Azərbaycan nağılları Polşada kitab şəklində
nəşr olunacaq
Lyudmila Talıbova: “Hazırda Azərbaycan-polyak dili lüğəti üzərində
də işləyirik”
Bakı
Slavyan Universitetinin Polyak Dili və Mədəniyyəti Mərkəzinin
müdiri Lyudmila Talıbova layihə çərçivəsində
“Palitra”ya müsahibəsində mərkəzin fəaliyyəti,
Azərbaycan mədəniyyətinin, tarixinin təbliği və
görəcəkləri işlərlə bağlı
danışıb. Əvvəlcə polyakların Azərbaycana
gəlişinə, əlaqələrin necə qurulmasına
toxunan L.Talıbova hesab edir ki, hər şeyin öz tarixi olduğu
kimi, bunun da tarixi maraqlıdır.
-Azərbaycanlıların polyaklarla 540 ilə qədər qeyri-rəsmi əlaqələri mövcuddur. Hələ 10-cu əsrdə polyak tacirlər Azərbaycana gələr, buradan xalçalar, ipək parçalar alıb aparardılar. Yəni hər iki xalq bir-birini əsrlər öncə tanıyıblar.
Daha sonra müəyyən tarixi proseslər polyakların yenidən Azərbaycana gəlməsi ilə nəticələndi. Bu da Polşanın Rusiya, Avstriya və keçmiş Prussiya arasında üç hissəyə parçalanmasından sonra baş verib. Çar Rusiyasının tərkibində qalan polyaklar öz dillərində oxuya, danışa bilmədikləri üçün üsyanlar qaldırırdılar ki, nəticədə bu, onların imperiyanın uzaq yerlərinə, o cümlədən Azərbaycana sürgün edilməsinə səbəb oldu. Sürgün edilənlərin arasında sadə polyaklarla yanaşı, müəllimlər, mühəndislər, həkimlər və digər intellektual insanlar da var idi. Bu da polyakların tezliklə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına imkan yaratdı.
Qeyd edim ki, 1919-cu ildə Bakı Dövlət Universitetində polyaklar dərs deyiblər. Onlardan Mokaveyski, Yesman, Abramoviç kimi akademikləri, Uşinov, Uşinski, Malinovski kimi professorları misal çəkmək olar. Hətta bu gün Bakıda gözəl arxitekturaya malik olan İsmailiyyə, Bakı meriyasının binasını polyak arxitektorlar inşa ediblər. Tarixi araşdıranda Polşa ilə Azərbaycan arasında böyük əlaqələrin, ortaq məqamların olduğunu görmək olur. Lakin bu əlaqələr əvvəllər çar Rusiyası, sonradansa sovetlər dönəmində olub. Müstəqillik qazandıqdan sonra isə artıq Polşa və Azərbaycan müstəqil dövlət olaraq əlaqələrini kifayət qədər genişləndiriblər.
- Mərkəz
neçənci ildən fəaliyyət göstərir?
- Polyak Dili və Mədəniyyəti Mərkəzi Polşa hökuməti və Polşanın Azərbaycandakı səfirliyinin köməyi ilə 2006-cı il noyabrın 9-da Polşa Respublikası Senatının spikeri cənab Boqdan Boruseviç tərəfindən açılıb. B.Boruseviç açılışa özü ilə 30-40 deputat gətirmişdi. Mərkəzin yaradılmasında məqsəd Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq və həmçinin BSU-da polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəzin xidmətlərindən universitetin Polşa üzrə ixtisaslaşan tələbələri, Azərbaycan-Polşa əlaqələri ilə maraqlananlar istifadə edirlər. Burada bir sıra mədəni-kütləvi tədbirlər, “disput-klublar” keçirilir, həmçinin Polşadan dəvət olunan qonaqlar məruzələrini oxuyurlar.
Mərkəzdə kitabxanamız da fəaliyyət göstərir. Burada Polşanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid materialların cəmləndiyi kitabxana ilə yanaşı, texniki vasitələrlə təchiz edilmiş tədris otağı mövcuddur. Kitabxanamızda ingilis-polyak, rus-polyak lüğətləri var. Həmçinin Kamal Abdullanın kitabını da polyak dilinə tərcümə edərək tələbələrimizin istifadəsinə vermişik.
- Bəs Azərbaycan-polyak dili lüğəti...
- Hazırda Azərbaycan-polyak
dili lüğəti üzərində də işləyirik. Unversitetin rəhbərliyi bu
işi bizə tapşırıb. Belə bir
lüğətin olması,
təbii ki, ilk növbədə polşa
dilini öyrənən
tələbələr üçün
lazımi vəsait olacaq. Həmçinin
Azərbaycan dilinə
maraq göstərən
polyaklara da bu lüğət yardımçı ola bilər. Tezliklə bu lüğəti yekunlaşdıraraq nəşrə
hazırlayacağıq.
- Universitetin rəhbərliyi hansı dəstəyi verir?
- Əslində BSU-da
Polşa mərkəzi
ilə yanaşı, bir çox mərkəzlər də fəaliyyət göstərir. Bütün bunların
ideyasını universitetin
rektoru, professor Kamal
Abdulla verib. Əvvəllər polyak dili universitetdə
tədris olunurdu, amma pərakəndə formada. Məhz K.Abdullanın 2002-ci ildə BSU-ya rektor gəlməsindən
sonra onun təşəbbüsü ilə
bu işlər mərkəzləşdirilmiş formaya salındı.
Həmçinin Polşa Dili
və Mədəniyyəti
Mərkəzi də onun birbaşa dəstəyi ilə yaradıldı. K.Abdulla bütün
təkliflərimizə diqqətlə
yanaşır və demək olar ki, hər şey
öz həllini tapır. Xatırlamıram ki, onun yanına gedib mərkəz üçün
nəsə xahiş edəndə buna etiraz etsin, yaxud
məsələ həllini
tapmasın. Eyni zamanda,
K.Abdulla yazıçıdır.
Hazırda isə Almaniyada
onun kitabı çapa gedir. K.Abdullanın polyak dilinə
tərcümə etdiyimiz
“Sirli Dədə Qorqud” əsərini, “Mənim bütün kədərim” (“Vse moi peçali”) pyeslər toplusunu polyak tələbələr
maraqla oxuyurlar.
Ola bilsin ki, bu tərcümələr
mükəmməl deyil. Amma əgər
cavanlar nəyisə qəbul edirlərsə, onun gələcəyi var.
- Polşanın hansı unversitetləri ilə əlaqələr qurursunuz?
- Polşa universitetləri ilə BSU əlaqələr
qurur. Biz isə
mərkəz olaraq bu əlaqələrin genişləndirilməsində yardımçı oluruq.
Misal üçün,
2003-cü ildə Varşava
Universiteti, 2006-cı ildə
Adam Mitskeviç adına
Poznan Universiteti, 2007-ci ildə
isə Varşava Universitetinin nəzdində
Şərqi Avropa Tədqiqatları İnstitutu
ilə əlaqələr
qurulub. Hazırda bu universitetlərlə
elmi əlaqələrimiz
var. Bundan başqa, Varşava Universitetində
bizim tələbələr
üçün bir sıra proqramlar hazırlayıblar ki, bunlardan biri magistratura təhsili, digəri gənc alimlər üçün
təqaüd proqramıdır.
Yəni
4-cü kursu bitirən
tələbələrimiz bu
proqram vasitəsilə
Polşada təqaüd
hesabına təhsillərini
davam etdirirlər, sonradan istəsələr,
magistratura təhsili də ala bilirlər.
Bundan başqa, Polşa Təhsil Nazirliyinin dəstəyi ilə hər yay bir neçə
tələbə orada
polyak dilini təkmilləşdirir, eyni
zamanda Polşa mədəniyyəti, tarixi,
polyak həyatı ilə tanış
olurlar.
- Azərbaycan mədəniyyətinin,
tarixinin Polşada təbliği, yaxud da polyak tələbələrə
çatdırılması ilə bağlı hansı işləri görürsünüz?
- Təbii ki, mərkəz təkcə polyak dilinin öyrədilməsi, yaxud
polyak mədəniyyətinin
tanıdılması istiqamətində
çalışmır. Bizim əsas
məqsədlərimizdən biri məhz Azərbaycan mədəniyyətinin,
tarixinin, dövlətçiliyinin
təbliğidir. Bu istiqamətdə xeyli işlərimiz var və davam edir.
Misal üçün, buradan Polşaya gedən hər tələbə özü ilə Azərbaycanın bir parçasını da aparır. Azərbaycan
mədəniyyəti, tarixi
barədə öz biliklərini orada tanış olduğu, bir yerdə təhsil aldığı tələbələrə
çatdırır. Eyni
zamanda, burda təhsil alan
polyak tələbələr
də var. Hazırda iki polyak tələbə
bizdə təhsil alır. Biz daim
dərslərimizdə onlara
Azərbaycan haqqında
məlumatlar veririk.
Tariximizin, mədəniyyətimizin incəliklərini göstəririk.
Dövlətçiliyimizlə bağlı, ulu
öndər Heydər
Əliyev haqqında geniş bilgiləri polyak tələbələrin
diqqətinə həmişə
çatdırırıq. Polşadan bizə təkcə tələbələr deyil,
müəllimlər də,
professorlar da gəlir. Misal üçün, bu günə qədər Daqmara Zaluyna, Lukaş Kaleta, Katajına Kaleta, Tomaş Pyontek, Beata Kaşinskaya, Maçey Ronçka və Agneşka Ronçka, Yakub Kupraç kimi müəllimlər bizim mərkəzdə dərs
deyiblər. Biz onlara da Azərbaycanla
bağlı məlumatlar
veririk. Şəhərimizi, tarixi yerləri
gəzdiririk. Özümüz Polşaya səfərlərimizdə
daim bu məsələni
diqqətdə saxlayırıq.
Bu gün polyaklar
azərbaycanlıları tolerant bir millət kimi tanıyır. Buna səbəb olan
amillər müxtəlifdir.
Onlardan Bakıda katolik kilsəsinin olmasını
göstərmək olar.
Çünki 1931-ci ildə bolşeviklər
burdakı katoliklərin
kilsəsini ləğv
etdilər. 2002-ci ildə
Papa Bakıya gələndə,
ulu öndər Heydər Əliyev katoliklərə kilsə inşa etmək üçün yer verdi. Onda Papa kilsənin
birinci daşını
özü qoymuşdu.
2008-ci ildə isə Prezident İlham Əliyev həmin kilsənin açılışını etdi. Təbii ki, bunu hər ölkədə etməzlər. Polyaklar da
bunu yaxşı bilir.
Ötən il mərkəzimizdə Polşadan
olan professorlar Adam Marşalek, Andjey Raciminski, Yanuş Korol və Yoanna
Marşalek-Kava ilə
görüş keçirildi.
A.Marşalek həm də
Polşada nəşriyyat
müdiridir. K.Abdullanın xüsusi tapşırığı
ilə biz onlarla əlaqələrimizi daha
da genişləndirdik.
Sonradan onların elmi jurnalında bizim iki müəllimimizin elmi məqaləsi dərc olundu. Həmin qonaqlara biz paytaxtımızı
gəzdirdik, Qalaya apardıq. Qalaya gedəndə özümüzlə
xüsusi etnoqraf da aparmışdıq ki, tariximizlə, mədəniyyətimizlə bağlı
daha ətraflı məlumatları polşalı
qonaqlara çatdıra
bilək. Onu da qeyd edim
ki, şəhəri gəzəndə A.Marşalek
dedi ki, bu cür gözəl
şəhəriniz var:
“Qoy sizin tələbələr şəhərinizdən
müxtəlif şəkillər
çəkib bizə
göndərsin. Həmin şəkilləri
elmi jurnalda çap etdirək”. Bizim tələbələrimiz də
Bakının ən gözəl guşələrinin
şəkillərini çəkdilər
və həmin jurnalda dərc olundu. O şəkillərin
arasına xüsusi olaraq Alban kilsəsini də salmışdıq ki, burada da
məqsəd tariximizin
müəyyən mənada
təbliği idi.
Sonra A.Marşalek
təklif etdi ki, mərkəzin tələbələri polyak
oxucular üçün
Azərbaycanla bağlı
nəsə tərcümə
etsinlər. Biz də
Azərbaycan nağıllarını
tərcümə etmək
qərarına gəldik.
12 Azərbaycan nağılını tərcümə
etmişik və bu tərcümələr
yaxın aylarda Polşada Azərbaycan nağılları adı
ilə kitab şəklində işıq
üzü görəcək.
Mən martın sonlarında həmin kitabın nəşri üçün
Polşaya gedəcəyəm.
İstəyirəm ki, kitab daha sanballı nəşr olunsun. Bunun üçün hər bir nağıla xüsusi illüstrasiya da seçmişik. Bununla yanaşı, mərkəzimiz
Sabir Məmmədovun
“Ermənilər tərəfindən
azərbaycanlılara qarşı
törədilmiş soyqırımı”
kitabını polyak dilinə tərcümə
edib. Artıq tərcümə işi bitib və Polşada nəşr olunması prosesi gedir. Biz hesab etmirik ki,
çox iş görmüşük. Amma
az da
olsa, nəsə etməyə çalışırıq.
Asif NƏRİMANLI
Palitra.-2013.-15 fevral.-S.11.