xaricilərin ölkəmiz barədə anlayışı nəinki KİV vasitəsilə, həm də daha çox ölkəmizdən olan tanıdıqları adamların vasitəsi ilə də formalaşır. Ümumi götürsək, xaricdə yasayan vətəndaşların çoxu da elə tələbələrimizdir. Hər tələbə öz ölkəsini layiqincə təmsil edib, öz fəaliyyətinin nəticəsi ilə ölkə barədə, belə desək, xoş bir fikir yarada bilibsə, bu, həm ölkəmizin tanınması, həm də diasporun güclü olmasında əhəmiyyətli ola bilər.
- Bundan sonrakı gələcək planlarınız barədə məlumat verərdiniz.
- Gələcək planlarım barədə çox düşünməsəm də, onu bilirəm ki, təhsilimi bitirdikdən sonra Vətənimə qayıdıb ailəmə qoşulum. Xaricdə yaşamaq ailəmi daha da çox dəyərləndirməyi öyrətdi. Vətənimdə də sevimli ixtisas üzrə çalışıb, Koreyada əldə etdiyim təcrübə və biliyimi həyata keçirmək arzusundayam. Amma eyni zamanda, Koreya mənim üçün 2-ci doğma yer olduğu üçün onunla əlaqələrimi birdəfəlik kəsmək istəməzdim. Kim bilir, sabah tale bizim üçün nə hazırlayar.
İ.AĞAYEV
Palitra.-2013.-6 sentyabr.-S.11.