Bakıda beynəlxalq ekoloji forum

Bakıda "Bir birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu öz işinə başlayıb. Məlumata görə, tədbirin rəsmi tərəfdaşları Gənclər və İdman Nazirliyi, IDEA İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təsisçisi və rəhbəri Leyla Əliyevanın beynəlxalq ekoloji forumun iştirakçılarına ünvanladığı müraciətdə deyilir ki, biz planetin ən mənzərəli və faydalı qazıntılarla zəngin olan regionlarından birində yaşayırıq: "Bununla belə, biz insanın ətraf mühitə zərərli təsirini tez-tez unudaraq, təbiətin qüdrətli olduğunu güman etməyi vərdiş halına gətirmişik. Yer əhalisinin gündəlik fəaliyyəti həyatımızın təmiz hava və içməli su kimi ən sadə tərkib hissələrini təhlükəyə məruz qoymaqla ekologiyaya ciddi ziyan vurur". L.Əliyeva qeyd edib ki, 2013-cü il "MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib: "Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar və həssas təbiətimizin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə hiss ediləcək nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış səhv fikirlərdən və süni şəkildə yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır". IDEA-nın devizində deyilir: "Vahid Yer kürəsi - vahid gələcək". IDEA kampaniyasının rəhbəri müraciətində bildirib: "Planetin gələcəyi bizim əllərimizdədir və yalnız birləşməklə təbiəti mühafizə və hazırda sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə hədiyyə edə bilərik". Beynəlxalq forumda MDB üzv dövlətlərindən 40-dan çox gənc ekoloq iştirak edir. Beynəlxaq forumun keçirilməsində məqsəd ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il MDB məkanında "Ekologiya ili" elan olunub: "2012-ci ilin Azərbaycanda "Ekologiya ili" elan olunmasına və həmin il çərçivəsində ölkəmizdə bu sahə ilə bağlı bir sıra tədbirlər keçirilməsinə baxmayaraq, bu il də ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir. Biz bu il yayda MDB ölkələrinin iştirakı ilə ekoloji düşərgə təşkil etdik və bu gün də həmin tədbirin davamı olaraq forum keçirilir. Düşünürəm ki, forum çərçivəsində gənclərimiz arasında maraqlı müzakirələr aparılacaq, fikir mübadilələri həyata keçiriləcək. İnanıram ki, burada iştirak edən QHT-lər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətində birgə maraqlı təşəbbüslər və ideyalar ortaya çıxacaq. Gələcəkdə isə MDB məkanı daxilində bu layihələri həyata keçirmək olar".

Tural

Palitra.-2013.-18 dekabr.-S.5.