“Azərbaycan mədəni sahədə böyük tərəqqiyə nail
olub”
Ölkəmizin mədəni dəyərlərinin təbliğində beynəlxalq tədbirlərin böyük əhəmiyyəti var. Layihə çərçivəsində təqdim etdiyimiz yazı ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərin bu işdəki rolu ilə bağlıdır.
Müasir qloballaşma dövründə mədəni dəyərləri qorumaq, onları gənc nəslə aşılamaq heç də asan məsələ deyil. Böyüməkdə olan yeni nəslə bu dəyərləri çatdırmaq işin birinci tərəfi, onları beynəlxalq müstəvidə təbliğ etmək işin ikinci tərəfidir. Azərbaycanda mili-mənəvi dəyərlərin təbliği bu iki istiqamətdə uğurla davam etdirilir. Xüsusilə, son illərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği işində böyük irəliləyiş əldə edilib. Bu kontekstdə ölkə xaricində və daxilində keçirilən tədbirlərin böyük önəmi var. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Avropa ölkələrində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində keçirilən möhtəşəm təbirləri xüsusi qeyd etmək lazımdır. Qitənin nüfuzlu ölkələrində keçirilən tədbirlərdə Azərbaycan dövləti, mədəniyyəti təbliğ edilir. Zəngin mədəniyyət nümunələrimizin həmin tədbirlərdə təbliği elə Azərbaycanın təbliği deməkdir. Eləcə də ölkəmizdə keçirilən tədbirlərin bu işdə böyük rolu var. Regionun əsas dövlətinə çevrilən Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bir-birini əvəzləməkdədir. Bu tədbirlər Azərbaycanın nüfuzunun artmasına da xidmət etməklə yanaşı mədəni dəyərlərimizi dünya ictimaiyətinə daha yaxşı çatdırmaq üçün əlavə şansdır.
Elə bir neçə gün öncə Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyası da buna bariz nümunədir. Dünya üzrə maddi və qeyri-maddi mədəniyyət nümunələrinin incələnməsi və onların xüsusi siyahıya daxil edilməsi ilə bağlı məsələlərin Azərbaycanda həll edilməsi ölkəmizin bu sahədə əldə etdiyi nüfuzla bağlıdır. Nüfuzlu tədbirdə iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirdilər. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək, ölkəmizin zəngin mədəniyyətin, incəsənətinin bir daha şahidi oldular. Bu tədbirlər milli adət-ənənələrimizin xarici qonaqlara çatdırılmasına da yardımçı olur. Bakıda keçirilən bu tədbir dünya mətbuatının da diqqət mərkəzində oldu. Məsələn, İtaliyanın nüfuzlu “TMNews” xəbər agentliyinin saytında Azərbaycanın ənənəvi çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı məqalə yerləşdirilib. Məqalədə çövkən oyunu barədə məlumat verilib. Qeyd edilib ki, ənənəvi Qarabağ oyunu olan çövkən iki komanda arasında çəmənlikdə oynanılır. At üstündə olan milli geyimli oyunçular musiqi sədaları altında yarışırlar. Yazıda müəllif bildirib ki, UNESCO-nun bəyanatında da vurğulandığı kimi, urbanizasiya və miqrasiya prosesləri nəticəsində gənclər arasında çövkən oyununa maraq azalıb. Bu, çövkən oyunu ilə məşğul olan idmançıların və məşqçilərin sayına mənfi təsir göstərib. Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, münaqişə nəticəsində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Göründüyü kimi, tədbirlə bağlı dünya mediasında yayılan məlumatlarda ölkəmizlə bağlı həqiqətlər də təbliğ olunur. Belə tədbirlərdən biri də dünən Bakıda işə başlayıb. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Bakıda Avropaya inteqrasiya Beynəlxalq Gənclər Forumu keçirir. Forumda Azərbaycan ilə yanaşı, Fransa, Almaniya, İsveçrə, Türkiyə, İngiltərə, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstandan gənclər iştirak edirlər. “Central Park” mehmanxanasında forumun rəsmi açılışı olub. Mərasimdə AGAT-ın sədri Gülsel Səfərova layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi Azərbaycanın Avropaya inteqrasiya prosesində yeri və rolu barədə məlumatların Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişafı, avropalı gənclərlə Azərbaycan həqiqətləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin enerji siyasəti ilə bağlı müzakirələrin aparılmasıdır. Gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycanda gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirakına dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirən nazir müavini qeyd edib ki, gənclər ölkənin gələcəyi və ən böyük qüvvədir. Azərbaycanda əhalinin üçdəbirini gənclər təşkil edir və onlar dövlət qulluğunda və özəl sektorda təmsil olunurlar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, ölkəmiz qədim İpək Yolunun üzərində, Qərb və Şərq mədəniyyətlərinin birgə təsiri ilə formalaşmış sivilizasiyaların qovuşduğu məkanda yerləşir. Azərbaycan müxtəlif vaxtlarda fərqli imperiyaların tərkibində olsa da, xalqımız öz dilini, mədəniyyətini və milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, regionun aparıcı dövləti olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilir. E.Abdullayev deyib ki, bu yaxınlarda nazirlik tərəfindən Avropa strukturları ilə çox məhsuldar danışıqlar aparılıb. Bu danışıqlarda Azərbaycan konstruktiv mövqe nümayiş etdirib. Dekabrın 5-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlər arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Birgə Bəyannamə Azərbaycan ilə Aİ arasında bu il ərzində imzalanmış ikinci önəmli sənəddir. Bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikasının bariz göstəricisidir. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulayıb. P.Mönye bildirib ki, ölkəniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Fransanın dəstəyinə arxalana bilər. Diplomat dost ölkələr olan Azərbaycan və Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır. Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri var.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli layihələr həyata keçirir. Neft ölkəsi kimi tanınan Azərbaycan regionda yüksək səviyyəli iqtisadi inkişaf modeli yaradıb. Azərbaycan Avropa ilə Asiya arasında ticarət və siyasi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmininə və prioritet sahələrə irimiqyaslı sərmayələrin yatırılmasına təkan verib. Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etməsindən məmnunluğunu bildirən səfir D.K.Çiobanu, Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Səfir bildirib ki, Rumıniya xeyli vaxtdır ki, NATO-nun Azərbaycanda əlaqələndiricisi rolunu oynayır. Diplomat az müddətdə Bakıda çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin daha da gözəlləşdiyini xüsusi vurğulayıb. Sonra forumda “Avropaya İnteqrasiya prosesində Şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu”, “Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin səmərəliliyi”, “Azərbaycanın Avratlantik məkanda inkişaf perspektivləri” ,“Şərq tərəfdaşlığı” və s. mövzularda mühazirələr dinlənilib, müzakirələr aparılıb. Forum dekabrın 13-dək davam edəcək.
Anar Miriyev
Palitra.-2013.-11 dekabr.-S.11.