Azərbaycan fəlsəfi şeirinin
görkəmli nümayəndəsi - Bəxtiyar Vahabzadə
Artıq
beşinci ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik
Bəxtiyar Vahabzadə aramızda yoxdur. Adətən,
böyük sənətkarlar haqqında çıxış
etmək yüksək səviyyəli mütəxəssislərin
işidir. Lakin şairə olan böyük el məhəbbətinə
görə bu haqda danışmaq və yazmaq hər bir
ziyalının mənəvi borcu və şərəf
işi hesab olunur.
Bəxtiyar
Vahabzadə həm xalq şairidir, həm də xalqın
şairidir. Azərbaycan xalqı, həqiqətən, şair
xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin
bunların içərisində Bəxtiyar Vahabzadə
şeiriyyatının özünəməxsus yeri vardır.
Bəxtiyar
Vahabzadə yaradıcılığının palitrası
çoxşahəli və rəngarəngdir. Onun bütün
yaradıcılığı üçün fəlsəfi xətt,
xüsusilə, xarakterikdir. Bəxtiyar Vahabzadə
yaradıcılığında vətəndaş
mövzusunun xüsusi yeri vardır. Təsadüfi deyildir ki,
o, “Vətəndaş” şeirində göstərir:
Vətəndaş!
Nə
gözəl səslənir bu söz.
Yəni
- bir Vətənin övladıyıq biz.
Anamız
eynidir,
Qardaşıq,
demək.
Mən
sənə arxayam,
Sən
mənə kömək.
Bəxtiyar
Vahabzadənin sadəliyi bir də ondan görünür ki,
şairin heç vaxt təxəllüsü olmayıb, o, həmişə
öz adı və soyadı ilə çıxış edib.
Şair “Özümdən narazıyam” şeirində belə
ifad edib:
Bizim
sənət dünyasının
Qırıq
telli sazıyam.
Bircə
bundan razıyam ki,
Özümdən
narazıyam.
Böyük
şair “Yaşaya-yaşaya yaşamayan var” şeirində
göstərir:
Sən
bütün sulardan qupquru çıxdın
Düzəlir
ən çətin işin bir anda.
Kim
deyə bilər ki, bir yol karıxdın,
Məgər danışdın ki,
karıxasan da…
Susmaqdır ən böyük
silahın sənin
Olmadı heç zaman «günahın» sənin.
Xalqın birliyi məsələsi həmişə Bəxtiyar
Vahabzadə yaradıcılığında
özünü büruzə
verib və o, xalqı həmişə birliyə çağırıb. Xalqın birliyi
isə bizə bu gün daha
çox vacibdir.
Böyük şair öz yaradıcılığında ana dilinin saflığının
qorunmasına, bu dilin müqəddəsliyinə
və təbliğinə
xüsusi yer ayırıb. Təsadüfi deyil ki, Bəxtiyar
Vahabzadə “Ana dili” şeirində göstərir:
Dil açanda ilk dəfə
“ana” söyləyirdik
biz,
“Ana dili” adlanır
bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı
anamız öz südüylə
İçirir ruhumuza bu dildə
gilə-gilə.
Bu dil - bizim ruhumuz,
eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə
əhdi-peymanımızdır.
Bu dil - tanıtmış
bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın
bizə
miras verdiyi
Qiymətli xəzinədir…
onu gözlərimiztək
Qoruyub, nəsillərə
biz də hədiyyə verək
Öz ana dilində danışmayanları,
ana dilində danışmağı özlərinə
ar bilənləri böyük şair yaradıcılığında kəskin tənqid edib. O, həmin şeirində
daha sonra göstərir:
Ey öz doğma dilində
danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi
sizlərə qənim
olsun.
Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirəlayiq olub. Ona görə
də, onun xidmətləri dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilib. Belə ki, bir neçə
çağırış Azərbaycan Respublikası
Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş
Bəxtiyar Vahabzadə
xalqımızın həyatının
ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə
əsl vətənpərvər
ziyalı mövqeyi nümayiş etdirib.
Bəxtiyar Vahabzadənin ədəbi-elmi
və ictimai fəaliyyəti yüksək
qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan
Respublikasının ali dövlət təltifi olan “İstiqlal” ordeninə layiq görülüb. Şairin yaradıcılığı keçmiş
sovet məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin Dövlət mükafatına
da layiq görülmüşdü. Onun yaradıcılığı
Türkiyədə də,
həmçinin türkdilli
ölkələrin hamısında
sevilir və yüksək qiymətləndirilir.
Mən deyərdim
ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi
şeirinin bel sütunu qırıldı. Təsadüfi deyil ki, Bəxtiyar
Vahabzadə təkcə
Azərbaycan xalqının
deyil, bütün türk dünyasının
böyük, sevimli və əbədiyaşar
şairidir. Bəxtiyar
Vahabzadənin türkçülüyü
onun aşağıdakı
misralarından daha aydın görünür:
Mən
ilk qaynağımdan
türk oğlu türkəm!
Sübutdur, dəlildir ağlın
qibləsi,
Dəyişə bilərsən adımı
ancaq.
Canım
çıxanadək qəlbimin
səsi,
“Türkəm” gerçəyini
pıçıldayacaq.
Böyük şair həmişə özünə qarşı
tələbkar olub, həyatı boyu öz yaradıcılığına
tənqidi yanaşıb. Amma bu fikir onun
“Layiqəmmi mən?” şeirində daha bariz şəkildə özünü büruzə
verib:
Atalar sözləri öyüddür
bizə,
Yüz illər,
min illər deyiləcəkdir.
“Elə yaxşılığı,
sən at dənizə,
Balıq bilməsə də, xaliq biləcəkdir”.
Ölməz şair öz yaradıcılığında fiziki ölümlə mənəvi ölümü
həmişə fərqləndirməyə
çalışıb və
fiziki ölümü
deyil, mənəvi ölümü faciə sayıb. O, bu fikri aşağıdakı misralarda
daha poetik və fəlsəfi mənada daha dəqiq işlədib:
Ölüm belə qəm deyil,
bu həyatı duyana,
Mən bu ağ
saçlarımla
öyünürəm, ay ana!
Qara, şəvə saçları
təbiət vermiş
mənə,
Mən güvənə
bilmərəm onun bu töhfəsinə,
Zəhməti, həyatımın
ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda
mən özüm qazanmışam.
Bəxtiyar Vahabzadə öz yaradıcılığında qədim xalq sənətini, o cümlədən,
Azərbaycanın qədim
mədəniyyət incilərindən
olan muğamlarımızı
yüksək qiymətləndirib. Təsadüfi
deyildir ki, şair “Muğam” şeirində belə deyir:
Dəfn
edin siz məni
Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə,
məni bir gün oyandırdı muğam.
Çox
kitablar oxudum,
zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi
ahəstə
qandırdı muğam.
Təbii ki, bir məqalədə
özü də mütəxəssis olmayan
tərəfindən Bəxtiyar
Vahabzadənin çoxcəhətli
yaradıcılığının bütün səciyyəvi
cəhətlərini əhatə
etmək mümkün
deyil. Bunu mən qarşıma
məqsəd kimi də qoymamışam.
Sadəcə olaraq, bu, Bəxtiyar Vahabzadə yaradıcılığına olan
oxucu məhəbbətinin
təzahürüdür.
Allah ona qəni-qəni rəhmət eləsin!
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının prorektoru-hüquq üzrə
fəlsəfə doktoru
Baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi
Palitra.-2013.-6 fevral.-S.13.