“İqtisadiyyatımız yalnız xammal və
resurslar ixrac edən ölkələr sırasında
qalmamalıdır”
AMEA-nın İqtisadiyyat
İnstitutunun direktoru İsa Alıyev: “Azərbaycan
üçün “Tənzimlənən, sosial-bazar
iqtisadiyyatı modeli” məqbuldur”
Ölkə başçısının fərmanı
ilə “Azərbaycan 2020: Gələcəyə baxış”
inkişaf konsepsiyası təsdiq edilib. Konsepsiyanın
başlıca strateji məqsədi mövcud imkan və
resursları nəzərə almaqla, Azərbaycanda davamlı
iqtisadi artım və yüksək sosial rifah, səmərəli
dövlət idarəetməsi və qanunun aliliyi, insanların
bütün hüquq və azadlıqlarının tam təmin
olunması və vətəndaş cəmiyyətinin ölkənin
ictimai həyatında fəal statusu ilə səciyyələnən
inkişaf mərhələsinə nail olmaqdır. Bildirilir ki,
2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə
olacaq. Bu baxımdan konsepsiyada ölkə iqtisadiyyatının
gücləndirilməsi və bu sahədə həlli vacib bir
sıra məsələlər öz əksini tapıb.
Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru
İsa Alıyevdir:
- Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının siyasi, iqtisadi və sosial əhəmiyyəti ölkəmizin yalnız müasir dövrünə ünvanlanmamış, eyni zamanda yaxın onillikdə Azərbaycan dövlətinin, xalqının inkişafında əsaslı müsbət dəyişikliklərin əldə olunmasına yönəlib. Bu konsepsiyanın hazırlanması ilə bağlı ölkə başçısının sərəncamı həqiqətən də Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaq iqtidarını özündə ifadə edən tarixi bir sənəddir. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə” Prezident İ.Əliyevin sərəncamının əhəmiyyətini qeyd edərkən akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Bu konsepsiyanın ölkənin sosial-iqtisadi inkişafı üçün önəmini nəzərə alaraq AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının nəzəri-metodoloji əsasları adlı kitab nəşr edilib. Kitabda konsepsiyanın məzmun elementləri, o cümlədən hazırlanma və tətbiqi istiqamətləri, mərhələliyi, ölkənin sosial-iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinin əsasları, iqtisadi inkişaf modelinin məzmun çalarları, dayanıqlılığının təmin edilməsi problemləri ümumiləşdirilmiş nəzəri səpkidə metodoloji cəhətdən işlənib. Konkret təklif və tövsiyələr irəli sürülüb. Bir sözlə, konsepsiyanın nəzəri-metodoloji əsasları hazırlanıb.
- Konsepsiyanın
tətbiq istiqamətləri ilə bağlı nə deyərdiniz?
- Azərbaycan artıq sürətlə inkişaf edən ölkələr sırasına aid edilməkdədir. Bu baxımdan konsepsiyanın tətbiq istiqamətlərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı yalnız xammal və resurslar ixrac edən ölkələr sırasında qalmamalı, o, eyni zamanda bilik və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata malik olan bir dövlətə çevrilməlidir. Müvafiq dövr ərzində iqtisadiyyatın bütün sahələrində kütləvi şəkildə yeni innovasiya yönümlü müəssisələrin, subyektlərin yaradılması, onların səmərəli fəaliyyət mexanizminin əsaslarının yaradılması bu baxımdan xüsusi zərurətdən irəli gəlir. Azərbaycanın innovasiya yönümlü sosial-iqtisadi inkişaf meyli bir sıra kəmiyyət və keyfiyyət xüsusiyyətləri ilə müşahidə olunacaq. Belə ki, ilkin olaraq milli iqtisadiyyatın ənənəvi sahələrinin modernləşməsi, 2020-ci ildə həmin sahələrdə məhsul istehsalının həcminin artmasına, ÜDM-in yüksəlməsinə təsir edəcək. İkincisi, innovasiya tədbirlərinin genişlənməsi və tətbiqi iqtisadiyyatda əmək məhsuldarlığının artımına, istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək. Nəhayət, yeni iqtisadi sistemin formalaşması daha çox bilik iqtisadiyyatına və yüksək texnologiyaya əsaslanacaq ki, bu da ölkənin beynəlxalq bazarlardakı mövqeyini möhkəmlədəcək. Bilik iqtisadiyyatı və yüksək texnologiyalar isə elm, təhsil, səhiyyə, İKT və infrastruktur sahələrinin fəaliyyətində ciddi irəliləyişlərin əldə olunmasını təmin edəcək. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Məhz bu amil konsepsiyanın həyata keçmə imkanlarını daha da reallaşdırır.
-Konsepsiyada ölkənin sosial-iqtisadi inkişaf
modelinin təkmilləşdirilməsinin əsasları öz əksini
tapıb. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda sosial-iqtisadi inkişafın ahəngdar və səmərəli tərəqqisi üçün müntəzəm surətdə kompleks tədbirlər sistemi işlənib hazırlanır və onlar müvəffəqiyyətlə həyata keçirilir. Konsepsiyanın hazırlanması ölkənin nəzəri və praktik əsaslar üzərində perspektiv istiqamətlərinin müəyyənləşməsinə yönəlib. Bu inkişafın təmin olunmasında müəyyən ediləcək strateji istiqamətlər, həyata keçiriləcək tədbirlər içərisində ən mühüm addım Azərbaycanın milli iqtisadi inkişaf modelinin təkmil əsaslar üzərində qurulmasıdır. Dünya iqtisadiyyatı inkişaf etdikcə və qloballaşma prosesi ilə çulğalaşdıqca vaxtaşırı olaraq bu və ya digər problemi qabartmış olur. Belə problemlərdən biri milli iqtisadi inkişaf modelidir. Konsepsiyaya uyğun olaraq yaradılacaq milli iqtisadi inkişaf modeli iqtisadi həyatın sosial proseslərlə çulğalaşması məntiqinin təkcə bir istiqamətini yox, həm də bütövlüyünü ifadə edən bir modeldir. Bu baxımdan onun tətbiq olunması və araşdırılması çoxtərəfli istiqamətlərdə özünü büruzə vermiş olur. Milli iqtisadi inkişaf modeli strateji baxımdan işlənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daim təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Bu model ölkə iqtisadiyyatının bütövlüyü baxımından işlənilməli və nəticə etibarilə ölkəmizin güclü inkişafı yolunda aydınlaşdırıcı, istiqamətverici bir təkan mənbəyinin əsası olmalıdır. Müvafiq modelin müstəsna əhəmiyyəti və mühüm prinsiplərindən biri ölkənin əhali qruplarının maddi rifah halının durmadan yaxşılaşdırılmasında ifadə olunmalıdır. Ölkəmizin iqtisadi inkişaf modeli çox çalarlıdır və ciddi elmi axtarışlar nəticəsində daha da zənginləşməlidir. İnkişaf etmiş ölkələrin iqtisadi inkişaf modellərinin öyrənilməsi, bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanın iqtisadi yüksəlişində onlardan bəhrələnmək çox mühüm əhəmiyyətə malikdir. Hazırda yüksək inkişaf yoluna qədəm qoymuş və artıq öz inkişaf modelləri ilə məşhur olan ölkələrin də bazar iqtisadiyyatına keçdikləri yol keşməkeşli və mürəkkəb olub. Buna görə də iqtisadi inkişaf modelimizi qurarkən, ilk növbədə, bizim üçün spesifik hal olan bu işə hazırlıq səviyyəmizi müəyyənləşdirməliyik. Şübhəsiz ki, iqtisadi inkişaf öz müxtəlifliyi ilə fərqlənməkdədir. Bu fərqlilik içərisində Azərbaycan üçün hansının önəmli olması məsələsi hazırlanacaq inkişaf konsepsiyasının icrası baxımından müasir dövrün ən vacib məsələlərindəndir. Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri həmçinin müxtəlif xarici ölkələrin ölkəmizə məqsədli münasibətləri respublikanın iqtisadi inkişaf modelində nəzərə alınmalıdır. Bütün bu araşdırmalara əsasən, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan üçün “Tənzimlənən, sosial-bazar iqtisadiyyatı modeli” məqbul sayılmalı və ona söykənməklə konsepsiyada öz əksini tapan sosial-iqtisadi inkişafın dayanıqlı və stabil inkişafı təmin edilməlidir. Fikrimizcə, bu, Azərbaycan xalqının mənafelərinə tam uyğun gələn bir model ola bilər.
- Burada öz əksini
tapan təkmilləşmiş iqtisadi inkişaf modelinin
dayanıqlılığının təmin edilməsi
üçün hansı addımların atılmasını
zəruri hesab edirsiniz?
-
Müstəqil ölkə kimi Azərbaycanın iqtisadi
inkişaf strategiyasında milli maraqların təmin edilməsi
şübhəsizidr. Əsas milli maraq kimi
dayanıqlı inkişafın təmin edilməsi, rəqabətliliyin
yüksəlməsi, iqtisadi potensialın səmərəli
istifadə edilməsi və onların əsasında əhalinin
həyat səviyyəsinin keyfiyyətcə
artırılması bu əsasda insan kapitalının fəallaşdırılması
nəzərdə tutulmalıdır. Müstəqil milli
iqtisadiyyatın münasibətlərinin inkişafı sistemli
və nisbətən planlı xarakter
daşımalıdır. Belə ki, iqtisadi artım,
makroproporsiyaların tarazlaşdırılması, əhalinin
həyat səviyyəsinin yaxşılaşması qlobal
mühitdə bir-biri ilə əlaqədar olan və
sosial-iqtisadi inkişafı xarakterizə edən məsələdir.
Müasir şəraitdə Azərbaycan iqtisadiyyatının
artımının dayanıqlı makroproporsiyalarının
tarazlaşdırılması, həmçinin səmərəliliyin
yüksəlişindən, istehsalın və istehlakın
stimullaşdırılmasından asılıdır. Belə
bir şəraitdə iqtisadi artımın
dayanıqlılığı respublikanın müasir və
perspektiv inkişaf məsələlərini həll etmək
üçün xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi sistemin bütün
iştirakçılarının fəaliyyəti iqtisadi
müstəqilliyin, iqtisadi təhlükəsizliyin təmin
edilməsinə yönəldilməlidir. Buna görə də
artıq Azərbaycan hökuməti ölkənin sosial-iqtisadi
inkişafına xidmət edən çoxsaylı, məqsədli
proqramlar hazırlayıb həyata keçirib və
keçirməkdədir. Beləliklə, konsepsiyanın məqsədyönlü
həyata keçirilməsi və bu əsnada səmərəli
iqtisadi inkişafın sistemli modelinin yaradılması
üçün real həyatda bir sıra tövsiyələri
yerinə yetirmək zəruridir. Bunlar dinamik iqtisadi artım
üçün şəraitin yaradılması, azad rəqabət
mühitinin formalaşmasına dəstəyin
artırılması, investisiya qoyuluşlarının həvəsləndirilməsi
üçün institutların inkişafı və bu məqsədlə
maliyyə vasitələrinin cəlbediciliyinin
artırılması, sənaye sahələrində fəaliyyət
göstərən və yeni yaradılan müəssisələrin
işinin müasir tələblərə uyğun qurulması
üçün onlara zəruri köməkliyin göstərilməsidir.
Nigar ABDULLAYEVA
Palitra.-2013.-5 fevral.-S.10.