Akif Əli: “İndiki
gənclik yüksək səviyyədə inkişaf
etmiş gənclikdir”
Müsahibimiz Nazirlər Kabinetinin
Mətbuat xidmətinin rəhbəri, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlidir:
- Akif müəllim, müasir gəncliyin
inkişafını necə qiymətləndirirsiniz?
- Gənclik - hər bir xalqın gələcəyidir. Azərbaycan üçün də gənclik məsələsi həmişə prioritet olub, bugünkü müstəqil dövlətimizdə isə bu problem daha aktualdır. Ona görə ki, bizim dövlətin müstəqilliyinin əbədi və dönməz olması üçün gələcəkdə məhz indiki gənclik çalışacaq və ulu öndərin arzularını gerçəkləşdirəcəklər. Bu baxımdan çağdaş gəncliyin cəmiyyətdə öz yerini tapması, düzgün mövqe müəyyənləşdirməsi çox mühüm məsələdir. Azərbaycan iqtidarı, milli hökumətimiz şübhəsiz ki, bu baxımdan gənclərin təhsilinə, onların istirahətinin təşkilinə, onların sosial məsələlərinin həllinə və s. böyük qayğı və xüsusi diqqət göstərir... Mən vaxtilə, hələ sovetlər dönəmində Azərbaycan Televiziyasında Gənclər üçün Proqramlar Baş redaksiyasının baş redaktoru vəzifəsində çalışmışam və gənclərlə çox sıx təmasda olurdum. Sizə deyim ki, o dövrün gəncləri ilə indiki gənclər çox fərqlidir. Çünki mühit ayrıdır. O dövrdə müəyyən ideoloji şablonlar mövcud idi. Gənclər sözlərini demək üçün icazəli çərçivədən çıxa bilmirdilər. Öz yaradıcılıqlarını, istedadlarını kifayət qədər göstərə bilmirdilər. Və biz məhz bu çərçivələr daxilində xalqa, millətə gərək olan həqiqət sözünü demək üçün ən müxtəlif ədəbi-bədii-publisistik vasitələrə, jurnalistika priyomlarına əl atırdıq. Amma indiki gənclik tamamilə azaddır, öz fikirlərini istədikləri vaxt sərbəst söyləyə bilirlər. İndi mətbuatımız tam azaddır. O cümlədən, internet resursları yüksək səviyyədə inkişaf edib. Bəzən deyirlər ki, indiki gənclər kitab oxumur. Mən bu fikrə başqa prizmadan yanaşardım. Bəlkə də indi gənclərin virtual aləmdə tapıb oxuduğu materiallar həcminə görə əvvəlkilərdən də çoxdur. Ola bilər gənclər çap məhsullarını az oxuyurlar, ancaq internetdə kitab da oxunur, məqalələr də, saysız informasiyalar da və hətta bunlara dərhal münasibət bildirirlər. Hər halda mən görürəm ki, indiki gənclik yüksək səviyyədə inkişaf etmiş gənclikdir.
- Müasir Azərbaycanda gənclərin ədəbi
və fəlsəfi fikrə münasibətini necə qiymətləndirirsiniz?
-Bir var klassik ədəbiyyata özünü həsr edən və onu qoruyan mühafizəkar qələm adamları, bir də var müstəqillik qazandıqdan sonra dünya çapında olan ədəbi prosesləri izləyərək onları Azərbaycana gətirmək istəyən modern düşüncəli gənc qələm sahibləri. Bunların arasında təbii bir fərq var. Ümumən, “atalar-oğullar” problemi hər zaman və hər yerdə olub. Burada söhbət əlbəttə, ancaq ideya, əqidə mübarizəsindən, ədəbiyyata baxışdan gedə bilər. Ancaq kobudcasına demək olmaz ki, cavandırsa heç nə başa düşmür. Xeyr, kimin zövqü necədirsə, o cür də başa düşür. Zövqlərlə bağlı isə mübahisə etməzlər. Zövqlər müxtəlif ola bilər. Bu dava-dalaş üçün motiv ola bilməz. Məsələn, sovet vaxtı əsasən bir yönlü, yalnız marksist-leninçi zövqü diktə edilirdi. Ancaq buna baxmayaraq, o şəraitdə də istedadlı yaradıcılar istedadlı işlər ortaya qoyurdu. O başqa məsələ ki, yaradıcılıqda, ədəbiyyatda, incəsənətdə elə normativlər, elementar sistemlər mövcuddur ki, onlara riayət etmək vacibdir. Bunlar sənətin əlifbasıdır. Bunlara riayət etdikdən sonra onların üzərində daha mükəmməl iş qurmaq olar. Daha hansı istiqamətdə, hansı “izmlə” gedirsən, nə yazırsan və necə yazırsan bu artıq yaradıcı şəxsin öz səlahiyyətindədir. Onları bəyənmək də olar, bəyənməmək də. Ancaq qarşısını kəsib qadağa qoymaq, bezdirib küsdürmək, ayrı istiqamətlərə yönəltmək sadəcə olaraq Azərbaycan xalqının inkişafını istəməmək deməkdir. Hər hansı bir gənc fərqli bir ədəbi əsər yaradırsa, ya da modern formada yazırsa, bunu qəbul etməmək Azərbaycan xalqının inkişafını istəməmək deməkdir. Çünki xalqın inkişafı birtərəfli ola bilməz. Mədəniyyət çoxtərəfli olduğu kimi bu sferada çalışan insanların da yaradıcılıq yönü müxtəlif ola bilər. Hər kəs öz sözünü müxtəlif vasitələrlə, üsullarla çatdıra bilər. Üsullar, növlər, janrlar isə boldur. Volter deyirdi ki, bütün janrlar yaxşıdır, darıxdırıcısından başqa. Yetər ki, əsər maraqlı olsun, darıxdırıcı olmasın. Amma bəzən əksinə də olur: darıxdırıcı əsər yazan “klassiklər” öz rəsmi titulları ilə, sovetlərdən qazanılan şöhrətləri ilə çağdaş dövrün istedadlı gəncini daha çox üstələyir. Hesab edirəm ki, bunlar da zamanı gəldikcə ötüb keçəcək və Azərbaycanın gələcəyi məhz bugünkü gəncliyin quracağı gələcək olacaqdır. Və düşünürəm ki, müasir Azərbaycan gəncliyinə tam etibar etmək olar. Onun intellekti də, vətənpərvərliyi də, qeyrəti də yüksək səviyyədədir. Sadəcə bəzi məsələlərdə Azərbaycan gəncliyi daha çox qorunmalı, daha həssas diqqətlə, qayğı ilə əhatə olunmalıdır. Dövlət aparatı məhz bunun üçündür ki, cəmiyyəti müəyyən qanunlar əsasında yönləndirsin, əhalinin dinc, asudə yaşayışını təmin etsin. Bu gün müstəqil Azərbaycan dövləti çox güclüdür, qüdrətlidir və dəqiq düşünülmüş konsepsiyalar üzrə idarə olunur. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün möhtərəm Prezident tərəfindən çox uğurla və böyük peşəkarlıqla davam etdirilir.
- Cəmiyyətin
əsas özəyini gənclərimiz təşkil edir. Onların bir çoxu təhsilə, ictimai
həyata addım atıb inkişaf edirlər.
Amma təhsilsiz və “cəmiyyət”
anlayışından xəbəri olmayan
və ya olan gənclərimiz
də var ki, onlar da bizim
gələcəyimizdir. Bəs, onların müasir
həyatda inkişaf etmələrini necə
yönləndirmək olar?
- Mən bizim gənclikdən bədgüman deyiləm. Mən Azərbaycanın gəncliyinə inanıram və onlara böyük ümid bəsləyirəm. Ən adi bir nümunə. Əgər vaxtilə azərbaycanlı gənc dünyanın tanınmış elm-təhsil ocaqlarının, məsələn, Kembric, Oksford, Kolumbiya və s. kimi ən məşhur universitetlərinin yalnız adını eşidib həsrətlə baxırdısa, bu gün Azərbaycan gənci öz biliyi, savadı, dünyagörüşü hesabına həmin universitetlərdə təhsil alır, elmi tədqiqat işləri ilə məşğul olurlar. Bu gün Azərbaycan gəncliyi siyasi baxımdan da çox ayıqdır, yetkindir. Ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə hər hansı digər xarici ölkə vətəndaşlarından heç də geri qalmadan, bəlkə də daha düzgün qiymət verir. Haqqın, ədalətin tərəfində olur. Azərbaycan dövlətinin, müstəqilliyinin tərəfində olur. Bunlar çox gözəl haldır və bəlkə də müstəqilliyimizin ən böyük uğurlarındandır. Çünki gəncliyin amalı Azərbaycan dövlətini gələcəyə aparan platformadır.
- Gənclərin
siyasi fəaliyyəti, dövlətçilik
məsələlərinə münasibətləri bizim dövlət kimi dünyada tanınmağımıza necə təsir
göstərir?
- Azərbaycanın dünyaya çıxmasında da şübhəsiz, gənclər önəmli rol oynayırlar. Baxın, müxtəlif ölkələrdə Qarabağ problemi, Xocalı faciəsi, azərbaycanlıların soyqırımı ilə bağlı nə qədər təbliğat işlərini, kütləvi tədbirləri məhz gənclər təşkil edir. Amerikada, İngiltərədə, Fransada, Almaniyada və başqa ölkələrdə Azərbaycan gəncləri siyasi fəallıq göstərirlər. Onların dövlətçilik təsəvvürünün mövcudluğu Azərbaycanı tanıdır. Əvvəllər sovetin tərkibində olanda bizim mədəniyyətimiz daha çox rus-sovet mədəniyyəti kimi tanıdılırdı. Amma bu gün azad, müstəqil Azərbaycan Respublikası bəlkə də keçmiş sovet ölkələri arasında dünyanın ən çox tanıdığı və ən çox da inkişaf etmiş bir ölkədir. Bu Azərbaycan insanının fenomenal xüsusiyyətindən, onun işgüzarlıq və uyğunlaşma bacarığından irəli gəlir. Azərbaycan xalqının kökü çox qədimlərə gedir və ilk insan məskənləri də Azərbaycanda olub. Azərbaycanın oğuz türkləri qədim zamanlardan bu torpaqlarda yaşayıb və bu günə qədər də yaşayırlar. Əsrlər boyu davam edən aramsız işğallara, istilalara, yadelli basqınlarına, müxtəlif imperiyaların təzyiqlərinə baxmayaraq, öz mədəniyyətlərini zaman-zaman qoruyub saxlayıblar. Ona görə də Azərbaycanlı insanı bir fenomen olaraq bütün dünya üçün nümunə ola biləcək tipoloji faktordur.
- Siz
bu gün mədəniyyətimizə
töhvə verən amilləri necə dəyərləndirirsiniz?
-Bu gün Azərbaycanda mədəniyyət dövlət tərəfindən güclü himayə olunur və xüsusi qayğı göstərilir. Baxın, bütün dünyada Azərbaycan mədəniyyəti necə yayılır, təbliğ olunur, mədəniyyət mərkəzləri açılır. Dahi M.F.Axundzadəni yada salın: vaxtilə azərbaycanlı Şahbaz bəyin mədəniyyətə qovuşmaq üçün Parisə getməsi üzərində ailədaxili konfliktlər qurulur və dramatik hadisələr yaşanırdısa, bu gün Parisdə Azərbaycan Mədəniyyət mərkəzi açılır. Keçilən yolun fərqinə varırsınızmı? Yeri gəlmişkən, onu da deyim ki, ümumiyyətlə, mədəniyyət çox geniş anlayışdır. Mədəniyyətin incəsənət, çal-çağır kimi bir çox qolları var. Bəzən Azərbaycanda mədəniyyət adı ilə ancaq çal-çağır sahəsi təbliğ olunub. Elə hesab ediblər ki, çalıb-oynamaq, oxumaq mədəniyyətdir. Bu, əlbəttə yanlış fikirdir. Halbuki, mədəniyyət cəmiyyət həyatının bütün sahələrini əhatə edir. İncəsənətlə yanaşı, yol salmaq, ev tikmək, süfrə açmaq, geyim hazırlamaq, elmi biliklərə yiyələnmək, dövlət idarə etmək, qanun yaratmaq, ünsiyyət qurmaq, beynəlxalq münasibətlərdə iştirak, diplomatik fəaliyyət... və s. Bütün bunlar da mədəniyyət sahəsinə aiddir. Ən əsası xalqın mütaliə və kitab mədəniyyəti olmalıdır. Çünki bütün inkişaflar təhsildən, elmdən, kitabdan başlanğıc götürür... Azərbaycan xalqının zəngin mədəni irsi var və mədəniyyət xadimləri müxtəlif sahələrdə uğurla çalışırlar. Təbii ki, bütün bu sahələr daim inkişaf etdirilməlidir. Onlar istər kadr potensialı baxımından gücləndirilməli, istərsə də idarə olunması təkmilləşdirilməlidir. Bu bütün dünyada aramsız prosesdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə digər siyasi-iqtisadi-hüquqi sahələrlə yanaşı ideoloji-humanitar sferada aparılan işlər də keyfiyyətcə daim yüksək səviyyəyə qalxmalıdır.
- Bir
mütəxəssis kimi bu
gün Azərbaycan mediasında jurnalistlərin
səviyyəsi sizi qane
edirmi? Cəmiyyət üçün
jurnalist hansı vəzifə sahibi hesab olunur?
- Hesab edirəm ki, jurnalistika cəmiyyətdə
ən şərəfli peşələrdən biridir. Qəzetçilik, jurnalistika
işi xalqa söz deməkdir. Televiziya,
radio işi - xalqa müraciət etmək deməkdir.
Xalqı maarifləndirmək, mədəniyyət gətirmək,
xalqı informasiya ilə təmin etmək...
Bunlar asan məsələ
deyil, çox mürəkkəb
məsələlərdir. Şübhəsiz ki,
bunların daşıyıcıları da
ən yüksək səviyyəli adamlar
olmalıdır. Jurnalist o dərəcədə yüksək
səviyyəli, mədəni, intellektli bir insan olmalıdır ki, o, kimlərəsə öz qələmi ilə yol
göstərə bilsin, dəyərli söz deyə bilsin. İnsanlara söz deyə
bilmək hər kəsə müyəssər olmur.
Bunun üçün
insanın inkişafı, onun biliyi, savadı, mədəniyyəti, dünyagörüşü, məsuliyyəti
o dərəcədə yüksək
olmalıdır ki, xalqa
söz demək üçün
mənəvi səlahiyyəti çatsın. Hesab
edirəm ki, bütün
mətbu orqanlar, iqtidar
və ya müxalifət olmasından
asılı olmayaraq, ilk
növbədə Azərbaycan dövlətinə və
xalqına xidmət etməlidir. Bu xidmətdən
kənarda qalanlar sadəcə öz vicdanları ilə üz-üzə
qalmalıdır. Sovet vaxtı Azərbaycanda
mətbuat bir mərkəzdən idarə olunurdu, bir sovet
ideologiyasına qulluq edirdi
və yalnız bir televiziya,
bir radio, bir qəzet və s. mövcud idi. Bu gün
azadlığımız sayəsində Azərbaycanda minlərlə
qəzet-jurnal, kütləvi informasiya
vasitələri mövcuddur. Burada, əlbəttə, ixtisaslı kadrlara ehtiyac olacaq. Bura həm professional, həm də həvəskar kadrlar axını olacaq.
Azərbaycanın kütləvi informasiya
vasitələri regionun digər dövlətlərilə
müqayisədə çox güclü inkişaf edib. Xüsusilə, ulu
öndər media üzərindən senzor qadağasını götürəndən
sonra. Bir vaxtlar qəzetçilik baxımından biz çox üstün idik. İndi qəzetçilik yerini
yeni mediaya verir. Bu transformasiya
yeni internet
saytlarının yaranmasına səbəb olur
ki, orada da azərbaycanlılar üstündür.
Cənab Prezident
çıxışlarında həmişə
vurğulayır: Azərbaycanda internet o dərəcədə inkişaf
edib ki, artıq əhalinin
böyük bir hissəsini
əhatə edir. Bu çox önəmli haldır. Çünki, bu gün bütün dünyada internet
insanların ünsiyyətini asanlaşdıran,
informasiyanın çatdırılmasına kömək edən
bir vasitədir və bizdə də informasiya texnologiyaları sürətlə inkişaf edir. Azərbaycanlı
jurnalistlər bu yeni media sahəsində də güclü
inkişaf edir. Vaxtilə Sovet imperiyası
1990-cı ilin yanvarında Azərbaycana
silahlı təcavüz edib əhalini
qıranda birinci işi
məhz Azərbaycan televiziyasının partladılıb
sıradan çıxarılması oldu ki, heç bir informasiya
çıxmasın, dünya bu qətliamdan xəbər tutmasın... Amma bu gün
belə bir vəhşilik mümkün
deyil. Çünki,
Azərbaycanın dünyaya çıxan
hətta sputnik rabitəsi var,
neçə-neçə tele-radio
kanalı,virtual şəbəkələri, elektron
xəbər agentlikləri var. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri o
qədər güclü inkişaf
edib ki, artıq respublikaya qarşı əvvəllərdə
olduğu kimi hansısa
xəlvəti təcavüzün, basqının təşkil
edilməsi mümkün deyil.
Bu, azad, müstəqil,
demokratik Azərbaycan dövlətinin ulu öndər tərəfindən işlənib
hazırlanmış aşkarlıq siyasətinin uğurla davam etdirilməsinin
nəticəsidir.... Söhbətimizin sonunda
mən, o cümlədən, sizin redaksiyanıza da uğurlar arzu edirəm. Uzun illərdir ki, fəaliyyət
göstərirsiniz. Çox stabil inkişaf yolu keçibsiniz.
Şübhəsiz ki, ən xoşa gələn cəhət Azərbaycan
dövlətçiliyinə sədaqətlə xidmət etməyinizdir.
Sizin redaksiyada da gənc qüvvələr çalışır.
Yaxşı və peşəkar jurnalistləriniz var. Arzu edirəm ki, bundan sonra
da öz bilik və bacarığınızı məhz
Azərbaycan vətəni, xalqı və dövlətçiliyi
naminə əsirgəməyəsiniz.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-1 oktyabr.-s.13.