Heydər
Əliyev Mərkəzində
klassik musiqi gecəsi
Heydər Əliyev Mərkəzində Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, görkəmli, ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Simfonik orkestr Rusiya Federasiyasının Xalq artisti Dmitri Lissin dirijorluğu ilə tanınmış Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa edib. Dirijorun sözlərinə görə, bu əsərlər Heydər Əliyevin sevdiyi musiqilər idi.
Konsert proqramında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri səsləndirilib. Tamaşaçılara, həmçinin dünya klassikası - İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun ölməz əsərləri təqdim olunub. Proqramda orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov, Əməkdar artisti Aygün Zeynalova, solist Afaq Abbasova və skripkaçı Elvin Qəniyev çıxış ediblər.
Qeyd edək ki, P.Çaykovski adına Böyük
Simfonik Orkestr 1930-cu
ildə radioda klassik musiqi translyasiyası məqsədilə yaradılıb.
1974-cü ildə
SSRİ xalq artisti Vladimir Fedoseyev orkestrə bədii rəhbər və baş
dirijor təyin
olunub. Artıq 40 ilə yaxındır ki,
V.Fedoseyevin rəhbərliyi altında
çalışan orkestr dünyanın
müxtəlif
ölkələrində qastrollarda
olub, beynəlxalq
festivallarda çıxış edib.
Palitra.-2013.-13
dekabr.-S.10.