Gənc nəslin musiqi tərbiyəsində böyük rol oynayan məktəb 

 

«Eurovision» müsabiqəsində ölkəmizi uğurla təmsil edən istedadlar 2 nömrəli onbirillik musiqi məktəbinin yetirmələridir

 

Layihə çərçivəsində təqdim edəcəyimiz bu dəfəki yazımız respublikanın qocaman musiqi ocaqlarından biri-Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbi ilə bağlıdır. Qocaman və çox tanınan musiqi məktəbi ölkəmizdə musiqi mədəniyyətinin inkişafında böyük rola malikdir. Respublikada musiqi təhsilinin ön sıralarında gedən Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi yetişən gənc nəslin musiqi tərbiyəsində mühüm rol oynayır.

 

Busskonun rəhbərlik etdiyi akkordeon sinfi Bakıda çox məşhur olub

 

Qeyd edək ki, 1931-ci ildən Bakıda 1 və 2 nömrəli musiqi məktəbi açılıb. 2 nömrəli musiqi məktəbi fəaliyyətə başladığı illərdə burada bir çox məşhur müəllimlər dərs deyib ki, bunlardan L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və digərlərini qeyd etmək olar. Məktəbdə fortepiano fənnini tədris edən Yeqerova və Siroviç sonradan respublikada gözəl və bacarıqlı metodist kimi də tanınıblar. Onların tərtib etdiyi «Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı» dəfələrlə yenidən nəşr olunaraq bu günə kimi pedaqoji təcrübədə aparıcı dərslik kimi işlənir. Arxiv sənədləri göstərir ki, 1 sentyabr 1940-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi müstəqil vahidə çevrilib. Həmin ilin avqustundan Fatma Səmədova məktəbə müdir təyin edilib. Yeni yaradılan məktəbə rəhbərlik Üzeyir Hacıbəylinin böyük ümid bəslədiyi, ilk azərbaycanlı musiqiçi qadın kadrlardan olan Fatma Səmədovaya həvalə edilib. Fatma Səmədova buna qədər müəyyən təcrübəyə malik idi. Belə ki, o, Gəncə musiqi texnikumunda müəllim kimi çalışıb, daha sonra 6 il bu təhsil ocağına rəhbərlik etmişdi. Onun 2 nömrəli musiqi məktəbinə rəhbər təyin edilməsindən sonra müxtəlif yeni şöbələr yaradılıb, buraya çoxlu uşaqlar cəlb edilib. Pedaqoji fəaliyyətlə yanaşı, tədris-metodik işlə də məşğul olan F.Səmədova həmkarı, 1 nömrəli musiqi məktəbinin müdiri Fatma Zeynalova ilə birlikdə «Azərbaycan ladları əsasında solfecio» dərsliyini yaradıb. Tədris vəsaiti uşaqların mili musiqi əsasında tərbiyə edilməsi üçün nəzərdə tutulub. Üzeyir bəy bu dərsliyi çox yüksək dəyərləndirib. F.Səmədova məktəbdə çox güclü kadr heyəti toplamağı bacarıb. Məktəbin violonçel sinfi vaxtilə böyük şöhrət qazanıb. Bu şöbədə M.Krupkin, L.Müller, Ə.Daşdəmirov kimi mütəxəssisələr çalışıblar. Məktəbin ən məşhur siniflərindən biri akkordeon sinfi olub. V.Busskonun rəhbərlik etdiyi akkordeon sinfi bütün Bakıda tanınıb. Məktəbin yarandığı günlərdən fəaliyyət göstərən xor kollektivinə E.Abusəlimov rəhbərlik edib. E.Abusəlimov sonralar Moskva Operetta Teatrının baş dirijoru kimi çalışıb. 2 nömrəli musiqi məktəbinin hazırda yerləşdiyi bina da məhz F.Səmədovanın təşəbbüsü və gərgin əməyi sayəsində 1957-ci ildə əldə edilib. Göstərdiyi xidmətlərə görə Fatma xanım Azərbaycan SSR-nin əməkdar müəllimi adına layiq görülüb. 1963-1986-cı illərdə məktəbə F.Səmədova ilə birgə işlədiyi müddət ərzində ondan mənəvi-etik prinsipləri əxz edən Zivər xanım İbrahimova rəhbərlik edib.

 

Aysel Teymurzadə, Safurə Əlizadə və Eldar Qasımov da bu məktəbin yetirmələridir

 

Geridə qalan 80 ildən çox zaman ərzində 2 nömrəli musiqi məktəbi Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verməyə çalışıb. Bu illər ərzində məktəbdə bir çox musiqiçi nəsli yetişib. Onların adlarını saymaqla bitirmək mümkün deyil. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, Azər Dadaşov, Gövhər Həsənzadə, musiqişünas Nərminə Əliyeva, əməkdar artist Adil Gəray musiqi ocağının yetirmələridir. Gənc tarzən və dirijor Əyyub Quliyev, əməkdar artist, kamançaçalan Elnur Əhmədov, əməkdar artist, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də musiqi məktəbimizin yetişdirmələri sırasındadırlar. Son illər onların sırasına bir sıra yeni istedadlar əlavə olunub. İtaliyada keçirilən beynəlxalq müsabiqənin qalibi, skripkaçı Ümidə Abbasova, MDB ölkələrinin simfonik orkestrinin və TÜRKSOY kamera orkestrinin üzvü, alt ifaçısı Üzeyir Mahmudbəyli həmin istedadlardandır. Məktəbin məzunları musiqi mədəniyyətimizin yeni sahələrini fəth edərək «Eurovision» mahnı müsabiqəsinin qalibi olublar. 2009-cu ildə Avropanın bir nömrəli musiqi yarışmasında üçüncü olan Aysel Teymurzadə, 2010-cu ildə beşinci olan Safurə Əlizadə və nəhayət, 2011-ci ildə birinci olan Eldar Qasımov bizim məktəbin yetirmələridir. Məktəbin bəzi məzunları respublikanın hüdudlarından kənarda da təhsillərini uğurla davam etdirirlər. Məktəbdə təhsil almış Firuzə Xanlarova hazırda Çaykovski adına Moskva Dövlət Konvervatoriyasında, Əzizə Salahova isə Rusiyanın Kazan şəhərində konservatoriyada təhsil alır. Məktəbin məzunu D.Baxtiozina Almaniyada təhsilini davam etdirir.

 

Məktəb Rəşid Behbudovun adını daşıyır

 

1990-cı ildə məktəbə dünya şöhrətli Rəşid Behbudovun adı verilib. Hər il məktəbdə görkəmli sənətkara həsr olunan xatirə gecəsi keçirilir. Müğənninin anım günündə məktəbin kollektivi sənətkarın adını daşıyan Mahnı Teatrında rəngarəng konsert proqramı ilə çıxış edir. Son illərdə məktəbdə musiqi təhsilinin təkmilləşməsi sayəsində yeni işlər aparılır. Zəngin təcrübəyə malik olan müəllimlər bu istiqamətdə çox fəal iş aparırlar. 2006-cı ildən etibarən 2 nömrəli musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Bununla əlaqədər dövrün qarşıya qoyduğu müasir tələblər, təhsilin təkmilləşməsi işində bir sıra geniş perspektivlər açılıb. Belə ki, musiqi məktəbinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatriyası ilə birbaşa sıx əlaqələri yaranıb. Hazırda məktəbdə 90-a yaxın müəllim, 400-ə yaxın şagird var. Son illərdə müəllim kollektivi yeni gənc mütəxəssislərlə, peşəkar kadrlarla zənginləşib. Gənc müəllimlər, təcrübəli kadrlarla vəhdət təşkil edirlər. Bu isə məktəbin yaradıcı mühitini daha da zənginləşdirir. Hər tədris ilinin sonunda şagirdlərin yekun konsertinin keçirilməsi ənənəyə çevrilib. Məktəbin şagirdləri möhtəşəm konsert salonlarında, M.Maqomayev adına Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında və Kapellhauzda müntəzəm olaraq konsertlər verirlər. Vaxtaşırı keçirilən «Qönçə» respublika festivalında, respublika musiqi məktəbləri üzrə ifaçılıq müsabiqələrində 2 nömərli musiqi məktəbi uğurla çıxış edərək müxtəlif mükafatlar qazanır. Respublikanın hüdudlarından kənarda keçirilən bir sıra müsabiqələrdə çıxış edən şagirdlər də həmişə mükafat əldə edirlər. Məktəbdə təhsil alan şagirdlər təkcə müxtəlif musiqi alətində ifa etmək vərdişinə yiyələnməklə kifayətlənmir. Burada ixtisas və bir sıra nəzəri fənlər öyrədilməklə yanaşı, həm də uşaqların yaradıcılıqla ünsiyyətinə şərait yaradılır.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-1 fevral.-S.11.