Nizami obrazları xalçalarda
Azərbaycanın
böyük şairi Nizami Gəncəvinin irsi
təkcə ölkəmizdə deyil, sərhədlərimizdən
kənarda da böyük
maraqla öyrənilir
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə təşkil olunan “Ali səviyyədə görüş” çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş “Nizami obrazları xalçalarda” miniatür kitabının təqdimatı keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazı miniatür kitabın və ümumiyyətlə Nizami irsinin təbliği ilə bağlıdır.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan kitabın müəllifi L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Kitabın nəşri Miniatür kitab muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Zərifə Salahova tərəfindən həyata keçirilib. Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin ölməz əsərləri ümumbəşəri mahiyyətə malikdir. Nizami Gəncəvi dərin insan xarakterləri yaradıb, sönməz və bədii obrazlarla şəxsiyyətin psixologiyasını açıb göstərib. Nizamiyə görə yer üzünün əşrəfi insandır. O, cəmiyyətin və bütün varlığın əsasıdır, onun rifahı və səadəti dünyada hər şeydən ucadır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, müxtəlif sənət sahələrini araşdıran mütəxəssislərin də daim diqqət mərkəzində olub. Şərqdə Nizami Gəncəvi qəhrəmanları fırça və tişə ustaları tərəfindən heykəlləşmiş, miniatürlərə, tablolara çevrilmiş, habelə parça, tikmə və bədii metalda həkk edilib.
Orta əsrlərdən başlayaraq şairin əsərləri ən yaxşı xəttatlar tərəfindən köçürülüb, zərif şəkildə cildlənib, miniatürlərlə bəzədilib. Nizaminin poemaları əsasında yaradılan bu nümunələr yüksək bədii keyfiyyəti, incə zövq və zərif harmoniyası ilə seçilmiş, şairin yaratdığı obrazların qəhrəmanlığını, humanizmini, taleyini və ülvi məhəbbətini təcəssüm etdirib. Nizami dühasından bəhrələnən, onun əsərlərinin ruhuna nüfuz edən, obrazlarının daxili dünyasını duya bilən Şərq, o cümlədən Azərbaycan, Türkiyə, İran, Hindistan və s. sənətkarları həmin mövzuda yüksək sənət əsərləri olan xalçalar da yaradıblar. Qarabağ, Şirvan, Təbriz xalça ustaları ədəbi mənbədən istifadə etməklə, örnək kimi miniatür təsviri sənət üslubundan da geniş bəhrələnib. Nizami dühasının gözəllik, ədalət, humanizm, xoşbəxtlik uğrunda mübarizə ideyaları insanı zərif hisslər və xoş əhval-ruhiyyə aləminə salır. Bu aləm - xoşbəxtlik həsrəti ilə dolu insan arzuları aləmidir. Məhz bu amillər əsrlər keçməsinə baxmayaraq müasir dövrə kimi xalça sənətində istifadə olunan humanist ideyalı Nizami əsərlərini tam dolğunluğu ilə göz önündə canlandırır.
Röya Tağıyevanın “Nizami obrazları xalçalarda” kitabında təqdim olunan xalçalara tamaşa edərkən sanki insan, Nizami poeziyasının dünyasına qərq olur. Kitabda dünya muzeylərini bəzəyən xalçalarla yanaşı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda olan müəllif xalçalarından da nümunələr gətirilib. Bu mənada xalq rəssamı L.Kərimovun 1938-ci ildə toxuduğu “Məcnun vəhşi heyvanlar arasında”, L.Kərimov-A.Şirinov “İskəndər və Nüşabə”, L.Kərimov-Q.Xalıqov “Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi” (1939), K.Əliyev “Nizami Gəncəvi”(1978), C.Müciri “Nizaminin hikmət bulağından”(1989) xalçaları haqqında yazılanlar da maraq doğurur. Nəfis şəkildə, maraqlı və rəngli illüstrasiyalarla tərtib olunan “Nizami obrazları xalçalarda” kitabı “İndiqo” nəşriyyatında çap olunub və məlumatlar üç dildə, azərbaycan, rus və ingilis dillərində verilib. Qeyd edək ki, Nizami Gəncəvinin irsinin dünyada təbliğ edilməsi istiqamətində genişmiqyaslı işlərə start verilib. Elə “Ali səviyyəli görüş” görüş çərçivəsində keçirilən Nizami Gəncəvinin orijinal əlyazmalarından ibarət sərgi, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin N.Gəncəviyə həsr etdiyi “Böyük mütəfəkkirin poeziyası” kitabı və DVD mühazirənin təqdimatı təbliğat işinin tərkib hissəsini təşkil edir. Tədbirdə vurğulanıb ki, Azərbaycanın böyük şairi Nizami Gəncəvi irisi təkcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da böyük maraqla öyrənilir. Oxuculara təqdim olunan İsmail Seragəldinin Nizami Gəncəviyə həsr etdiyi “Böyük mütəfəkkirin poeziyası” kitabı və onun mühazirələri əsasında hazırlanan DVD dahi şairin irsinin daha geniş şəkildə öyrənilməsinə qiymətli töhfədir. Tədbirdə iştirak edən Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga yarandığı qısa müddətdə böyük uğurlara imza atan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işini yüksək qiymətləndirib. Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə qədim Gəncədə olduğunu və orada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimində iştirakını xatırlayan qonaq deyib ki, yaxın illərdə bu qurum öz missiyasını daha yüksək səviyyədə yerinə yetirəcək.
Nizami irsinin yüksək səviyyədə
təbliğinə göstərdiyi diqqət və
qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarlığını
bildirən Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail Seragəldin dünya
mədəniyyətinin əfsanəsi, insanlığın ən
uca zirvəsinə yüksələn, ən
dəyərli əsərlərinin yaradıcısı olan Nizami Gəncəvinin
təkcə Azərbaycan ədəbiyyatının
inkişafında deyil, eyni
zamanda, dünya mədəniyyətinin
inkişafında böyük rol oynadığını diqqətə
çatdırıb. Bildirib ki, XII əsr intibah
dövründə Gəncədə yaşayıb-yaradan böyük Azərbaycan şairi
Nizaminin yaradıcılığı bütün parametrlərinə görə -
istər ideya-tematik, istər bədii-estetik,
istərsə də bir çox
Şərq xalqları ədəbiyyatlarının, o cümlədən fars, türk, urdu, hind, kürd,
özbək xalqlarının ədəbiyyatlarının
inkişafına təsiri baxımından bəşər
tarixində qlobal hadisədir. Təsadüfi
deyil ki, Nizaminin əsərlərinə 500-dək nəzirə
yazılıb. Humanist ideyalar carçısı Nizami Gəncəvinin
yaradıcılığında Şərq və antik ədəbi, fəlsəfi və mədəni
dəyərləri üzvi şəkildə
sintez olunub. İnsan xoşbəxt yaşamaq
üçün yaradılıb və bu ilahi qədəri heç bir şər
qüvvə dəyişdirə bilməz. Budur Nizami
yaradıcılığının əsas ideya
məğzi. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri İsmail
Seragəldin qeyd edib ki, Azərbaycan Prezidentinin
dəstəyi və təşəbbüsü olmasaydı, bu tədbirləri həyata keçirmək mümkün olmazdı: “Bu
tədbirlər Azərbaycanın dünyada
artan rolunu bir daha təsdiq edəcək
və Nizami Gəncəvinin əsərlərinin
daha geniş
yayılmasına şərait yaradacaq”.
Niderlandın sabiq baş
naziri, Madrid Klubunun prezidenti Vim Kok isə qeyd edib ki,
Madrid Klubu bundan sonra da
bu istiqamətdə səylərini davam etdirəcək və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını
genişləndirəcək”. Qeyd edək ki, Nizami Gəncəvi irsinin dünyada
tanıdılması istiqamətində çox
böyük işlər görülür.
Bu yaxınlarda Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi ilə beynəlxalq institutlar
arasında böyük bir
proqram imzalanacaq. Nizami Gəncəvi irsinin
beynəlxalq tədqiqatçılar tərəfindən bir daha
araşdırılması, onun daha da geniş
açılması və dünya
ictimaiyyətinə oxunan dildə
çatdırılması məsələsi ortaya
qoyulub. Nizaminin bütün dünya
kitabxanalarında, müxtəlif ölkələrdə olan əlyazmaları bir daha öyrəniləcək və onun həqiqətən də Azərbaycan şairi olduğu
tanıdılacaq.
Anar Miriyev
Palitra.-2013.-10 sentyabr.-S.7.