Krım - gözəl turizm məkanı və əsrarəngiz tarixi diyar...

I yazı

 

Azərbaycandan olan 8 nəfərlik jurnalist qrupuSilk Way” şirkəti və şirkətin Turizm Departamentinin direktoru Faiq Qurbanovun təşkilatçılığı və dəstəyi ilə noyabr ayının 25-dən dekabr ayının 2-ə qədər Ukraynanın Krım Muxtar Respublikasında info-turda oldular. Qeyd edək ki, həmin jurnalist qrupunun tərkibində bu sətirlərin müəllifi də vardı. Həmçinin Azərbaycan turizm şirkətlərini təmsil edən daha 12 nəfər də bu səfərə şirkətin dəstəyi ilə qatılmaq imkanı qazanmışdılar.

Beləliklə, noyabrın 25-də hava yolu ilə erkəndən Krıma yola düşdük. Onu da qeyd edək ki, Krımın inzibati mərkəzi olan Simferopola Bakıdan həftədə bir dəfə olmaqla hava reysi var...

Krım hələ xeyli əvvəlcədən və sovetlər dönəmindən özünün kurort imici, Qara Dəniz sahilindəki əlverişli və cəzbedici təbii şəraiti, iqlimi ilə diqqəti cəlb edib. Yaxud təkcə sovet pionerlərinin ən şirin və bir az da mifikləşdirilmiş arzusu olan Artek pioner düşərgəsini qeyd etmək yetər ki, Krım barədə yaşı 33-dən yuxarı olan insanlarımızın nostalji hissləri baş qaldırsın. Artek barədə daha sonra yazacağıq, öncə isə Krımın tarixi barədə fikir bildirmək yerinə düşərdi.

Əgər daha qədim tarixə baxsaq, Krımda eramızdan əvvəlki zamanlarda yunan koloniyaları, həmçinin köçəri skif-kimmer tayfalarının yaratdıqları tayfa ittifaqları və erkən dövlətləri mövcud olub. “Krım” sözü ilə bağlı müxtəlif versiyalar söylənsə də, bu sözün türk dillərində kişi adı bildirdiyi ilə bağlı da fakt var. Belə ki, Bizansa qarşı yürüşlər edən Balkan bulqarlarının başında da vaxtilə Krım və ya Krum xan dururdu... Elə orta əsrlərdən 1783-cü ilə kimi “Krım” adı dövlət olaraq məhz Krım xanlığı ilə bağlı çəkilib. Belə ki, qeyd edilən tarixə qədər buralarda Krım tatarlarının yaratdığı güclü və döyüşkən xanlıq mövcud olub. Rusiya imperiyası qeyd edilən tarixdə bu xanlığın varlığına son qoyana qədər... Onu da qeyd edək ki, Stalin dönəmində buranın əsas əhalisi olan Krım tatarları kütləvi halda Orta Asiyaya sürgün edilirlər.

Son dönəmlərdə isə tatarlar repatriantlar kimi yenidən öz yurdlarına geri döndülər. Amma onların yalnız bir qismi geri göndərildi ki, bu sayla da onlar Krımda sadəcə azlıqlardan birinə çevrildilər. Hazırda Krımın muxtariyyəti də Krım tatarlarının milli muxtariyyəti ilə bağlı deyil, yalnız ərazi muxtariyyəti hesab olunur...

Beləliklə, Krım Ukraynanın tərkibində muxtar respublikadır. Əhalisi 2 milyon nəfərədəkdir.

Simferopol Beynəlxalq Hava Limanında bizi gülərüzlə qarşılayan muxtar respublikanın Turizm və Kurortlar Nazirliyinin imic siyasəti şöbəsinin baş mütəxəssisi Oleq Anatoliyeviç Savenkov bir həftə boyunca bizə bələdçilik görəvini məmnunluqla yerinə yetirəcəyini bildirəndən sonra avtobusda dərhal gəzintiyə çıxdıq. Yolboyu bizə məlumat verən Savenkov bildirdi ki, Azərbaycan və Krım arasında əlaqələr 2011-ci ildən etibarən daha da inkişaf etməyə başlayıb. Həmin il Krımın rəsmi şəxsləri, həmçinin turizm və kurortlar naziri Bakıda səfərdə olublar. Onlar Bakıdakı dövlət qurumlarında önəmli görüşlər keçiriblər, Prezident İlham Əliyevin qəbulunda olublar. 2011-ci ildə əldə olunan razılıqdan 1 il sonraSimferopol” Beynəlxalq Hava Limanı ilə Azərbaycan Hava Yolları arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən AZAL 2012-ci ildən Bakı-Simferopol sərnişin reysi üzrə daha ucuz qiymətə birbaşa uçuşlara start verib. Bu isə Azərbaycan vətəndaşlarının Qara Dəniz sahillərindəki sanatoriya, kurort və digər turizm obyektlərdə müalicə olunmasına, istirahət etməsinə yaxşı şərait yaradıb. Bələdçimiz qeyd etdi ki, digər respublikalarla da qurulan turizm əlaqələri nəticəsində təkcə 2012-ci ildə Krıma 6 milyon 100 min nəfərdən çox turist gəlib.

O.Savenkov bizə Krımın, eləcə də Simferepolun tarixi ilə bağlı məlumatlar çatdırır. Deyir ki, bəzi tarixçilər Simferopolun 1874-cü ildə yarandığını iddia edirlər. Tədqiqatçıların böyük bir hissəsi isə şəhərin əsasının qoyulmasını eramızdan əvvəlki əsrlərdə skiflərin Krıma gəlişi ilə bağlayırlar. Buna maddi-arxeoloji sübut kimi Krımdakı çoxsaylı skif xəzinələri göstərilir. Buradan tapılmış arxeoloji faktlar hətta “Ermitajda var...

İndiki Simferopol isə postsovet məkanı üçün xarakterik olan regional mərkəzlərdən biridir. Eyni zamanda şəhərdə yeni quruculuq işləri də adda-budda görülməkdədir. Həmçinin yeni hava limanının tikiləcəyi də bildirilir. Küçələr, parklar səliqəli, insanları səmimi, gülərüz və təmkinli görünür. Simferopol inzibati mərkəz olduğu üçün krımlıların çoxusu bura toplaşıb. Krımda milliyyətindən asılı olmayaraq bütün insanlar ilk baxışdan xoş təəssürat bağışlayır. Hələ birinci gün boyu tatarlarla rastlaşmasaq da, xüsusən ukraynalılar səmimilikləri və istiqanlılıqları ilə daha çox diqqət çəkir. Ukraynalılar slavyan olmalarına rəğmən, onlarda şərqli ruhu daha çox özünü büruzə verir. Krımdakı ruslar da eyni dərəcədə həlim və xoşxasiyyətli təsir bağışlayırlar. Amma bir qədər siyasiləşmiş kimi görünürlər. Xüsusən də Krımın tarixi barədə söz düşəndə... Onlardan Xruşşovu qınayanları da oldu: “Xruşşov ukraynalı olduğu üçün SSRİ-nin başçısı olanda Krımı öz Vətəninə hədiyyə etdi. Yoxsa Krım heç vaxt Ukraynanın olmayıb”...

Simferopolda tarixlə bağlı diqqət çəkən yerlərdən biri Tavrida Mərkəzi Muzeyidir.Muzeydə tarixi eksponatlar maraq doğurur. Muzeyin birinci mərtəbəsində zəngin elmi kitabxana var. Həmçinin bu mərtəbədə arxeoloji qazıntılar zamanı aşkarlanan nəhəng daş yazılar, küplər, heykəllər, dəyirman daşları, qəbirüstü abidələr nümayiş etdirilir. Skif və qotlara aid qızıl-zinət əşyaları, müxtəlif dövrlərdə işlənən qızıl-gümüş pul sikkələri isə birinci mərtəbədə xüsusi mühafizə olunan otaqdadır. Oraya yalnız icazə ilə qapının qıfılı açıldıqdan sonra, nəzarətlə daxil olmaq olar. Muzeyin təmsilçisi Marina Rudolfovna bizə eksponatlar barədə məlumat verir. Burada eyni zamanda sarmat, xəzər, qıpçaq, monqol-tatarlar və eləcə də Krım tatarlarının tarixinə aid maraqlı eksponatlar, əsasən, yaraq, dəbilqə, pul nümunələri, geyim, bəzək əşyaları da nümayiş etdirilir...

Marina Rudolfovnanın bizə verdiyi maraqlı məlumatlardan biri o oldu ki, sarmat qadınları tipik amazonlar olubmuşlar... Onlar ayrıca qadın qrupları halında, kişilərdən ayrıca yaşayırmışlar. Amazonluq nişanəsi kimi əsasən sarmat qadınların geyim formaları, bəzək-əşyaları və sair məət vasitələri misal çəkilir. Muzey bələdçisinin bu fikirləri eyni zamanda sarmatlarla bağlı müxtəlif tarixçilərin, eləcə də Rusiya tarixçilərindən Qumlyevin yazdıqlarından oxuduqlarımızı yada salır. Tarixdən məlumdur ki, amazon həyat tərzi keçirən qadınlar başqa tayfalardan olan kişilərlə nikahdan doğulan uşaqların qız olanlarını özləri ilə saxlayırmışlar. Məsələn, Qumilyev onu yazır ki, Xəzər Xaqanlığının adını götürdüyü ilkin xəzərlər, yaxud xaqanlığın məhz “xəzər” adlanan qismi əslində hun atalarla sarmat analardan törəyibmişlər...

Simferopolda daha sonra möhtəşəm tarixi abidələrdən biri kimi Skif Neopolu Muzey Kompleksinə baş çəkdik. Bura antik zamanlarda bir skif şəhəri olubmuş. Aparılan qazıntılar zamanı aşkara çıxarılan şəhər qalıqları, həmçinin son dövrlərdə bərpa olunan skif çarı Skilurun sərdabəsi də bundan xəbər verir. Bu antik skif şəhəri çox yüksək və qayalıq bir yerdə - təbii müdafiə imkanları olan ərazidə salınıbmış. Görünür, həmin rahatsız dönəmlərdə saysız-hesabsız savaşlar aparılıbmış. Həmçinin buradan skiflərin ətraf yerlərə, yunanların və başqalarının yaşayış ərazilərinə basqınlar edib, qənimətlər ələ keçirdikləri barədə bilgilər verilir...

(ardı var...)

İlkin AĞAYEV

Bakı-Krım-Bakı

Palitra.-2013.-