Azərbaycan ilə Həştərxan vilayətini dostluq münasibətləri bağlayır

Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təqdim edilib

Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında görüş olub. Qubernator Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib: “Bu gün də Heydər Əliyev Fondunun dəstəyi ilə təntənəli tədbirlər həyata keçiriləcək”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qubernator Aleksandr Jilkinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib, bu gün knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçiriləcək. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, habelə Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak ediblər. Həştərxan vilayəti qubernatorunun administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təntənəli şəkildə təqdim edilib. Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim edib.

Mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

Bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar təltif edilir. İndiyədək Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülüblər.

 

Knyaz Vladimirin abidəsinin açılış mərasimi olub

Həmin gün Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Əvvəlcə Leyla xanım Əliyeva, Azərbaycan nümayəndə heyətinin təmsilçiləri və Həştərxan vilayətinin rəhbərləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Həştərxandakı abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Mərasimdə Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmiləri, Həştərxanın Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri iştirak ediblər. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, Knyaz Vladimirin abidəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. A. Jilkin vurğulayıb ki, bu abidə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən ilk layihə deyil: “Bu günə qədər Həştərxanda Heydər Əliyev parkı, məktəb, Rusiya-Azərbaycan dostluq körpüsü, uşaq şəhərciyi açılıb. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təsdiqidir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək III dərəcəli Müqəddəs Knyaginya Olqa ordeni ilə təltif olunduğuna görə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirib: “Bu, mənim üçün böyük şərəf və sevincdir. Bu gün Knyaz Vladimirin abidəsinin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri həmişə sülh, dostluq və həmrəylik şəraitində yaşamışlar. Bizim ölkəmizdə tolerantlıq məqsəd deyil, həyat tərzidir. Heydər Əliyev Fondu da öz fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirir”. Leyla Əliyeva qeyd edib ki, Azərbaycan ilə Həştərxan vilayətini sıx dostluq münasibətləri bağlayır: “Həştərxanda çoxlu müştərək layihələr həyata keçirilib. Bu gün də yeni uşaq bağçasının təməlqoyma mərasimi olacaq. Bundan əlavə, Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin regional bölməsi fəaliyyət göstərir. Həştərxan bölməsi RAGB-nin ən fəal qurumlarından biridir”. Sonra Knyaz Vladimirin abidəsi üzərinə müqəddəs su çilənib və xeyir-dua verilib. Xatırladaq ki, bu abidənin təməl daşı 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə qoyulub. Tuncdan hazırlanmış və qranit postament üzərində ucaldılmış abidənin hündürlüyü dörd metrdir. Abidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. Memarlıq kompozisiyasının əllifi Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin əllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və moskvalı heykəltəraş, Rusiyanın Xalq rəssamı Andrey Kovalçukdur. Abidə Bakıda hazırlanaraq Həştərxana çatdırılıb. Abidənin dörd tərəfində fəvvarələr qurulub. Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilib.

 

Yeni uşaq bağçasının təməli qoyulub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində tikilmişMeçtauşaq kafesinin də açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin kafenin rəmzi açılışını bildirən lenti kəsiblər. Uşaqlara yeni il hədiyyələri təqdim edilib. Kafe Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş uşaq şəhərciyinin yaxınlığında yerləşir. Uşaq şəhərciyinin açılışı 2012-ci il sentyabrın 12-də olub. Həmin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdi. Ümumi sahəsi 1200 kvadratmetrə yaxın olan şəhərcikdə yeddi böyük və bir neçə kiçik attraksion quraşdırılıb. Uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılıb. Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçirilib.

Şəhərin Bakinskaya küçəsində, Heydər Əliyev adına məktəblə üzbəüz yerləşəcək yeni uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək. Təməlqoyma mərasimindən sonra Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan bölməsinin nümayəndələri ilə görüşüb. RAGB-nin Həştərxan bölməsinin rəhbəri Elvin Hüseynov gənclər təşkilatının Həştərxanda fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, Həştərxan Vilayət Qubernatoru Administrasiyası bu bölməni vilayətdə ən yaxşı gənclər təşkilatı seçib. Onun sözlərinə görə, RAGB-nin Həştərxan bölməsi “Mersi Baku” adlı Şən və Hazırcavablar Klubu yaradıb. Bölmə vilayətdə müxtəlif mədəni, idman və elmi tədbirlərin təşkilində fəal iştirak edir.

Sonra Heydər Əliyev adına məktəbdəəllimlər və şagirdlərlə görüş olub. Məktəbin direktoru Tatyana Tixomirova Heydər Əliyev Fondu tərəfindən bu məktəbə göstərilən diqqətə görə təşəkkürünü bildirib. T. Tixomirova vurğulayıb ki, Heydər Əliyev adına orta məktəb hazırda Həştərxan vilayətində qabaqcıl təhsil ocaqlarından biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd edib ki, son illərdə Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib. O vurğulayıb ki, Fond təhsilin inkişafına xüsusi diqqət yetirir. Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada bir neçə təhsil layihəsi həyata keçirib. Leyla Əliyeva Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində gənclərin də böyük rol oynadığını qeyd edib. Sonra ilin ən yaxşı müəllimləri və şagirdləri təltif edilmişdir. Məktəbə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub.

Palitra.-2013.-21 dekabr.-S.4.