Belarusda Həmrəylik Günü
ilə bağlı tədbir keçirilib
M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti(BDPU) nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzində dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, tədbir Belarusun “Azərbaycan İcmaları Konqresi” gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasında video körpü şəklində təşkil olunub.
Qeyd olunan tədbirdə Belarus tərəfindən BDPU-nun Belarus və rus filologiyası fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Stariçenok Vasiliy Denisoviç, “Azərbaycan İcmaları Konqresi”nin nümayəndəsi Oleq Bədəlov, Minsk şəhərində təhsil alan azərbaycanlı və belaruslu tələbələr iştirak ediblər. M.Tank adına BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Eleonora Hüseynova tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik edib.
Tədbirdə BDPU-nun nəzdindəki BSU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzi, Belarusun “Azərbaycan icmaları Konqresi” gənclər bölməsi və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Sozvezdie" yaradıcı gənclər klubu arasındakı əməkdaşlığın gələcək perspektivləri, Azərbaycan gənclər təşkilatlarının ölkə xaricindəki fəaliyyəti müzakirə olunub.
Çıxış edən Belarusun “Azərbaycan İcmaları Konqresi”nin gənclər
bölməsinin rəhbəri Elvira İmanova qeyd edib ki, bu
tip video konfranslar nəinki xaricdə yaşayan
azərbaycanlı gəncləri yaxınlaşdırır, eyni zamanda, müxtəlif
ölkələrdə yaşayan gənclərin
informasiya mübadiləsinə zəmin
yaradır.
Tural
Palitra.- 2013.- 25 dekabr.- S. 7.