“Azərbaycanlı tələbə kimi Avstraliyada dövlət işində çalışmaq qürurvericidir”
Rəşad Həsənov: “Azərbaycandakı inkişafı görmək üçün iqtisadiyyat üzrə ekspert olmağa ehtiyac yoxdur”
Azərbaycanın istedadlı və savadlı gənclərinin sayının çoxalması qürurverici haldır. Oxucuları belə aktiv və savadlı gənclərdən biri olan Rəşad Həsənovla yaxından tanış edirik. Rəşad Həsənov hazırda Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alır. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu Fərqlənmə Diplomu ilə bitirib. Sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” ilə Böyük Britaniyanın Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. Rəşadla bağlı maraqlı bir məqam kimi onu da qeyd edə bilərik ki, o,
hələ tələbə ikən BMT-nin Bakı ofisi və digər qurumlarda təcrübə keçib, Azərbaycan Mərkəzi Bankında çalışıb. Fəxrimiz sayılan bu gənc hazırda Avstraliyanın Viktoriya Ştatının Maliyyə və Vergi Departamentində işləyir.
-Özünüz haqda qısa məlumat verərdiniz...
- 1987-ci ildə Şəmkir rayonunda doğulmuşam. Bakıda boya-başa çatmışam. Nəsimi rayonu Texniki-Humanitar liseyinin məzunuyam. Ali məktəbin bakalavr pilləsini İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda başa vurandan sonra magistr təhsilimi Böyük Britaniyanın Qlazqo Universitetində aldım. Sonuncunu xaricdə təhsil üzrə dövlət proqramının köməyi ilə etdim. Xaricdə təhsil isə orta məktəb yaşlarımdan arzum olub. Səbəb yeni ölkələr, yeni insanlarla tanışlıq, öz ixtisasım, dünya üzrə qabaqcıl universitetlərdən birində təhsil almaq istəyi idi.
- Xaricdə
təhsil
hər
bir gəncin
arzusudur. Bu arzunu reallaşdırmaqda sizə daha
çox kimlər
yardımçı oldu?
- Əslində
mən əvvəlcə
bu işdə mənə olacaq dəstək haqqında
düşünüb sonra xaricdə
təhsil barədə qərar
qəbul etmişdim.
Xaricdə təhsil almaq istəyi məndə yeniyetməlik
illərimdən
yaranmışdı. Azərbaycan
Dövlət
İqtisad Universitetində
bakalavr təhsili
aldığım zaman bir neçə
dəfə beynəlxalq konfrans və seminarlarda
iştirak etmişdim. Birinci
kursda oxuyanda ilk dəfə ABŞ-a - konfransa getmək planımı az
qala pasport problemim pozacaqdı. O vaxtlar xarici pasportu bizdə 18 yaşdan sonra verirdilər, mənim isə hələ 18 yaşım tamam olmamışdı.
Bu problemi konfransa bir neçə gün qalmış Təhsil Nazirliyi vasitəsilə həll edə
bildik. Yəni,
xaricdə təhsil arzum çoxdan
var idi. Valideynlərim
ziyalı adamlardır - atam jurnalist, anam universitet müəllimi. Təhsil
haqqımı isə
onların aldığı əməkhaqqı ilə ödəmək bir qədər problemli
görünürdü. Bakıda
universiteti bitirib hərbi
xidmətə getdim və elə o vaxt xaricdə təhsil üzrə
dövlətin
proqramı qəbul
olundu. Dərhal
xaricdəki bir
neçə
universitetlə
yazışmalara başladım, müvafiq imtahan verdim,
Böyük Britaniyanın Qlazqo Universitetində magistraturaya qəbul olundum. Yalnız
bundan sonra sənədlərimi dövlət
proqramı əsasında
təqdim etdim və maliyyə xərclərimin
- təhsil
haqqımın və
yaşayış xərclərimin ödənilməsini Azərbaycan dövləti öz üzərinə götürdü.
- Sənin üçün
Böyük Britaniyada təhsil almaq çətin olmadı ki? Oradakı təhsil sistemi ilə Azərbaycanın təhsili arasında müqayisələr aparmaq maraqlı
olardı...
- Təbii ki, təhsil sistemlərində fərq mövcuddur və mənim çətinliklərim də az
olmayıb. Ancaq mən
Azərbaycan Dövlət İqtisad
Universitetinin nəzdindəki Xüsusi
İstedadlar Qrupunu bitirdiyimdən,
çətinliyim elə də çox olmadı. Çünki bizim qrupumuzda da dərslər
Qərbdəki dərsliklərdən istifadə
olunmaqla və ingilis
dilində
keçirilirdi. Bütün bunlara
baxmayaraq, istənilən halda xüsusilə də ilk vaxtlar çətinliklər
var idi. Müəllimlərin daha tələbkar olması, ingilis dilinin ana dilim
olmaması özünü həm
öyrənmə, həm də qiymətləndirmə
prosesində
büruzə verirdi.
Lakin zamanla çətinliklərə alışdım və təhsilimi uğurla başa vurdum.
- Qlazqoda azərbaycanlı tələbələrin ictimai fəaliyyətlərini qənaətbəxş saymaq olarmı?
- Bizim təhsil aldığımız
dövrdə Qlazqoda Azərbaycandan cəmi 4 nəfər tələbə idik. Buna baxmayaraq, ölkəmiz haqqında kifayət qədər danışır, təbliğatlar
aparmağa çalışırdıq. Milli
bayramlarımızı əcnəbilərlə birgə
qeyd edirdik. Hətta
Azərbaycan və Şotlandiya
yığmaları arasında Falkrik şəhərində keçirilən futbol oyununda da təxminən 20-25 nəfər xarici tələbə dostlarmızla
yığmamızı dəstəkləməyə getmişdik. Ancaq Britaniyanın başqa şəhərlərində azərbaycanlı tələbələr daha çox və daha şəbəkələşmiş şəkildədirlər. Bu baxımdan London və
Mançester şəhərlərini xüsusi vurğulamaq olar.
İndinin özündə
də internetdən aldığım
məlumatlara əsasən onlar çox fəal diaspor fəaliyyəti ilə məşğuldurlar.
- Avstraliyada tələbələrimiz aktivdirlərmi?
- Mənim yaşadığım
Melburn şəhərində azərbaycanlı çox azdır. Tanıdığım
və əlaqədə olduğum cəmi bir neçə nəfər
soydaşımız var. Bu baxımdan hansısa geniş tədbir keçirmək o qədər də
asan deyil. Avstraliyada Azərbaycan səfirliyi
bu yaxınlarda açılıb. Səfirlik ölkənin paytaxtında –
Kanberrada yerləşir.
Melburndan paytaxta təxminən 700 kilometrdir.
Buna baxmayaraq bu günlərdə Kamberraya gedib səfirliyimizdə də olduq. Cənab səfir və səfirliyin digər
əməkdaşları bizi
çox mehriban qarşıladılar və
maraqlı diskussiyamız oldu. Səmimi atmosferdə keçən görüş zamanı səfir Rövşən Cəmşidov şəbəkələşmənin əhəmiyyətindən söz açdı, Azərbaycanı bu ölkədə tanıtmaq istiqamətində bizə dəyərli tövsiyələr verdi və gələcəkdə tədbirlər keçirmək üçün səfirliyin hər cür dəstək verəcəyini diqqətimizə çatdırdı. Doğrusu, bu görüş və səfirin
söhbətləri bizi xeyli
ruhlandırdı. Fürsətdən istifadə
edib sizin qəzetiniz
vasitəsilə başda cənab Rövşən Cəmşidov olmaqla səfirliyin bütün əməkdaşlarına bir daha təşəkkür edir, onlara
işlərində uğurlar diləyirəm.
- Bir neçə ölkədə təhsil alan
nadir tələbələrdənsiniz. Azərbaycan, Böyuk Britaniya, indi də uzaq Avstraliya... Üç ölkənin
fərqli təhsilini qavramaq çətin deyil ki?
- Yox
çətin deyil. Artıq çətinliklər
demək olar ki,
arxada qalıb. Açığı,
Avstraliya Britaniyanın keçmiş koloniyası olduğundan
istər həyat tərzi, istərsə də
insanların davranışında oxşar cəhətlər çoxdur.
Ona görə də bura gələndən özümü yad bir insan kimi hiss etmədim. Axı buna
qədər Britaniyada təhsil
almışdım. Qlazqoda ilk vaxtlar
yaşadığım çətinliklər- dərs sisteminə adaptasiya, dil problemləri, universitet
resurslarından istifadə,
yerli əhali ilə inteqrasiya kimi
çətinlikləri burada hiss etmədim. Ancaq istənilən halda,
dünyanın tam əks
bir guşəsinə getmək çətin və məsuliyyətli
addım idi. Fərqli iqlim qurşaqları, Avstraliyanın ölkəmizdən daha uzaq olması, ətrafda azərbaycanlıların az olması və digər faktorlar ilk vaxtlar öhdəsindən gəlməli olduğum çətinliklər idi. Artıq çox
şeyə uyğunlaşmışam...
-Aldığımız məlumata görə, təhsil almaqla yanaşı
Avstraliyada dövlət işində də çalışırsınız. Bu
cür uğur qazanmağın sirri nədədir? Artıq “öyrəndiklərinizin bəhrəsini görürsünüz” demək olarmı?
- Açığı,
həyat
prinsiplərimdən biri heç vaxt təslim olmamaq və dayanmadan çalışmaqdır. İş
məsələsində
də uğur asan
başa gəlməyib. Avstraliyaya
gələndən sonra bir çox iş yerlərinə sənəd verdim. Maraqlıdır ki, ilk 4 ayda təxminən 30 “inkar” məktubu aldım. Bu uğursuzluğun əsas
səbəbi Avstraliya vətəndaşı olmamağım və tələbə vizasına işlə bağlı limitlər qoyulması idi.
Ancaq buna baxmayaraq ixtisasıma uyğun iş
axtarışını davam etdirdim. Nəticədə Viktoriya ştatının Maliyyə və Vergilər
Departamentində
işə qəbul olundum. Bu, bir növ bizdəki
nazirlik statuslu bir departamentdir. Bir ildən artıqdır ki,
bu qurumda çalışıram.
- Avstraliya mədəniyyəti, adət-ənənələri barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu ölkənin
Azərbaycanla əlaqələri necədir?
Avstraliya ilə
Azərbaycan
arasında tələbə mübadiləsi
varmı?
-
Avstraliya ilə Azərbaycanın coğrafi cəhətdən çox uzaq olması ölkələrimiz arasında istər mədəni, istərsə də iqtisadi əlaqələrin tarixən zəif inkişafına səbəb olmuşdu. Lakin
indi qloballaşma məsafələri xeyli “qısaldıb”, səyahətetmə
şanslarını isə
xeyli artırıb. Xaricdə təhsil
üzrə
proqramın qəbul
edilməsindən sonra Avstraliyada təhsil imkanları xeyli
genişlənib.
Nəticədə istər
bura daimi yaşayış üçün köçən, istərsə də
Avstraliyaya oxumağa gələn həmvətənlərimizin sayı
çoxalır. Burada səfirliyimizin fəaliyyətə başlaması isə şübhəsiz, güclənməkdə
olan əlaqələrin daha da genişlənməsinə
imkan verəcək.
Ötən ilin avqust ayında bizim Təhsil Nazirliyindən bura nümayəndə heyəti gəlmişdi. Onlar bir
sıra universitetlərdə maraqlı
görüşlər
keçirdilər.
Məqsəd bu ölkə ilə tələbə mübadiləsini genişləndirməkdir. Ümid edirəm
ki, bu səfər də əlaqələrin möhkəmlənməsinə ciddi təsir edəcək.
Adət-ənənələrə gəlincə, Melburn immiqrantların ən çox yaşadığı
şəhərlərdəndir. Ona görə
də tez-tez şəhərdə
müxtəlif millətlərin milli festivalları
keçirilir. Təsadüfi
deyil ki, Melburn Avstraliyanın mədəniyyət paytaxtı
sayılır. Bu şəhərdə hər ay hansısa bir məşhur müğənni konsert verir, teatr
tamaşaları səhnələşdirilir, mühüm idman hadisəsi baş tutur.
Məsələn, “Australian Open” tennis turniri,
“Formula-1”üzrə
Avstraliya qran prisi və
s.
-Gələcəyin peşəkar iqtisadçısı
kimi, Azərbaycanın iqtisadi inkişafını necə xarakterizə edərdiniz?
-Təbii ki, Azərbaycanın son 20 ildə iqtisadi inkişafı
göz qabağındadır. Bu inkişafı
görmək
üçün iqtisadiyyat üzrə
ekspert olmağa ehtiyac yoxdur. Ölkəmiz ÜDM
artımına görə
son illərdə dünyanın ən qabaqcıl ölkələrindən
birinə
çevrilib. Bir çox ölkələrə
mənfi təsir edən qlobal maliyyə
böhranının ölkəmizdən yan keçməsi hökumət və Mərkəzi
Bank tərəfindən həyata keçirilən uğurlu
antiböhran tədbirləri ilə birbaşa
bağlıdır.
Bundan başqa, mənim müşahidələrimə görə, hökumətimiz iqtisadiyyatımızın neftdən
asılılığını minimuma endirmək üçün
mühüm addımlar atır. Fikrimcə, iqtisadiyyatın
diversifikasiyası və
qeyri-neft ixracının artırılması daha davamlı
iqtisadi inkişafa yol aça bilər.
Düşünürəm
ki, hökumətin
bu sahədə həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan layihələr bu işin öhdəsindən gəlməyə
imkan verəcək.
-Xaricdə təhsil almaq arzusunda olan gənclərimizə məsləhətiniz nə olardı?
-İlk növbədə gərgin zəhmət, çox oxumaq, çox çalışmaq. Xaricdə təhsil indi 10-15 il əvvəlki kimi əlçatmaz deyil. İndi qarşısına məqsəd qoyan hər kəs savad və bacarıqla bu arzuya çata bilər. Sadəcə, məqsədə doğru gedəndə rast gəlinən çətinliklərə dözmək lazımdır.
Tural
Tağıyev
Palitra.-2013.-13 dekabr.-S.7.