Saleh Taner Sərin: “Azərbaycan beynəlxalq tədbirlərə

uğurla ev  sahibliyi edir 

 

 

“Avropalılar, cənubi amerikalılar, afrikalılar Azərbaycanda gördükləri qonaqpərvərliyə, alicənablığa heyran qalıblar”

 

Müsahibimiz bu həftə Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının iştirakçısı, “Nəsrəddin Hocaturizm” dərnəyinin UNESCO-dakı təmsilcisi, jurnalist Saleh Taner Sərindir. Şəhərimizin qonağı olan Saleh Taner sessiya haqqında təəssüratlarını qəzetimizlə bölüşdü:

- Bakıda keçirilən UNESCO-nun sessiyası haqqında fikirlərinizi bilmək istərdik.

- Mən sessiyada Türkiyədən Akşehirdən “Nəsrəddin Hocaturizm” dərnəyini təmsil edirəm. Dərnəyimiz Türkiyədə “cəmiyyətə faydalı dərnək” statusunu alıb. Bizim UNESCO ilə əlaqələrimiz 1970-ci ildən başlayır. Biz hər il iyul ayında beynəlxalq “Nəsrəddin Hoca” festivalı keçirik. Mən UNESCO-nun İstanbulda, Sofiyada, Əbu-Dabidə və Parisdəki toplantılarında iştirak etmişəm. Bu il çox gözəl, mədəni, sənətkarlıq tədbirləri keçirilir. Komitənin builki iclasının Bakıda keçirilməsinə görə çox xoşbəxtəm. Sanki, öz ölkəmdəyəm. Avropalılar, cənubi amerikalılar, afrikalılar Azərbaycanda gördükləri qonaqpərvərliyə, alicənablığa heyran qalıblar. Mən də bundan qürur duydum. İndi gündəmdə müxtəlif mövzular var. Bunların içində konkret olmayan, dünyanın qeyri-maddi mədəni mirası ilə əlaqədar bir neçə proyektlər yaradılır. Daha sonra isə belə toplantıda onlara səs verilir qəbul edilir. Burada bizim müzakirə olunan layihələrimiz var. Onların da qəbul olunacaqlarına ümid edirəm. Belə müzakirələrdə həm dünyanın diqqətini cəlb edirik, həm BMT UNESCO səviyyəsində dəstək olur. Bakıda günümüz çox gözəl maraqlı keçir. Nəsrəddin Hocadərnəyində uzun illərdir sədr vəzifəsində çalışmışam. İndi isə yerimi gənc dostlarıma vermişəm. Bizim hazırda 100-dən artıq elm adamı, teatr, kino rəsm sənətçilərindən ibarət məsləhət təşkilatımız var. Bakıda keçirilən sessiya haqqında çox yüksək fikirdəyəm. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir yüksək səviyyədə hazırlanıb. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu gün belədir, gələcəkdə belə olacağına əminik. Azərbaycan beynəlxalq arenada öz sözünü deyən dövlətdir.

- “Nəsrəddin Hocadərnəyi gələcək üçün hansı işlər görməyi planlaşdırır?

- “Nəsrəddin Hocadərnəyi 1959-cu ildə yaradılıb. Həmin ilNəsrəddin Hocafestivalını keçirməyə başladıq. Əvvəllər festival yalnız Türkiyə daxilində keçirilirdi. 1976-cı ildən isə bu festival beynəlxalq səviyyədə keçirilir. Tədbirlərimizdə dünyanın bir çox ölkəsindən elm adamları, mədəniyyət işçiləri, sənətçilər, rəqs qrupları iştirak ediblər. Azərbaycandan da bir neçə dəfə qonaqlarımız olub. Bu festivalda hamımız birlikdə Nəsrəddin Hocanı yad edirik. Bununla bərabər Nəsrəddin Hocanın fəlsəfəsi ilə bağlı araşdırmalarımız var.

Xalq arasında yayılan Nəsrəddin Hoca hekayələrini, mədəniyyətimizin keçmişdən gələn qeyri-maddi mədəni irsini toplamaq üçün çalışırıq. Bizim gənclərdən ibarət orkestrımız var. Onlar həm müasir türk musiqisi, həm məşhur xarici musiqilər ifa edirlər. Simpoziumlar təşkil edirik. Bu simpoziumlarda elm adamları ilə mövzuları müzakirə edirik, sənətçiləri dəstəkləyirik. Məsələn, biz hər ilqızıl eşşəkyarışması keçiririk. Bəzən teatr sənətçisinə, kino sənətçisinə, qruplara mükafatlar veririk. Yəni, dərnəyimiz olduqca fəaldır. Beynəlxalq toplantılarda iştirak edirik, Türkiyə daxilində keçirilən festivallara dəvət olunuruq. Hər il aprelin 23-də Akşehirdə uşaqlar üçün şənlik keçiririk.

- Anadolu gənclərində Nəsrəddin Hoca hekayələri haqqında təsəvvürlər necədir?

- Bildiyiniz kimi, Nəsrəddin Hoca hekayələri xalq arasında tez-tez danışılır. Dərs vəsaitlərində yer alır. Amma biz bununla kifayətlənmirik. Müxtəlif bələdiyyələrlə birlikdəNəsrəddin Hocauşaq kitabları çap etdiririk. Hətta Antalyadakı bir qrupumuz vasitəsilə aşağı siniflərə Nəsrəddin Hoca ilə bağlı teatr oyunları nümayiş etdiririk.

- “Nəsrəddin Hocalətifələri bu gün hansı məna daşıyır?

- Nəsrəddin Hoca 13-cü əsrdə yaşayıb. Amma başına gələnləri

kitab şəklində yazmayıb. İnsanlar onu dinləyərək, hekayələrini danışmağa başlayıblar. Bu hekayələr ağızdan-ağıza keçərək, bu günümüzə qədər gəlib. Nəsrəddin Hoca çox gözəl müşahidəçi idi. Gördüklərindən nəticə çıxarırdı yaşadığı cəmiyyəti tənqid edirdi. Bu gün Nəsrəddin Hocanın lətifələrindən, hekayələrindən alınacaq çox dərslərimiz var.

- AzərbaycandaNəsrəddin Hocafestivalı keçirməyi düşünürsünüzmü?

- Çox gözəl olar. Nəsrəddin Hocanın türk coğrafiyasında danışılan 1555 lətifəsi var. Bizim Akşehirdə keçirdiyimiz “Nəsrəddin Hoca” festivalları 50 ildən artıqdır ki, davam edir. Sizin ölkədə də “Nəsrəddin Hoca” festivalı keçirilsə, biz sevə-sevə gəlib Türkiyənin gözü ilə Nəsrəddin Hoca haqqında danışarıq, xalq rəqslərindən ibarət bir qrup gətirərik.

- Bakı haqqında təəssüratlarınızı necədir?

- Mənim Bakı haqqında fikirlərim çox yaxşıdır. Bakı çox gözəl şəhərdir. Şəhərin hər tərəfi daş binalarla bəzənib. Bu isə dənizkənarı mənzərəni pozmur. Əksinə, şəhərə daha da xüsusi gözəllik bəxş edir. Yeni üslubda binalar tikilsə də, tarixi daş binaların mənzərəsi itməyib, əksinə daha gözəl görünür. Azərbaycanın gələcəkdə daha çox inkişaf edəcəyinə, Türkiyə ilə daha gözəl əlaqədə və münasibətdə olacağına inanıram. Mən sizin qəzetiniz vasitəsilə Azərbaycan dövlətinə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm ki, gözəl qonaqpərvərlik göstərdilər. Bizim qardaşlığımız əbədidir! Əlbəttə ki, biz bir millət, iki dövlətik.

 

Xəyalə GÜNƏŞ

Palitra.- 2013.- 7 dekabr.- S. 7.