Ana dilinə hörmət prinsipinin mərkəzində dövlətçilik ideyası dayanır”

 

Filologiya elmləri doktoru İlham Tahirov: “Prezidentin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır”

Humanitar elmlərlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu deyən ölkə başçısı bu sahədə aparılan işlərin çox uğurlu və təqdirəlayiq olduğunu bildirib: “Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır”. Ölkədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən alimlərimiz bunu Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı ilə əlaqələndirirlər. Müsahibimiz AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur:

- Ölkə başçısı bildirib ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır və onu xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir”. Bu baxımdan dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

-Bu gün respublikamızda yürüdülən dil siyasəti ölkəmizin milli birliyinə xidmət edirbu mənada Azərbaycan dili, ana dilimiz ölkəmizin milli rəmzlərindən biri olaraq diqqətə alınır. Ana dilinə dövlət səviyyəsində hörmət və qayğı göstərilir, o, toxunulmaz milli sərvətimiz hesab olunur. Ana dilimizin inkişaf etdirilməsi, onun xarici təsirlərdən qorunması istiqamətində dövlət tərəfindən gerçəkləşdirilən tədbirlər təqdirəlayiqdir. Ana dilimizə qayğı göstərilməsində isə ölkə başçısı İlham Əliyevin rolu misilsizdir. Dövlət başçımız ulu öndər Heydər Əliyevdən əxz etdyi dövlətçilik təcrübəsinə söykənərək çox yaxşı dərk edir ki, dövlətçiliyimizin təməl prinsiplərindən olan azərbaycançılıq ideologiyası ana dilimiz olan Azərbaycan dili əsasında təzahür edir. İlham Əliyev ulu öndərin ana dilinə hörmət prinsipinin mərkəzi yer tutduğu dövlətçilik ideyasının Azərbaycanın humanitar mədəniyyət tarixinin əsas problemlərindən biri olduğunu dərindən dərk edir. O, aydın və aşkar şəkildə başa düşür ki, humanitar mədəniyyət çərçivəsində dövlətçilik ideyası ədəbi-bədii, fəlsəfi, kulturoloji, siyasi-hüquqi düşüncənin müxtəlif təzahür formalarından olub, özünün məzmununda ictimai əhəmiyyətli tematikanı, yəni dövlət quruculuğu və milli-mədəni identifikasiya, beynəlxalq siyasi arenada Azərbaycanın yerirolu, milli ideologiya və vətənpərvərlik məsələlərinin qısa və dürüst ifadə rəngarəngliyini cəmləşdirir, inteqrativ faktor kimi çıxış edir. İlham Əliyev ölkəyə rəhbərlik etdiyi on il müddətində ulu öndərin “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini adət-ənənələrini yaşatmalıyıq” fikrini bütün zamanlar üçün alternativsiz bir proqram olaraq əldə rəhbər tutmaqla ana dilinə yalnız bir mənəviyyat problemi, filoloji düşüncə məsələsi kimi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemi olaraq, ana dilimizə ehtiram və məhəbbətlə yanaşıb. Dövlət başçısının son illərdə ana dilimizin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamları mahiyyət etibarı ilə dəyərləndirsək, belə demək olar ki, ana dilini yaşatmaq milli dəyərləri yaşatmaqdır, ana dili xalqın keçmişi, bu günü və gələcəyidir, dil xalqın ən böyük sərvəti olmaqla, onun mənəvi varlığıdır, dil milli mənsubiyyətin əsas şərtidir. Cənab Prezidentin ana dilimizə dövlət qayğısı sahəsində fəaliyyəti bir daha sübut edir ki, öz ölkənə həqiqi sevgi, öz dilinə sevgi olmadan mümkün deyil. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə başçısı bu mərhələdə çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşmasını, sosial sahədə inkişaf təmayüllərinin təmin olunmasını və əhalinin rifahının beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasını, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasını əsas hədəflərdən sayır. Bu o deməkdir ki, cənab Prezident müasir qloballaşan dünyada uzun müddətə hesablanmış strateji seçimlər etməyi zəruri hesab edir. Dövlət başçısı Azərbaycanın gələcək inkişafında müxtəlif amilləri, o cümlədən yaşadığımız regionun xüsusiyyətlərini, ölkəmiz və xalqımız üçün mövcudpotensial təhdidlərin aradan qaldırılması üçün zəruri mexanizmlərin işlənib hazırlanmasını, qloballaşan dünyadakı siyasi-iqtisadi proseslərə milli-mənəvi dəyərlərin qorunması fonunda yanaşmağın lazım olduğunu, gələcək inkişafımızı öz milli xüsusiyyətlərimizlə uzlaşdırmaqla müəyyənləşdirmək zərurətini nəzərə alır. Fikrimcə, bütün bunlar ona hesablanıb ki, qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi indiki dövrdə milli ruhda və özünüdərketmədə xarici təsirlərə ümumi müqaviməti təşkil etmək, milli immuniteti möhkəmləndirmək mümkün olsun.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Prezidentin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər elmi təməl üzərində həyata keçirilən uğurlu siyasətə əsaslanır. Dövlətimizin başçısı ölkənin gələcəyinin təbii sərvətlərdən asılı olmaması üçün neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü və ardıcıl siyasət yürüdür. Ölkənin iqtisadi inkişafının elmi əsaslar üzərinə keçirilməsi, gələcək tərəqqi naminə əsaslı elmi proqnozların irəli sürülməsi, informasiya texnologiyalarının inkişaf etdirilməsi, Gələcəyə baxış konsepsiyasının ortaya qoyulması və bir çox digər məsələləri əhatə edən bu siyasət Azərbaycan dövlətinin 3-cü minillikdəki inkişaf perspektivlərinin möhkəm və etibarlı dayaqlarını hazırlamaqdadır. Elmiliyi, ardıcıllığı, sabitliyi, dönməzliyi ilə səciyyələndirilə bilən həmin siyasət son illərdə dövlətimizin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən və Azərbaycan insanının yaddaşına həmişəlik həkk olunacaq bir çox önəmli hadisələrə şahidlik etməyimizə imkan yaradıb və əminik ki, belə imkanlar hələ çox olacaq.

- “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın dilçiliyin inkişafında rolu ilə bağlı nə deyərdiniz?

-“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, milli dövlət quruculuğunda yürüdülən dil siyasətinin zaman və məkan etibarilə yeni müstəvidə dövrümüzün siyasi, ideoloji və digər reallıqlarının nəzərə alınması ilə tətbiqini gerçəkləşdirmək istiqamətində mühüm dövlət sənədidir. Bu mühüm dövlət sənədini indiyəqədərki analoji sənədlərdən fərqləndirən vacib məqam ondan ibarətdir ki, ilk dəfə olaraq ölkəmizdə konkret bir elm sahəsinin-dilçiliyimizin inkişaf etdirilməsi gündəmə gətirilir. Demək lazımdır ki, Azərbaycan dilinin qorunması, dövlət dilimizin tətbiqi ilə bağlı xeyli qanunvericilik aktları, hüquqi baza olsa da, bu dili araşdıran elm sahəsinin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində sənədə rast gəlinmir. Sözügedən proqram ölkə başçısının bu məsələyə də kompleks yanaşmasının bariz nümunəsi sayıla bilər. Ölkədə dilçilik elminin səviyyəsi müasir dünya dilçiliyi ilə əlaqəli inkişaf etməsi ilə ölçülə bilər. Buraya dilçilik elmimizi təmsil edən qurumların dünyanın aparıcı elmi təşkilatları ilə əlaqə yaratması, dünyanın elmi informasiya məkanlarına çıxış əldə etməsi, müxtəlif elmi konfrans və toplantılarda iştirak etməsi və s. daxildir. Önəmli olan elmi informasiya mübadiləsi, internet üzərindən kitabxanalara, əlyazma fondlarına çıxış əldə etməkdir. Bundan əlavə, dünya dilçiliyinin mühüm nailiyyətlərinin Azərbaycan dilinə, eləcə də Azərbaycan dilçiliyinin mühüm uğurları olan əsərlərin xarici dillərə vaxtında və keyfiyyətli tərcüməsi yolu ilə dünya və Azərbaycan dilçiliyi və dilçiləri arasında ünsiyyəti bərpa və inkişaf etdirmək işinə ciddi yanaşılmalıdır.

- Hazırda Dövlət Proqramının icrası üçün və Proqramın Tədbirlər Planında nəzərdə tutulan, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun qloballaşma dövrünün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində institut tərəfindən hansı tədbirlər həyata keçirilir?

- Dövlət Proqramının icrasının təmin edilməsi, bu sahədəki fəaliyyətlərin əlaqələndirilməsi AMEA-nın üzərinə düşür. AMEA-nın Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi AMEA-nın müxbir üzvü Kamal Abdullayevin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Qeyd edim ki, Dövlət Proqramının icrası ilə bağlı mərhələlər üzrə təşkilati işlər davam edir. Bu istiqamətdə Dilçilik İnstitutu üzərinə düşən işləri yerinə yetirmək üçün səy göstərməkdə davam edir. Qloballaşma dövrünün tələblərinə uyğun olaraq institutun yeni strukturunun layihəsi Elmi Şurada müzakirə olunub və təsdiq üçün AMEA Humanitarİctimai Elmlər Bölməsinə təqdim edilib. Layihəyə əsasən, Azərbaycan dilinin dövlət dili kimi tətbiqini, tədqiqini və dilçiliyimizin inkişafını təmin edə biləcək şöbələrin yaradılması nəzərdə tutulur. Zənn edirik ki, yeni struktur vahidlər, Dövlət Proqramında nəzərdə tutulduğu kimi, kütləvi informasiya vasitələrində, küçə adları, afişareklamlarda Azərbaycan dilinin normalarının pozulması hallarının müəyyənləşdirilməsinə, bununla bağlı məlumatların toplanmasına və təhlilinə və müvafiq tədbirlərin görülməsinə, ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinə, ölkədəki dil situasiyasının təhlilinə, qədim dillərin və mədəniyyətlərin öyrənilməsinə və s. məsələlərin həllinə imkan verəcək.

 

Nigar Abdullayeva

Palitra.-2013.-1 oktyabr.-S.7.