Ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul qaydaları dəyişəcək
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən
2013/2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul kampaniyası başa
çatıb.
TQDK sədri Məleykə Abbaszadə dünən
keçirdiyi yekun mətbuat
konfransında bildirdi ki,
bu il
buraxılış imtahanlarında 9-cu siniflər üzrə
117275 nəfər, 11-ci siniflər üzrə 86632 nəfər
iştirak edib. Buraxılış imtahanlarında 9-cu siniflər
üzrə 68497 (58,141%), 11-ci siniflər üzrə isə
62494 (72,14%) hər iki fənn üzrə
müvəffəq qiymət alıb. İmtahanlarda
Ana dili fənni
üzrə 9-cu siniflər 79583 nəfər(67,96%), 11-ci siniflər
üzrə 69230 nəfər (80,10%), riyaziyyat
fənni üzrə isə 9-cu siniflərdə 81970 nəfər
(69,90%), 11-ci siniflərdə isə 69 315 nəfəri (80,01%) uğurlu nəticə göstərib. Ali məktəblərin
bakalavriat səviyyəsinə tələbə
qəbulu məsələsindən də danışan
M.Abbaszadə qeyd etdi ki, abituriyentlərin və valideynlərin
rahatlığını təmin etmək məqsədilə
TQDK bu il qəbul
imtahanlarını ölkənin 11 bölgə mərkəzində
təşkil edib. Onun
sözlərinə görə, bu il ali təhsil müəssisələrində
keçirilən qəbul imtahanlarında 96 720 nəfər iştirak edib. Onlardan 42,98 faizi
0-100 bal, 21,99 faizi 100-200 bal, 13,84 faizi 200-300 bal, 15,65 faizi
300-500 bal, 5,55 faizi 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
Yüksək bal toplayan abituriyentlər respublikanın demək olar ki, bütün
rayon və şəhərlərini
təmsil edirlər. Yüksək
nəticə göstərən
abituriyentlərin sayı
I qrupda 365, II qrupda
301, III qrupda 495, IV qrupda
400 nəfərdir. 6 nəfər
isə maksimal nəticə -700 bal əldə edib. Onlardan
4-ü III qrupun, 2-i IV qrupun
abituriyentləridir. Bu il ali təhsil müəssisələri
üçün ayrılmış
36484 plan yerinə 33878 nəfər
qəbul olub. Ali məktəblərə qəbul
planı 92,76 faiz dolub.
Ali məktəblərə qəbul
kampaniyasında magistratura
səviyyəsinə qəbul
barədə də məlumat verən M. Abbaszadə qeyd etdi ki, ali təhsil müəssisələrinin magistratura
səviyyəsi üzrə
qəbul imtahanının
ilk mərhələsində 21078 nəfər bakalavr iştirak edib: “Onlardan 11 274 nəfəri bakalavr proqramı seçimində iştirak
edərək II mərhələyə
buraxılıb. Bu il magistraturaya qəbul üçün
6794 plan yeri ayrılıb.
Həmin
yerlərə 5432 nəfər
bakalavr qəbul olub. Bu il magistraturaya qəbul planı 79,86 faiz dolub”.
Qəbul
imtahanlarında əlaçıların
42 faizi öz nəticələrini təsdiqləyiblər
Bu ilki qəbul imtahanlarında orta məktəb əlaçılarının
42 faizi öz nəticələrini təsdiqləyiblər. TQDK sədri bildirdi ki, orta məktəb
əlaçılarının 42%-i qəbul imtahanında
500-700 ballıq nəticə
göstərib. M.Abbaszadənin
sözlərinə görə,
əlaçıların 0,9
faizi isə imtahanlarda 0-100 arası bal
toplayıb. TQDK sədri
məcburi köçkün
abituriyentlərinin qəbul
imtahanlarında qəbul
olma göstəricilərini
də açıqladı:
“Qeyd edim ki, 2000-ci ildə ölkədə məcburi
köçkün statusu
olan 812 nəfər ali məktəbə
qəbul olunmuşdu.
Bu il isə
onların sayı 3161
nəfər olub. Biz görürük ki, ildən-ilə bu nəticələr artır”.
Bu il qəbul
imtahanında iştirak
edən oğlanların
sayı qızlarla müqayisədə çox
olub
TQDK sədri onu da bildirdi ki,
1993-cü ildə keçirilən
imtahanlarda 17 min oğlan,
33 min qız iştirak
edirdisə, bu ilki qəbul imtahanlarında 51700 oğlan,
48992 qız abituriyent iştirak edib. M. Abbaszadənin sözlərinə
görə, ali məktəblərə qəbul
olunanların gender tərkibini
müqayisə etdikdə
məlum olur ki, onların 16465 nəfərini oğlanlar,
17411 nəfərini isə
qızlar təşkil
edir: “İmtahanda iştirak edən qızların sayının
az olmasına baxmayaraq, onlar imtahanda daha yüksək nəticələr
göstəriblər. Bu il
ilk dəfə idi ki, 500-700 bal arasında nəticə göstərən
abituriyentlər arasında
oğlanların payı
4,64 faiz, qızların payı isə 6,51 faiz olub. Yəqin ki, biz artıq
oğlanların intellektual
səviyyəsini qorumaq
şüarını səsləndirməliyik”.
Əsas
ali məktəblərdə
təhsil alanların çoxu qızlardır
TQDK sədri ölkənin əsas ali
məktəblərində təhsil
alan qızların sayını açıqladı.
Bildirildi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alanların 85%, Bakı Dövlət Universitetində 75%, Rəssamlıq
Akademiyasında 80%, Naxçıvan
Müəllim Universitetində
90%, Azərbaycan Dillər
Universitetində 80%-dən
çoxu, Azərbaycan
Tibb Universitetində
65%-i qızlardır. M.Abbaszadə qeyd etdi ki, rezidenturaya
qəbul olunanlar da əsasən qızlardır: “Bununla da Azərbaycanda tibb sahəsində oğlanların çatışmazlığı
hiss olunur”. TQDK sədri
qeyd etdi ki, Azərbaycanda ali məktəblər
arasında ixtisas seçimində də oğlanlar və qızlar müxtəlif istəkləri nümayiş
etdiriblər. Onun sözlərinə görə,
Bakı Qızlar Universitetinə də yalnız qızlar daxil olub: “Təsadüfi
olaraq, bir oğlan həmin universiteti ərizəsində
yazıb və qəbul olunub. Lakin sonradan TQDK-nın apellyasiyasına müraciət
edib ki, məni ora qəbul
etmirlər. Komissiya
da onu balına
uyğun olaraq digər ali
məktəbə yerləşdirib”.
2015-ci ildən orta məktəblərdə TQDK tərəfindən
keçirilən buraxılış
imtahanlarında fənlərin
sayı artırılacaq
TQDK sədri onu da bildirdi ki,
2015-ci ildən etibarən
Azərbaycanda ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul qaydaları dəyişəcək: “Yeniliklər
müzakirə olunduqdan
və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra
elan olunacaq”. O qeyd etdi ki,
2015-ci ildən etibarən
Azərbaycanın orta
məktəblərində TQDK tərəfindən keçirilən
buraxılış imtahanlarında
fənlərin sayı
artırılacaq. Onun
sözlərinə görə,
müəyyən fənlər
əvvəldən elan
ediləcək və şagirdlərin onlardan
2-3-nü seçmək imkanı
olacaq: “Bununla da, şagirdlər 4-5 fəndən-imtahan verəcəklər.
Bunlardan
2-si əvvəldən TQDK-nın
müəyyənləşdirdiyi Ana dili və riyaziyyat
olacaq, digər 2 və ya 3 fənni
isə şagirdlər
özləri seçəcək.
Seçiləcək fənlərə
Azərbaycan tarixi ,Azərbaycan coğrafiyası, biologiya,
kimya, fizika, xarici dil daxil
ediləcək. Artıq hüquqi
müstəvidə fənlərin
artırılması həll
olunub”.
TQDK sədri qeyd
etdi ki, gələn ildən etibarən ediləcək daha bir yeniliyə
əsasən, 2014-cü ilin
9-cu sinif məzunları
buraxılış imtahanlarının
nəticələrinə görə,
istəsələr 9 illik
bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul
olunacaqlar. Orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.
Ali məktəblərə və
rezidenturaya qəbul imtahanlarının vaxtında
dəyişiklik edilib
M.Abbaszadə onu da bildirdi ki, gələn
ildən etibarən Azərbaycanda ali
təhsil müəssisələrinə
və rezidenturaya qəbul imtahanlarının
keçirilmə tarixlərində
dəyişikliklər edilib.
Bildirildi ki, 2014-cü
tədris ilində əvvəlki illərin məzunları ali
məktəblərə qəbul
imtahanlarını aprel
ayında verəcək:
“Biz nəzərdə tutmuşuq
ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını
yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki
illərin məzunları
müsabiqədə bu
ilin məzunlar ilə birgə iştirak edəcəklər.
Bu ilin məzunlarının
balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə
iştirak edəcəklər.
Beləliklə, biz imtahanları yay prosesində daha çevik keçirə biləcəyik”.
TQDK sədri qeyd
etdi ki, üçüncü sınaq
imtahanından sonra əvvəlki illərin məzunları üçün
qəbul imtahanları
keçiriləcək. Bunların təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklər
olduğunu deyən M.
Abbaszadə bildirdi ki, yeniliklər elan olunur, hər
kəs indidən öz planlarını qurmalıdır.
M. Abbaszadə Azərbaycanda rezidenturaya keçiriləcək
qəbul imtahanının
vaxtının dəyişiləcəyini
də açıqladı:
“Hazırda rezidenturaya
qəbul imtahanlarının
1-ci və 2-ci mərhələsi
ardıcıl şəkildə
iki gün ərzində keçirilir.
Səhiyyə Nazirliyinin razılığı
ilə rezidenturanın
birinci mərhələsinin
də martda keçirilməsi, fevralda
isə sənəd qəbulunun aparılması
planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin
isə yay aylarında keçirilməsi
nəzərdə tutulur.
Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir.
Baza fənlərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə
də onların martda imtahan verməsində hansısa
çətinliklər olmayacaq”.
Qeyd edək ki, mətbuat konfransında TQDK tərəfindən elan olunmuş müsabiqənin qalibi olmuş jurnalistlər mükafatlandırıldı. Müsabiqənin qalibləri sırasında qəzetimizin əməkdaşı da var.
Nigar Abdullayeva
Palitra.-2013.-28 sentyabr.-S.10.