Avropalı gənclər Binəqədi rayonunda
olublar
Prezident
yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Avropa-Azərbaycan Gənclərinin Əməkdaşlığı” təşkilatı tərəfindən reallaşan “Azərbaycan və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın
inkişafı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup avropalı gənc Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında olublar.
Layihə çərçivəsində İspaniya, Estoniya,
Gürcüstan, Türkiyə, Polşadan ölkəmizə gələn gənclər əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında
olublar. Rayon İcra Hakimiyyəti
başçısının müavini Aygün Əliyeva qonaqlara Rayon
İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını
çatdırıb. Qonaqları RİH-nın binası, eləcə də oradakı iş prosesi
ilə tanış edən A.Əliyeva bildirib ki,
öz fəaliyyətlərində ən son informasiya və kommunikasiya
texnologiyalarından istifadə edirlər. Qeyd olunub ki, vətəndaşlarla RİH
arasında maneəsiz ünsiyyət yaratmaq üçün xüsusi elektron xidmət olan 1646 telefon xidməti istifadəyə verilib. Həmçinin, avropalı gənclərə Binəqədi rayonu və rayonda aparılan
quruculuq və abadlıq işləri haqqında geniş məlumat verilib. Rayon İcra
Hakimiyyətinin başçısı Aparatının ən müxtəlif şöbələrində son texnologiya əsasında qurulmuş
iş prosesi barədə məlumat verildikdən sonra bu gün Binəqədi rayonunun Bakının
ən
inkişaf edən rayonuna çevrilməsi üçün
mühüm işlərin görüldüyü qeyd olunub. RİH-nın fəaliyyəti və iş prosesi ilə tanışlıqdan
sonra qonaqlara “Virtual Qarabağa səyahət” adlı
qısametrajlı film nümayiş etdirilib. Qonaqlar
Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin 1 milyon məcburi
köçkünün olması, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün aparılan diplomatik
danışıqlar barədə məlumatlandırılıb.
Sonra
avropalı gənclər Heydər Əliyev adına İstirahət parkında olublar. Bildirilib
ki, parkın qurulmasında ən son texnologiyalardan
istifadə edilib və park ən müasir işıqlandırma sistemi ilə təchiz olunub.
Daha
sonra gənclər Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında olub,
partiyanın inzibati binasını ziyarət edərək, burada
yaradılmış iş şəraiti ilə tanış olublar.
Qonaqlara məlumat verilib ki, təşkilatın inzibati
binası 3 iyul 2013-cü ildə istifadəyə verilib. Qonaqlar
partiyanın binasında yaradılmış kitabxana ilə tanış olublar.
Avropalı gənclərə ümummilli lider Heydər Əliyevin irsi, Yeni Azərbaycan Partiyasının
1992-ci ilin 21 noyabr tarixində qurulması, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu
siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi haqqında geniş məlumat verilib.
Azərbaycanın sürətlə inkişaf etdiyini və Azərbaycan xalqının
çox qonaqpərvər xalq olduğunu, ölkəmizdə olmaqdan hədsiz qürur
duyduqlarını bildirən Estoniyadan olan jurnalist
Kirill Lindarau və Gürcüstandan olan Tamta Kenia onlara göstərilən diqqətə və verilən maraqlı məlumatlara görə Binəqədi RİH və YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını
bildiriblər.
Fuad
Palitra.-2013.-20 dekabr.-S.13.