Azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırımı ifşa edən toplu
“Azərbaycanlıların
Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)”
toplusu çapdan çıxıb
Azərbaycan
Respublikasının Milli Arxiv İdarəsi tərəfindən
hazırlanmış “Azərbaycanlıların Ermənistan
SSR-dən deportasiyası (1948-1953-cü illər)” sənədlər
toplusu 2013-cü ildə “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya
müəssisəsi tərəfindən çap edilib.
Azərbaycan və rus dillərində hazırlanmış 782 səhifəlik kitabın məsul redaktoru və “Müqəddimə”nin müəllifi tarix elmləri doktoru Ataxan Paşayevdir.
“Müqəddimə”də deyilir ki, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Qafqazın işğalından sonra təxminən iki əsr müddətində bu ərazilərdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb . Mərhələ-mərhələ həyata keçirilmiş belə tədbirlər nəticəsində azərbaycanlılar bu gün Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları doğma torpaqlarından qovularaq kütləvi qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni vəhşicəsinə dağıdılıb.
SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları da xalqımıza qarşı növbəti tarixi cinayət aktı olub . Həmin qərarlar əsasında 1948-1953-cü illərdə yüz mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə və zorakılıqla sürgün olunublar. Bu qərarların icrasında avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilib, minlərlə insan, o cümlədən qocalar və uşaqlar ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi soyqırımına dözməyərək məhv olublar.
Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən hazırlanmış “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər)” toplusundakı sənədlər o dövrdə xalqımızın başına gətirilmiş müsibətləri əyani şəkildə əks etdirir.
Bu sənədlər toplusu 1948-1953-cü illərdə respublikamızda baş vermiş hadisənin sənəd materialları əsasında işıq üzü görməsi istiqamətində ilk cəhddir. Bu hadisəni özündə əks etdirən arxiv materialları sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi heç bir ciddi əsasa söykənməyən qərəzli siyasətini, repressiyalarını faktların dili ilə sübut edir.
Bu cəhətdən də keçmişə yenidən müraciət edilməsinin vacibliyi təkcə xalqımıza qarşı edilmiş ədalətsizlikləri unutmamaq, onları dünya ictimaiyyətinin nəzərinə çatdırmaq deyil, həm də tarixin bu məqamında buraxılmış səhvlərdən, xətalardan nəticə çıxarmaqdır.
Toplu Azərbaycan Respublikası Dövlət Arxivində və onun Gəncə, Salyan, Göyçay filiallarında, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə edilən sənədlər əsasında komplektləşdirilib. Xronoloji olaraq həmin sənədlər 1945-ci ilin aprelindən 1954-cü ilin noyabr ayınadək zaman kəsiyini əhatə edir. Toplu hazırlanarkən böyük həcmdə sənəd materialları (500 sənəddən çox) toplanılıb ki, onlardan da 322-si nəşrə daxil edilib.
Bu nəşr elmi-praktik xarakter daşıyır və sənədlər xronoloji ardıcıllıqla sistemləşdirilib.
Toplunun mövzusu burada yer almış sənədlərin xarakterinə də təsir göstərib. Sənədlər əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fondlarından seçilib.
Tərtibçilərin əsas məqsədi sovet hökumətinin Ermənistan və erməni xalqı istisna olmaqla, SSRİ-nin hər bir respublikasına və onun xalqına qarşı apardığı qərəzli siyasətin iç üzünü açan sənədləri topluda yerləşdirmək olub. Onlar daha vacib və iddialı sənədləri seçiblər. İmkan daxilində topluya müxtəlif növ sənədlər daxil edilib ki, bu da tədqiqatçılara həmin sənədlər haqqında ətraflı məlumat verir.
Sənədlər arxeoqrafik cəhətdən tarixi sənədlərin nəşr qaydasına və müasir orfoqrafik qaydalara uyğun olaraq işlənib. Mətnlərin dil və stilistik xüsusiyyətləri olduğu kimi saxlanılıb . Hər bir sənəd onun əsas məğzini ehtiva edən qısa başlıqlarla nəşr edilib . Tarixləri məlum olmayan sənədlərin yaranma tarixi kargüzarlıq qeydlərinə, ondan əvvəlki və ya sonrakı sənədin tarixinə əsasən müəyyən edilərək mətnaltı qeydlərdə göstərilib . Hər bir sənəd özünün axtarış əlamətləri, istinadlar və sənədin əslliyi göstərilməklə nəşr edilib.
Sənədin əsllərində soyadlar hansı formada verilmişdirsə, mətndə də həmin formada təqdim edilib . Həmçinin əsllərdə məntiqi səhvlər olduğu kimi, mətndə verilmiş və düzəlişlər mətnaltı qeydlərdə göstərilib . Kobud səhvlər isə göstərilmədən düzəldilib . Bəzi sənədlər məzmununa görə toplunun mövzusundan kənara çıxdığına görə həmin sənədlərin ancaq mövzuya aid olan hissəsi nəşr edilib və başlıqda “...çıxarış” şəklində qeyd olunub . Sənədin çap olunmayan hissəsi üç nöqtə ilə göstərilib .
Sənədlərin başlıqlarını sadələşdirmək məqsədi ilə müəssisə və təşkilatların rəsmi adları yalnız ilk dəfə çəkildikdə bütöv yazılır.
Sənədlər toplusu “1945-1948-ci illər”, “1949-cu il”, “1950-ci il”, “1951-ci il”, “1952-ci il”, “1953-cü il”, “1954-cü il” başlıqlarından ibarətdir.
Toplunun elmi-məlumat aparatı qeydlərdən, adlı və coğrafi göstəricilərdən ibarətdir. Qeydlərin yazılmasında arxiv sənədlərindən, sorğu xarakterli nəşrlərdən və monoqrafiyalardan istifadə olunub . Tərtibçilər bununla oxucuya məsələnin tarixi və s. haqqında daha ətraflı informasiya verməyə çalışıblar. Adlı göstəricilərdə sənəddə adı çəkilmiş şəxs haqqında kiçik bioqrafik məlumat verilib . Coğrafi göstəricilərdə isə sənədlərdə bəhs olunan şəhərlərin, rayonların, kəndlərin və digər coğrafi məntəqələrin adları qeyd olunub . Əgər bu və ya digər məntəqənin adında sonradan dəyişiklik olubsa, bu və ya digər səbəbdən təhrif olunmuşsa, yeni adı və məntəqənin rəsmi adı mötərizədə verilib.
Bu nəşr Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əməkdaşları - tarix elmləri doktoru A.Paşayev, F.Aslanova, R.Səfərov, N.Eminov və Azərbaycan Respublikası Dövlət Arxivinin əməkdaşı S.Babayeva tərəfindən çapa hazırlanıb.
Topluda ulu öndər Heydər
Əliyevin 1997-ci il 28 may
- Respublika Günü
münasibətilə keçirilmiş təntənəli
yığıncağındakı nitqindən çıxarış
yer alıb . Nəşrdə ulu öndər Heydər Əliyevin
“1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanının
mətni də verilib .
Palitra.-2013.-26 sentyabr.-S.11.