Cənubi Koreya səfirliyinin nümayəndəsi universitetdə

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Cha Chang-soon Naxçıvan Dövlət Universitetində olub. Diplomatik nümayəndə universitetin strukturu, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsindəki Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində Koreya dilinin tədrisi ilə yaxından tanış olub. Məlumat verilib ki, mərkəzdə Koreyanın tarixi, milli mədəniyyəti, ali təhsil sistemi ilə bağlı materiallar toplanıb. Hazırlıq kurslarında Koreya dilini universitetin Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı Canq Second tədris edir.

Rəsmi qəbul zamanı Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov qonağı salamlayaraq universitetin inkişaf yolu, maddi-texniki bazası və beynəlxalq əlaqələrindən danışıb. Qeyd olunub ki, bu ali məktəb dünyanın 80-dən çox tanınmış universiteti ilə, o cümlədən Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əməkdaşlığa malikdir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi həyata keçirilməkdədir. Koreyanın ali təhsil ocaqları ilə əlaqələrin inkişafı Asiya ilə əməkdaşlıq baxmından mühüm əhəmiyyət kəsb edir. Tələbə mobilliyinə əsasən universitetlər arasında tələbə mübadiləsi uğurla həyata keçirilir. Cha Chang-soon ölkələrarası münasibətlərin inkişafından, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindan bəhs edib. Bildirilib ki, səfirlik əlaqələrin davamlı inkişafı üçün öz köməkliyini əsirgəmyəcək. Görüşdə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin gerçəkləşdirilməsi ilə bağlı qarşıda duran növbəti vəzifələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, işgüzar səfərlər, tələbə mübadiləsi və digər müştərək tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Cha Chang-soon universitetdə təhsil alan koreyalı tələbələrlə görüşüb.

Mehriban SULTAN

Palitra.-2013.-24 dekabr.-S.13.