Azərbaycanda ilk rəsmi dövlət muzeyi 

 

Layihə çərçivəsində budəfəki təqdimatımız Azərbaycan İstiqlal Muzeyi ilə bağlıdır.

Azərbaycanda dövlət səviyyəsində ilk rəsmi muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-20) dövründə yaradılmış İstiqlal Muzeyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisə idi. Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirmişdi. Həmin illər Bakı Universiteti fəaliyyətə başladı, Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri oldu, kitab fondu artırıldı. Bakı Universiteti nəzdində açılmış “Müsəlman Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixini və mədəniyyətini öyrənmək sahəsində ilk addımlar atdı. Bu haqda məlumat verən Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi qeyd edir ki, 1919-cu ilin sentyabr ayında milli tarixi irsimizin qorunması məqsədilə Azərbaycan şərqşünasları “Şərqin arxeologiyası və tarixin həvəskarları dərnəyi” yaradılması haqqında məsələ qaldırmışdı: “Lakin həmin dövrdə əşya və materialların, bədii sənətkarlıq nümunələrinin qeydə alınması, mühafizəsi, tədqiqi, təbliği ilə əlaqədar hüquqi - normativ sənədlər yox idi. Avropa missionerləri və tacirləri Azərbaycanda əhalidən müxtəlif əlyazmaları, çini qabları, qızıl əşyalarını, qədimi paltarları alırdılar. Bu dəyərli əşyaların xaricə axınının qarşısını almaq vacib idi.

Bu məqsədlə həmin illərdə fəaliyyət göstərən “Yaşıl qələm” Ədəbi Cəmiyyətinin üzvləri Hüseyn bəy Mirzə Camalov və Məhəmməd Ağaoğlu Azərbaycan parlamenti qarşısında Bakıda milli muzeyin yaradılması məsələsini qaldırdılar. Muzeyin təşkili ilə əlaqədar “Azərbaycan ” qəzeti (1919, 23 sentyabr) yazırdı: “... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzeyqoymaq fikrində idiksə də bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, “İstiqlal Muzesi olmasını əhəmiyyətli görürüz”. Muzey direktoru qeyd edir ki, parlamentinin sədr müavini Həsən bəy Ağayev tərəfindən İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verilibkomissiya belə bir qərar çıxarıb: “Muzeyin saxlanma xərclərini parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır”. Fəridə Şəmsi qeyd edir ki, İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin yaradılmasının ildönümü münasibətilə, onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib: “Muzeyin yaradıcıları Hüseyn bəy Mirzə Camalov və Məhəmməd Ağaoğlu - AXC yaranandan sonra mədəni quruculuq işlərində fəal çalışmışdırlar. Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olub, şəhər real məktəbini bitirib. Ali pedaqoji təhsili alandan sonra ADU-da riyaziyyatdan dərs deyib. Hüseyn bəy şair və yazıçı idi. O, həmçinin jurnalistika ilə də məşğul olurdu. H.Mirzəcamalov AXC parlamentinin dəftərxanasında çalışıb, parlamentin Qanunvericilik şöbəsinin rəisi olub. Hüseyn bəy Türkiyəyə mühacirət edib və 1974-cü ildə İstanbulda dünyasını dəyişib.

Məhəmməd Ağaoğlu 1896-cı ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olub, 1912 - ci ildə gimnaziyanı bitirib və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. AXC dövründə Ağaoğlu bir sıra maarif-mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışıb. 1920-ci ildə Türkiyəyə mühacirət edib, 1927-28 -ci illərdə İstanbulda Milli Muzeyin islam incəsənəti bölməsinə müdirlik edib. 1929 - cu ildən ABŞ-da yaşayıb, əvvəlcə Detroyt İncəsənət İnstitutunun, sonra Miçiqan Universitetinin professoru kimi fəaliyyət göstərib, 1933-cü ildən isə “İslam incəsənəti” məcmuəsinin redaktoru olub. Ağaoğlu Azərbaycan, Türkiyə, İranbaşqa Şərq ölkələrinin incəsənət tarixini tədqiq edib, Şərq miniatürü, xalça, bədii metalparça sənətinə dair qiymətli əsərlər yazıb. Geniş erudisiyalı şərqşünas alim kimi tanınıb, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilib, Şərq xalqlarının orta əsr incəsənətinə dairİslam sənəti tarixi”, “XV əsr İran kitab cildləri”, “Səfəvi xalçaları və parçaları” kimi bir neçə kitab, həmçinin müxtəlif elmi məqalələrin müəllifidir”. Daha bir maraqlı faktı diqqətə çatdıran F.Şəmsi qeyd edir ki, muzeyin yaradıcıları olan Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, eləcə də parlament sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları çox maraqlı bir sənəd imzalamışdılar. Bu sənəd “Həmişəlik Azərbaycan Parleman İmarətində təsis edilən muzey İstiqlal adına müəssisələr tərəfindən toplanmış olan şeylərin birinci parlaman Divani-Riyasətinə təhvil verilməsi haqqında şərait” adlanır. Fəridə xanım yazır: “Şərait” Azərbaycanda muzey işinin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənədlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Burada müasir muzey işində aparıcı sənədlər, muzey əsasnaməsi, uçot-mühafizə üzrə təlimat və fond-satınalma komissiya haqqında əsasnamədə müddəalar yığcam şəkildə öz əksini tapıb. Sənəddə göstərilir ki, “İstiqlal Muzeyinə verilən hər bir əşya milli sərvətdir, gələcəkdə əşya sahiblərinin ailə üzvləri onları tələb edə bilməz. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır. Muzeyin genişlənməsinə birinci Azərbaycan parlamenti divan rəyasəti səy edəcək və təşkilatına lazım olan bütün məxarici kəndi öhdəsinə götürəcək”. Sənəddən görünür ki, gələcəkdə muzey üçün xüsusi bir binanın ayrılması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması, muzey proqram və nizamnaməsinin yaradılması və s. nəzərdə tutulub. Muzeyə verilmiş əşyaların qiymətləndirilməsi və uçota alınması, əşya təqdim edən şəxslərə müvafiq sənədin verilməsi, muzeyin əldə etdiyi gəlirlərdən istifadə qaydaları sənəddə öz əksini tapıb. Bu haqda “Azərbaycan” qəzeti yazırdı: “İstiqlal muzeyinin genişlənməsi üçün eksponatların toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət edərək, muzeyin komplektləşdirilməsinə yardım göstərməyə və köhnə əşyaları muzeyə bağışlamağa çağırırdılar. Muzeyə kömək göstərən şəxslərə bağışlanılan əşyaların adları və qiyməti göstərilməklə qəbz verilirdi”.

Parlamentə təhvil verilmiş 31 adda 89 ədəd ilkin əşyalar içərisində əski qılınc, qəmə, barıt qabı, müxtəlif formalı muncuqlar, əski “Quran”, dualar, tilsim mətnləri həkk olunmuş mis məmulatlar, gümüş üzük, rus pulları, yunan pulu, əlyazmalar və digər məmulatlar mövcud idi”. Beləliklə, 1919 - cu ilin dekabrında İstiqlal Muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə idi və 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də yeni muzeylərin təşkilində mühüm rol oynadı. İstiqlal Muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal bəyannaməsi”nin əsli, Azərbaycan parlamentinin materialları və s.) Moskvadakı İnqilab Muzeyinə aparıldı. Fəridə Şəmsi qeyd edir ki, on illiklər keçdi və 1991-ci ildə Azərbaycan yenidən müstəqil dövlət oldu: “Həmin ildə də İstiqlal Muzeyi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu adda muzeyin mövcud olması haqqında fakt yox idi. Muzey yaradıldıqdan sonra, sənədlərin işlənməsi və arxivlərin öyrənilməsi nəticəsində məlum oldu ki, ilk rəsmi dövlət muzeyi İstiqlal Muzeyi olub. Müstəqil dövlətdə bu adda muzeyin yaradılması təsadüf deyil. Bizim muzeyimiz - Müstəqil Azərbaycanla həmyaşıddır. Bu gün İstiqlal Muzeyinin əsas işi gəncləri Vətənə məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə etmək, ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini əbədiləşdirməkdən ibarətdir”.

 

Anar Miriyev

Palitra.- 2013.- 3 dekabr.- S. 11.