“Bakıya hər gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oluram

Toktoqaziyev Temirbek: “Biz qırğızlar hər zaman Azərbaycan xalqı ilə yaxın münasibətlərdə olmuşuq və bu dostluğumuz

əbədi olacaq

Müsahibimiz Qırğız Respublikasının “Manas Janırıqı” teleradio şirkətinin baş direktoru Toktoqaziyev Temirbek Şükürbekoviçdir. Ötən həftə paytaxt Bakının qonağı olan Temirbek Toktoqaziyev iştirakçısı olduğu UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasının mövzusu ətrafında fikirlərini və Bakı haqqında təəssüratlarını bizimlə bölüşüb:

-Bakının ev sahibliyi etdiyi sessiyayla bağlı nələr deyə bilərsiniz?

- İlk onu qeyd edim ki, UNESCO dövlətlərarası tədbirlər keçirən, dünya xalqları arasında birlik yaradan ümumi orqandır. 1995-ci ildə də qırğız eposu olanManas” dastanının 1000 illik yubileyi də UNESCO-nun xətti ilə qeyd olunub. Beləliklə, UNESCO dünya ölkələri arasında bütün xalqları birləşdirən geniş tədbirləri həyata keçirdir. Bu il Azərbaycanda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasında Qırğızıstan və Azərbaycan üçün dəyərli olan mədəniyyət nümunələri qeydə alındı. Sessiya çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan Prezidenti və xanımının dəstəyini də unutmaq olmaz. Çünki bu sessiya Prezidentin xüsusi diqqəti və Heydər Əliyev Fondunun böyük dəstəyi ilə həyata keçirildi.

Sessiyada iştirak etdiyim dörd gün ərzində şahid oldum ki, sessiya keçirilən zal iştirakçılar ilə tamamilə dolu idi. Bu da sessiyanın maraqlı olduğunu və yüksək səviyyədə təşkil edildiyini göstərir. Sessiyada həmçinin, bizim xalqın mədəni dəyəri olanManas” dastanı UNESCO tərəfindən qiymətləndirildi və UNESCO-nun mədəni irs siyahısına daxil edildi. Bu, bizi çox sevindirdi. Hesab edirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu tədbir ölkəniz üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan və Qırğızıstan xalqı arasında da əlaqələr son 5 il ərzində daha da güclənib. Son illərdə isə biz qardaş ölkə olaraq bir-birimizlə əlaqələr yaradırıq, tədbirlər keçiririk. Mən burada Azərbaycan Yazıçılar Birliyində bir sıra görüşlər keçirdim. Anar və Çingiz Abdullayevlə görüş mənim üçün qürur idi. Gələn ilin mart ayında isə ölkəmizdə Xalq yazıçısı Anarın 75 illik yubileyini qeyd edəcəyik. Bu da bizim ölkələrarası əlaqələrimiz üçün müsbət cəhətdir. Bu ilin dekabr ayında da Xalq yazıçımız Çingiz Aytmatovun yubileyi qeyd olunacaq. Bu da bizim dövlətlərarası münasibətin möhkəmlənməsi yolunda müsbət nəticədir.

- Qırğız və Azərbaycan xalqının mədəni əlaqələri haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, qırğız və Azərbaycan xalqlarının kökü eynidir. Dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəni əlaqələrimiz əzəldən birdir. Bizim kökümüzün birliyi oğuz türklərindən başlayır, bu gün də dövlətlərimiz arasında əlaqə uğurla inkişaf edir. Qırğızıstanda Azərbaycan mədəniyyət günləri, Azərbaycanda isə Qırğızıstan mədəniyyət günlərinin keçirilməsi də buna əyani sübutdur. Bu, əlbəttə ki, bizim güclü əlaqələrimizi göstərir. Necə ki, siz Azərbaycan xalqının övladı olaraq qardaşınızdan, qırğız xalqının oğlundan müsahibə alırsınız. Bu da mədəni əlaqələrimizin bariz nümunəsidir. Biz hər zaman Azərbaycan xalqı ilə yaxın münasibətlərdə olmuşuq və bu dostluğumuz əbədi olacaq.

-“Manas janırıqı” teleradio kanalı Azərbaycanın telekanalları ilə birgə layihələr həyata keçirə bilərmi?

- İnşallah. Mən keçən il Bakıya gələndə Türkiyənin “Samanyolu” telekanalının rəhbəri ilə görüşdüm və bir layihə üzərində çalışdıq. Ancaq Azərbaycan telekananllarının rəhbərləri ilə hələ tanış deyiləm. Ona görə də birgə layihələr hələ nəzərdə tutulmur. Lakin gələcəkdə ola bilsin ki, birgə layihələr həyata keçirək. Bunu zaman göstərər.

- Şəhərimiz haqqında təəssüratlarınız necədir?

- Çox gözəl təəssüratlar bağışladı. Lakin bu mənim Bakıya ilk gəlişim deyil. Mən ilk dəfə 1986-cı ildə Bakıda olmuşam. O zamandan sonra mən tez-tez Bakıya səfər etdim. Bakıya hər gəldiyimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oluram. Ötən dövrlərin Bakısı ilə indikini müqayisə edəndə müasir Bakı daha gözəl və cazibədardır. Hər səfərimdə olduğu kimi bu səfərimdə də gözəl insanlarla tanış oldum. Ölkə haqqında yaranan ilk təəssürat isə insanların bir-birinə olan xoş münasibətləridir. Ölkənizə qonaq gələn bir çox xalqların nümayəndələrinə də, qardaş xalqların nümayəndələrinə də çox gözəl münasibət göstərirsiniz. Ona görə də düşünürəm ki, bizim xalqlar arasında olan əlaqələr daha da inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir.

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-11 dekabr.-S.13.