“Mənəvi dəyərlərimizin
öyrədilməsi və təbliğində məktəblərin
rolu əvəzedilməzdir”
Əli Cəfərov:
“Mənəvi dəyərlərimiz nəsildən-nəslə
ötürülərək milli birliyi qoruyur”
Layihə çərçivəsində
“Demokratiyanın və Milli Dəyərlərin Təbliği”
İctimai Birliyinin sədri Əli Cəfərovla müsahibəni
təqdim edirik:
-Milli-mənəvi dəyərlərin
qorunması və yaşadılması ölkənin ümumi
inkişafının təmin olunması baxımından nə
dərəcədə əhəmiyyətlidir?
-
Milli-mənəvi dəyərlərin məzmunu və yaxud
yaşadılması dedikdə milli mədəniyyətin
qorunub saxlanılması və milli birliyin yaradılması,
ana dilimizin-hikmət xəzinəmizin qorunması və daha da
inkişaf etdirilməsi, mənəvi sərvətlərin adət-ənənələrin
mühafizə edilməsi, ölkədə haqq və ədalətin
eləcə də dövlətçiliyin qorunması başa
düşülməlidir. Milli-mənəvi dəyərlərimiz
millətin ruhuna hopmuş, ulu babalarımızın qan
yaddaşından gələn nəsildən-nəslə
keçərək bizlərə ərmağan qoyulmuş və
gələcək nəslə ötrülən bir xəzinədir.
Azərbaycan
Prezidentinin sərəncamı ilə hər il xeyli sayda tələbə
xaricə təhsil almağa gedir. Bundan əlavə
ayrı-ayrı proqramlar və şəxsi vəsaitlər
hesabına da xaricə təhsil dalınca gedən gənclərimiz
var. Amma bu gənclər öz milli-mənəvi dəyərlərimizə,
mədəniyyətimizə, ədəbiyyatımıza,
tariximizə dərindən bələd olmadıqlarından
getdikləri ölkələrdə Azərbaycanı
lazımınca təmsil edə bilmirlər. Eyni zamanda onlar
dövlət atributlarımızın rəmzi mənalarını
da əsaslı şəkildə izah etməkdə çətinlik
çəkirlər.
Hər
bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri
vardır və hər bir millət bu sərvətlərini
qoruyaraq nəsildən-nəslə ötürür. Mənəvi
dəyərlərimiz nəsildən-nəslə
ötürülərək nəsillər arasında əlaqəni
qoruyub saxlayır və milli birliyi qoruyur. Bu bir həqiqətdir
ki, məkrli düşmən hər hansı bir milləti məhv
etmək istəyirsə, birinci olaraq onun milli-mənəvi dəyərlərinə
hücum edib onu özününküləşdirməyə
çalışır. Bizim yaramaz və hiyləgər
qonşumuz olan ermənilər neçə illərdir, tarixi
incilərimizə, memarlıq abidələrimizə, milli rəqslərimizə,
folklorumuza hücum edib onu özəlləşdirib öz
malı kimi dünyaya təqdim etməyə
çalışırlar. Hər bir xalqın folkloru, sərkərdələri,
yaradıcı insanları öz millətlərinin tarixi
kökləridir. Hər hansı bir milləti məhv etmək
istəyirlərsə, onda ilk öncə o millətin mədəni
sərvətlərini və dəyərlərini məhv etməyə,
özününküləşdirməyə
çalışırlar. Bu nöqteyi-nəzərdən
milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması və inkişaf etdirilməsi, eləcə də
gənc nəslə ötürülməsi çox vacib amillərdən
biridir. Hər bir millət öz kökünü bilməli,
haradan gəlib hara gedəcəyi haqda aydın
anlayışı olmalıdır. Bir millət olaraq milli-mənəvi
dəyərlərimizdə azadlıq və müstəqilliyə
güclü meyl, milli vətənpərvərlik, doğma
yurda-ata ocağına bağlılıq, böyüyə
hörmət kimi hisslər əsas amillərdir.
-
Milli-mənəvi dəyərlərin qorunmasında QHT-lərin
üzərinə hansı vəzifələr
düşür?
-
Milli-mənəvi dəyərlərin qorunub saxlanması və
təbliği eyni zamanda yetişməkdə olan gənc nəslin
mənəvi dəyərlər ruhunda tərbiyə
olunmasında təkcə dövlətin deyil, fondların və
QHT-lərin rolu əvəzsizdir. Respublikamızda kifayət qədər
fondlar və QHT vardır ki, mənəvi dəyərlərimizin
qorunmasında və təbliğində mühüm işlər
görüblər və hazırda da bu müqəddəs
işlərlə məşğuldurlar. Onu deyə bilərəm
ki, muğam sənətinin və digər mənəvi incilərimizin
dünya miqyasında təbliğində və
yaşadılmasında Heydər Əliyev Fondunun xidmətləri
böyükdür. QHT və digər birliklər adət-ənənələrimizin
təbliğinə, gənclərimizə
çatdırılmasına və gələcək nəslə
ötürülməsinə öz töhfələrini verməlidirlər.
Mənəvi sərvətlərimizə, adətlərimizə
fikir verdikdə orada biz vətən sevgisi, böyüyə
hörmət, cəsarət, mübarizlik görürük.
Deməli, millət olaraq formalaşmaq istəyiriksə,
itirilmiş torpaqlarımızı yağı düşməndən
azad etmək istəyiriksə, demokratik bir cəmiyyət qurub
inkişaf etmiş dövlətlər cərgəsinə
qoşulmaq istəyiriksə, eyni zamanda gənclərdə
milli qürur hissinin formalaşdırılması və əxlaqi
dəyərlərin aşılanmasının tərəfdarıyıqsa,
deməli, hər bir QHT, hər bir ziyalı insan adət-ənələrimizə
biganə qalmamalıdır.
-
QHT-lər bu işin öhdəsindən yetərincə gələ
bilirlərmi?
-
Bilirsiniz, gəlin açıq danışaq, bizim cəmiyyətdə
QHT-lərə münasibət digər inkişaf etmiş
Avropa ölkələrindən fərqlidir. Bizdə ictimai
birliklərin elə maliyyə resursları yoxdur ki, istədiyi
tədbirləri reallaşdıra bilsin. Eyni zamanda təlim-tərbiyə
ailədən və əsasən də məktəbdən
başlayır. Mənəvi dəyərlərimizin öyrədilməsi
və təbliğində məktəblərin rolu əvəzedilməzdir.
Amma QHT-lər məktəblərdə təlim keçirtmək
istədikləri zaman müəyyən problemlərlə
rastlaşırlar. Dövlət strukturlara da QHT-lərə
münasibətdə ögeylik hiss olunur, QHT-lərə biganəlik
var. Dövlət tərəfindən ayrılan vəsaitlər
çox azdır. Amma müəyyən təşkilatlar
vardır ki, bu sahədə müəyyən işlər
görür.
-Gənc
nəslin mənəvi zənginləşməsi
üçün hansı işlərin görülməsinə
ehtiyac var?
- Gənclərin
mənən zənginləşməsində QHT-lərin rolu əvəzedilməzdir.
Yeniyetməlik və gənclik dövründə gənclərlə
aparılan müsbət işlər onların mənəvi aləmini
zənginləşdirir, onlarda əxlaqi keyfiyyətləri
formalaşdırmaqla yanaşı, onlarda mübarizlik ruhunu
artırır. Yeniyetmələr üçün nəzərdə
tutulan tərbiyəvi tədbirlərin-ekskursiyaların,
müqəddəs yerlərə ziyarətlərin, ədəbi-bədii
əsərlərin müzakirələri, əxlaqi söhbətlər
və digər işlər şagirdlərin milli tərbiyəsinin
mühüm vasitəsidir. Məktəblərdə və digər
tərbiyə müəsisələrində sinifdənxaric
işlərə diqqət yetirilməlidir. Müxtəlif məzmunlu
sinifdənkənar işlər şagirdlərin elmi
dünyagörüşünün formalaşmasına, insanpərvərlik
münasibətlərinin genişlənməsinə şərait
yaradır. Gənclərdə dövlət rəmzlərinə
rəğbət hisslərini gücləndirmək
üçün müxtəlif səpkili tədbirlər
keçirtmək lazımdır. Biz inanırıq ki, bu
cür tədbirlərdən sonra gənclərin fəaliyyətində
mühüm dönüşlər yaranacaq. Məhz yeniyetməlik
dövründə gənclərdə romantikliyə və qəhrəmanlığa
meyl artır, onlar romantik olurlar. Bu cür tədbirlərin nəticəsində
onlar vətən və millət qarşısında öz məsuliyyətlərini
anlayırlar. Çox acınacaqlıdır ki, bəzi vəzifəli
şəxslərimiz belə dövlət rəmzləri
haqqında dolğun biliyə malik deyillər. Gəncləri bədii
ədəbiyyat oxumağa həvəsləndirmək
lazımdır. Eyni zamanda qədim zamanda şənliklərdə,
bayramlarda istifadə olunan oyunlardan və teatrlaşmış
tamaşalardan istifadə etməklə gənclərimizi mənən
zənginləşdirmək lazımdır. Gənclərimizin
asudə vaxtlarının səmərəli təşkilində
də QHT-lərin rolu əvəzsizdir.
-
Milli-mənəvi dəyərlərin təbliği ilə
bağlı hansı layihələr həyata keçirmisiniz
və perspektivdə hansı işləri görmək istəyirsiniz?
- Bu
istiqamətdə təşkilatımız təsis edildiyi
zamandan bu günə kimi müxtəlif səpkili tədbirlər
keçirib. Nəzərdə tutduğumuz işlərin qismən
həyata keçməsində bizə maliyyə
yardımı göstərən Azərbaycan Respublikası
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının mühüm xidmətləri var, biz onlara
öz təşəkkürümüzü bildiririk.
İnanırıq ki, şura bundan sonra da bizimlə əməkdaşlıq
edəcək. Yaxın iki ildə Bakı şəhər orta
məktəblərində mühüm işlər
görmüşük. Belə ki, “Şagirdlərdə vətən
sevgisi və əxlaqi dəyərlərin formalaşmasında
bədii ədəbiyyatın rolu”, “Şagirdlərin nitq
hazırlığı və natiqlik qabiliyyətlərinin
inkişafına dəstək”, “Gənclərimizin mənən
zənginləşməsində adət-ənənələrimizin
rolu” kimi mövzularda layihələri həyata
keçirmişik. Hal-hazırda qədim idman oyunlarımız
və rəmzlərimizlə bağlı gənclərlə
işləmək fikrindəyik.
- Bu
işlərin həyata keçirilməsində dövlət
qurumları və QHT-lərlə əməkdaşlıq
edirsinizmi?
-
Bilirsiniz, QHT-lərə münasibət eyni deyildir. Bir qisim
QHT-ləri beynəlxalq təşkilatlar öz istəklərinə
uyğun olaraq maliyyələşdirir, digər qisim QHT-ləri
isə hakimiyyətə yaxın dairələr maliyyələşdirir.
Biz beynəlxalq təşkilatlarla işləmək
marağında deyilik. Çünki onlar milli-mənəvi dəyərlərlə
bağlı layihələrə sponsorluq etmirlər. Heç
biz də onlardan nəsə ummuruq. Dövlət
strukturları, həm Təhsil Nazirliyi, həm də Gənclər
və İdman Nazirliyi ilə əməkdaşlıq etmək
fikrindəyik. Görək, nə olacaq? Hazırda biz, qeyd
etdiyim kimi, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq
edirik, yəni bizim layihələrin maliyyələşməsində
az-çox onların dəstəyini görmüşük.
Biz onları da çox qınamırıq, çünki
onlara ayrılan maliyyə vəsaiti də çox azdır.
Dövlət şuraya ayırdığı maliyyə vəsaitini
artırmalıdır.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-2 fevral.-S.11.