Aşkelon sakinləri Azərbaycanın mədəniyyəti, tarixi

və bu günü ilə tanış olublar 

 

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ölkənin cənubunda yerləşən Aşkelon şəhər bələdiyyəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bu şəhərin sakinlərini Azərbaycanın mədəniyyəti, tarixi və bugünkü reallıqları ilə tanış edib.

Azİz-in mətbuat xidmətindən bildiriblər ki, tədbirin əvvəlində 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələri əks etdirən sənədli fotoşəkillər nümayiş etdirilib. Aşkelon sakinləri bu dəhşətli fotoşəkillərə baxdıqdan sonra son dərəcə hiddətləndiklərini bildiriblər. Onların çoxu sadəcə inana bilmirdi ki, dinc sakinlərə qarşı bu qədər qeyri-insani qəddarlıq erməni separatçılarının işğalçılıq planlarının nəticəsi olub. Aşkelon şəhərinin sakinləri öz təəssüratlarını “Justice for Khojaly” sənədli fotosərgisinə dair Rəy Kitabında ifadə ediblər. Aşkelon şəhər merinin müavini Alik Soltanoviç də Xocalı faciəsi barədə öz fikrini Rəy Kitabına yazıb.

Tədbir iştirakçıları qarşısında çıxış edən A.Soltanoviç deyib ki, dünyada hələ də müharibələr, ərazi iddiaları və siyasətçilərin işğalçı məqsədləri ucbatından insanların bir-birini məhv etməsini, bütün bunların nəticəsində heç bir təqsiri olmayan dinc insanların həlak olmasını düşünəndə bir israilli kimi şəxsən onun ürəyi ağrıyır.

Aşkelon şəhər bələdiyyə şurasının üzvü Boris Manor da tədbir iştirakçılarını salamlayıb. O, informasiya baxımından zənginliyi ilə fərqlənən bu tədbirin yaxşı təşkil edilməsinə görə Azİz-in rəhbərliyinə təşəkkürünü bildirib.

Azİz yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı faciəsi, habelə bugünkü Azərbaycanın iqtisadi və mədəni inkişafı barədə məlumat verib.

Sonra müasir Azərbaycan haqqında sənədli film nümayiş etdirilmişdir. Gecənin sonunda israilli artistlər Azərbaycan incəsənətini təbliğ edən konsert proqramı ilə çıxış ediblər. Assosiasiyanın baş direktoru Lev Spivak tədbir iştirakçılarının diqqətinə görə onlara təşəkkür etmiş, bu tədbirin keçirilməsinə göstərilən köməyə görə Aşkelon şəhərinin rəhbərlərinə minnətdarlığını bildirib.

Zalda olan keçmiş bakılılar, habelə başqa icmaların nümayəndələri tədbirin təşkilatçılarına bu gözəl gecəyə, dünya şöhrətli “Natali” firmasına isə əla şirniyyatlara görə təşəkkür ediblər

 

İlkin

Palitra.- 2013.- 20 dekabr.- S. 8.