Telekanallarda şou proqramların yayımı mövcud mənəvi dəyərlərə uyğun təkmilləşməlidir”

Əkrəm Bəydəmirli: “Telekanallar çoxsaylı tamaşaçını itirməmək üçün cəmiyyəti düşündürən tədqiqatlara önəm

verməlidir”

Azərbaycan cəmiyyətinin qloballaşma prosesində kulturoloji maarifləndirilməsi və məlumatlandırılması böyük önəm kəsb edir.

Çünki Azərbaycan cəmiyyətinin ən aktual problemlərindən biri də Azərbaycan mədəniyyəti, dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində ciddi, mütəmadi və əhatəli maariflənmək imkanını tam reallaşdırmamasıdır.

Yəni KİV, xüsusən də telekanallar bu mövzuda olan məsələlərə dərindən diqqət yetirmir, mədəniyyət, sivilizasiya tarixi, müasir kulturoloji yanaşmalar və sivil-etik davranış qaydaları baxımından vətəndaşlar yetərincə maarifləndirilmir. Məlumdur ki, Azərbaycan qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malikdir. Həmçinin ölkənin müasir mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi mütəmadi qayğı sayəsində qazanılan qlobal mədəniyyət uğurları insanların ümumi mədəni-kulturoloji dünyagörüşünü, savadını artırmaq baxımından KİV tərəfindən kifayət edəcək səviyyədə ictimaiyyətə təqdim və izah edilmir. Ölkə telekanallarında bu yöndə olan materiallar olduqca cüzi və epizodikdir. Bu mövzuya aid maarifləndirici və mütəmadi verilişlər, rubrikalar, nəşrlər demək olar ki, yox səviyyəsindədir. Ölkəmizin mədəniyyəti hazırda dünya səviyyəsində xeyli müsbət bir imicə malik olduğu və geniş miqyasda tanındığı, təbliğ edildiyi halda, Azərbaycan cəmiyyətinin də bu baxımdan daxildən maariflənməyə, ümumi kulturoloji-mədəni bilik və dünyagörüşününü artırılmasına çox ciddi ehtiyac var. Xüsusilə formalaşmaqda olan gənc nəslin Azərbaycan mədəniyyəti, dəyərləri, milli kimliyi, kulturoloji biliklər baxımından ciddi maariflənməsi olduqca böyük önəm daşıyır. Bu, ilk növbədə gənc nəslin milli ruhda, böyük mədəniyyətin varisi düşüncəsilə, kulturoloji biliklərə və buna uyğun davranışlara yiyələnmiş bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz davranışlardan, mənfi tendensiya və pis vərdişlərdən xali bir şəkildə formalaşması üçün çox böyük əhəmiyyətə malikdir. Sivil və müasir cəmiyyət, dövlət quruculuğu prosesində kulturoloji biliklərə, yüksək etik-əxlaqi dəyər və davranışlara yiyələnmə Azərbaycan vətəndaşlarının yiyələnməli olduğu əsas kriteriyalardandır. Bu keyfiyyətlərin ölkə əhalisində mükəmməl şəkildə toplanması, təcəssüm etməsi və formalaşması üçün birinci növbədə KİV məqsədyönlü fəaliyyətə keçməlidir. Unudulmamalıdır ki, mədəniyyət - hər bir ölkənin pasportu olmaqla yanaşı, indiki halda həm də bizim üçün informasiya savaşında ən kəsərli silahdır.

Mövzu ilə bağlı bizə fikirlərini bildirən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli belə qeyd etdi: “Son zamanlar insanlar şikayətlənirlər ki, telekanallarda baxmağa veriliş tapa bilmirik. Əslində bu fikirlərdə həqiqət var. Ancaq onu da etiraf etmək lazımdır ki, telekanallar hələki populyarlığını qoruyub saxlayırlar. Lakin bu imkanları getdikcə daralır. Bəs, bunun səbəbi nədir?

Heç şübhəsiz internet resurslarının belə sürətlə inkişafı, bu müstəvidə xəbərləşmə və əyləncə imkanlarının ağıla gəlməyən tərzdə genişlənməsi səbəblərdən biri ola bilər. Ancaq bu əsas səbəb deyil. Burada problemi TV-lərdə, teleticarət işində, televiziyanın idarəedilməsində, reklam bazarının mövcud durumunda və sairdə axtarmaq lazımdır”.

QHT sədri qeyd edir ki, bu gün televiziyaların gündəmini ailə məət məsələlərinin müzakirəsi, xörək bişirmə yarışmaları, bayağı musiqilər və başqa mənasız mövzular zəbt edib. İctimai mahiyyət kəsb etməyən ailə məət məsələlərinin müzakirəsi ilə efiri doldurmaq çıxış yolu deyil. Belə xarakterli mövzular normal tamaşaçının çətin ki zövqünü qaldırsın: “Başa düşmək olar ki, cəmiyyətdəki problemlər ailələrdə əyyən gərginliklər yaradır. Əslində bu məsələlərlə əyyən dövlət qurumları, QHT-lər məşğul ola bilər. Bu QHT, vətəndaş cəmiyyəti institutları təşəbbüsləri və layihələri çərçivəsində araşdırılası və həll olunası işlərdir. Təəssüf ki, belə mövzular TV-lər vasitəsilə Azərbaycanın sanki ən vacib məsələsi kimi gündəmdən düşmür”.

QHT sədri deyir ki, Azərbaycanda ailə institutu hər zaman möhkəm olub. Hətta bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq Avropa ilə müqayisəyə gəlməz dərəcədə Azərbaycanda ailə möhkəm olub. Bu gün isə Azərbaycan ailələrinin bütün məsələləri çılpaqlığı ilə televiziyalarda müzakirə olunur. Bu verilişlər ictimai mahiyyət kəsb etsəydi, bunun zəruriliyini qəbul etmək olardı. Ancaq kiminsə ailə-məət məsələləri hər gün çox mənasız şəkildə ictimaiyyətə təqdim olunursa, o zaman hansı ictimai əxlaqdan, məsuliyyətdən danışmaq olar?”

Müstəqil medianın, telekanalların öz biznez maraqlarını düşünməsi normal haldır. Ancaq bu kanalların bütün fəaliyyətlərini kommersiya maraqlarına uyğun qurması düzgün deyil. TV-lər təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir media yayım təşkilatıdır.

Anlamaq olar ki, bu şou proqramlar və belə verilişlər ərisində yayımlanan reklamlar kommersiya telekanallarının əsas gəlir mənbələrindən biridir. Çağdaş dünyanın televiziyalarında ciddi proqramların böyük əksəriyyətində əyləncə elementinin olması artıq müsbət ənənəyə çevrilib. Verilişdə tamaşaçını əyləndirərək hər hansı ciddi sosial və başqa bir problemin müzakirəsi, cəmiyyətin maariflənməsinə yönələn addımların atılması normal hal kimi qəbul olunur. Azərbaycan teleməkanında belə müsbət tendensiyalar əvvəllər var idi. Mən deyərdim bir azda dərinləşmişdi. Təəssüf ki, həmin şou proqramlardakı müsbət gözləntilər bu gün yoxa çıxıb”.

Hazırda kanallardakı verilişlərdə çox vaxt ciddi müzakirələrə rast gəlinmir. Hətta müxtəlif sahələr üzrə ora dəvət olunan ekspertləri indi müğənnilər, şou əhli əvəz edib. Bütün bunlar da həmin verilişlərin dəyərinin itməsinə səbəb olur. O dövrdə şou proqramlar əyləncə xarakteri daşısa da, bir çox hallarda ciddi məsələlərin müzakirəsinə həsr olunurdu. Çox normal şəkildə maarifçilik missiyası yerinə yetirilirdi. Bugünkü mənzərə isə fərqlidir.

Narahatlıq doğuran odur ki, tamaşaçılar və bəzi aparıcılar şou proqramı lağ-lağı məkanı kimi təsəvvür edirlər. Bunun isə səbəbləri çoxdur. Ən əsası, qeyri-peşəkar veriliş aparıcılarının Azərbaycanın teleməkanında ortaya qoyduğu keyfiyyətsiz məhsullardır.

Dəfələrlə bu fikir səslənir. Tamaşaçının zövqü müxtəlifdir. Telekanal öz işini tamaşaçının zövqünə, istəyinə uyğun qurarsa, bu, səhv olmaqla bərabər, həm də ciddi fəsadlar verər. Ancaq media, TV-lər ictimai rəylə hesablaşmalıdır”.

Müsahibimiz deyir ki, telekanallardakı reklam məsələsinə nəzər salmaq lazımdır: “Bəzən elə düşünmək olar ki, Azərbaycanın reklam bazarı yalnız özəl klinikalardan və müxtəlif dərman preparatlarının satışından ibarətdir. Hansı kanala baxırsan, bir özəl klinikanın reklamı yayımlanır. Bütün bunlardan o qənaətə gəlmək olar ki, Azərbaycanda reklam bazarı mövcud iqtisadi inkişafa adekvat deyil.

Məhz buna görə də TV-lərin, ümumilikdə, medianın normal biznes sahəsinə çevrilməsi çətinlik yaradır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə gətirib çıxarır.

Deməli, burada teleticarət işinin tənzimlənməsindən başlamaq lazımdır. TV-lərdə şou proqramların yayımı ilə bağlı qanunlar iqtisadi reallığa və mövcud mənəvi dəyərlərə uyğun təkmilləşməlidir. Ən əsası reklam bazarının çevrəsinin genişlənməsinə diqqət artmalıdır.

Telekanallardakı digər bir boşluq filmlərlə bağlıdır. Azərbaycan dövləti tərəfindən televiziyalara filmlərin çəkilişi ilə bağlı kifayət qədər maliyyə dəstəyi hər il göstərilir. Təəssüf ki, milli kino iqtisadiyyatımız formalaşa bilmir. Nəticədə isə zəif filmlər ekranlara çıxır. Bütün bunlar ayrıca bir söhbətin mövzusudur.

Əlqərəz, telekanallar çoxsaylı tamaşaçını itirməmək üçün cəmiyyəti düşündürən, cəmiyyətə fayda verə biləcək məqamlara, müxtəlif problemli sahələr üzrə tədqiqatlara önəm verməlidir”.

İlkin AĞAYEV

Palitra.-2013.-19 dekabr.-S.11.