“Dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması üçün lazımi addımlar
atılır”
Jalə Əliyeva: “Milli Məclis milli-mənəvi dəyərlərin qorunması baxımından yeri gəldikcə əhəmiyyətli qanunları qəbul etməyə
qadirdir”
Azərbaycan Parlamentində milli-mənəvi dəyərlərimizlə bağlı qanunlar qəbul olunub. Bu o deməkdir ki, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması kortəbii deyil, müvafiq qanunlarla tənzimlənir. Milli Məclisin Mədəniyyət komitəsində bu sahədə olan qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır. Millət vəkili, professor Jalə Əliyeva bu kimi məsələlərlə bağlı qəzetimizə müsahibə verib. Qeyd edək ki, J.Əliyeva Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. O, eyni zamanda Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
-Jalə
xanım, xalqımız milli-mənəvi dəyərlərinə
nə
dərəcədə
qiymət
verir?
- Biz öz mədəniyyətimizə, əxlaq normalarımıza, milli təfəkkürümüzə sadiq qalmaq baxımdan bəlkə də, dünyada tayı-bərabəri olmayan bir xalqıq. Tarixin heç bir kəşməkəşli nöqtəsi, gəlmə mədəniyyətlər, 70 il rus siyasəti altında qalmağımız Azərbaycan xalqının düşüncə tərzini, milli dəyərlərini, incəsənətini, ədəbiyyatını dəyişə bilməyib. Ötən əsrin 90-cı illərində yenidən müstəqillik qazananda nə qədər qədirbilən və köklərimizə bağlı olduğumuz bir daha əyani şəkildə göründü. Yəni 70 illik yad siyasətin və dəyərlərin təbliğatından sonra xalqımız tamamilə manqurtlaşa bilərdi. Amma gözlənilənlərin tam əksi oldu. Biz silkələnib yenidən öz dövlətmizə, ölkəmizə sahib olduqdan sonra gördük ki, həqiqətən əslimizə bağlı xalqıq.
-Bu
gün milli-mənəvi
dəyərlərimizin
qorunması baxımından inkişaf prosesi necə gedir?
- Azərbaycan xalqı və dövləti milli-mənəvi dəyərlərinə sadiqlik prinsipini nümayiş etdirməkdə daimidir. Bu gün, əgər Azərbaycanın mənəvi sərvətləri UNESCO-nun Mədəni İrs Siyahısına salınırsa, Azərbaycan muğamı, opera sənəti, folkloru dünyada tanınır və tanıdılırsa, demək Azərbaycan mədəniyyəti qorunur. Təbii ki, biz bunun üçün öncə Heydər Əliyev dühasına borcluyuq. Ulu öndər Sovet İttifaqı dövründə bizim dilimiz, dinimiz, adət-ənənəmizin qorunması üçün əlindən gələni etmişdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bu gün də bu ənənələr davam edir. Bu gün də Azərbaycanı tanıdan xalqımız, dövlətimiz, dövlət başçımız var. Buna görə də biz həm keçmişə, həm də bu günümüzə minnətdar olmalıyıq.
-Milli
Məclis
tərəfindən
milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı
hansı addımlar atılır?
- Milli Məclis olaraq ölkə həyatı ilə bağlı çoxlu sayda qanunlar qəbul olunub. Bu qanunların kökündə insan amili dayanır. Ölkə rəhbərinin dediyi kimi qəbul edilən qanunların hər biri insanlarımızın daha yaxşı yaşamasına, daha stabil bir həyatda olmasına istiqamətlənib. Eyni zamanda mədəniyyətlə də bağlı qanunlar bunun tərkib hissəsidir. Bunların içərisində ötən il yenidən qəbul edilən “Mədəniyyət haqqında” qanun xüsusi qeyd edilməlidir. Bildiyimiz kimi bu qanun 15-16 il əvvəl qəbul edilmişdi və çoxdan idi ki, həm mənəvi, həm də zaman baxımından aşınmaya məruz qalmışdı.Yeni qanunun çox əhəmiyyətli müddəaları var ki, konkret olaraq mədəniyyətin bir sahəsini deyil, deyərdim ki, ölkə həyatının mədəniyyətdən keçən bütün sahələrini əhatə edir. Həmçinin “Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında” qanun qəbul edilib. Hazırda “Muğam sənəti haqqında”, “Aşıq sənəti haqqında” qanunlar üzərində iş gedir. Hətta, bəlkə də çox kiçik görünə bilər, amma inanın ki, çox əhəmiyyətli olan “Kulinariya mədəniyyəti haqqında” da qanun işlənib hazırlanmaqdadır. Bəlkə də aparılan böyük siyasətin qarşısında kimlərsə deyə bilər ki, bunlar nə dərəcədə əhəmiyyətli qanunlardır? Amma elə həmin andaca bunu deyə biləcək opponentlərimə cavab vermək istəyirəm ki, bəli, çox əhəmiyyətli qanunlardır. Çünki biz 20 ildən artıqdır ki, müharibə şəraitindəyik. Sadəcə torpaqları işğal edilməyən, eyni zamanda 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan xalq olaraq milli-mənəvi dəyərlərimizi qanun çərçivəsində qorumalıyıq. Hələ məlum deyil, məkrli düşmənimiz 5-10 ildən sonra muğamımıza da əl qoya bilər. Necə ki, bu gün ney, balaban və s. milli musiqi alətlərimizi çox zaman ermənilər öz milli musiqi alətləri kimi təqdim edirlər. Mətbəximizin şah yeməkləri çox təəssüf ki, erməni yeməkləri olaraq təqdim olunur. Yəni bütün bunları biz əlbəttə ki, qanun çərçivəsində qorumaq məcburiyyətindəyik. Düşünürəm ki, Milli Məclis milli-mənəvi dəyərlərin qorunması baxımdan yeri gəldikcə əhəmiyyətli qanunları qəbul etməyə qadirdir.
-Milli-mənəvi
dəyərlərin
dövlətçiliyin qorunmasında nə
kimi rolu var?
-Hər bir ölkə öz iqtisadiyyatı, hərbi potensialı, mədəniyyəti, dili və s. ilə tanınır. Amma hər bir dövləti dünyada tanıdan başlıca sənədlərdən biri onun Konstitusiyasıdır. Bu da bir mənəvi dəyərdir. Hər bir ölkənin bayrağı, gerbi, dili, dini, prezidenti, həqiqətən də müqəddəs amillərdir. Bunlar bir-biri ilə çox bağlıdır və arxalarında da böyük bir mənəviyyat dayanır. Əgər biz tarixi səhifələsək və bugünkü ən inkişaf etmiş dövlətlərə baxsaq, görərik ki, bu dövlətlər yer üzündə bərqərar olandan öz bayraqlarına, dinlərinə, dillərinə hörmətlə yanaşırlar və öz prezidentlərini həqiqətən bir müqəddəslik zirvəsinə qaldıraraq onun atdığı addımların arxasınca bir nəfər kimi gedirlər. Əlbəttə ki, xalq, dövlət həmrəyliyi olduqda o ölkələr hər zaman qalib olurlar. Bütün bunlar da mənəvi dəyərlərə sadiqlikdən irəli gəlir. Ona görə də, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması elə dövlətçiliyin qorunmasıyla eyni müstəvidə izah oluna bilər.
-Siz
bir dəfə mediaya açıqlamanızda demisiz
ki, milli-mənəvi dəyərlərin
qorunması üçün cəmiyyətin
proseslərə müdaxiləsi
gərəkdir.
Cəmiyyət
bu proseslərə hansı
formada müdaxilə edə
bilər?
- Bu gün dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması üçün lazımi addımlar atılır. Amma sadəcə dövlətin qorumasıyla iş bitmir. Biz bəzən hər şeyi sadəcə bir insandan gözləyirik. Amma bu şəkildə vətəndaşlıq olmur. Bu gün çox sayda qeyri-hökumət təşkilatları var. Bu QHT-lərin ən mühüm vəzifələri ölkə əhəmiyyətli məsələləri qabartmaqla maariflənmə işləri aparmaqdır. Əgər ictimai təşkilatlardan söhbət gedirsə, bu baxımdan mütləq Heydər Əliyev Fondunun adını çəkmək istəyirəm. Bilirsiniz ki, bu fondun rəhbəri Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva üzərinə çox böyük öhdəlik götürüb. Mən müsahibənin əvvəlində muğamımız, operamız, rəsm əsərlərimiz, folklorumuz və s. ilə bağlı görülən işləri təsadüfən xatırlatmadım. Bunların qorunması və təbliği istiqamətində Heydər Əliyev Fondu bütün imkanlarını səfərbər edib.
Bu işdə ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür. Onlar gördükləri istənilən mənviyyat pozuntusu, qeyri-etik davranışa yerindəcə səsini qaldırmalıdırlar. Milli-mənəvi dəyərlərimizi birlikdə qoruyaraq gələcəyə apara bilərik.
-Bu
gün bəzən xarici ölkələrdən
milli-mədəni mühitimizə
yad təsirlər
olur. Sizcə, bundan
qorunmaq üçün
nə
edilməlidir?
-Biz milli-mənəvi dəyərlərimizi ən yüksək səviyyədə qorusaq da, bu sahədə bizi narahat edən məsələlər var. 70 il ərzində böyük çətinliklərə sinə gərərək qoruyub bu günə gətirdiyimiz dəyərlərimiz bəzən özümüz də bilmədən, hiss etmədən müəyyən təsirlərə məruz qalır. Xüsusilə də, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya açılan pəncərə sayəsində müxtəlif dinlər, sektarlardan, alınma hansısa atributlar, incəsənət növləri ölkədə yayılır. Çox təəssüflər olsun ki, bu, yeniyetmə, hələ tam formalaşmamış olan nəslə ötürülür. Əlbəttə ki, gənclərin belə yad təsirlərin altına düşməməsi üçün hər birimiz çalışmalıyıq. Bu baxımdan KİV-in üzərinə böyük bir vəzifə düşür. Hər saat, hər gün media vətəndaşlarımızı, xüsusilə gəncləri düzgün yöndə istiqamətləndirməlidir. Əlbəttə, əvvəl-axır yanlış yolda olan gənc də gəlib doğruya dönəcək. Əsl dəyərlərin nədən ibarət olduğunu, xalqının hansı köklərə bağlı olduğunu anlayacaq.
Bunun üçün hamımız bir yerdə var qüvvəmizi ortaya qoymalıyıq. “Məndən keçdi, özgəsinə dəydi” prinsipindən uzaqlaşmaq lazımdır. Çox təəssüflər olsun ki, bəzən cəmiyyətmizdə biganəliyə, laqeydliyə rast gəlirik. Bəzən valideynlər özləri övladlarına diqqət etmirlər. Yəni uşağı özbaşına buraxırlar. Təbii ki, uşağı sərbəst böyütmək lazımdır. Amma uşağın zövqünü formalaşdırmaqda ailə çox böyük rol oynayır.
Fuad Hüseynzadə
Palitra.-2013.-18
dekabr.-S.11.