Rəngkarlıqda “Qacar üslubu

Söhbət açacağımız Qacar üslubu İran və Azərbaycan incəsənəti tarixində əhəmiyyətli rol oynamış Qacarlar dövrü incəsənətinin sistemli tədqiqidir. İncəsənət tarixinəQacarlar üslubukimi daxil olmuş, bir çox görkəmli rəssamlarımızın yaradıcılıq qayəsini müəyyən etmiş bu bədii üslubun dərin tarixi kökləri və zəngin ənənələri mövcuddur.

İran rəngkarlığında “Qacarlar üslubunun yaranması XVIII əsrin sonlarına təsadüf etməsinə baxmayaraq, onun yaranma səbəbləri və kökləri daha əvvəlki dövrlərə, yəni vaxtı ilə Qəzvində yaranmış məşhur “Qəzvin üslubu”nadək uzanır. Artıq burda yaranmış ənənəyə əsasən kitabları bəzəyən miniatürlər, tədricən kitab səhifələrindən ayrılaraq müstəqil şəkildə, ayrıca vərəqlərdə yaradılmağa başlamışlar. Qəzvində yaranmış həmin bu ənənə XVI əsrin sonu XVII əsrin əvvəllərində çiçəklənmiş yeniİsfahan üslubunun formalaşmasında həlledici rol oynamışdır. İsfahan üslubu Qacarlar üslubunun formalaşmasında bir örnək olmuşdur.

Mənbələrdən Avropa ilə genişlənən mədəni, iqtisadi əlaqələrin genişlənməsi nəticəsində meydana çıxan Qacarlar üslubunun təməl prinsiplərinin Fətəli Şah Qacarın hakimiyyəti dövründə meydana gəldiyi qeyd olunur.

Saray rəngkarlığında və xüsusilə də portret janrında bərqərar olmuş Qacarlar üslubu, XIX əsrin əvvəllərində İran incəsənətinin bütün sahələrində aparıcı bədii üsluba çevrilmişdir.

Nəsrəddin Şah Qacar dövrünün professional rəngkarlığı bir sıra yeni əlamətləri ilə səciyyələnir. Bunlardan ən əhəmiyyətlisi təsvirdən bədii obrazın və daxili aləmin əks olunması ilə bağlıdır.

Təsviri və dekorativ incəsənətin müxtəlif janrlarında Qacarlar üslubunun inkişafı Nəsrəddin şahın hakimiyyəti dövründə rəsmi saray portretləri ilə bərabər təsviri və dekorativ sənətin müxtəlif janrlarında inkişaf etdirilməsi ilə bağlıdır.

Portret, məət janrı, kitab miniatürü, mənzərə, natürmort və dekorativ incəsənətin müxtəlif növlərində inkişaf edən rəsmi üslub bir qədər demokratikləşərək, müəyyən sərbəstlik əldə etmişdir. Rəsmi saray təsvirlərindən azad olan bu növ və janrlarda İran təsviri incəsənətinin Avropa realist incəsənəti ilə yaxınlaşması özünü daha qabarıq büruzə verir. Lakin bu təmayül əsasən məət, natürmort, mənzərə janrlarında daha çox müşahidə edilir. Monumental divar rəngkarlığı, kitab miniatürləri və xüsusilə də, dekorativ sənətdə ənənəvi, konservativ sənətkarlıq üsullarına hələ də üstünlük verilir. Bu sahələrdə olan dərin yerli köklərə malik ənənələr yeni realist üslubun tam bərqərar olmasına mane olurdu. Qacarlar üslubunda bir çox Azərbaycanlı rəssamların da işləri mövcuddur. Bu üslubu Azərbaycan rəngkarlığında əsasən tarixi janrda yaradılan əsərlərə aid etmək olar.

Azərbaycan rəngkarlığında tarixi janrda ilk əsərlər təxminən XVII-XVIII əsrlərdə yaradılmağa başlamışdır. Azərbaycan təsviri sənətində ilkin təzahürlərini XVII-XVIII əsrlərdən göstərməyə başlayanQacar üslubuəslində Qacarların hakimiyyəti dövründə bir çox sənətkarların həm də Avropada mövcud olan realizm ənənələri ilə tanışlığı ilə əlaqədar idi. Özündə həm Avropa, həm də Şərq rəssamlıq ənənələrini birləşdirən və əsasən kətan üzərində işlənən bu üslub ölkədə hələ də miniatür əsərlərin yaradılmasına baxmayaraq çox geniş yayılmağa başlamışdı. “Qacar üslubluəsərləri Azərbaycan dəzgah rəngkarlığının ilk nümunələri hesab etmək olar. Bizim dövrə gəlib çatmış Allahverdi Avşar, Bəylər Avşar, Məhəmməd Həsən Avşar, Mehralı, Məhəmməd Əli və başqalarının əsərləri doğrudan da bu üslub qovşağından yaranan tablolarının özünəməxsusluğunu təsdiqləyir.Qacar üslubuöz dövrünün aparıcı və saray tərəfindən dəstəklənən rəsmi bədii üslubu kimi təsviri və dekorativ sənətin müxtəlif sahələrində, eləcə də monumental divar boyakarlığında təzahür edib. Yaxşı haldır ki. sonrakı dövrlərdə yaşayan rəssamlarımız bu ənənələrdən yaradıcılıqla faydalanmaqla onun bədii ənənələrini zənginləşdirməyə nail olmuşlar. Özündə tarixi janrın bədii-estetik xüsusiyyətlərini yaşadanQacar üslublutablolar arasında süjetli kompozisiyalarla yanaşı, portretlər də kifayət qədərdir...

Mirzə Həsən xanın çəkdiyi “Vəliəhd Müzafərəddin Mirzə”(XIX əsr), İsmayıl Cəlairin yaratdığı “Nur Əli şah” (1865), Allahverdi Avşarın işlədiyi “Abbas Mirzənin portreti” (1817), Məhəmməd Həsən Avşarın fırçasından çıxan “Məhəmməd şah Qacar” (1846), Mehralının yaratdığı “Fətəli şah Qacarın portreti” (1814) və digər tarixi şəxsiyyətlərin portretləri özündəQacar üslubunun bədii-estetik xüsusiyyətlərini yaşatmaqla, həm də Azərbaycan tarixində yer almış insanların real görüntüsünü əsrlərdən-əsrlərə daşımaqdadır. Tədqiqatçıların fikrincə, Fətəli şahın türk-azərbaycanlı hərbi geyimdə təsviri bizə, həm də Azərbaycan ordusunun hansı geyim daşıdığını bilmək üçün zəngin informasiya verir. Onlar Fətəli şah Qacarın atası, Ağa Məhəmməd xan Qacarın ikinci qardaşı Hüseyn Qulu xan Qacarın (ona Cahansuz da deyirlər) naməlum rəssam tərəfindən çəkilmiş portretinin Fətəli şah tərəfindən öz portreti və eləcə də digər Qacar rəngkarlığı nümunələri ilə birlikdə Napoleona hədiyyə olunduğunu da qeyd edirlər. Sonradan bu əsərlərin çoxu Avropaya səpələnib. Onların bəziləri Luvrdadır, Cahansuzun portreti isə uzun müddət Bonopartların ailəsində qalmaqda idi. Yalnız son vaxtlarda həmin əsər Qacar ailəsi tərəfindən alınıb...

Qacar üslubluəsərlərin bir çoxu indiki İran ərazisindəki tikililərdə, eləcə də muzey və şəxsi kolleksiyalarda qalmaqdadır. Sovet dönəmindəQacar üslubluəsərlərin miniatürlərdən fərqli olaraq Azərbaycan təsviri sənətinin tərkib hissəsi kimi tədqiq olunub təbliğ edilməməsi üzündən bu gün onları milli incəsənətimizin uğuru kimi təqdim etməyimizin birmənalı qarşılanmayacağı ən azı ehtimal olunandır. Buna baxmayaraq, azərbaycanlı-türk olan rəssamların irsinə biganə qalmamalıyıq. Onları Azərbaycan təsviri sənətinin tərkib hissəsi hesab etməyə tam haqqımız çatır.

Bu günQacar üslublu” dəzgah rəngkarlığı nümunələrinə İran və Azərbaycanla yanaşı, Rusiya və Gürcüstanda da rast gəlmək mümkündür. Onların bir qismi vaxtilə İrəvan xanlarının iqamətgahı kimi Qərbi Azərbaycanın mərkəzi şəhəri İrəvanda inşa edilən Sərdar sarayının interyerini bəzəyib. XVIII əsrdə inşa olunan bu gözəl memarlıq kompleksi müsəlman-türk dünyasındakı bütün gözəlliklərə qənim kəsilmiş ermənilərə gözdağı olduğundan XX əsrin əvvəllərində daşnakların xələfləri tərəfindən vəhşicəsinə uçurulmuşdur. Zahiri görkəminə və xarici bəzək dekoruna görə haradasa Şəki xanlarının sarayını xatırladan Sərdar sarayının daxili tərtibatı da duyulası dərəcədə zəngin idi. Sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə dəQacar üslubunda çəkilmiş portretlər bəzəyirdi. Buradakı portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm-Zal) məşhur rəssam Mirzə Qədim İrəvani çəkmişdi. Sarayın güzgülü salonu da özünün memarlıq biçiminə və bədii tərtibatına görə kifayət qədər yaddaqalan idi.

Nərminə Vəliyeva

Palitra.-2013.-13 dekabr.-S.13.