“Dövlətçiliyin təməllərinin qorunmasında
milli-mənəvi dəyərlərin müstəsna rolu var”
Samir
Mehdizadə: “Milli-mənəvi dəyərlərə hörmət edən yeniyetmə və gənclərimiz cəmiyyətdə mütləq əksəriyyət təşkil edir”
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi 2005-ci ildə yaradılıb. Fəaliyyət istiqamətləri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik hisslərinin artırılmasını təbliğ etməkdir. Eyni zamanda gənclərin Vətənə məhəbbət, Vətənə sədaqət ruhunda tərbiyə olunmaları, dövlət rəmzlərinə hörmət, onların hərtərəfli inkişafına kömək edilməsi də təşkilatın başlıca məqsədlərindəndir.“Resurs”un sədri Samir Mehdizadə bu istiqamətlərdə fəaliyyətləri ilə bağlı qəzetimizə müsahibə verib.
-Dövlətçilik
təməllərinin
qorunmasında milli-mənəvi dəyərlərin
hansı rolu var?
-Dövlətçiliyin təməllərinin qorunmasında milli-mənəvi dəyərlərin müstəsna rolu var. Belə ki, min illərlə qorunub saxlanmış dəyərlərimizə hörmət etməyən vətəndaşdan dövlətçiliyin qorunması istiqamətində hər hansı fəaliyyət gözləmək mümkün deyil. Müstəqilliyin əldə olunması, müstəqil dövlətin yaradılması nə qədər çətindirsə, qurulmuş dövlətçiliyin, onun təməl prinsiplərinin qorunub saxlanılması daha da çətindir. Ona görə də, hər birimiz bu istiqamətdə öz bilik və bacarıqlarımızdan istifadə edərək xalqımıza, millətimizə, dövlətimizə xidmətlərimizi əsirgəməməliyik.
- Milli-mənəvi
dəyərlərin
qorunması istiqamətində
hansı layihələr həyata
keçiribsiniz?
-Mən “Resurs” GİİB-nin sədri olmaqla bərabər, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın “Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə” komissiyasının sədri kimi də fəaliyyət göstərirəm. Həm QHT rəhbəri, həm də komissiya sədri kimi bu istiqamət, fəaliyyətimizdə prioritet təşkil edir. Millətin yaşaması, mövcud olması onun ana dilinə, mədəniyyətinə, adət-ənənələrinə, tarixinə, ədəbiyyatına bağlılığından asılıdır. Təşkilat olaraq gənclərin Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan tarixinə sevgisini, bağlılığını artırmaq üçün müxtəlif istiqamətlərdə layihələr həyata keçiririk ki, bu da bizim fəaliyyətimizin başlıca istiqamətlərindəndir.
Son illərdə həyata keçirdiyimiz layihələr müxtəlif istiqamətləri əhatə edir. 2011-ci ildə akademik Ramiz Mehdiyevin Ermənistan prezidentinin absurd çıxışına cavab olaraq yazdığı “Gorus-2010 Absurd teatrı mövsümü” kitabının ictimai müzakirəsini təşkil etdik. Daha sonra kitabın müzakirəsi Ucar Rayon İcra Hakimiyyətində geniş müzakirə edildi və orada yazılan tutarlı faktlar ictimaiyyətin diqqətinə çatdırıldı. Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatında keçirilən müzakirə isə Nizami RİH-nin başçısının və millət vəkillərinin iştirakı ilə təşkil edildi.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlığımız davam edir. Şuranın dəstəyi ilə təşkilatımız tərəfindən müxtəlif istiqamətlərdə bir neçə layihə icra edilib. “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi”, “Təhsil müəssisələrində narkomaniya əleyhinə təbliğat işlərinin aparılması” və digər layihələr ictimai əhəmiyyətinə görə xüsusi qeyd edilməlidir. Prezident yanında Gənclər Fondu yaradılandan təşkilatımızın təqdim etdiyi layihələrə diqqətlə yanaşılıb. “Gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması”, “Bakı İnklüziv Gənclik İdman Festivalları” layihələri fondun dəstəyi ilə uğurla icra edilib. Gənclər və İdman Nazirliyi də bizim təqdim etdiyimiz “Gənclərin zərərli vərdişlərdən qorunması üçün kütləvi tədbirlərin keçirilməsi” layihəsini dəstəkləyib. Bu layihə də uğurla icra olunub.
Lakin biz təkcə qrant layihələri hesabına yox, öz daxili imkanlarımız, üzvlərimizin könüllülük prinsiplərinə əsaslanan layihələr də icra edirik. Beynəlxalq Mətbuat Mərkəzində “Milli Qurtuluş Günü”nə həsr edilmiş “Heydər Əliyev - Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı” mövzusunda keçirdiyimiz konfransda QHT nümayəndələri ilə yanaşı, millət vəkilləri Fəttah Heydərov, Elmira Axundova, Sevinc Hüseynova da iştirak edərək ümummilli lider haqqında xatirələrini gənclərlə bölüşdülər. “Narkomaniyaya yox deyək!” şüarı ilə Bakı şəhəri, Nizami rayonunun bir çox ümumtəhsil məktəblərində kütləvi tədbirlər keçirərək, yeniyetmə və gənclərin maariflənmələrinə yardımçı olmuşuq. Bu tədbirlərə bir çox dövlət orqanlarının nümayəndələri - Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi, Nizami Rayon Polis İdarəsinin əməkdaşları da cəlb edilib, gənclərin müvafiq sualları cavablandırılıb.
Kütləvi informasiya vasitələri ilə də geniş əlaqələrimiz yaradılıb. Belə ki, yuxarıda qeyd etdiyim layihələr “İctimai TV”, “Space TV”, “Xəzər TV”, SİA, “Trend”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “İki Sahil” və digər KİV-lər tərəfindən işıqlandırılıb.
-Azərbaycançılıq
ideologiyası və milli-mənəvi
dəyərlərimizin
gəncləri
müasir dövrdə mənfi
stereotiplərdən qorumaq
baxımından nə kimi
rolu var?
-Azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərə hörmət edən yeniyetmə və gənclərimiz cəmiyyətdə mütləq əksəriyyət təşkil edir. Lakin hesab edirəm ki, bu işlər daim yüksələn xətlə inkişaf etdirilməlidir ki, formalaşma dövründə olan gənclərimiz mənfi stereotiplərdən, müxtəlif zərərli vərdişlərdən uzaq olsunlar. Cəmiyyətin sağalmaz bəlası olan narkomaniya, alkoqolizm və digər amillər bizi ayıq olmağa, bir an da olsun sayıqlığı itirməməyə məcbur edir. Dahi ulu öndərimizin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının, Vətən sevgisinin gənclərimizin qanına, ruhuna hopdurulması üçün gərgin işləməli, zəhmət çəkməliyik. Vətənini sevən, milli dəyərlərə hörmətlə yanaşan gənc heç zaman mənfi, zərərli vərdişlərə aludə olmaz, əsl vətəndaş kimi yetişərək dövlətin inkişafına öz töhfəsini verər.
-Vətənpərvərliyin
artırılmasında milli adət-ənənələrimizin
hansı rolu var?
-Xalqımızın zəngin adət-ənənələri var. Gənclərin və yeniyetmələrin vətənpərvərlik hisslərinin gücləndirilməsi qarşımızda duran ümdə məsələlərdən ən birincisidir. Torpaqlarımızın böyük hissəsinin hələ də düşmən işğalı altında qaldığını nəzərə alsaq, bu istiqamətdə təxirəsalınmaz işlərin görülməsi zəruridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikrini hər zaman fəaliyyətimizdə rəhbər tuturuq: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Vətənpərvər olmayan şəxs mənəviyyatsızdır!”.
- Gənclərin
vətənpərvərlik
ruhunu necə artırmaq olar?
-Gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, həm Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, həm Prezident yanında Gənclər Fondu, həm də Gənclər və İdman Nazirliyi QHT-lərin gənclərin vətənpərvərlik hisslərinin artırılmasını nəzərdə tutan layihələrini daim dəstəkləyir, onlara maliyyə vəsaiti ayırırlar. Bu yöndə əlbəttə ki, kütləvi informasiya vasitələrinin imkanları böyükdür. Təklif edərdim ki, KİV-lərdə, xüsusən də televiziya kanallarında bayağı verilişlərin əvəzinə vətənpərvərlik haqqında verilişlərin sayı çoxaldılsın. TV-lər tərəfindən təkliflər gələrsə, materialların toplanması, müxtəlif tədbirlərin təşkil olunması və keçirilməsi baxımından istənilən köməyi etməyə hazırıq.
- Hazırda bu istiqamətdə
hansı işlər görürsüz?
-Gənclərin vətənpərvərlik hisslərinin artırılması, onlarda vətən sevgisi, torpaq sevgisini daha da artırmaq üçün təşkilatımız daim müxtəlif layihələr həyata keçirir. Hazırda təşkilatımız tərəfindən Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Vətənin müdafiəsinə hazır ol!” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərinin Nizami rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində gənclərlə görüşərək milli qəhrəmanların keçdiyi şərəfli döyüş yolları haqqında onları məlumatlandırırıq.
-Tələbə
və
gənclərin
intellektual səviyyəsinin
yüksəldilməsi üçün nələr
edilməlidir?
-Tələbə və gənclərin bilik səviyyəsinin yüksəldilməsində əlbəttə ki, onlara dərs deyən müəllimlərin rolu əvəzsizdir. Lakin müəllim faktoru ilə yanaşı gənclərimiz özləri də təhsilə maraq göstərməli, çoxlu mütaliə etməlidirlər ki, intellektual səviyyələri yüksəlsin. Mən Bekonun bir kəlamını xatırlatmaq istərdim: “Bilik - həyatda faydalı olmaq naminə qazanılmalıdır”. Bilikli, savadlı olaraq xalqına, millətinə xidmət etməkdən şərəfli vəzifə yoxdur!
- Perspektivdə
hansı layihələr gözlənilir?
-Perspektivdə gənclərin intellektual inkişafı, vətənpərvərlik hisslərinin artırılması, onları zərərli vərdişlər haqqında maarifləndirərək gələcəkdə bu kimi keçici hallara maraq göstərməmələri üçün təbliğat işlərini gücləndirmək istiqamətində layihələr həyata keçirməyi planlaşdırırıq.
Fuad Hüseynzadə
Palitra.-2013.-20
dekabr.-s.11.