“Prezident
elmin inkişafına strateji önəm verir”
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov:
“Azərbaycan informasiya
savaşında elmin mövqeyi baxımından
da Ermənistanı üstələyib”
Müsahibimiz Azərbaycan Milli
Elmlər Akademiyasının(AMEA) birinci vitse-prezidenti,
akademik Arif Həşimovdur. Onunla müsahibəmizdə Azərbaycanın dövlətçilik
tarixi ilə bağlı aparılan araşdırmalar barəsində
danışdıq.
-Məlumdur ki, Azərbaycan tarixinin öyrənilməsi,
araşdırılması və
bu sahədə hələ öyrənilməmiş
məqamların yeni dövrdə ətraflı
tədqiqi aktuallıq
kəsb edir. Xüsusilə də bəzən Azərbaycan dövlətçiliyinin tarixinə,
ümumilikdə tariximizə
xələl gətirən
“tədqiqatlarla” rastlaşmağa
başlamışıq. Bununla bağlı
AMEA və onun müvafiq strukturları hansı işləri görməyi planlaşdırır?
- Bu istiqamətdə Azərbaycan
Milli Elmlər Akademiyası tərəfindən
tədqiqatlar aparılır.
Əgər xatırlayırsınızsa,
hələ təxminən
iki il
bundan öncə Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin humanitar və ictimai elmlər sahəsində aparılan
tədqiqatlarla bağlı
geniş məruzəsi
vardı. Bu məruzədə
sözügedən istiqamətlə
bağlı nüanslar
da öz əksini tapmışdı.
Bu məsələlərə
uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının
ictimai və humanitar elmi-tədqiqat müəssisələri də
fəaliyyətlərinə yeni komponentlər əlavə etdilər.
Yəni həmin məqamlara uyğun yeni tədqiqatlar aparılmağa
başlanıldı. Ola
bilsin ki, hansısa tədqiqatların
nəticələri var
və bu nəticələr çap
olunmağa başlayıb,
bəziləri var ki, tərcümə edilməyə verilib, digərləri isə hələ də tədqiq olunmaqdadır və öz nəticələrini gözləyir.
Mən xüsusilə bildirmək
istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının
müvafiq institutlarında
həmin məsələlərlə
bağlı və ümumiyyətlə, yüksək
səviyyədə tədqiqatlar
aparılır. Bunların bir
neçəsi ilə
bağlı konkret misallar da çəkmək
olar. Məsələn, Azərbaycan diplomatiyasına
həsr olunmuş çox önəmli kitablar çap olunub və onların təqdimatı keçirilib. Məlumdur ki,
diplomatiya dövlət
və dövlətçilik
baxımından çox
vacib komponentlərdən
biridir və diplomatiyanın, onun tarixinin araşdırılması,
tədqiq edilməsi və cəmiyyətə təqdim edlməsi olduqca böyük önəm kəsb edir. Bundan başqa, Azərbaycanın
tarixi dövlətləri
və xanlıqlarına
aid çoxlu əsər
və tədqiqatları
və onların nəticələrini misal
çəkə bilərəm.
Konkret olaraq Qarabağ xanlığına, Naxçıvan
xanlığına və
digər tarixdə olmuş dövlətlərimizə,
xanlıqlarımıza aid elmi-tədqiqatlar
aparılıb və onların nəticələri
çap edilib. Bu baxımdan deyə
bilərəm ki, bu nəticələrin təqdimatında şəxsən
özüm də iştirak etmişəm.
Bu nəticələrə
aid kitablar çap olunmaqla bərabər, müxtəlif dillərə
tərcümə olunaraq
nəşr edilib.
Bundan başqa, Gəncə xanlığına aid tədqiqatları
da əlamətdar bir hal kimi
qeyd edə bilərəm. Həmçinin
akademiyanın Abbasqulu
ağa Bakıxanıv
adına Tarix İnstitutunun daha da intensiv
və çevik, keyfiyyətli tədqiqatlara
imza atması üçün Prezident tərəfindən əlavə
vəsait ayrılıb.
Bunu çox müsbət və əlamətdar bir hal kimi
qeyd etmək olar. Ümumiyyətlə,
təkcə Tarix İnstitutuna yox, Arxeologiya və Etnoqrafiya İnstitutuna və digər elm sahələrinə də
son vaxtlar Prezident və dövlət tərəfindən ciddi maliyyə vəsaitləri
ayrılır ki, bu da son dövrlərdə
elm sahəsinin inkşaf
etdirilməsinə, müxtəlif
sahələrlə bağlı
keyfiyyətli, əhatəli
və orijinal tədqiqatlar aparılmasına
dövlətin strateji
səviyyədə yanaşdığını
ortaya qoyur. Prezident elmin inkişafına strateji baxımdan böyük önəm verir. Bu baxımdan
həm elmi-tədqiqatların
aparılması, həm
də onların nəticələrinə aid kitabların
nəşrinə böyük
dəstək verilir.
-Ermənistanın
və erməni lobbisinin Azərbaycana qarşı informasiya savaşı apardığı
bəllidir və bu məsələ zaman-zaman elm və elmi-tədqiqatlar kontekstində
də diqqətə gətirilir. Bu baxımdan
müvafiq sahələr
üzrə elmi-tədqiqatların
intensivləşdirilməsi zərurətini necə xarakterizə edərdiniz?
- Aydın məsələdir
ki, erməni qonşularımız həm
də öz havadarlarından istifadə
edərək onların
elmi jurnallarında bizim apardığımız
elmi-tədqiqatların nəticələrinin
əksinə olaraq heç bir tarixi həqiqətə və mənbəyə söykənməyən məqalələr,
yalançı elmi əsərlər dərc etdirirlər. Təbii ki, alimlərimiz
də buna vaxtında və tutarlı cavablar verirlər. Yəni bizim alimlərimiz
də bu cür yalanlara və uydurma tədqiqatlara tarixi və elmi faktlardan
çıxış etməklə
cavab verirlər.
Təbii
ki, bizim elmi-tədqiqatlarımızın, müvafiq tarixi əsərlərimizin qarşısında
həmin erməni qonşularımızın yazdıqları
məqalə və “əsər”lərin heç
bir əsası və dəyəri yoxdur. Onların yazdıqları heç
bir fakta və obyektivliyə söykənmir, yalnız iddiaçılıq xarakteri
daşıyır. Amma təbii
ki, hər kəs çox şeyə iddia edə bilər və hər kəs çox şeyin özününkü
olmasını istəyə
bilər. Amma bunu
özbaşına buraxsaq,
onda dünyada hər yerdə xaos və təlatümlər
hökm sürər.
Bu baxımdan erməni qonşularımızın
da iştaha və iddiaları tam yersiz və əsassızdır və
bu əsassızlıq
elm adamlarımızın məqsədyönlü
fəaliyyəti ilə
hər məqamda sübuta yetirilir. Bizim bu məsələdə mövqeyimiz belədir ki, biz həmişə erməni yalanlarını
hər yerdə ifşa etmək üçün intensiv və məqsədyönlü
fəaliyyət göstərməliyik,
elmi konfranslarda, beynəlxalq elmi tədbirlərdə daim bu mövqedən də çox fəal olmalıyıq.
Çünki hər zaman
bilmək lazımdır
ki, ermənilər öz ənənəvi xasiyyətlərindən hələ
də əl çəkmirlər və
onlar bu cür məqalələrini,
uydurma əsərlərini
fürsət düşdükcə
xarici ölkələrdə
çap etdirirlər və xarici elmi dairələrdə yaymağa çalışırlar.
Biz onlara kəskin
cavablar veririk, bu sahədə hücum mövqeyindən çıxış edirik
və gələcəkdə
də bu strategiyamızı əzmlə
davam etdirəcəyik.
Azərbaycan elm, İKT və sair göstəricilər baxımından da çox inkişaf etdiyi üçün erməniləri bu sahədə qabaqlaya bilirik. İnformasiya savaşında artıq
ermənilər bizdən
geri qalmağa başlayıb. Azərbaycan hüquqi,
siyasi, iqtisadi müstəvidə Ermənistanı
qat-qat arxada qoyduğu kimi, informasiya savaşında elmin mövqeyi baxımından da Ermənistanı üstələyib.
Amma orası başqa məsələdir ki, ermənilərin bəzi məlum havadarları öz elmi müəssisələrini,
jurnallarını onların
üzünə açıq
elan ediblər. Bu da siyasi bir məsələdir.
Bəzi xarici qüvvələr maraqlıdır ki, ermənilərin Azərbaycana,
Türkiyəyə qarşı
yalançı iddialarını
əks etdirən “əsərləri”, məqalələri
çap edilsin. Yaxud da sovet dövründən
bir sıra postsovet ölkələrindəki
elmi jurnallarda ermənilər çalışırlar
və onlar bu cür qərəzli
əsər və məqalələrin dərcində
maraqlıdırlar. Onların bu
baxımdan köməyindən
və imkanlarından qonşularımız yararlanmağa
çalışır.
- Bəzən öz içərimizdə
də “tarixçi” adı ilə bəzi insanlar ortaya atılır və məşhurlaşmaq
ehtirası ilə tarixi faktları təhrif edərək tamam yanlış “əsərlər” ortaya qoyurlar. Bu adamlar
tarixi faktları yox, vaxtilə Azərbaycan dövlətləri
ilə müharibələr
aparmış qonşu
dövlətlərin salnaməçilərinin
yazdıqlarını “əsas”
kimi götürürlər.
Bu yaxınlarda Şah İsmayılla bağlı belə bir qərəzin şahidi olduq. Bununla bağlı nə deyərdiniz?
- Təbii ki, belələrinin dediyiniz əsaslarla yazdığı
əsər tarix deyil, nəyəsə meyillənmiş qərəzdir.
Əsl tarixi əsər, tarixi həqiqətlər,
istər ölkə, istərsə də beynəlxalq elmi ictimaiyyətn qəbul etdiyi, real tarixi faktlara əsaslanan əsərlərdir. Bunların
real əsasları, obyektiv
tarixi mənbələri,
faktları, sübutları
və hazırda da mövcud olan izləri, materialları var. Bu baxımdan
düşünürəm ki, həmin “əsərlər” heç
də ictimai rəyə sırına bilməz. Bir azdan onlar qeyri-ciddi əsərlər
kimi tamamilə unudulacaq və onları yazmaqla “məşhurluq” qazanacaqlarını
güman edən həmin insanlar da çox peşman
olacaqlar. Bu cür psevdoalimlər çox şey yaza bilərlər, amma tarix dəqiq
faktlara söykənir
və bu dəqiq faktların özü də həmin psevdoalimləri və onların yazdıqlarını rədd
edir.
İlkin AĞAYEV
Palitra.-2013.-5 fevral.-S.7.