Professor Həmzə Cəfərov: “Gənclər milli-mənəvi dəyərlərin qorunmasında həmişə fəal olublar 

 

XX əsrin 20-30-cu illəri Azərbaycan gənclər hərəkatı tarixinin ən mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrlərindən birini təşkil edir. Bu mənada qeyd olunan illərdə Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərin qorunub saxlanması uğrunda mübarizəsi tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edir. 20-ci illərin ortalarından başlayaraq sovet rejimi Azərbaycanda xalqın milli adət-ənənələrinə, dini dünyagörüşünə qarşı mübarizəni daha da gücləndirdi.

Dinə qarşı təbliğatı gücləndirmək məqsədilə 1924-cü ildə «Dinə qarşı mübarizə» komissiyası yaradıldı. Həmin ildə «Allahsızlar cəmiyyəti»nin yaradılması ilə dinə qarşı mübarizə yeni mərhələyə daxil oldu. Yerlərdə cəmiyyətin özəkləri yaradıldı. Lakin bütün inzibati resursların səfərbər edilməsinə baxmayaraq, xalqı dini dəyərlərdən uzaqlaşdırmaq mümkün olmamış, xüsusən kənd yerlərində əhali dini mərasimləri gizli şəkildə də olsa, yerinə yetirməkdə davam edirdi. 1928-ci ildən etibarən kənddə allahsızlar cəmiyyətinin fəaliyyəti daha geniş vüsət və həyasız formalar almağa başlayırdı. Həmin ilin dekabrında AK(b)P MK kəndlilərin mədəni ehtiyaclarını təmin etmək adı ilə məscidlərdən mədəni-maarif müəssisələri kimi istifadə edilməsi qərara alındı. Məscid, kilsə və sinaqoqlar kütləvi surətdə bağlanır, din xadimləri təqib olunurdu.

Bu işdə partiyanın əsas zərbə qüvvəsi komsomolçu gənclər idilər. Məscid və kilsələrə basqınlar edilməsi, din xadimlərinə qarşı zorakılıqlar məhz aktiv komsomolçuların, səbatsız cavan muzdurların fəal iştirakı ilə aparılırdı. Məscidləri dağıtmaqda komsomolçulardan geniş istifadə olunurdu. Əgər aktiv gənclərdən kimsə tərəddüd edirdisə, belələri satqın adı ilə ifşa olunurdu. Vəzifə və mənsəb naminə onlar mollalara divan tutmaqdan, məscidlərə it bağlamaqdan, hətta “Quran”ı cırmaqdan belə çəkinmirdilər. Əslində bütün bu hərəkətlər əhalidə onlara qarşı nifrəti daha da gücləndirir, xalq tərəfindən «allahsız», «kafir» adlandırılan belə gənclərin apardıqları təbliğat əks nəticələr verirdi.

Dinlə mübarizədə inzibati metodlardan geniş istifadə ona gətirib çıxarmışdı ki, 1929-cu ilin seçki kampaniyası vaxtı 400-ə yaxın məscid bağlanmışdı. Çadra ilə mübarizədə komsomolçu gənclərin azğınlığı o dərəcəyə çatmışdı ki, onlar küçəyə çıxan çadralı qadına hücum edir və çadralarını ayaqları altına salıb tapdalayırdılar. Buna görə də AK(b)P MK-nın aprel (1929-cu il) plenumunda komsomolçuların bu xuliqan hərəkətləri ciddi tənqid olunmuş və qeyd edilmişdi ki, partiya xuliqanlıq edən ayrı-ayrı komsomolçulara qarşı inzibati tədbirlər görməklə yanaşı, kəndli və fəhlə kütlələri arasında izahat işi aparıb bildirməlidir ki, dini bayram və dini adətlər adı altında antisovet işi aparan dini təşkilatların başçılarına və xadimlərinə qarşı repressiya tədbirləri görəcək.

Çadraya qarşı belə zorakı münasibət bir çox bölgələrdə dindarların, din xadimlərinin etiraz çıxışlarına gətirib çıxarmışdı. Həmin ilin yayında Azərbaycanda çadranın atılması kampaniyası keçirilmişdi. Xüsusən, Lənkəran, Naxçıvan və Gəncədə bu işi sürətləndirmək nəzərdə tutulmuşdu. Aparılan kampaniya nəticəsində 1928-ci ildə 12573, 1929-cu ildə 20387 nəfər qadın çadranı atmışdı. Naxçıvanda belələrinin sayı 3307 nəfər idi.

Çadra ilə yanaşı, xürafatın qalığı hesab edilmiş papaqla mübarizənin «önündə» də yenə komsomol fəalları gedirdilər. 1929-cu ildə Azərbaycan komsomolu «Rədd olsun papaq» şüarı altında kampaniya keçirdi. Kəndlilərin, məktəblilərin papaqları zorla başlarından çıxarılıb məhv edilirdi. Bu kampaniya qış dövrünə təsadüf etdiyindən, digər baş geyimi isə tapılmadığından bir çox mənfi fəsadlara gətirib çıxarmışdı. Milli adət-ənənə baxımından kişilik simvolu sayılan papağın Avropa baş geyimi ilə əvəz edilməsi haqqında çağırışların Azərbaycanda çox acınacaqlı nəticəsi oldu. Azərbaycanın sadə kəndlisi sovet hökumətinin «kişilərə papaq əvəzinə şapka geydirmək» siyasətini ruslaşdırmanın tərkib hissəsi hesab edərək, onu baykot etdi.

Milli adət-ənənələrə, mədəniyyətə qarşı «inqilabi mübarizə» o dərəcəyə çatmışdı ki, hətta bəzi rəhbər xadimlər, mədəniyyət nümayəndələri mətbuat səhifələrində çıxış edərək milli musiqinin avropalaşdırılmasını, milli çalğı alətlərini isə Avropa çalğı alətləri ilə əvəz etməyi təklif edirdilər.

Yaradıcılığı «günün tələblərinə, proletariatın maraqlarına» cavab verməyən bir çox gənc şair və yazıçılar (Y.Çəmənzəminli, Ə.Cavad, Ə.Nəzmi, M.Müşviq, C.Cabbarlı, A.İldırım, H.K.Saraclı) siyasi təqib və hücumlara məruz qalırdılar. Tara qarşı kampaniya başlayarkən M.Müşviq «Oxu tar» şeiri ilə bu kampaniyaya qarşı çıxsa da, gənc S.Rüstəm öz növbəsində dövrün ruhuna uyğun olaraq bu şeirə qarşı «Oxuma tar» şeirini yazmışdı.

20-ci illərin sonlarında xalqın mənəvi zənginliyini özündə ehtiva edən «Novruz» bayramı din pərdəsi altında qadağan edildi.

Başqa bölgələrdə olduğu kimi, Naxçıvan MSSR-də də sovet hakimiyyətinin xalqın mənəvi dəyərlərinə, dinə qarşı apardığı mübarizə daha da kəskin xarakter almağa başladı. Muxtar Respublikada dinə qarşı mübarizədə komsomolçu gənclərin gücündən fəal istifadə edilirdi. Bu baxımdan 1926-cı il dönüş ili oldu. Həmin ildən başlayaraq dini mərasimlərin keçirilməməsi üçün bir sıra inzibati, qadağanedici tədbirlər həyata keçirildi. Məhərrəmliklə mübarizə üçün ALKGİ MK 1926-cı il mayın 17-də yerli təşkilatlara sirkulyar göndərərək onlardan gənclərin məhərrəmlikdə iştirakından çəkindirmək üçün səfərbər olmalarını tələb etmişdi.

Naxçıvan ÖKK partiya təşkilatının rəhbərliyi altında aşura, təziyə, şaxsey-vaxsey, məhərrəmlik və orucluq mərasimlərinə qarşı mübarizə aparmaq üçün kampaniya başlamışdı. Məhərrəmlik ərəfəsində ALKGİ Naxçıvan ÖKK bütün komsomolçuların məhərrəmlik mərasimlərində iştirak etmələrini qadağan edən qətnamə qəbul etmişdi. Naxçıvanda, Ordubadda, Noraşendə (indiki Şərur-H.C.) komsomol özəklərinin gücü ilə əhalinin dini ayinləri icra etməməsi üçün din əleyhinə müxtəlif tədbirlər keçirir, dindarlara qarşı kütləvi zorakılıqlar baş verirdi. Naxçıvan XKS məhərrəmlik mərasimlərinin qadağan edilməsi barədə xüsusi sərəncam vermişdi.

Kampaniyanın nəticələrinə həsr edilmiş hesabatdan bəlli olur ki, məsələn, Naxçıvan şəhərində və Ordubadda şaxsey-vaxsey mərasimində ciddi təqiblərdən ehtiyat edən gənclər az iştirak etsələr də, bəzi kənd yerlərində gənclər hədə-qorxuya baxmayaraq, küçələrə çıxıb və ayinləri icra ediblər. Hesabatda bu «antisovet ünsürlərin pozucu fəaliyyətinin» nəticəsi kimi göstərilir və onlara qarşı tədbirlər görülməsi tələb edilirdi. Məhərrəmlik əleyhinə kampaniyanın nəticələri ALKGİ Naxçıvan Ölkə Komitəsinin Rəyasət Heyətində 3 iyul 1926-cı il tarixdə müzakirə edilmişqeyd olunmuşdu ki, xüsusən qızların dini mərasimlərdə iştirakını nəzərə alaraq, onları siyasi məktəblərə, dərnəklərə və siyasi qiraətlərə daha fəal cəlb etmək və şaxsey-vaxsey mərasimlərində iştirak etmiş bütün komsomolçuları təşkilatdan çıxarmaq qərara alınmışdı.

Naxçıvanın spesifik şəraitini, İranla yaxınlığını, dini, milli adət-ənənələrini və s. faktorların mövcudluğunu nəzərə alan rəsmi dairələr bu bölgəyə daha ciddi diqqət yetirirdilər. Məsələn, iki il ərzində Naxçıvan Ölkə partiya komitəsinin fəaliyyəti Az K(b)P MK-da (1 oktyabr 1927-ci il), Naxçıvan Ölkə Komsomol komitəsinin fəaliyyəti isə ALKGİ MK Rəyasət Heyətində (19 fevral 1929-cu il) müzakirə edilmişdi. Din xadimlərinin təqib edilməsində, məscid və kilsələrin bağlanmasında partiya təşkilatları ilə yanaşı, komsomol özəkləri də canfəşanlıq göstərirdilər. 1929-cu ilin əvvəlləri üçün Muxtar Respublikada 30 məscid və 9 kilsə dindarların əlindən alınaraq klublara, başqa mədəni müəssisələrə çevrilmişdi. Hətta bəzi hallarda din xadimləri onların seçki hüququnu bərpa etmələri üçün komsomol özəklərinə müraciət etməli olurdular.

Komsomol fəalları çadrapapaq ilə mübarizədə daha amansız idilər. Ümumiyyətlə, Naxçıvanda qadınlar həmişə çadra örtübbu ənənə indidavam edir. O vaxt çadranın götürülməsi barədə qərarı Naxçıvan ÖKK hətta Azərbaycan LKGİ MK-an əvvəl qəbul etmişdi. Qəbul edilmiş qərarda öz arvadlarından və bacılarından çadranı götürməyən komsomolçuların təşkilatdan çıxarılması tələb olunmuşdu. Papaqla mübarizədə də eyni vəziyyət mövcud idi. Naxçıvan ÖKK-nin hesabatında fəxrlə qeyd edilirdi ki, burada artıq cavanların 95 faizi papaq örtmür. Ən çox biabırçı hallar kənd yerlərinə mədəni hücumlar, yüngül süvari reydləri zamanı baş verirdi. Xalqın milli, dini hisslərinə toxunan komsomol fəalları yerlərdə məscidləri dağıtmaqla kifayətlənməyərək sinfi düşmən ovuna çıxır, günahsız insanları qolçomaq adı ilə cəzalandırmaqla əslində hakimiyyət orqanlarının funksiyalarını mənimsəyirdilər.

1935-1937-ci illər arasında Naxçıvanda VKK rayon komsomol komitələrinin keçirilmiş konfranslarında gənclər arasında din əleyhinə təbliğatı, gənclərin beynəlmiləl tərbiyəsini yaxşılaşdırmağı komsomol təşkilatlarının əsas vəzifələrdən biri hesab edilmişdi.

Zaqafqaziya və Azərbaycanın yuxarı partiya, komsomol təşkilatlarının qərarları, eləcə də ÜİLKGİ MK-nın XI plenumu Naxçıvanda komsomol təşkilatlarının işində inzibatçılığın daha da sərtləşməsinə gətirib çıxardı. Yuxarı orqanların göstərişlərini direktiv kimi qəbul edən MR komsomol təşkilatları bir sıra siyasi-təşkilati tədbirlər həyata keçirmişdi. Təkcə 1935-1936-cı illərdə VKK, rayon komsomol komitələri komsomolçular, bitərəf gənclər və kəndli-gənclər arasında siyasi və tərbiyəvi işin gücləndirilməsi məsələlərini müzakirə etmiş, yerlərə yüngülvari səfərlər təşkil edilmiş, komsomol işçiləri kəndlərə təhkim olunmuşdular. Yüngülvari səfərlərin nəticəsi olaraq «sinfi sayıqlığını itirmiş» bir sıra komsomol təşkilatlarında təmizləmə aparılmış, «yad ünsürlərin» komsomol sıralarından xaric edilməsi barədə qərarlar çıxarılmışdı.

1935-ci il Muxtar Respublikada məhərrəmlik və orucluq əleyhinə sərt tədbirlərin görülməsi ilə yadda qaldı. Din əleyhinə mübarizənin II beşilliyin ən mühüm siyasi məsələsi olduğu elan edilmişdi. «Şərq qapısı» qəzeti Naxçıvanda dini adət və ənənələrin başqa rayonlara nisbətən geniş yuva saldığını, mollaların «yetişməkdə olan nəsli dini ənənələrlə zəhərləməyə» çalışdıqlarını, tələbələrin dini bayramlara cəlb olunduğunu, hətta bir sıra məktəblərdə məhərrəmlik mərasiminin keçirildiyini qeyd edirdi. Bunun əsas səbəbi isə partiya, sovet, komsomol təşkilatlarının, mübariz allahsızlar cəmiyyətinin fəaliyyətsizliyinin nəticəsi olduğu göstərilirdi. «Şərq qapısı» qəzetində Əliqulu Qəmküsarın «Cüvəllağı» imzası ilə 1911-ci ildə «Molla Nəsrəddin» jurnalında çıxmış «Xəncər vuranlara» adlı şeiri çap edilmişdi. Dini ayinləri yerinə yetirən gənclərə qarşı sərt tədbirlərə əl atılırdı. 1935-ci ilin noyabrında Naxçıvan VKK-si orucluq ayının başlanması ilə əlaqədar orucluq əleyhinə qərar qəbul etmiş, allahsızlar cəmiyyətinin işini gücləndirmək, şəhər və kəndlərdə din əleyhinə kampaniyalar keçirmək, allahsızlar guşələri yaratmaq, əhali arasında antidin təbliğatı aparmaq, xüsusi broşuralar və vərəqələr yaymaq üçün tapşırıqlar vermişdi. Orucluğun «sinfi mahiyyətini» kütlələrə izah etmək və orucluq ayını dini mövhumata qarşı «sosializm quruculuğunun zərbəçi ayına çevrilməsinə müvəffəq olmaq», pambıq tarlalarında və başqa sahələrində «zərbəçi allahsızlar briqadaları» yaratmaq təklif olunurdu. Belə kampaniyalar keçirilərkən gənclərin ən elementar hüquqları tapdalanır, əhali arasında kəskin etirazlar yayılırdı. Ümumiyyətlə, tədqiq edilən dövrdə sovet təbliğat maşınının bütün səylərinə baxmayaraq, milli-mənəvi dəyərlərin qorunub saxlanması uğrunda mübarizə Azərbaycan gəncləri tərəfindən sonrakı illərdə də davam etdirilmiş və əhalinin sovet hakimiyyətinə qarşı inamsızlıq və nifrət əhval-ruhiyyəsi güclü olmuşdu.

 

 

Həmzə CƏFƏROV,

Naxçıvan Dövlət Universitetinin

professoru, tarix elmləri doktoru

 

Palitra.-2013.-7 fevral.-S.10.