Dünya ədəbiyyatına
çıxış Azərbaycanın dünyaya
açılan qolları deməkdir
Afaq Şıxlı: “Bir cümlənin
özü belə Vətənimizin təbliğində,
tanıdılmasında paya malik ola bilər”
Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının, tarixinin,
ümumilikdə ölkəmizin dünyada təbliği istiqamətində
dövlət tərəfindən son 15 il ərzində əsaslı
şəkildə iş aparılır. Təsadüfi deyil ki,
bu gün Azərbaycanın dünyada təbliği,
tanıdılması işi kifayət qədər irəliləyib.
Təbii ki, bu nəticənin əldə edilməsində əsas
rolu Azərbaycan dövləti öz üzərinə
götürür. Lakin bu işdə xarici ölkələrdə
fəaliyyət göstərən diaspor təşkilatlarımızla
yanaşı, Vətəndən uzaqda məskunlaşan
soydaşlarımızın da fərdi şəkildə
göstərdikləri fəaliyyətlər böyük rol
oynayır. Bir ölkənin təbliğində, tarixinin,
dövlətçilik ənənələrinin
tanıdılmasında ədəbiyyatın rolu da xüsusi
qeyd olunmalıdır. Çünki ədəbiyyat hər bir
xalqın mədəniyyətinin, dilinin qorunub saxlanmasında
mühüm yer tutur. Eyni zamanda, hər bir xalqın ədəbiyyatı
onu dünyada təmsil edən amillərdəndir. Bu mənada
Vətəndən uzaqda yaşayan soydaşlarımız
arasında ədəbiyyat sahəsinə aid olanlar da var ki,
onlar da əsasən öz qələmləri ilə Azərbaycanın
tanıdılması, mədəniyyətimizin, incəsənətimizin
təbliğ edilməsi istiqamətində mühüm rol
oynayırlar. Bu, eyni zamanda Azərbaycan ədəbiyyatının
da dünyada təbliğ olunmasıdır.
Hazırda
Rusiyada yaşayan soydaşımız Afaq Şıxlı da
öz şeirləri ilə Azərbaycanın
tanıdılmasında əməli fəaliyyət göstərir.
Burada diqqəti cəlb edən məsələlərdən
biri də A.Şıxlının şeirlərində Vətən
mövzusunun əsas xətt olaraq keçməsidir.
Qeyd edək ki,
A.Şıxlı 1999-cu ildən etibarən Rusiyanın
paytaxtı Moskvada yaşayır. İxtisasca hakim olsa da, musiqi,
rəssamlıq və psixologiya ilə məşğul
olur. “Qəlbimin dedikləri”,
“Sevərsənmi”, “Məndən uzaqda”, “Səni
düşünürəm” adlı 4 şeir
kitabının müəllifi olan
A.Şıxlı Şairələr Məclisinin, Rusiya “Şəhriyar” Ədəbi Mədəni
Cəmiyyətinin və Beynəlxalq Yazıçılar və
Publisistlər Assosiasiyasının üzvüdür.
Rusiyadakı fəaliyyəti ilə bağlı “Palitra”ya danışan
A.Şıxlı Vətəndən uzaqda
Azərbaycan ədəbiyyatının rus
oxucularına tanıdılması üçün
bir sıra işlər həyata keçirdiyini deyib. O,
şeirlərində Vətən mövzusunun
əsas xətt olaraq keçməsinin
qürbətdə yaşaması ilə bağlı olduğunu bildirib: “Vətən
mənim şeirlərimin canıdır. Bəlkə də mənim
şeir yazmağıma səbəb Vətən
həsrətidir. Vətənindən kənarda yaşayan hər bir
yaradıcı insan istər-istəməz
ilk öncə öz
el-obasını, xalqını tərənnüm edir. Bu qəbul edilən klişe deyil. Sadəcə
olaraq, insanın daxilindən gələn bir şeydir. Hesab edirəm ki, Azərbaycanımızın
tərənnüm edilməsi bütün
yaradıcı adamlarımızın əsas istiqaməti
olmalıdır. Xüsusilə də, qürbətdə yaşayan ədəbiyyat adamlarımız,
şairlərimiz, yaradıcılıqla məşğul olan hər bir
soydaşımız bu məsələdə
bacardığını etməlidir. Bu yolda “tək əldən səs
çıxmaz”. Bir nəfərin səyləri
azdır”.
“Ədəbiyyat adamları Azərbaycan
ədəbiyyatının təbliğinə öz töhfələrini
verməlidir”
A.Şıxlı qeyd edib ki, hazırda Azərbaycanın
dünyada təbliği, həqiqətlərimizin,
mədəniyyətimizin tanıdılması işi
uğurla davam edir. Onun sözlərinə görə, dövlət bu istiqamətdə uğurlu
dəyişikliyə nail olub,
amma hər bir
soydaşımız da bu
məsələdə dövlətin yanında olmalı, əlindən
gələni etməlidir: “Çünki
dünyanın gedişi elədir ki, bəzən hər şeyi
dövlət deyə bilmir. Bu
baxımdan, hər bir azərbaycanlı öz sahəsində bacardığı qədər
Vətənin tanıdılmasında rol
oynamalıdır. Ədəbiyyat adamları,
yaradıcılıqla məşğul olanlar
da Azərbaycan ədəbiyyatının,
poeziyasının təbliğinə öz
töhfələrini verməlidir. Amma
bu da həqiqətdir ki, hər bir insan birinci özündən
başlamalıdır. Mən, sən, o-bu
artıq çoxluq deməkdir və xaricdə
yaşayan hamımız-müəlllimi, həkimi,
şairi-bütün
ziyalılarımız Vətən naminə
yaşamalıyıq. Yad millətə xalqımızı sevdirə bilməliyik,
adət-ənənələrimizi unutmamalıyıq. Öz vətənini sevən xalqa
daha çox hörmət
edirlər, dünyanın intellekt ail?sin? daha yaxşı qəbul
edirlər. Çünki hamı bilir ki, özününkünü
sevə bilməyən, özgəninkini heç
sevə bilməz, səmimi və dürüst
ola bilməz”. A.Şıxlı diqqətə
çatdırıb ki, bu
baxımdan Rusiyada yaradılan ədəbi-mədəni
və diaspor cəmiyyətlərinin çox böyük rolu vardır. Onun sözlərinə görə, bu,
bir başlanğıcdır və
ardının olacağına inanır. “Ədəbiyyat elə
bir qüvvədir ki, onda sel gücü,
vulkan yenilməzliyi, bahar
ətri, qəlb çırpıntısı, qələm itiliyi və əsrlərin müdrikliyi
var. Ədəbiyyatın ürəklərə
yol açdığı kimi, şüurlara nüfuz etdiyi kimi, heç nə edə
bilməz. Nə zorla, nə xoşla bir sözün verdiyi effekti almaq mümkün
deyil. Odur ki, bütün dövrlərdə
şair və yazıçıların
üzərinə daha böyük
məsuliyyət düşüb. Onlar xalqının danışan dili olmalıdırlar. Hansı millətin incəsənəti,
sözü yaşayır, yayılır və
təbliğ olunur, o
millətə zaval yoxdur.
Odur ki, biz öz ana
dilimizi sevməli, onu
gözəl bilməli, yazıb yaratmalı və
bacardığımız qədər başqa
xalqların dilinə də tərcümələr etdirə
bilməliyik. Dünya ədəbiyyatına
çıxış Azərbaycanın dünyaya
açılan qolları deməkdir”,-deyə xanım
soydaşımız qeyd edib.
“Moskvanın kitab
mağazalarında rus dilinə tərcümə edilmiş Azərbaycan
ədəbiyyatı nümunələrini kifayət qədər
tapmaq olar”
Azərbaycan
mədəniyyəti, incəsənəti, musiqisinin çox dərin
bir xəzinə olduğunu deyən A.Şıxlı bildirib
ki, bu xəzinənin dünyada tanıdılması vacibdir.
Onun sözlərinə görə, Azərbaycanın malik
olduğu bu mənəvi xəzinəni Rusiyada da yaxşı
tanıyırlar: “Xüsusilə paytaxt Moskva ədəbiyyata,
incəsənətə dəyər verilən, qiymətləndirilən
məkandır. Onu da qeyd etmək lazımdır ki, Rusiya cəmiyyəti
dünyada hindililərlə yanaşı, ən çox
mütaliə edən cəmiyyətdir və burada Azərbaycan
ədəbiyyatına da maraq az deyil. Misal üçün, əvvəllər
rus oxucuları Azərbaycan ədəbiyyatını Xaqaniyə,
Nizamiyə, Mirzə Fətəli Axundova, sonralar Səməd
Vurğuna, Anara, Çingiz Hüseynova, Məmməd
İsmayıla və digərlərinə görə
tanıyırdısa, artıq müasir dövrdə Rusiyada
yaşayan azərbaycanlı yazarlara, Tofik Məlikliyə, Nəsib
Nəbioğluna, Sultan Mərziliyə və başqalarına
görə də tanımağa başlayıblar.
İnanıram ki, zaman geçdikcə Azərbaycan ədəbiyyatı
Rusiyada daha yaxşı tanınacaq. Amma bu günün
özündə də Rusiyada, xüsusilə, paytaxt Moskvada Azərbaycan
ədəbi mühitinin formalaşdığını demək
mümkündür”. A.Şıxlı onu da qeyd edib ki,
Moskvanın kitab mağazalarında rus dilinə tərcümə
edilmiş Azərbaycan ədəbiyyatı nümunələrini
kifayət qədər tapmaq olar.
“Eyni
zamanda, internet vasitəsilə də naşirlərimizin bazaya
daxil olunmuş əsərlərini rus dilində tapmaq və oxumaq
çətin deyil. Hər bir ölkənin həyatında ədəbiyyatın
rolu böyük olduğu kimi, ölkələrin dünyada təbliğ
edilməsində də ədəbiyyat xüsusi yerə
malikdir. Yəni oxucu ədibin, yaxud şairin sözləri ilə
onun ruhuna bələd olur. Hər kəsin ruhunda isə mənsub
olduğu millətin, Vətənin bir parçası var. Bu
baxımdan, təkcə Vətənlə bağlı
mövzular deyil, digər mövzularla da Vətənin təbliğini
aparmaq mümkündür. Misal üçün, bir yazar roman
yazır. Təbii ki, bu romanda həmin yazarın mənsub
olduğu Vətənlə bağlı kifayət qədər
məlumat əldə etmək mümkündür. Yeri gəlmişkən,
mən yeni bir roman üzərində işləyirəm.
Yaxın vaxtlarda bu roman işıq üzü görəcək”.
“Azərbaycan getdiyim hər yerdə
mənimlə birlikdədir”
Bunun
ilk romanı olacağını deyən A.Şıxlı
romandan əvvəl iki yeni şeirlər kitabı nəşr
etdirəcəyini deyib: “Hər iki kitab hazırdır. Bunlardan
biri vətənpərvərlik ruhunda yazılan növbəti
şeirlər toplusu, digəri isə şair həmkarlarımla
deyişmələr, qəzəllər və rübailərdir.
Bu kitablardan sonra romanımı oxucularımın ixtiyarına
verəcəm. Mövzu real hadisələrə əsaslanıb.
Sağalmaz xəstəliyi olan bir qızla evli bir
yazıçının məhəbbət macərasıdır.
Təbii ki, romandakı hadisələrin Azərbaycanla da
bağlılığı olacaq ki, hesab edirəm bir cümlənin
özü belə Vətənimizin təbliğində,
tanıdılmasında paya malik ola bilər”.
A.Şıxlı qürbətdə yaşasa da, daim Azərbaycan
ədəbiyyatı ilə yaxın təmasda olduğunu,
müasir ədəbiyyatımızın nümunələrini
izlədiyini deyib. “Azərbaycanda yaşlı nəsil və gənc
nəsil yazarlarımız arasında dostlarım,
tanışlarım, qələminə dərin hörmət
bəslədiklərim və əsərlərini diqqətlə,
maraqla oxuduğum insanlar çoxdur. Vətəndən hər
dönüşümdə özümlə xeyli kitab gətirirəm,
aldıqlarım da olur, bağışlananlar da. Bəzən
də yeni kitablardan mənə göndərirlər. Mən bu
kitabları, əsərləri öz çevrəmdə
yayır, ədəbiyyat nümunələrimizin
yayılmasına çalışıram. Bununla
yanaşı, üzvü olduğum ədəbi təşkilatlarda
daim Azərbaycan ədəbiyyatını təbliğ etməyə
çalışıram. Ümumilikdə onu deyə bilərəm
ki, Azərbaycan getdiyim hər yerdə mənimlə birlikdədir”,-deyə
xanım şairə vurğulayıb.
Qeyd edək ki,
A.Şıxlı ötən il Türkiyə
Şeir ailəsi Mədəniyyət və
Ədəbiyyat Akademiyasının diplomu
ilə təltif olunub. Buna
səbəbsə onun şeirlərində
Azərbaycanla yanaşı, ümumilikdə türk
dünyasını da təbliğ etməsidir.
Bununla bağlı A.Şıxlı bildirib ki, bu
onun türk ədəbiyyatı
ilə bağlı aldığı ikinci
diplomdur: “İlk diploma 2011-ci ilin
sonlarında “Səni düşünürəm” adlı
kitabıma görə layiq görülmüşdüm. Bunlar məni çox sevindirir, amma sevincimin səbəbi
yalnız uğurlarım deyil,
uğurlarımla Azərbaycan qadınının, türk qadınının adını
yüksək tutmaq istəyim,
xalqımın adını qərib ellərdə yaşatmaq istəyimdir. Xalqım böyük xalqdır, biz
də harada oluruq olaq, onun adına layiq olmalıyıq”.
Asif NƏRİMANLI
Palitra.-2013.-8 fevral.-S.11.