“Gənclərin vətənpərvər ruhda inkişafı üçün layihələr intensivləşir”

İlkin Abdiyev: “Xaricdə təhsil, gənclərimizə və cəmiyyətin inkişafına yaradılmış böyük şans və diqqətdir”

Layihə çərçivəsində müsahibimiz “Gənclərin Maarifləndirilməsinə Kömək” ictimai birliyinin sədri İlkin Abdiyevdir.

-Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsi barədə sizin bir gənc və QHT rəhbəri olaraq fikirlərinizi bilmək maraqlı olardı...

-Bir xalqın mövcudluğu üçün onun gənclərinin sağlam və vətənpərvərlik ruhunda yetişməsi çox vacib amildir. Bu sahədə Azərbaycanda müstəqilliyimiz bərqərar olandan və 1993-cü ildən güclənəndən bəri bir sıra, olduqca önəmli tədbirlər keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz 2011-ci ildə qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bunun sübutudur. Bu sərəncamla Azərbaycan gəncliyinin inkişafı öz yüksəlişinə daha da təkan verdi. Bundan başqa, müvafiq dövlət qurumlarının xətti və yaxından dəstəyi, eyni zamanda da vətəndaş cəmiyyəti institutlarının təşəbbüsləri və effektli layihələri ilə gənclərin vətəndaşlıq şüurunun və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün ardıcıl layihələr həyata keçirilir. Vətəndaş cəmiyyəti institutlarının son dövrlərdə bu sahəyə olan diqqəti daha da artırmaları gənclərin bu yöndə bilik və düşüncələrini daha da təkmilləşdirib. Həmçinin, dövlət bu sahədə maddi, texniki dəstəyə daha artıq önəm verməyə başlayıb ki, bu da gənclərin sözügedən istiqamətdə maarifləndirilməsi üçün olduqca münbit mühit yaradıb. Məhz bunun nəticəsidir ki, gənclərimiz hazırda milli inkişafa, milli dövlətçiliyə və vətənpərvərliyə yönəlik ideya və düşüncələrlə çıxış edirlər. Bundan başqa, xüsusilə gənclər təşkilatları bu yöndə olduqca aktivlik və mütəşəkkillik sərgiləməyə başlayıblar. Bu isə milli inkişafa öz töhfəsini verməkdədir.

-Dövlətçilik ruhunun güclənməsi və bu sahədə Azərbaycanın keçirdiyi tədbirlərlə bağlı hansı fikirləriniz var?

- Ümumiyyətlə, biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Gənclərin inkişaf etməsi üçün hər bir şərait yaradılıb. Onların xaricdə təhsil alması üçün dövlət şərait yaratmış, gənclərin maarifləndirilməsi, savadlı kadr kimi yetişməsi üçün hər cür qayğı göstərilir. Biz də “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi olaraq gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda milli-mənəvi dəyərləri aşılamaq üçün bir çox tədbirlər keçirmiş, dövlətimiz, vətənimiz üçün gənclərin maarifləndirilməsi istiqamətində bir çox layihələrə imza atmışıq. Bu layihələrdən biri dəRespublika gənclərinin təlimlər həftəsi” layihəsidir. Layihədə 12 regiondan seçilmiş gənclər Bakıya dəvət olunub və bir həftə ərzində onların maarifləndirilməsi üçün təlimlər keçirilib. Bu, keçirdiyimiz layihələrdən ən sonuncusu idi və uğurla başa çatdı.

 

“Ölkə daxilində də Avropa ölkələrindən heç də geri qalmayan mütəxəssislər formalaşdırmaq günün tələbinə

çevrilib

 

Ümumiyyətlə, mən deyərdim ki, bu gün, keçmişlə müqayisədə, gənclərin vətənpərvərliyi, təhsili, dövlətçilik şüurunun yüksəlişi, şəxsi düşüncüləri və intellektual səviyyəsi müsbət mənada olduqca fərqlənir. Maarifləndirmə təşkilatının sədri və ən əsası, bir gənc olaraq, öhdəliyimə düşən ümdə vəzifə bu yüksək səviyyənin qorunub saxlanması və daha da inkişaf etdirilməsində öz töhfəmizi verməkdir. Nəzərinizə çatdırdım ki, bu sahədə dövlətimiz gənclərə daimi və prinsipial olaraq dəstək verir və bu sahədə intensiv, effektli tədbirlər həyata keçirilir.

-Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində yüzlərlə gənc xarici universitetlərdə, yüksək səviyyəli ali təhsil alırlar və peşəkar mütəxəssis olub vətənə dönürlər. Ümumiyyətlə, gənclərin təhsili və eləcə də xaricdə təhsil məsələləri ilə bağlı nə deyərdiniz?

- Əslində bu sual digərlərinə nisbətən məni daha çox düşündürür və diqqətimi cəlb edir. Birinci olaraq qeyd edim ki, xaricdə təhsil almaq dövlətimiz tərəfindən gənclərimizə və cəmiyyətin inkişafına yaradılmış olduqca böyük şans və diqqətdir. Çünki yüksək ali təhsil verən xarici təhsil mərkəzlərində formalaşan gənclər ölkənin inkişafının avanqard qüvvəsi olacaq kadrlardırlar. Prezident, ölkə rəhbərliyi məhz belə bir gələcək üçün bu proqramın ərsəyə gəlməsini və reallaşmasını təmin edib. Buna görə də, bu proqramın bu gün uğurla reallaşması birmənalı olaraq alqışlanmalıdır. Eyni zamanda, xaricdə dövlətin dəstəyi ilə təhsil alan gənclər də öz məsuliyyətlərini və ölkənin onlardan gözlədiklərini tam dərk etməlidirlər. Bu baxımdan onlar təkcə özləri üçün yox, həm də bu ölkənin gələcəyi üçün də yaxşı mütəxəssis olacaqlarını qəti olaraq bilməli, buna uyğun daha yüksək stimulla təhsil almalıdırlar.

İkinci bir məqam kimi isə Azərbaycan təhsilinin, o cümlədən ali təhsilin səviyyəsinin daha da yüksəldilməsinin aktuallığını da qeyd etmək istərdim. Bu baxımdan təhsildə islahatların aparılması müşahidə edilir. Həmçinin, yeni mərhələdə təhsilimizdə köklü dəyişikliklər etmək, ölkə daxilində də savadlı, Avropa ölkələrindən heç də geri qalmayan mütəxəssislər formalaşdırmaq günün tələbinə çevrilib. Bu baxımdan gələcəkdə xaricdən Azərbaycana tələbə axınının gəlişinə daha da təkan vermək, dövlətimizdən və təhsilimizdən yüksək ixtisaslı kadrlar yetişdirərək dünya miqyasına çıxarmaq vacibdir.

-Siz bir gənc olaraq gənclərin təhsili, eləcə də məşğulluğu ilə bağlı hansı təklifləri verərdiniz?

- Gənclərin məşğulluq sahəsində təhsilini yüksək səviyyəyə çatdırmaq üçün birinci növbədə orta məktəb sistemində təhsilə ciddi diqqət yetirmək, ikinci növbədə ali təhsil müəssisələrində yüksək səviyyəli ixtisaslı kadrların seçilməsinə şərait yaratmaq olduqca vacib şərtlərdən biridir. Hamımıza bəllidir ki, hər bir tələbənin şəxsi maraqları və şəxsi düşüncələri var. Və bu düşüncələrdə onların istedadı və bacarıqları əks olunmuşdur. Biz hər tələbənin, daha doğrusu, məzunun arzu və istəyinə uyğun olaraq, onları bacardıqları işlə təmin etsək, məşğulluq sahəsində heç bir boşluq qalmaz və təhsil və iqtisadiyyatımız 90% yüksəlmiş olar. Hazırda, savadlı gənclər işlə təmin olunur, yüksəkmaaşlı işlərdə irəli çəkilirlər. Bu, çox yaxşı bir tendensiyadır. Ümumilikdə gənclərin məşğulluq səviyyəsi olduqca yüksəlib. Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün dövlət tərəfindən daim qayğı və diqqət göstərilir, müvafiq qurumlar vasitəsilə gənclərin yüksək səviyyədə məşğulluğunun artırılmasına çox ciddi yanaşılır. O da göründüyü kimi, günü-gündən çiçəklənən, inkişaf edən müstəqil respublikamızda gənclərə xüsusi diqqət ayrılır və zaman keçdikcə gənclər rəhbər vəzifəyə təyin olunur. İnanırıq ki, dövlətin biz gənclərə ayırdığı diqqət və qayğı hədər getməyəcək. Layiqincə təyin olunan vəzifələri yerinə yetirərək, dövlətimizin inkişafına dəstək, töhfə gənclər tərəfindən lazımi səviyyədə veriləcək. Həmçinin, tarixin şanlı səhifələrindəQarabağ Azərbaycanındır”, “Qarabağ Azərbaycana qaytarıldı” deyə iz qoyacağıq və bütün dünya gələcəkdə işğal olunmuş torpaqlarımızı geri almış Azərbaycanın daha yüksək templə, bütün resursları və potensialı ilə inkişafının şahidi olacaq.

İlkin AĞAYEV

Palitra.-2013.-27 dekabr.-S.10.