Krımda ov turizmi olduqca zövqverici və əlverişlidir

IV yazı

Turizmin maraqlı və təbiətsevər insanlar üçün zövqverici növlərindən biri də ov turizmidir. Azərbaycanda ov turizminin kifayət qədər həvəskarları olsa da, çox vaxt onlar öz həvəslərini reallaşdıra bilmirlər. Həmçinin bizdəki ovçuluq təsərrüfatlarının çox vaxt standartlara uyğun xidmət təklif etməməsi, yaxud bəzi rayonların “ovçuluq” üzrə “ixtisaslaşması” üzündən bir çox ov növləri üzrə qıtlıq, ov məhdudiyyəti yaranır. Belə olduqda, Azərbaycandan olan ov turistləri çox vaxt xarici ölkələrə üz tutmuş olurlar. Bu baxımdan ən münasib yerlərdən biri Ukraynanın Krım Muxtar Respublikasıdır. Krımda info-turda olarkən bir daha bunun şahidi olduq. Ən başlıcası, krımlıların təbiətə, heyvan, balıq və quş növlərinə qayğıkeş yanaşması, ov heyvan və quşlarının insan məskənlərinə çox yaxın yerlərdə sərbəstə gəzib-dolanmaları olduqca xoş təəssürat yaradırdı… Ona görə də gözəl təbiəti, fauna və florası olan Krımın ov turizmi barədə də yazmaq qərarına gəldik. Ümid edirik ki, bu, oxucular, xüsusən də ov turizmi həvəskarları üçün olduqca maraqlı olacaq.

Krımda ov etmənin çoxəsrlik tarixi və zəngin ənənələri var. Qədim zamanlardan burada skiflər və tavrlar kimi xalqlar və tayfalar ov ediblər. Krıma adlı-sanlı Krım xanları və rus çarları, yüksəkçinli məmurları və tanınmış şəxsləri ov turları təşkil ediblər.

Krımdakı ov məskənləri ov üçün olduqca ideal sayılır. Artıq uzun illərdir, müxtəlif ölkələrin ovçu-turistləri arasında bu məkan olduqca populyarlıq qazanıb.

Krımda əsas ov məkanları və onların hansı ov heyvanları üzrə ixtisaslaşması barədə qeyd edək. Lenin rayonu əsasən, qırqovul, dovşan, ördək, qaz, kəklik, cüllüt ovu üzrə ixtisaslaşıb. Sovet rayonu ördək və qaz ovu, Feodosiya meşəcüllütü, kəklik, ördək, qırqovul, dovşan, Sudak rayonu meşəcüllütü, bildirçin, cüyür, qaban, maral, Köhnə Krım meşəcülütü, dovşan, maral, cüyür, qaban, Kirovskoye bölgəsi meşəcüllütü, bildirçin, cüllüt, qırqovul, dovşan, kəklik, ördək, qaz, Cankoy ördək, qaz, cüllüt, bildirçin, dovşan, Simferopol meşəcüllütü, kəklik, qırqovul, dovşan, Beloqorsk meşəcüllütü, qırqovul, dovşan, cüyür, qaban,maral, muflon(vəhşi qoyun), Bağçasaray meşəcüllütü, bildirçin, cüyür, qaban, Krasnoperekopsk isə ördək və qaz üzrə ixtisaslaşıb.

Krımda “qumennik”, boz və ağalın qaz növlərinə rast gəlinir. Ən çox yayılmış qaz növü ağalındır. Bu növ ən çox sıx otlu çəmənliklərdə olur, yaxşı üzür və suya baş vurur. Meşəcüllütü isə Aluşta, Bağçasaray, Simferopol, Fedodosiya, Köhnə Krım, Kirovskoe, Sudak, Beloqorskda rast gəlinir.

Ov quşları içərisində xüsusi yeri olan qırqovula isə Bağçasaray, Simferopol, Feodosiya, Kirovskoe, Beloqorsk marşrutu üzrə rast gəlmək olar. Qırqovul gözəllikdə təkcə tovuzquşuya güzəştə gedən ən parlaq quşlardan biri hesab edilir. Qırqovul ovu Krımda icazəli hesab edilir və oktyabrdan dekabra qədər qırqovul ovlamaq olar.

Onu da qeyd edək ki, mövcud iqlimə və təbiət şəraitinə uyğunlaşma, Krımdakı ovçuluq təsərrüfatlarının ciddi səyləri nəticəsində burada dırnaqlı heyvanların sayını artırmaq mümkün olub. Bu heyvanların içərisində ən geniş yayılanı isə ovçular tərəfindən çox yüksək qiymətləndirilən və çox keyfiyyətli ov əmsalı olan Avropa cüyürüdür. Krımda müəyyən edilmiş ov vaxtlarında maral və çöldonuzu(qaban) kimi heyvanları da ovlamaq mümkündür. Krımın çeşidli və rəngarəng faunası imkan verir ki, Krımda ov turizmi turizm, idman və istirahəti özündə birləşdirmiş olsun...

Qeyd edək ki, Krımda vəhşi ördəklərin çoxlu növlərinə də rast gəlmək mümkündür. Burada ən çox yayılmış ördək növləri cürə, yaşılbaş ördək və sairdir. Bunlar çaylarda, su hövzələrində, su-bataqlıq yerlərində rast gəlinirlər.

Vəhşi ördəklərə Qara dəniz və Azov dənizi yaxınlıqlarında yerləşən böyük göllərdə də rast gəlinir. Onlar qamışlıq basmış su yerlərində olurlar. Ördəklər hər il qışlamaq üçün isti ölkələrə uçurlar. Yazın gəlişi ilə onlar öz yerlərinə qayıdırlar ki, yayın başlanğıcında nəsil artırsınlar. Artıq avqustun başlanğıcında onlar uçmaq üçünqanad qaldırırlar”. Vəhşi ördək ovu yayın sonuncu ayının ikinci şənbəsindən başlayır.

Krımda adətən, uçuşda olan qazlar ayaq saxlayırlar. Krımda qaz ovuna yalnız payızda - miqrasiya vaxtı icazə verilir. Avqustdan yanvara qədər qaz ovlamaq olar. Yazda qaz ovu qəti qadağandır.

Onu da qeyd edək ki, peşəkar ovçular xüsusilə qaz ovunu çox sevirlər. Amma qaz ovlamaq çox çətindir, çünki qazlar çox ehtiyatlı və ürkəkdir. Qaz ovlamaq üçün ovçuya xüsusi fəndləri bilmək və bir çox təcrübəyə malik olmaq lazımdır.

Eləcə də, Krımda digər ov heyvan və quşlarının ovlanmasının olduqca böyük zövq verdiyi bildirilir. Həmçinin Azərbaycandan olan ov həvəskarları və turistlər üçün Krım ov və istirahət etmək üçün ən əlverişli yerlərdən biri hesab edilir.

Bundan başqa, Krım öz balıq turizmi baxımından da olduqca əlverişli yer hesab edilir. Burada bütün növ ov turizmi xidmətləri də daxil olmaqla adambaşı 50 dollardan başlamaqla günlük və ya həftəlik balıq turizmi təşkil edilir. Xidmətə dəvət, balıqçılıq təsərrüfatının seçilməsi, aeroportda balıqçının qarşılanması, “Simferopolaeroportundan yerləşmə yerinə və əksinə transfer, üçdəfəlik yemək, Feodosiyada Romaşkaotelində lüks nömrələrdə qalma, nəqliyyat vasitəsilə təminetmə(yolsuzluq avtomobilləri olanToyota Land Cruizermikroavtobus və sair), peşəkar balıqçının xidmətləri, tibbi sığorta da daxildir.

İlkin AĞAYEV

Bakı-Krım-Bakıpalitra.-2013.-17 dekabr.-S.8.