“Azərbaycan dövlətçiliyinin tarixi minilliklərə bağlanır”
AMEA
Tarix İnstitutunun elmi işlər üzrə direktor
müavini, dosent Tofiq Nəcəfli:
“Dövrü üçün
çox güclü, mərkəzləşdirilmiş Azərbaycan
Səfəvilər dövləti və imperiyası
yaradılması əvəzolunmaz tarixi xidmətdir”
Son
vaxtlarda bəzi “tarixçilər” tərəfindən Azərbaycanın
dövlətçilik tarixinin, tarixi şəxsiyyətlərinin
fəaliyyətinin təhrif edilməsi cəhdlərinə
rast gəlməkdəyik. Bu cür “tarixçilər” tarixi mənbələrə,
faktlara əsaslanmadan, qərəzli, tarixdə Azərbaycan
dövlətləri ilə düşmən mövqedə
durmuş tərəflərin yazdığı “salnamə”lərə
istinad etməyə çalışırlar. Eləcə də
həmin adamlar əsl tarixçi kimi faktları tutuşdurmaq,
bütün mənbələr əsasında normal tədqiqat
aparmaq iqtidarında deyillər. Buna görə də onların
yazdıqları “əsərlər” ciddi elm adamları, tarix
ictimaiyyəti tərəfindən qəbul edilmir. Bundan
başqa, həmin qərəzli adamların ən pis “xidməti”
odur ki, onlar öz cızma-qaraları ilə Azərbaycan
dövlətçilik tarixinə, Azərbaycan xalqının
tarixi fəxarət məqamlarına kölgə salmağa
çalışırlar. Təsadüfi deyil ki, tariximizi
saxtalaşdırmaqla bağlı bu cür zərərli cəhdlərə
dövlət rəsmiləri səviyyəsində çox
ciddi və kəskin reaksiya verildi. Xatırladaq ki, Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev az öncə bu cür cəhdləri ifşa edən məqalə
ilə çıxış etmişdi. Akademik öz məqaləsində
onu da göstərmişdi ki, Azərbaycanın dövlətçilik
tarixi, orta əsrlərdə mövcud olmuş dövlətlərimiz
tarixçilərimiz tərəfindən daha yaxşı tədqiq
olunmalı, bununla bağlı yeni tədqiqatlar
aparılmalıdır. Qeyd edək ki, mövzu ilə
bağlı olaraq müsahibimiz AMEA Tarix İnstitutunun elmi
işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəflidir.
-Məlum
olduğu kimi, son dövrlərdə Azərbaycanın orta əsrlər
tarixi ilə bağlı bəzi şəxslər “əsərlər”
ortaya qoymağa, bununla gündəmin diqqətini cəlb etməyə
çalışırlar. Məsələn, son dövrlərdə
Güntay Gəncalp adlı birisi Şah İsmayıl və Azərbaycan
Səfəvilər dövlətinə böhtanlar, yalanlarla
dolu belə bir cızma-qara ilə çıxış etdi.
Bu baxımdan sizin institutunuzun belə addımlara qarşı
mövqeyi və əks tədbirləri barədə fkirlərinizi
bilmək istərdik.
- İnstitutumuzda son dövrlərdə bununla bağlı ciddi araşdırmalar aparılıb. Bu dövrlərə aid çoxlu sayda əsərlər meydana çıxıb və hazırda da tədqiqatlar aparılmaqdadır. O ki qaldı tariximizə qara yaxmağı nəzərdə tutan yazı və “əsərlərə”, onların heç bir effekti, ictimai rəyə təsiri lmayacaq və tezliklə onlar unudulacaq. O cümlədən Güntay Gəncalp adlı adamın yazdığının da nə roman, nə də tarixi əsər, tədqiqat olduğu bilinmir. Əgər hər hansı bir tarixi əsər yazılırsa, burada mütləq aidiyyəti dövrün qaynaqlarına əsaslanılmalıdır. Həmin adamın yazdığında isə biz qətiyyən belə bir halla, mənbələrə müraciətlə qarşılaşmırıq. Mən bu barədə fikirlərimdə bildirmişəm. Güntay öz yazısında bəzən Şahin Fərzəliyevin son dövrlərdə nəşr etdirmiş olduğu “Dünyanı bəzəyən Abbasın tarixi” əsərinə də istinad etdiyini bildirib. O, bununla bağlı hətta müsahibələr də verib və fikirlərini sırımağa çalışıb. O, guya Səfəvilərlə bağlı faktları həmin əsərdən götürdüyünü iddia edir. Amma araşdıranda bu iddia, şübhəsiz ki, özünü doğrultmadı və bir daha onun yalanları üzə çıxmış oldu. Güntay kimi “müəlliflərin” məqsədi əslində Azərbaycanın dövlətçilik tarixində böyük rolu olmuş şəxsiyyətlərə və eləcə də qüdrətli dövlətlərə qara yaxmaqdır. Bütün ciddi tarixçilər və eləcə də dünyanın müvafiq sahə alimləri əslində yaxşı bilir ki, Azərbaycanın bir mərkəzləşmiş dövlət kimi formalaşmasını 16-cı əsrdə başa çatdıran Şah İsmayılın Azərbaycan dövlətçiliyi tarixində rolu böyükdür. Ona görə də Güntay kimilərinin “yaradıcılığı” Azərbaycan dövlətçiliyi tarixinə və Şah İsmayıl kimi tarixi şəxsiyyətlərə kölgə salmaqdan başqa bir şey deyil. Güntay Gəncalp deyir ki, fars dilini doğma dili səviyyəsində bilir. Əgər belədirsə, onda o bilməli idi ki, həmin dövrün bütün farsdilli qaynaqlarında bu məsələlər əksini tapıb. Yəni guya Şah İsmayılın ətrafında olan xüsusi qızılbaş qrupunun ələ keçən dəstəni “şişə çəkməsi”, “kabab çəkməsi” kimi mübaliğələr Venesiya və sair Avropa mənbələrindən, eləcə də qızılbaşlara düşmən mənbələrdən gələn bir iftiradır. Yaxud da Səfəvilərlə savaş aparan Osmanlılar tərəfindən qızılbaşların, şiəliyi qəbul edənlərin “kafir” elan olunması, bütün əmlaklarının müsadirə olunmasna fətva verilirdisə, onda onların mənbələri də, sözsüz ki, obyektiv ola bilməzdi. Biz gərək bu mənbələri dövrün sinxron mənbələri ilə müqayisə edib ortaq məxrəcə gələk. Güntay Gəncalp adlı adam əgər tarixçidirsə, bunları bilməli və normal tarixçi kimi faktlara yanaşmalıydı. Şübhəsiz ki, Güntay tarixçi olmadığı üçün bu məsələlər onun yazdığında nəzərə alınmayıb. Əslində həm də Osmanlı mənbələri ilə 16-17-ci əsrin farsdilli mənbələrində onun gətirdiyi misalları təkzib edən kifayət qədər materiallar var. Əgər dürüst mənbələrdə onun dedikləri təkzib olunursa, təsdiqini tapmırsa, onda həmin şəxsin yazdığı kitab nəşr olunarkən bunlar nəzərə alınmalı idi. Onun cəmiyyətə sırınma çabalarına rəvac verməyə heç bir lüzum və ehtiyac yox idi. Nəşriyyat da bunu nəzərə almalı idi. Əgər nəşriyyatın hər hansı bir üzvü onun yazdıqlarını oxumuşdusa, heç olmasa, bilməli idi ki, bu kitabın məğzi nədir, nədən bəhs edir. Şübhəsiz ki, bu cür “kitab”ların Azərbaycan oxucusuna sırınmasının yalnız zərərləri ola bilər. Bu cür “əsərlər” yaxşı heç nəyə xidmət etmir. Şah İsmayılın 16-cı əsrin əvvəllərində parçalanmış bir vəziyyətdə olan Azərbaycan torpaqlarını birləşdirərək möhtəşəm bir dövlət - güclü Səfəvilər İmperiyasını yaratması, bu imperiyanın ərazisinin 3,3 milyon kvadratkilometr olması çox böyük və önəmli işdir. 14-15 yaşlı bir yeniyetmənin Əfqanıstandan başlamış, İraqda Fərat çayına qədər böyük və qüdrətli bir imperiya yaratması dünya tarixində ən nadir hadisələrdəndir. Şah İsmayılın ardıcıllarının, başda oğlu Təhmasib olmaqla bu imperiyanı qoruyub saxlamaları, Azərbaycan dövlətçiliyinin bununla davam etdirilməsi və inkişaf yolu burada nəzərə alınmalı idi. Çünki bütün bunlar inkar oluna bilməyən tarixi faktlardır. Bu cür nəhəng və təkzibolunmaz faktları görməmək, görə bilməmək və təhrif etmək sözsüz ki böyük və kobud yanlışlıqlar, qərəzdən irəli gəlir. Son dövrlərdə Şah İsmayılın fəaliyyətinə dövlət və siyasi səviyyədə qiymət verilməsi bir daha göstərdi ki, əgər biz Azərbaycan dövlətçiliyinin varisliyi prinsipindən çıxış ediriksə, tariximizin həqiqətlərini düzgün bilməli və aşılamalıyıq.
-Azərbaycan
dövlətçiliyi tarixində rolu olmuş şəxsiyyətlərin qiymətləndirilməsi
məsələsinə necə yanaşırsınız?
- Azərbaycan dövlətçiliyinin tarixi minilliklərə bağlanır. Biz əgər Azərbaycan dövlətçiliyinin
tarixi varisliyini qoruyub saxlamalıyıqsa, şübhəsiz ki, hər bir dövrün siyasi və
dövlət xadiminə hərtərəfli, tarixi
faktlardan çıxış edərək
obyektiv yanaşmalıyıq. Birinci növbədə həmin xadimlərin
dövlətçilik üçün
etdiklərindən çıxış edərək onlara qiymət vermək lazımdır. Aydın
məsələdir ki, bütün
ölkələrdə dövlətçilik tarixinə məhz
bu cür
yanaşılır. O cümlədən də
şübhəsiz ki, bu
sahədə Şah İsmayılın
xidmətləri əvəzsizdir. 15-ci əsrdə və
16-cı əsrin əvvəllərində Ağqoyunlu
dövlətimizin parçalanmış vəziyyətdə
olması, bu cür
parçalanmış torpaqların cənublu-şimallı
birləşdirilməsi və daha da genişləndirilib, o
dövr üçün
çox güclü,
təkmil, mərkəzləşdirilmiş Azərbaycan
dövləti və imperiyası yaratması əvəzolunmaz tarixi xidmətdir. Biz
tariximizə, dövlətçiliyimizə yaxşı səviyyədə
yiyə durmalıyıq ki,
başqalarının təsiri altına düşməyək
və bəzi diletant “tarixçilərin”
cəmiyyətimizə öz “əsərlərini”
sırımalarına imkan verməyək.
Qonşuluğunda qüdrətli Osmanlı İmperiyası, şərqdə
Böyük Moğol
İmperiyası ilə çiyin-çiyinə yüksəlmiş,
dövrün üç
ən böyük türk
imperiyalarından biri olan
Səfəvilər İmperiyasının tarixi
bu baxımdan düzgün
aşılanmalıdır. Bu
dövlət böyük zəhmətlər,
məhrumiyyətlər, şücaətlər və savaşlar hesabına Azərbaycana vaxtilə imperiya qazandırmışdı.
İlkin AĞAYEV
Palitra.-2013.-12 fevral.-S.11.