“Gənc alimlər dövlət qayğısı ilə tam əhatə olunurlar”
Kamilə Əliyeva: “Bu gün “Elm siyasəti haqqında” qanunun qəbul edilməsinə böyük ehtiyac var”
Layihə çərçivəsində millət vəkili, Bakı Dövlət Universitetinin professoru
Kamilə Əliyevayla müsahibəni təqdim edirik
-Kamilə
xanım, ölkəmizin ümumi
inkişafının təmin olunmasında elm və təhsilin
hansı rolu var?
-Hamıya məlumdur ki, son illər Azərbaycan, sosial- iqtisadi inkişafına görə MDB ölkələri arasında liderliyini qoruyub saxlayır. Bu gün Azərbaycanın siyasi və iqtisadi cəhətdən sürətlə inkişafında elm və təhsilimiz heç də az rol oynamır. Bildiyimiz kimi, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə bu inkişafı təmin edən ən başlıca amillərdən biri, mən deyərdim ki, ən birincisi elm və təhsilə dövlət tərəfindən göstərilən böyük diqqətdir. Azərbaycanda da, bu cür inkişaf tempini sürətləndirmək üçün yüksək savada malik kadrlar yetişdirilməlidir. Bu işi də Azərbaycan elmi və təhsili öz üzərinə götürür və ləyaqətlə də yerinə yetirmiş olur.
Elm və təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqətindədir. Ölkəmizin nəinki paytaxtında, eləcə də bütün regionlarında yerləşən məktəbləri yenidən qurulur, abadlaşdırlır, təmir edilir, maddi-texniki baza ilə təmin edilir. Eyni zamanda müasir tələblərə uyğun məktəblər tikilir. Bu işdə dövlət başçısı ilə yanaşı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da müstəsna rolunu qeyd etmək vacibdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına respublika ərazisində saysız təhsil ocaqları tikilir. Təsadüfi deyil ki, Prezident 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu strategiya gələcəkdə elm və təhsilin daha da inkişaf etdirilməsinə böyük bir təkan verəcək. İnanıram ki, Azərbaycan təhsili dünya təhsil sisteminə bərabər təhsilə çevrilə biləcək.
- Bu
günlərdə Azərbaycan
Müəllimlərinin XIV
Qurultayı keçirildi. Bu
qurultayda hansı təkliflər
irəli
sürüldü?
- Qurultay, çox yüksək səviyyədə təşkil olundu. Təhsil sahəsində bir çox islahatların aparılması ilə bağlı məlumat verildi. Bu haqda təhsil naziri Mikayıl Cabbarov geniş çıxış etdi. Mən də bir təhsil işçisi olaraq bunu çox yüksək qiymətləndirirəm. Analiz etdikdə bu qənaətə gəlirik ki, aparılacaq bu islahatlar nəticəsində Azərbaycanın elm və təhsili sahəsində yeni, böyük imkanlar açılacaq və böyük nailiyyətlər əldə olunacaq.
-Hazırda, Milli Məclisin Elm və təhsil
komitəsində
hansı qanunların müzakirəsi aparılır?
- Öncə bildirim ki, parlamentarilərimiz qanun layihələrinin hazırlanmasında çox səmərəli fəaliyyət göstərirlər. Onu da qeyd etmək yerinə düşər ki, IV çağırış Milli Məclisdə təmsil olunan millət vəkilləri həqiqətən çox bilikli, savadlı və öz peşələrinin professionalları sayıla bilər. Milli Məclisin Elm və təhsil komitəsinin Azərbaycanda bu sahələrin inkişafında böyük rolu var. Bugünə qədər bizim komitədə həm elmin, həm də təhsilin inkişafı ilə əlaqədar bir çox qanun layihələri müzakirə olunub, sonradan plenar iclasa çıxarılıb və qəbul olunub. Bunlardan artıq qüvvədə olan “Təhsil haqqında” qanunu qeyd etmək olar. Sonrakı müddətlərdə lazım olduqda “Təhsil haqqında” qanuna dəyişikliklər edilib. Məsələn, 2013-ci ilin 19 aprelində Milli Məclisə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinə dəyişikliyin edilməsi təklifi daxil olub. Bunun da məğzi ondan ibarətdir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, orta və ali ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə, bu vəsait dövlət büdcəsindən ödəniləcək. Bu da valideynini itirmiş uşaqlara hava və su kimi lazımdır. Qanuna dəyişiklik Milli Məclisdə müzakirə olundu və yekdilliklə qəbul olundu.
Hazırda “Elm siyasəti haqqında” qanun üzərində qızğın işlər gedir, müzakirələr aparılır. Bu çox mühüm, gələcəkdə Azərbaycan elminə öz töhfəsini verə biləcək bir qanun layihəsidir. Yəni bunu tələm-tələsik qəbul etmək olmaz. Bəzi nüanslar üzərində işlənilir deyə qanunun plenar iclasın müzakirəsinə çıxarılması bir az ləngiyir. Güman edirəm ki, yaz sessiyasında, biz bu qanunu plenar iclasda müzakirə edəcəyik. Çünki bu gün Azərbaycan Respublikasında bu qanunun qəbul edilməsinə böyük ehtiyac var. Bu qanun, qəbul olunmaqla demək olar ki, həm elm, həm də təhsil sahəsində olan bir sıra problemlər öz həllini tapmış olacaq.
-Siz
həm
də
Bakı Dövlət Universitetinin
müəlliməsi olaraq,
bugünkü gənclərin
elm və təhsilə
olan marağını necə
qiymətləndirirsiz?
- Bir müəllimə olaraq tələbələrlə ünsiyyətdə olduğuma görə belə bir qənaətə gəlirəm ki, yenidən müstəqillik əldə etdikdən sonra ilk vaxtlar hakimiyyətdə olanların səriştəsiz fəaliyyəti, elmə diqqət yetirməmələri nəticəsində gənclərin bu sahəyə marağı xeyli azalmışdı. Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra elm sahəsində böyük bir dönüş yarandı. Və bu gün Prezident İlham Əliyevin də elmə verdiyi önəm və diqqət gənclər arasında böyük bir ruh yüksəkliyi yaradıb. Bu baxımdan cənab Prezidentin minlərlə gəncin inkişaf etmiş xarici ölkələrin aparıcı universitetlərində təhsillərini davam etdirmək üçün yaratdığı şəraiti qeyd etmək olar. Bu, dövlətimizin təhsilə verdiyi qiymətin göstəricisidir. Mən çox sevinirəm ki, Azərbaycanda universitetlər, eləcə də mənim çalışdığım Bakı Dövlət Universitetində də gənclərin elmə marağının artdığının şahidi oluram. Yəni, bu gün auditoriyada əyləşən gənclər 20 il bundan əvvəlki gənclərdən istər savad, istər məntiq, istər xarici dillərə yiyələnmək cəhətdən çox üstündürlər. Bu, auditoriyaya daxil olan müəllimlərimizin də məsuliyyətini artırmış olur, onların da öz üzərində işləmələrinə şərait yaradır.
Mən indiki gənclərin elm və təhsilə olan marağından çox razıyam. Amma burada bir nüansı qeyd etmək istərdim. Son zamanlar magistraturaya daxil olmaq, sonradan təhsilini doktoranturada davam etdirmək üçün oğlanların marağı azalıb. Bizdə bu baxımdan qızlar üstünlük təşkil edir. Məncə, bunun bir səbəbi hərbi xidmətlə əlaqədardır. Dəfələrlə biz Milli Məclisdə bildirmişik ki, oğlanlara magistraturada və doktoranturada oxuyan müddətdə möhlət verilsin. Onlar bakalavrı qurtardıqdan sonra gedib bir il hərbi xidməti çəkib gəlirlər. Amma bundan sonra çox vaxt, elmdən ayrılıb başqa sahəyə yönəlirlər. Yəni, elmdən uzaqlaşmış olurlar. Onsuz da onlar hərbi xidmətdən yayınmayacaqlar. Güman etmirəm ki, bu möhlətin verilməsi bizim ordumuza elə də ciddi ziyan gətirsin.
-“Elm
siyasəti
haqqında” qanunda bu məsələnin
həlli
nəzərdə
tutulubmu?
-Bu məsələylə bağlı demək olar ki, bizim bütün təhsil işçiləri razıdır. Bilirsiniz ki, bizim komitənin əksər üzvləri ali məktəb rektorlarıdır. Onlar hamısı bu məsələni qaldırıblar. “Elm siyasəti haqqında” qanun layihəsi əgər qüvvəyə minsə, orada da yəqin ki, bu məsələlər müsbət həllini tapmış olar.
-Azərbaycanın
gənc
alimləri,
bu gün nə
dərəcədə
dövlət qayğısı ilə
əhatə
olunublar?
-Ümumiyyətlə, dövlət başçısı hər sahədə olduğu kimi elm və təhsil sahəsində də gənc alimlərə qayğıyla yanaşır. Bu danılmaz bir faktdır. Gənc alimlərə xaricdə ixtisaslarını təkmilləşdirmək üçün şərait yaradılır. Ölkə başçısı həm maddi, həm də mənəvi cəhətdən bu vəzifələri öz üzərinə götürür. Bu gün gənc alimlər dövlət qayğısı ilə tam əhatə olunurlar. Onlar xaricdə təhsil alıb qayıtdıqdan sonra da iş məsələləri həll olunur. Özüm ixtisasca genetik olduğuma görə, tibb sahəsindən nümunə gətirmək istəyirəm. Azərbaycanda digər sahələrdə olduğu kimi tibb sahəsində də yeniliklər aydın görünür. Son illər beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri tikilir. Bu səhiyyə ocaqlarının hamısı müasir tibbi cihazlarla təmin edilir. Gənc həkimlər bu cihazlardan istifadə etməyi öyrənmək üçün xaricə göndərilir. Ayrıca həkimlər xaricə ixtisasartırmalara gedirlər. Tibb sahəsindəki elmi yeniliklər gənc alimlərimizin nailiyyətlərinin nəticəsidir. Eyni zamanda ürək, böyrək, qaraciyər transplantasiyaları üçün artıq xaricə üz tutmağa ehtiyac yoxdur. Bu cərrahiyyə əməliyyatlarının əksəriyyətini bizim gənc alimlərimiz aparırlar. Bütün bunlar dövlətin gənc alimlərə qayğısı deyilmi? Bunların hamısı respublikamız üçün edilir. Cənab Prezident çalışır ki, Azərbaycanın elm və təhsili yüksək səviyyəyə çatdırılsın və gənclərin daha xaricə təhsil almağa getməsinə ehtiyac qalmasın. Yəni, bizim təhsilimiz üçün şərait, elmi-tədqiqat laboratoriyaları o səviyyəyə çatsın ki, artıq bizim gənclər elə öz respublikamızda bu bilik və nailiyyətləri əldə etmiş olsunlar.
Fuad Hüseynzadə
Palitra.-2013.-28
dekabr.-S.10.