“Fransızlar anlayırlar ki,
ermənilər tərəfindən aldadılıblar”
Vüsal
Hüseynov: “Prezidenti olduğum təşkilata
indiyə
kimi ancaq fransızlar rəhbərlik
etmişdi”
Vüsal Hüseynov xüsusi təqdimata ehtiyacı olmayan gənclərimizdəndir. Ali təhsilini Fransada davam etdirən Vüsalı Azərbaycan ictimaiyyəti daha çox 2013-cü il fevralın 26-da demokratiyanın mərkəzi sayılan Fransa Parlamentində təşkil olunan tədbirdə haqq səsini ucaltdığı üçün ermənilər tərəfindən fiziki təzyiqlərə məruz qalandan sonra tanıyıb. Bu gün isə biz Vüsal Hüseynovu oxuculara daha geniş şəkildə təqdim edib, onun elmi axtarışlarını, diaspor fəaliyyəti və qazandığı uğurları barədə söhbət açacağıq.
- Vüsal,
oxucularımızın sizi ətraflı
tanıması üçün ilk olaraq özünüz barədə
danışardınız.
-1986-cı il apreldin 13-də Gürcüstanın Rustavi şəhərində anadan olmuşam. Ailəmiz ziyalı ailəsi olub və atam riyaziyyat müəllimi işləyib. 1995-ci ildə Bakıya köçdük və təhsilimi burada davam etdirib 49, 91 saylı orta məktəblərdə və sonda isə Həbib bəy Mahmudbəyov adına Humanitar Texniki Elmlər Liseyində oxudum. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyatın idarəedilməsi fakültəsinə daxil oldum. 2007-ci ildə buranı müvəffəqiyyətlə bitirdikdən sonra magistraturaya sənəd verdim və fakültəmizdə ən yüksək bal toplayaraq magistr təhsilimə başladım. Daha sonra akademik məzuniyyət götürüb hərbi xidmətə getdim. 9 ay xidmət etdikdən sonra Təlim Tədris Mərkəzinə göndərildim və leytenant rütbəsi aldıqdan sonra taqım komandiri kimi ehtiyata buraxıldım. Magistr pilləsini bitirdikdən sonra müxtəlif sahələrdə fəaliyyət göstərmişəm. Dəmir yolu, metro,bank və dəniz neft kəşfiyyatı sektorunda çalışdıqdan sonra, hazırlaşıb doktoranturaya sənəd verdim, Texniki Universitetə qəbul oldum.
- Bəs, Fransaya gedən yol haradan başladı?
- Elə bu doktorantura təhsilindən sonra həmin yola üz tutdum. Mənim
elmi rəhbərim Mustafa
Babanlının fransız alimləri
ilə sıx
münasibətləri var idi. Onun fransız alimləri
ilə müştərək layihələri çox
olmuşdu. Belə
qərara gəldik ki, ingilis dilini
yaxşı bildiyim üçün elmi-tədqiqat işinin yarısını
Azərbaycanda,
yarısını isə
Fransada apara bilərəm. Bu həm mənim üçün
təcrübə olar, həm də xarici ölkədə bilik öyrənmək
tədqiqat işlərimə müsbət təsir edərdi. Beləcə, 2012-ci ilin oktyabr
ayında Fransaya getdim və
orada yaxşı qarşılandım. Hətta tez bir zamanda
Parisdə rəğbət qazanaraq öz
mövqeyimi tuta bildim. Parisin məşhur “Paris 6”
universitetində təhsilimə başladım.
Burada ATCP adlanan məşhur
doktorantlar təşkilatı
var. Təşkilatda
doktorantlar toplaşıb və
burada üç ildən
bir doktorantlar arasında prezident seçkiləri keçirilir. Sevindirici
haldır ki, mən bu təşkilata namizədliyimi verəndən sonra mənə etimad göstərib 3 il müddətinə ATCP-yə prezident seçdilər. Bu
fransızların təşkilatıdır
və ilk dəfədir ki, təşkilata
xarici vətəndaş prezident
seçilir. Quruma indiyə kimi ancaq fransızlar rəhbərlik etmişdi.
- Bir qədər rəhbər seçildiyiniz bu təşkilat barədə ətraflı
danışardınız.
- ATCP-nin
40 ilə yaxın tarixi var. Onun tərkibində 120-yə yaxın doktorant fəaliyyət göstərir. Bu doktorantlar da hər il yenilənirlər. Artıq mən təşkilatın rəhbəri olduğum üçün burada
təmsil olunanlar
ölkəmiz barədə kifayət
qədər məlumatlanıblar.
Hətta
bu doktorantlarda Azərbaycan
barədə böyük rəğbət də formalaşıb.
İnşallah, gələcəkdə bu təşkilatda Azərbaycanla bağlı ən azı il ərzində iki dəfə tədbir qeyd etməyi planlaşdırıram. Bu
da Azərbaycan günləri və s. formasında olacaq. Belə olan təqdirdə doktorantlarla bərabər professor-müəllim heyəti də ölkəmiz haqqında ətraflı biliklər öyrənəcək,
məlumatlanacaqlar.
Magistr və
bakalavr pilləsində olan tələbələr də burada aktiv
iştirak edəcəklər. Elə təbliğ olunası elm
adamlarımız, ziyalılar olmalıdır ki, biz onlar haqda məlumat verib,
tanışlıqlar yaradandan sonra bu fransız tələbələr gələcəkdə professor, müəllim olanda ən azı dərs dediyi zaman ölkəmizin adını çəksə, tanınmış
ziyalımızı misal çəkə bilsin və bu da bizim üçün
böyük uğur sayılar.
- Bəlkə bu təşkilata rəhbərlik etməyinizdən daha geniş istifadə edəsiniz?
-
Haqlısınız. Sözün düzü, mən bir layihə hazırlayıb Gənclər və İdman Nazirliyinə təqdim etmişəm. Burada qeyd
etmişəm ki,
Fransadakı doktorant və
elmi-tədqiqat
işçilərini
forum əsnasında
Azərbaycana dəvət etmək
istəyirəm. Gənclərin də qatılacağı bu layihə təsdiqini taparsa, gələcəkdə reallaşması
üçün nazirlik buna öz köməyini göstərsə, düşünürəm ki, bu uğurlu bir addım ola bilər. Daha sonra istərdim
ki, diasporumuzla bu barədə müzakirələr aparıb universitetimizdə Novruz
bayramını geniş şəkildə, təbliğat formasında
qeyd edək. Aktiv təbliğata
ən qədim
bayramlarımızdan olan Novruzun qeyd olunmasıyla başlamaq əla olardı. Sonra yavaş-yavaş tədbirləri sıralamağa
çalışacam. Mənim təşkilata rəhbər kimi təsdiq olunmağım bir qədər uzun müddət çəkdi və sonra parlamentdə məlum olaylar baş verdi deyə, baş qarışdı və xeyli tədbir keçirməyə zaman və imkanım olmadı. Amma indi düşünürəm
ki, qarşıda bizi geniş imkanlar gözləyir. Hələ ki, özüm təkbaşına belə bir layihəni
hazırlaya və
nazirliyimizə təqdim edə bilmişəm. Təşkilata rəhbərliyimdən istifadə edib gələcəkdə buradakı elm
adamlarını Fransaya da apara bilərik və bu ölkədə apardığımız
elmi-tədqiqat işləri ilə onları da tanış edərik. Azərbaycanda texniki sahə üzrə elmi-tədqiqat işləri son dövrlərə qədər çox zəif olub. Amma son 5 ildə
Prezidentimizin bəzi
sərəncamlarından,
dövlət
proqramlarından və
konsepsiyalarından sonra texniki sahə,
sənaye və s.-də olan sürətli inkişaf nəzərə
çarpdı. Yenə
də bizdə bəzi boşluqlar qalır ki,
düşünürəm,
burada da fransız elm adamlarının təcrübəsindən,
texnologiyalarından yararlanmaq olar. Gənc mühəndisləri Fransaya aparıb
oradakı tədqiqat
işlərinə qatmaqla
yanaşı onların alimlərilə də tanışlıq əlaqələrini yarada bilərik. Bu, gələcəkdə müştərək işlərin
aparılması üçün çox önəmlidir.
- Xaricdə oxuyan bir gəncin ictimai işlərdə fəallığı nə dərəcədə önəmlidir?
- Bunun
önəmi böyükdür. Mən ictimai işlərlə
hələ Texniki Universitetdə oxuyarkən məşğul
olmuşam. Əvvəl həmkarlar təşkilatı, daha sonra isə universitetin tələbə gənclər təşkilatında fəal olmuşam. Bu illər ərzində
həmişə Azərbaycanı təbliğ etməyi öyrəndim. Fransaya gedəndən sonra da orada ölkəmizin təbliği ilə bağlı aktiv
oldum. Bildiyiniz kimi Fransada erməni diasporu çox
güclüdür. Bu səbəbdən də Azərbaycanın Fransada təbliğinə və diaspor işlərinin gücləndirilməsinə çox
böyük ehtiyac var. Burada da ictimai işlərdə
fəal olmaq
mühüm rol oynayır. Çox təəssüf ki,
onların güclü lobbisinin olmağı ilə əlaqədar
olaraq Fransada türklərə və azərbaycanlılara
bir qədər laqeydlik yaranıb.
Fransaya ayaq basanda da ilk olaraq bu halı sezə bildim. Lakin zaman keçdikcə,
insanlar məni şəxsən tanıyandan sonra onların
münasibətləri xeyli dəyişdi. Belə bir
deyim var ki, “Azərbaycanı
sevmək
üçün sadəcə onu tanımaq
lazımdır”. Azərbaycanlıları
sevmək
üçün onlarla azacıq birlikdə
vaxt keçirərək onların xasiyyətlərini tanımağın yetər. Bu, Fransada da dəfələrlə
sübut olunub ki, fransızlar azərbaycanlılarla
sıx ünsiyyətdə olandan sonra
görürlər
ki, bizim haqqımızda illərlə
formalaşdırılan fikirlər
yanlış imiş.
Bu ölkədə olan Azərbaycan diasporu, eləcə də tələbələr aktivliklərini ildən-ilə xeyli artırırlar desəm, yanılmaram. Buna isə Azərbaycan və Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, xanım Mehriban Əliyevanın və Azərbaycanın Fransadakı səfirliyinin orada yaşayan
soydaşlarımıza diqqəti, Fransada həyata keçirilmiş
çox böyük və vacib layihələr birbaşa səbəb olmuşdu. Bəlkə də bu fikirlər
bir qədər böyük
görünə bilər, amma həqiqətən də
aktivlik göstərən
soydaşlarımızın da fəaliyyətinin müsbət nəticəsinin hər yerdə şahidi oluram.
Baxmayaraq ki, sayımız çox azdır, yenə də aktivlik göstərməyə çalışan
diasporumuzu alqışlamaq lazımdır. Bilirsiniz ki,
Avropa ölkələri arasında Fransa, azərbaycanlıların ən az
getdiyi ölkələrdən biridir. Almaniya, İngiltərə ilə
müqayisədə, tələbələrimiz də bura çox üz
tutmurlar. Hətta
İspaniya və
İtaliyanın özündə
də kifayət qədər aktivik.
- Sizcə, bu nə ilə bağlıdır? Burada erməni
lobbisinin təsiri ilə formalaşan
yanlış fikirlərin
rolu varmı?
-Həm o məqam, həm də uzun müddət belə qayda olub ki, Fransaya
oxumağa gələnlər mütləq şəkildə fransız dilini bilməli idilər. Lakin son
dövrlərdə artıq ingilisdilli
təhsil burada
inkişaf edib. Artıq bu da tələbələrimizin Fransaya nisbətən üstünlük verməsinə də təsir
edib. Bizdə fransız dilinin təbliği, öyrədilməsi prosesi də ləngiyib deyə, bu ölkədə sayımız nisbətən az olub.
- Diasporumuzun fəaliyyətini necə, qənaətbəxş saymaq olar?
-
Azsaylı diasporumuzun fəaliyyətinə gəldikdə isə mən bunu qənaətbəxş hesab edirəm. Artıq burada 3 qeyri-hökumət təşkilatı aktiv fəaliyyət göstərir. Bunlardan biri bizim “TEAS”, digəri
“Azərbaycan evi” və “Ulduz” təşkilatıdır.
“Azərbaycan
evi”nin tarixi əslində 90-cı illərin əvvəlinə gedir. 1991-ci
ildə yaradılan
bu təşkilat
sonradan fəaliyyətini müəyyən səbəblərə
görə
dayandırmışdı. 2012-ci ildə yenidən azərbaycanlı gənclər onun fəaliyyətini bərpa etdilər. Hər 3 təşkilat Azərbaycan mədəniyyətini
təbliğ edir və diaspor işləri görərək azərbaycanlıları
öz ətraflarına
toplamağa çalışır. Azərbaycanlı tələbələr də bu təşkilatları dəstəkləyir,
onlarla həmrəy olurlar. Çalışırlar ki, hər bir layihələrdə aktiv olsunlar və təşkilati
məsələlərdə iştirak edirlər.
- Erməni tələbələrin gənclərimizə maneələri olurmu?
- Hər bir vasitə ilə erməni diasporu istəyir ki, ölkəmizin nüfuzunu
aşağı salsın. Buna nümunə olaraq şəxsən şahidi olduğum bir faktı
qeyd edə bilərəm ki, 2013-cü ilin fevralında
“TEAS” Xocalı ilə
bağlı bir tədbir
keçirirdi. Bu, bir bəstəkarın
Xocalıya aid bəstəsinin canlı təqdimatı idi. Bura xeyli sayda fransızlar, xarici ölkə vətəndaşları
və azərbaycanlılar da
toplaşmışdılar. Ermənilər bundan qorxuya
düşdülər
və hiddətlərini özlərinə məxsus şəkildə göstərməyə
çalışdılar. Onlar bu tədbirimizə qarşı
broşürlər
çap etdirib tədbirin
reallaşdığı kilsənin
girişində -
pilləkəndə duraraq gələnlərə
bu broşürlərı
paylayırdılar. Erməni tələbələr
tədbirimizi bu yolla
boykot etmək istəyirdilər. Broşürlərdə isə
yazmışdılar ki, guya Xocalı uydurma hadisədir. Bundan başqa, türklərə və azərbaycanlılara
qarşı erməni
lobbisinin illər
boyu apardığı antitəbliğat
kampaniyaları nəticəsində müəyyən qədər biz tələbələrə qarşı soyuq münasibət hiss olunur. Amma belə
tədbirlərdə söhbət
əsnasında əsl türk, azərbaycanlını
tanıyan yerli əhali
yanlış məlumatlandırıldığını
anlayır. Biz onları haqlı suallar və faktlar
qarşısında qoyanda, etiraf etməsələr də
anlayırlar ki, aldadılıblar.
Düşünürəm ki, tələbələrimiz onların hər hansı bir provakasiyasına cavab verməməlidir. Hər işimizi ağıllı şəkildə qurmalıyıq və başımızı aşağı salıb öz işimizlə məşğul olmalıyıq. Biz əməldə necə olduğumuzu göstərməliyik, onlar isə sözdə.
Tural
Tağıyev
Ardı var
Palitra.-2013.-29 dekabr.-S.6.