Firuz Mustafa: “Ədəbiyyat Sizif əməyidir”
“Bədii əsərdə adı qum zərrəsinin arxasında da insan obrazı görürəm”
Müsahibimiz yazıçı, filosof
Firuz Mustafadır
-Azərbaycan dəyərlərini
necə
ifadə
edərdiniz?
-Dəyərlər həmişə yenidən
dəyərləndirilir. Bu, tarix boyu belə olub. Yəqin ki, gələcəkdə də
belə
olacaq. Milli dəyərləri iki böyük qrupa ayırmaq olar: maddi və
mənəvi. Bunlar bir-biri ilə sıx əlaqədə olan fenomenlərdir.
Adətən, toplumun əsas aparıcı, passionar qismi “başqaları” ilə
müqayisədə “özününküləri”
daha üstün hesab edir. Bütün dünyada belədir, yəni hər
bir millət, xalq, etnos öz dəyərlərini
təkrarsız
hadisə
kimi dəyərləndirir. Bu da təbiidir. Hər kəsin
şüurunun alt qatı
öz dəyərlərinin qaynaqlarından bəhrələnir.
Bu dəyərlər ümumbəşəri mədəniyyətin tərkib
hissəsidir
və
onu gələcək nəsillər də
qoruyub hifz etməlidir.
Söz yox ki, bu
qiymətləndirmədə istisnalar
da var. Belə ki, “özününküləri”
dəyər kimi görməyənlərə, başqa
sözlə
“nihilistlərə” də
təsadüf
olunur.
-Azərbaycan cəmiyyətinin dəyərlərimiz və ənənələrimizlə bağlı yeni
dövrdə
maarifləndirilməsi işi getməlidirmi?
- Bu cür maarifləndirməyə həmişə ehtiyac var. Amma biz, bizim olmayanları da öyrənib dərk etməliyik.
Yalnız öz qınına
çəkilib
qalmaqla, ətrafda baş
verənləri və
yarananları qəbul etməməklə biz özümüzü
“blokadaya” alar, çıxmaza gətirib çıxara bilərik. Bayaq dedim: “özününkülərə” daha çox üstünlük
vermək
bəlkə də
əksəriyyətə xas cəhətdir. Amma təkcə bununla kifayətlənmə, bundan hayıl-mayıl olma, son nəticədə ortada olanın belə, nə vaxtsa “qurumasına”, məhvinə gətirib
çıxara bilər. Əldə olan qorunmalı, eyni zamanda get-gedə zənginləşməlidir. Bu zənginləşmə hansı hesaba başa gəlir? Cavab
sadədir:
bəşəri olanlardan bacarıqla istifadə
etmək
lazımdır. Yəni dediyim odur ki, ənənə lazımlıdır,
gərəklidir. Amma təkcə ənənələrlə yaşamaq, onlara qapanıb qalmaq hər
bir etnosu, xalqı və konkret şəxsi
iflasa aparıb çıxarar. Bax belə
deyək:
bizdə
tarixən
simfonik musiqi, roman janrında əsər, teatr, kino olmayıb. İndi təsəvvür edin ki, biz zamanında
bunlardan imtina etmişik. İndiki gündə
vəziyyətin necə
faciəvi
olacağını təsəvvürə
gətirmək çətin
olmaz... Lap sadə bir misal da
çəkim.
Qloballaşmada bu gün mobil telefonun, televiziyaların rolu inkaredilməzdir.
Biz bəyəm bunlardan imtina etsək,
qloballaşmadan “intiqam
alacağıq”? Qətiyyən. Əksinə, zamandan geri qalacağıq. Amma bu o
demək
deyil ki, bütün mənəvi
olanları “qloballaşma
yelinin” ağzına ataq. Yox. Biz özümüzün
olanları hifz etməliyik.
-Azərbaycan gənclərinin qloballaşmada milli məfkurədən uzaqlaşmaması
üçün hansı
tədbirlər və
layihələrə ehtiyac var?
- Qloballaşma labüd bir prosesdir. Mən bu mövzunun
tədqiqi
ilə
çoxdan məşğulam.
Xaricdə və
ölkəmizdə nəşr
olunmuş məqalələrim var. “Qloballaşma
və
mədəniyyət” adlı monoqrafiyamda bu problemin mahiyyətini açıb göstərməyə
çalışıram. Buna görə
də
elə
fikrimə
illüstrasiya kimi həmin
kitabdan iqtibas verməklə başlamaq istəyirəm:
“Qloballaşan dünyada
insanın özü və
insan həyatı ilə bağlı olan bütün nəsnələr, dəyərlər və münasibətlər də
anbaan dəyişir. Qloballaşmanın
ağır dalğaları
çox şeyin üstündən
ötüb keçir,
nəticədə insan fəaliyyətinin yekunu kimi meydana
çıxan bir sıra maddi və
mənəvi mədəniyyət elementləri
(və
bir çox hallarda təkcə «elementlər»
deyil, özüllər də)
əriyib gedir, sonsuzluğa və
ya heçliyə qovuşur. Amma qloballaşma təkcə «köhnənin» üstündən
xətt
çəkmir;
o,özü ilə
“yenilik” və yeniliklər gətirir.
Elm və
texnikanın sürətli inkişafı fonunda sosial tərəqqi çox ləng gedir.
Obrazlı desək,
bir tərəf
kosmik sürətlə, digər tərəfsə tısbağa
yerişi ilə irəliləyir. Sanki zamanın (və məkanın) ənənəvi ölçüləri
dəyişib:
indi daha çox “kiçilən” məkan
və
“sıxılan” zaman haqqında söhbət gedə
bilər.
Müasir kommunikasiya şəbəkələri bir tərəfdən planetlər, dövlətlər, millətlər, regionlar və insanlar arasında əlaqələri sürətləndirir, digər
tərəfdənsə
bu saydığımız
komponentlər
arasında “özgələşmə”
gedir. Əlaqələrin intensiv inkişafı nəticəsində “birləşən” insanlar bir çox
hallarda həm də ətraf aləmdən təcrid
olunur, cəmiyyətə (və
həm
də
özünə)
yadlaşır, nəticədə “ayrılan”
insanlara çevrilir...
Qloballaşma bəşəriyyətin seçdiyi bir yoldur. Bu, heç
də
ən
uğurlu yol deyil. Bu, yönü
və
istiqaməti
tam müəyyən edilməmiş,
stixiya ilə müşayiət olunan əzablı
bir yoldur. Amma hələlik onun daha optimal alternativi yoxdur. Yadımıza demokratiya haqqında deyilən fikirlər
düşür: “Demokratiya
ən əlverişli yol deyil; amma bəşəriyyət hələlik ondan yaxşısını
kəşf
etməyib”.
Dünya
qloballaşır. Qloballaşan dünyanın özü
“kiçilir”, problemləri böyüyür”. Bu yazılanlara əlavə
kimi onu deyə
bilərəm ki, qloballaşmaya sinə
gərmək yox, onunla “dil
tapmaq”, onun bir çox tələblərinə
uyğunlaşmaq lazımdır.
Onsuz da bu labüd
bir prosesdir.
-Gənclərin
milli mənlik şüurunun
və
dövlətçilik
təfəkkürünün
gücləndirilməsi üçün hansı işlər
həyata
keçirilməlidir?
- Gənclərimiz daha çox oxumalı, daha çox öyrənməlidir. Təəssüf ki, gənclərin dövlətçilik
təfəkkürünün
formalaşdırılması istiqamətində aparılan işlər, eləcə də
gənclərin özlərinin
bu sahədə
təşəbbüsü istənilən səviyyədə deyil.
Bütün bunların həyata keçirilməsi
üçün açıq
polemikalara, ciddi elmi disputlara ehtiyac duyulur. Şou konsertlərdən başı açılmayan
efirlər
bu sahəyə
də
“gözucu” baxsalar, pis olmazdı.
-Bu baxımdan tədris prosesində hansı islahatlara ehtiyac var? Elmi baxımdan
bu mövzuda tədqiqatlar
aktuallıq kəsb edirmi? Məsələn, fəlsəfi, sosioloji və sair aspektlərdən.
-Tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz daha geniş və sistemli şəkildə öyrənilməlidir. Bu sahədə müəyyən işlər
gedir. Amma dediyim kimi,
biz dünyanın bir hissəsiyik
və
dünyada olanlardan öyrənməli, nəticə çıxarmalıyıq. Əksər xalqların təcrübəsi
bizə
örnək
ola bilər. Məsələn, elə
qonşu, qardaş Türkiyə.
Necə deyərlər, bəzən velosiped ixtirasına o qədər də
ehtiyac duyulmur.
-Azərbaycan
ədəbiyyatının indiki durumu ilə
bağlı fikirləriniz necədir?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki indi ədəbiyyatın vəzifəsi və missiyası əvvəlkindən fərqlidir. Söhbət keçmiş sovetlər birliyinə daxil olan ölkələrin ədəbiyyatından gedir. Əvvəllər ədəbiyyat daha çox siyasiləşdirilmiş və ideologiyalaşdırılmışdı. Əksər yazıçılar kompartiyanın mübəlliği, vəkili qismində çıxış edirdilər. Əlbəttə, bunu bütün yaradıcı adamlara aid etmək olmaz. Amma çoxluq bu prinsipə tabe olurdu. Sovet dövləti və onun ideologiyası çökdü. Vəziyyət çoxmu dəyişdi? Ümumiyyətlə dəyişdimi? Məncə yox. Daha doğrusu, dəyişdi, amma bu dəyişiklikdən hələlik ədəbiyyatın xeyrinə bir şey hiss olunmur. Ədəbiyyata bugünkü münasibət də doğru deyildir. Əgər əvvəllər bədii əsərlər ideologiyanın əlavəsinə çevrilmişdisə, indi az qala məişət hadisəsi kimi dəyərləndirilir. Ən acınacaqlısı da budur ki, hətta, ədəbiyyatşünasların özləri belə, bir çox hallarda bədii əsərləri “vaxt öldürmək”, “asudə vaxtı maraqlı keçirmək üçün vasitə” kimi qiymətləndirirlər. Bu da bədii sözə “mütəxəssis yanaşması”dır. Mən belə hesab edirəm ki, bu qətiyyən düzgün yanaşma deyildir. Klassik, ənənəvi tərif bu gün də öz qüvvəsini itirməyib. Yəni “ədəbiyyat dünyanın obrazlı dərki, obrazlı inikasıdır”. Düzdür, bu gün bədii ədəbiyyata yüzlərlə “tərif” deyilir, amma onların hamısı yarımçıqdır, birtərəflidir. Ədəbiyyat həyatın güzgüsüdür. Yazıçı nədən yazırsa yazsın, onun əsərinin obyekti və subyekti mütləq insan olmalıdır. Əgər kimsə dağdan yazırsa bunu dağ üçün yazmır ki. Eləcə qarışqadan, çaydan yazanlar... Bunların hamısı insan üçündür. Əgər o dağın, o qarışqanın, o dənizin belə, arxasında insan, insan taleyi dayanmırsa, onda yazmağa ehtiyac yoxdur. Məsələn, indiyəcən teatrlarda otuzdan çox pyesim tamaşaya qoyulub. Bir neçə roman və povestim çap olunub. O əsərlərin bir çoxu pritça xarakterlidir. Hətta, alleqorik səciyyəli obrazlarım da var. Amma mən bədii əsərdə adi qum zərrəsinin arxasında da insan obrazı görürəm.
-Gənc
yazarların yaradıcılığı ilə
maraqlanırsınızmı. Onların yazılarını, əsərlərini
oxuyursunuzmu?
- Yazarlar gənc də ola bilər, yaşlı da. Amma bədii məhsulun, ortada olan ədəbi əsərin gənci və ya qocası olmur. Əlbəttə, mən ədəbiyyata yeni gələn gənclərin yaradıcılığını müntəzəm izləyirəm. Kənan Hacı, Sayman Aruz, Qismət, Zümrüd Yağmur, Aysel Əlizadə, Natiq Məmmədli, Aqşin Yenisey, Günel Mövlud, Qan Turalı, Şərif Ağayar, Mövlud Mövlud, Arzu Hüseyn, Emin Piri, Kəramət Böyükçöl, Ayxan Ayvaz... və bir çox başqalarının yaradıcılığı mənə yaxşı tanışdır. Yəni siyahını bir az da uzatmaq olar. Onların bəziləri haqda ayrıca məqalə də yazmışam.
-Yaradıcı gənclərə
nələri
təklif
edərdiniz?
- Nəyisə təklif etməyə çətinlik çəkirəm. Amma bilirəm ki, bu gənclər arasında bizim gələcək ədəbiyyatımızın, daha doğrusu, ədəbiyyatımızın gələcəyinin təəssübünü çəkənlər, onu inkişaf etdirənlər olacaq. Həyatda qəhrəmanlığı bircə anda etmək mümkündür. Hansısa döyüşə atılmaq, hansısa cəbhə tapşırığını yerinə yetirmək, kimisə xilas etmək və ya hansısa mühüm əhəmiyyətli obyekti qoruyub təhlükədən sovuşdurmaq... Təbii ki, bunlar qəhrəmanlıqdır, amma bu, bəzən bir anda başa gələn qəhrəmanlıqdır. Məsələn, Qafur Məmmədovun ya Aleksandr Matrosovun özlərini irəli verib komandirlərinə atılan mərmiyə sinələrini sipər etmələri böyük qəhrəmanlıqdır. Axı insan öz həyatından keçir hansısa ideya və ya dost yolunda... Amma ədəbiyyatda ön sıraya çıxmaq üçün illər, bəzənsə onillər lazım olur. Mən deyərdim ki, sözün müəyyən mənasında, ədəbiyyat Sizif əməyidir. Amma bu, müqəddəs bir işdir.
İlkin AĞAYEV
Palitra.-2013.-17 dekabr.-S.11.