“Gənclərə dövlət qayğısı yüksək səviyyədədir”

Elvin Süleymanov: “Gənclər təşkilatlarının formalaşması prosesi uğurla gedir”

Müsahibmiz Elvin Süleymanov gənclər arasında ictimai-siyasi fəallığı ilə fərqlənir. O, hələ orta məktəb illərindəİlin ən humanist şagirdi” adına layiq görülüb. Hazırda Qafqaz Universitetinin V kurs tələbəsidir. Eyni zamanda Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı idarə heyətinin üzvü kimi tədbirlərdə aktivlik göstərir. Bir çox seminarlarda, təlimlərdə yaxından iştirak edib. Onlarla layihə təşkilatçılığı və bir çox seminar təşkilatçısı olub. Universitetdə fərqləndiyinə görə təcrübə keçmək üçün Türkiyənin “Küveyt-Türk” bankında və Azərbaycanda “Accessbankda təcrübə fəaliyyəti olub. Hazırda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsinin rəhbəridir.

-Bu gün gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?

-Azərbaycanda gənclərə dövlət qayğısı olduqca yüksək səviyyədədir. Xüsusi olaraq son dövrlər tələbə gənclərə ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə göstərilən maddi və mənəvi dəstək qürurvericidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. 2013-cü ildə ayrı-ayrı nazirliklərin, xüsusi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən gənclər mükafatının təsis edilməsi fəal gənclərin ölkənin ictimai-siyasi həyatında daha da aktiv fəaliyyət göstərməsinə marağı artırmaqdadır. Gənclərə dövlətin yüksələn xətt üzrə göstərdiyi qayğısı bizlərə olan inamın açıq sübutudur. Ancaq açıq bildirmək istəyirəm ki, bəzi gənclərimizin milli vətənpərvərlik və dövlətçilik prinsiplərini dərindən mənimsəyərək əməli fəaliyyətlərinə transfer etməsinin şahidi ola bilmirik. Belə olduqda dövlətin gənclərə olan inamından sui-istifadə halları ilə rastlaşırıq. Lakin onu da bildirməliyəm ki, bu gün ölkəmizdə yüzlərlə milli ideoloji düşüncəyə malik vətənpərvər gənclərimizin olması da bizlərə ümid verir.

-Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

-Bu gün ölkə gəncliyinin istər incəsənət, istər idman, istərsə də digər sahələrdəki uğurları göz önündədir. Sağlam və milli şüura dayanan gəncliyin cəmiyyətin formalaşmasında ayrıca xidmətləri var. Belə ki, normal cəmiyyətin formalaşmasında ölkə gənclərinin tutduqları yoldan çox şey asılıdır. Milli mənəviyyata və öz soy-kökünə bağlı mütərəqqi fikirli gənclərin var olması cəmiyyətin inkişafında ən başlıca xidmətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır” sözləri bütün ölkə gəncliyi üçün hər zaman örnəkdir.

- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

-Gənclərimizin ölkənin ictimai-siyasi həyatında rolu nəzərə çarpacaq dərəcədə yüksək səviyyədədir. Ayrı-ayrı gənclər təşkilatlarının formalaşması prossesi uğurla getməkdədir. Sevindirici haldır ki, dövlətçilik ənənələrinin qorunması və mühafizə olunması yolunda çoxlu sayda tələbə gənclər təşkilatları mövcuddur. Tam formalaşmış və ölkənin ictimai-siyasi həyatında aktiv yeri olan gənclik adına fəaliyyət göstərən qurumların getdikcə çoxalması gənclərimizin ictimai-siyasi həyatda potensialını artırmaqdadır. Lakin narahatedici bir məqam ondan ibarətdir ki, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən bəzi siyasi mərkəzlərin qurbanına çevrilən gənclərimizin də olması danılmaz bir faktdır. Biz çalışmalıyıq ki, ağıllı, savadlı, dövlətçilik tərbiyəsindən bəhrələnən gənclərimizin sistemli fəaliyyətini quraq. Əgər belə olarsa, zərərli qüvvələrin təsirinə düşən gənclərimizin xilasına da xidmət etmiş olarıq.

-Azərbaycan gəncləri öz üzərinə düşən məsuliyyəti anlayırmı?

-Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, müasirləşmə, inkişaf və modernləşmə strategiyasının təməl sütunları deməkdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bildiyimiz kimi bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Mən düşünürəm ki, Azərbaycan gəncləri günü-gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan gəncləri dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Gənclər də həmçinin dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur. Bu gün adlarını qürurla çəkdiyimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və yüzlərlə belə vətən oğulları Azərbaycanın qəhrəmanlıq tarixini yazan gənclərdir.

- Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?

-Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması və milli-mənəvi dəyərlərə bağlılığının daha da möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə gənclərlə bağlı bir neçə proqramlar həyata keçirilir. Bunlardan "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən" Dövlət Proqramı da bu qəbildəndir.

-QHT olaraq gənclərlə bağlı hansı layihələr keçirirsiniz?

-“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsi olaraq ölkənin ictimai həyatında aktiv və səmərəli fəaliyyət göstərməkdəyik. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu günYeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin ölkənin bütün universitetlərində yerli təmsilçiləri mövcuddur. Olduqca yüksək əxlaqi dəyərlərə sahib olan tələbə gənclərimiz ölkənin ictimai siyasi həyatında hər zaman aktiv şəkildə iştirak etməktədir. “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclərimizin milli vətənpərvərlik ruhunda və mənəvi dirçəlişə sahiblənməsi yolunda verdiyi mücadilə öz nəticələrini verməktədir. Birliyimiz gənclərlə bağlı çoxlu sayda layihələri həyata keçirir. Bunlardan “Gənc yazarlar ilə görüş” adlı layihəmiz 1 ilə yaxındır ki, davam edir. Ölkənin ədəbi mühitində gənc və istedadlı yazarların cəmiyyətə tanıdılması yolunda gənc yazarlarla görüşlərin keçirilməsini təmin edirik. Bundan əlavə tanınmış mənəviyyat adamları ilə vaxtaşırı gənclərin görüşlərini təşkil etməkdəyik. Belə görüşlərdə ölkə gəncliyinin milli vətənpərvərlik və milli dövlətçilik prinsiplərinə sahib durmasının vacib önəmindən bəhs edilir. Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə” adlı layihəsinə dəstək verməklə respublikanın 10-dan çox rayonunda yerli gənclərlə görüşləri keçirilib. Az bir müddətdəYeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsinin “Sən də qoşul”, “Mövlanə mənəviyyatının işığında”, “Xeyriyyəçilik-saflığa aparan yol”, “8 Mart aksiyası”, “Müstəqilliyimizdə şəhidliyin rolu”, qardaş Türkiyənin Ankara şəhərində ODTÜ-də “Azərbaycan günləri” vəŞah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” adlı konfransımız ən yadda qalan layihələrimizdəndir. Bununla yanaşı təşkilat tərəfindən ahıllar da tez-tez ziyarət olunur. Elə bu günYeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Maştağa qəsəbəsindəki 1 saylı psixiatriya xəstəxanasında məskunlaşan ahılları ziyarət edib. Ahıllara bayram hədiyyəsi aparan birliyin sədri Sevinc Əzimbəyli ölkə vətəndaşlarını həmrəylik nümayiş etdirərək, xüsusi olaraq əlamətdar günlərdə imkansız və yardıma ehtiyacı olan insanlarımıza dəstək olmağa çağırıb.

Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsi olaraq ən əsas hədəfimiz millətimiz və dövlətimiz adına yorulmadan şərəfli mücadilə verməkdən ibarətdir. Düşünürəm ki, cənab Prezidentimizin biz gənclərə göstərdiyi böyük etimaddan bəhrələnərək dövlətçiliyimizin bütövlüyü və milli maraqlarımızın təmin olunması naminə mühüm işlərə nail olacağımıza inanıram.

Fuad Hüseynzadə

Palitra.-2013.-21 dekabr.-S.6.