“Gənclər ölkəmizin inkişafına öz töhfələrini verirlər”

Səlcuq Müzəffərli: “Gənclərimiz nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər”

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP Gənlcər Birliyinin sədri Səlcuq Müzəffərli ilə müsahibəni təqdim edirik.

- Dövlətimizin gələcək inkişafında gəncliyin hansı rolu var?

-“Gənclər ölkənin gələcəyidir”- bu ifadəni ulu öndər Heydər Əliyev deyib və 1996-cı ildə fevralın 2-sinin Gənclər günü kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Heç təsadüfü deyil ki, məhz həmin ildən başlaraq gənclərə diqqət və qayğı daha da artırıldı. İndi isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, artıq gənclər ölkəmizin ictimai, siyasi, eyni zamanda humanitar sahəsində aparıcı qüvvəyə çevrilib və bu fəallıq daha da artırılmalıdır, daha böyük uğurlara imza atmalıdırlar.Gənclər öz üzərlərində işləyirlər. Ölkədə gedən inkişaf, təhsil sahəsindəki yeniliklər, gənclərə yaradılan hər cür şərait gənclərin bütün potensiallarının ortaya çıxmasına şərait yaradır. Bu gün Azərbaycan gəncliyi iri layihələr həyata keçirir, beynəlxlaq təşkilatlarda təmsil olunur. Belə bir gənclik, əlbəttə ki, ölkəsinin inkişafına öz töhfələrini verir və verəcək.

- Sizin həyatınızda və inkişafınızda Yeni Azərbaycan Partiyasının nə kimi rolu olub?

-YAP-in gənc üzvü kimi deyə bilərəm ki, partiyanın mənim dünyagörüşümün formalaşmasında, inkişaf etməyimdə böyük rolu var. Mən fəaliyyət göstərdiyim akademiyada mütəmadi olaraq gənclərlə görüşür, kütləvi tədbirlər keçirir və birgə fikir mübadilələri aparıram. Eyni zamanda YAP-ın təşkilatçılığı ilə beynəlxalq tədbirlərdə iştirak edirik, buna misal olaraq İCAPP, media forumu və. s kimi tədbirlərdə iştirak edib, orda ölkələrini təmsil edən gənclərlə dostluq münasibətləri qurur və birgə müzakirələr aparırıq.

- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə töhfə verirlər?

-Cəmiyyətin önəmli bir qismini təşkil edən gənclik ictimai-siyasi fəallığı ilə seçilir. Gənclərin fəaliyyəti istər yenilikçi layihələrlə çıxış etməsi, istər müxtəlif tədbirlərin təşkilatçılığı, istərsə də Azərbaycanı dünya ölkələrində layiqincə təmsil etməsi ilə göz önündədir. Buna misal olaraq deyə bilərəm ki, YAP-ın təşkilatçılığı ilə bir sıra ölkələrə gedir (Gürcüstan, Türkiyə ) və öz ölkəmizi təmsil edirik. Təbii ki, tədbirin formatından asılı olmayaraq bizim üçün hər zaman aktual olan Qarabağ problemini müzakirəyə çıxarır, bu problemin həlli yolunu istəyir və törədilən qətliamı dünya ictimaiyyətinə çatdırırıq.

- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

-Bir gənc kimi hər zaman çalışıram ki, kreativ və tam fərqli tədbirlər keçirim. Təbii ki, məqsədimiz bir Azərbaycan gənci olaraq ölkəmizi həm daxildə- regionlarımızda, eyni zamanda beynəlxalq arenada layiqincə təmsil etməkdir. Bu ilin oktyabrında keçirilən prezident seçkilərində təbliğat-təşviqat kampaniyasında aktivliyimiz bir daha sübut etdi ki, Azərbaycan gəncliyi güclüdür, bacarıqlıdır. Gənclər hər zaman dəstək gördükləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib, bu kampaniayda fəal iştirak etdilər. Bildiyimiz kimi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının elə əsas hissəsi gənclərin ictimai aktivliyi ilə bağlıdır. Gənclər siyasəti üçün ayrılan vəsait də kifayət qədər bəs edir ki, biz müxtəlif formatlı tədbirlər keçirək və öz ideyalarımızı gənclərlə bölüşək. Artıq deyə bilərəm ki, gənclərimiz nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Bu da gənclərə olan diqqət və qayğının nəticəsidir. Ölkə Prezidentinin dəstəyi nəticəsində son 10 il ərzində gənclər sektoruna ayrılan vəsait 100 dəfə artıb, 25 min manatdan 25 milyon manata qədər olub.

-Gənc nəsil elm və təhsilini artırmaq üçün maraq göstərirmi?

-Təhsil uğurun əsas şərtidir. Bu gün dünyanın ən inkişaf etmiş ölkəri öz təhsillərinə görə öndədirlər. Məhz buna görə də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz neft kapitalını insan kaptialına çeviririk və bunun nəticəsidir ki, son 10 il ərzində 2500 dən çox məktəb təmir olunub, yenidənqurma işləri aparılıb və təhsillə bağlı 16 dövlət proqramı qəbul edilib. Bu proqramlardan, məsələn, -"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın adını çəkmək olar. Bu proqram çərçivəsində artıq 10 mindən çox gənc xarici ölkələrdə təhsil alır. Onlar orada əldə etdikləri bilik və bacarıqları gəlib ölkəmizdə tətbiq edirlər və digər gənclərin də bilik və bacarıqlarının artırılmasına dəstək olurlar. Digər bir təhsil proqramı təhsil alan şagirdlərə məktəb ləvazimatlarının pulsuz verilməsi ilə bağlıdır.

- Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

-Bu sahədə dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir. Qeyri-formal təhsilin, eyni zamanda intellektual oyunların keçirilməsi gənclərin öz bilik və bacarıqlarının daha da artırılmasına və təkmilləşməsinə zəmin yaradır.

Fuad Hüseynzadə

Palitra.-2013.-18 dekabr.-S.7.