Firəngiz Əlizadə öz reytinqini təsdiqləyib
Rusiya Federasiyasının prezidentinin fərmanı ilə elan olunmuş Rusiyada Mədəniyyət İli ilə əlaqədar olaraq Sankt-Peterburqda II Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumda dünyanın 45 ölkəsindən 2700 nəfər iştirak edib.
Forumun açılışı günü RF prezidenti və baş nazirinin təbrik məktubları oxunub. Tədbirin məqsədi Rusiya mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsi, regional, federal və beynəlxalq səviyyələrdə mədəni təşəbbüslərin dəstəklənməsi, mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Forumda RF-nin mədəniyyət naziri Vladimir Medinski çıxış edərək bildirib ki, forum zamanı görkəmli mədəniyyət və incəsənət xadimlərini cəlb etməklə professional birliyin səmərəli təcrübə mübadiləsini həyata keçirmək mümkün olub.
Üç gün davam etmiş forumda 30-dan çox meydançada təqribən 50 tədbir, o cümlədən, plenar iclaslar, “dəyirmi masa”lar, seminarlar, diskussiyalar keçirilib. Tədbirlərə teatr, kino, ədəbiyyat, musiqi xadimləri toplaşıblar.
Müasir Bəstəkarlar Assambleyasının “Musiqi bu gün” tədbiri maraqlı olmuşdur. Səbəbi aydındır: bundan əvvəl tanınmış müasir bəstəkarlar ünsiyyət qurmaq, əsərlərini ifa etmək üçün bir tədbir çərçivəsində toplaşmırdılar.
Forumun təsisçiləri proqramı maksimum zəngin etmək üçün həm Rusiyanın, həm də xarici ölkələrin professionallarını dəvət ediblər. Mədəniyyət proqramına xüsusi diqqət yetirilib Bu, iştirakçıların müasir incəsənətdə qazanılmış mühüm nailiyyətlərlə tanış olmasına imkan verib.
“UNESCO-nun Dünya Artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadə də bu nüfuzlu forumda iştirak etmək üçün fərdi dəvət alıb.
Dövlət Ermitajının baş qərargahının atriumunda Müasir Bəstəkarlar Assambleyasının “Musiqi bu gün” tədbiri keçirilib. Tədbirdə dünya şöhrətli bəstəkarlar Kşiştof Meyer (Polşa), İnnam Lif (İsrail), Giya Kançeli (Gürcüstan), Aleksandr Knayfel (Rusiya), Firəngiz Əlizadə (Azərbaycan) iştirak ediblər. İştirakçılar qeyd ediblər ki, assambleya bir tədbir çərçivəsində xeyli sayda müasir bəstəkarları bir yerə toplaya bilib. Hər bir əsərin ifasından əvvəl disputlar keçirilib, bəstəkarlarla müsahibələr aparılıb.
Bu konsertdə Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Violonçel ilə orkestr üçün konsert”i böyük müvəffəqiyyətlə səsləndirilib. Əsəri Rusiyanın Xalq artisti Sergey Stadlerin rəhbərlik etdiyi Sankt-Peterburq simfonik orkestri ifa edib. Violonçel partiyasını xüsusi olaraq Almaniyadan dəvət edilmiş beynəlxalq müsabiqələr laureatı, professor Yulius Berger ifa edib.
Firəngiz
Əlizadənin
belə nüfuzlu beynəlxalq
forumda iştirakı Azərbaycan bəstəkarının dünyada qazandığı yüksək reytinqi
təsdiqləyib.
Palitra.-2013.-12 dekabr.-S.15.