Ulu öndər Həştərxan vilayətində yad edilib
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Rusiya Federasiyasının Həştərxan vilayətində də yad edilib. Həştərxanda
ümummilli liderin
anım günü ilə əlaqədar
silsilə
tədbirlər
keçirilib.
Həştərxan şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin möhtəşəm abidəsi önündə keçirilmiş anım mərasimində Həştərxan vilayəti və şəhərinin rəhbərliyi, iş adamları, diaspor təmsilçiləri, “AMOR”un Həştərxan bölməsinin üzvləri, ictimaiyyət nümayəndələri, bu şəhərdə yaşayan həmvətənlərimiz və tələbələrimiz iştirak ediblər. Anım mərasimində çıxış edənlər ulu öndərin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrin əhəmiyyətindən danışıblar. Natiqlər Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərini sadalayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.
Çıxışlarda həmçinin qeyd olunub ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir. Eyni zamanda həmin gün Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin akt zalında məktəb kollektivinin və şagirdlərinin iştirakı ilə ümummilli liderin anım mərasimi keçirilib.
Anım tədbirində çıxış edən məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər Heydər Əliyevin fəaliyyəti, SSRİ və Azərbaycanın tarixində unudulmaz rolu haqqında məlumat veriblər.
Eyni zamanda
onlar Azərbaycan
və Həştərxan vilayəti arasında mövcud səmərəli ikitərəfli əməkdaşlıq, o
cümlədən həyata keçirilən genişmiqyaslı
layihələrdən məlumat
veriblər.
Palitra.-2013.-13 dekabr.-S.2.