BSU-da beynəlxalq elmi konfrans
Dekabrın 20-də Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsinin və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkilatçılığı ilə “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V beynəlxalq elmi konfrans işə başlayıb. Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbir haqqında məlumat verib. Bildirilib ki, ənənəvi olaraq 2-3 ildən bir “Müqayisəli ədəbiyyat” devizi altında keçirilən beynəlxalq elmi konfransın mövzusu hər dəfə ədəbiyyatda müxtəlif problemlərə həsr olunur və geniş əhatə dairəsinə malikdir. Artıq konfransın beşinci dəfədir keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə müasir ədəbiyyatın və mifologiyanın problemləri, eyni zamanda, tarixən ədəbiyyat, mif, tarix arasındakı əlaqələrin açılması baxımından çox maraqlı mətləblərə toxunulacaq. K. Abdullayev 17 ölkədən 40-dan çox ədəbiyyatşünas alimin qatıldığı beynəlxalq tədbirə ildən–ilə marağın daha da artığını xüsusilə qeyd edib, konfransda, həmçinin respublikamızın müxtəlif ali məktəblərinin və elmi müəssisələrinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, görkəmli ziyalıların, ədəbiyyatşünas alimlərimizin də iştirak etdiklərini bildirib. Nəzərə çatdırılıb ki, konfransın tarixi və ədəbi janrlar, təsvir üsulları, ədəbi mətnlərdə tarixin təsviri formaları, keçid dövründə ədəbiyyat və tarix, mifoloji qatda tarix, tarix və istorioqrafiya, dil tarixin mənbəyi kimi bölmələri üzrə keçiriləcək iclaslarında müxtəlif mövzularda məruzələr dinləniləcək. Rektor konfrans çərçivəsində, həmçinin universitetdə xarici qonaqlar tərəfindən ustad dərslərinin və dəyirmi masaların da keçiriləcəyini diqqətə çatdırıb.
Konfransın plenar
iclasında BSU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, Azərbaycan Müqayisəli Ədəbiyyat
Assosiasiyasının sədri,
filologiya üzrə
elmlər doktoru, professor Rəhilə Qeybullayeva
çıxış edərək tədbirin əhəmiyyətindən danışıb,
tarix və
ədəbiyyatın ümumi və
fərqli xüsusiyyətlərini səciyyələndirib. Vurğulanıb ki, konfransın materialları kitab
şəklində nəşr olunacaq.
Tədbirdə Viskonsin-Medison
Universitetinin dosenti Maks Statkiyeviçin
(ABŞ) “Əvvəldən nə olmuşdu:
ədəbiyyat tarix və
mif arasında vasitəçi
kimi” və
Türkiyənin Boğaziçi Universitetinin
professoru Suat
Karantayın “Səyahət yaddaş
forması kimi: Monteqyunun
türk səfirinin
məktubları” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Milli
Məclisin
deputatı Sahibə
Qafarova, Bakı Asiya Universitetinin rektoru, professor Cəlil
Nağıyev, professor Takayuki-Yokota
Murakami (Yaponiya), professor Caspal K. Singh (ABŞ), Hüseyn Səbuhi (İran),
Sergey Sokolov (Rusiya ), Lyudmila
Bejenaru (Rumıniya), Vera
Oçxeli (Gürcüstan),
Rafi Beyykhanov (İsrail) və
başqaları çıxış edərək
konfransın əhəmiyyətindən söhbət açıblar.
Dekabrın 21-də başa çatacaq konfrans işini bölmə iclaslarında davam etdirib.
Palitra.-2013.-21 dekabr.-S.10.