“Belarusun qadın təşkilatları
ilə əməkdaşlıq gücləndiriləcək”
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi (AQUPDK) Belarus Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Gender bərabərliyinin təmini və qadınların irəli çəkilməsi" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə AQUPDK sədri Hicran Hüseynova, millət vəkilləri Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Qənirə Paşayeva, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Belarus dövlət nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən H.Hüseynova bildirdi ki, Belarusun müvafiq qurumları ilə komitə arasında iki illik memorandum imzalanıb və bu sənəd çərçivəsində sıx əməkdaşlıq edilir: “Biz bir-birimizin təcrübəsini öyrənməyi, bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmağı qərara almışıq. Azərbaycan bu istiqamətdə bir çox ölkələr üçün nümunədir. MDB-də AQUPDK kimi qurum demək olar k, lap azdır. Biz də onlarla əməkdaşlıq etməyə, QHT-lərimiz arasında əməkdaşlıqların yaradılmasına maraqlıyıq. Gələcəkdə də biz bu əməkdaşlığı gücləndirəcəyik”.
Daha sonra çıxış edən Belarus Qadınlar Cəmiyyətinin həmtəsisçisi Antonina Petrovna Morovaya ölkəsində bu sahə ilə bağlı əldə olunan nailiyyət və problemlərdən danışdı: “Gender məsələsi çox mühüm məsələdir və bir çox ölkələrdə genderlə bağlı müəyyən problemlər hələ də qalmaqdadır”.
Tədbirdə çıxış edən millət vəkili Gülçöhrə Məmmədova isə bildirdi ki, Azərbaycanda hər zaman qadına, analara dərin hörmət və diqqət bəslənilib və bu münasibət bu gün də davam edir.
Millət vəkili Aqiyə Naxçıvanlı isə çıxışında Azərbaycan-Belarus münasibətlərinə toxunub.
Tədbir
müzakirələr əsasında davam
edib.
Nigar
Abdullayeva
Palitra.-2013.-21 dekabr.-S.10.