Bakıda qeyri-maddi mədəni
irs nümunələri ilə
bağlı qərar veriləcək
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin səkkizinci sessiyası keçirilir
Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilir. 116 ölkədən 780 nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilib.
Sessiya komitənin sədri seçilmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlayıb. Nazir deyib ki, builki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir: “Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən yüksək göstərici ilə qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcək”.
Tədbirdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, UNESCO-nun beynəlxalq əhəmiyyətli bu tədbirinin ölkəmizdə keçirilməsi qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulmasının bariz göstəricisidir. Belə bir tədbirə Bakının ev sahibliyi etməsi zəngin mədəni irsinin qorunması, eyni zamanda, ölkəmizin mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artırılması baxımından olduqca əhəmiyyətli hadisədir.
Tədbirdə Prezident İlham Əliyevin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına təbrik məktubu oxunub. Məktubda qeyd edilib ki, sessiya Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın onilliyinə təsadüf edir: “Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gerçəkləşdirilib. UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub. Daim inkişaf edən və möhkəmlənən UNESCO - Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar yaratmışdır. Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz Bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir”. Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın sessiyanın iştirakçılarına videomüraciəti nümayiş olunub. Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən İrina Bokova UNESCO ilə əməkdaşlığa verdiyi xüsusi önəmə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib və sessiyanın işinə uğurlar arzulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyanı açıq elan edib. Tədbir iştirakçılarını salamlayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel deyib ki, sessiyanın gedişi təmsil etdiyi qurumun internet saytında canlı yayımlanır. Sessiyanın gündəliyində duran ən əsas məsələ təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısı və bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı üzrə qərarın verilməsidir: “İnanırıq ki, altı gün ərzində Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanda bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacağıq”.
Sonra Konvensiyanın katibi sessiyada müzakirə
olunacaq məsələlərin qısa
şərhini verib.
Cavidan
Palitra.-2013.-3 dekabr.-S.6.