Kulturoloji maarifləndirmə məktəblərdən başlamalıdır” 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev: “Kitab oxuma mədəniyyətinin tam yeni formasını hər yerdə formalaşdırmağa nail olmalıyıq”

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevlə layihə çərçivəsində təqdim etdiyimiz budəfəki müsahibəmizdə oxucular, kitabxanalar və kulturoloji maarifləndirmə məsələləri ilə bağlı söhbətləşdik. Əlikram müəllim bizimlə bu barədə söhbətə kitabla bağlı layihələrdən başladı:

-Bizim müxtəlif layihələrimizdə kitaba olan maraq həmişə üzə çıxacaq. Eyni zamanda, kitab sərgiləri daha da möhtəşəmliyi ilə yadda qalmağa başlayıb. Bu il də kitab sərgiləri daha da möhtəşəmliyi ilə yadda qalacaq. Ötən müsahibədə bildirdiyim kimi, bu cür sərgilərin keçirilməsində innovasiyalar tətbiq edilir, buna görə də həmin sərgilər daha effektli, uzun zaman təsirini saxlayan və kütləvi olur. Məsələn, kitab yarmarkasını təşkil edəndə “Facebook”dan istifadə etməyimiz və bütün gəncləri, kitab həvəskarlarını bu yolla tədbirə dəvət etməyimiz buna misal ola bilər. Ümumiyyətlə, düşünürəm ki, kitaba olan marağı tam təmin etmək üçün yüksək şərait olmalıdır. Bunun üçün kitab obyektlərində müəyyən metodlardan, yanaşmalardan istifadə etmək lazımdır. Məsələn, kitab satılan mağazalar və ya kitabxanalar var ki, adını “kitab kafesi” qoyublar. Bu cür yerlərə müasir oxucu daha çox maraq göstərir. Eyni zamanda, həmin kitab obyektlərində sanitar-gigiyenik şərait, havalandırma və sair nəzərə alınmalıdır. Hətta oxucunun kitabxanada mütaliə üçün oturduğu oturacaq da rahat olmalıdır. Oxucunun kitab oxuyarkən ürəyindən çay və ya su içmək keçə bilər. Belə halda, o, kitabxanada bu cür xidmətlərlə təmin edilməlidir, müasir standartlar bunu tələb edir. Həm də insanlar müxtəlif olduqları kimi, istəkləri də müxtəlifdir. Beləliklə, biz kitab oxuma mədəniyyətinin tam yeni bir formasını hər yerdə formalaşdırmağa nail olmalıyıq. Kitabxanalar bu baxımdan günün tələblərinə uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar.

-Bu il uşaq və yeniyetmələrə həsr olunmuş layihə keçiriləcəkmi?

- Bu barədə maraqlı bir layihə həyata keçirməyi planlaşdırırıq. Belə ki, ilk dəfə olaraq müəyyən görkəmli insanların həyatına və ya onların anadan olma günlərinə həsr olunmuş şeir müsabiqələri keçiriləcək. Bu müsabiqə müxtəlif yaş kateqoriyalarına aid uşaqlar arasında keçiriləcək. Bu cür layihələr də əslində kitaba marağın artırılmasını ehtiva edir. Onu da deyim ki, hər il biz noyabr ayında ən çox kitab oxuyan uşaqları seçirik. Hər bir rayondan bununla bağlı qalib seçilirbiz onları mükafatla təltif edirik. Bu layihə də kitab oxumanı azyaşlılar arasında da stimullaşdırmaq üçün nəzərdə tutulub. Qeyd edim ki, hər ilin noyabr ayında Bakıda 40-a yaxın uşaq təltif olunur. Kitabxanada ən çox kitab götürməklə bağlı qeydiyyata düşən, aktiv uşaqları biz təltif edir, həvəsləndiririk. Müşahidə edirik ki, istər uşaqlar, istərsə də yeniyetmə və gənclər arasında kitab oxuyan uşaqların sayı olduqca çoxdur və ildən-ilə də kitabla bağlı layihələrin intensivləşməsi oxucuların sayının daha da kütləviləşdirilməsinə səbəb olur. Ona görə də “kitab bu gün oxunmur, oxucu yoxdur” deyənlərlə qətiyyən razı deyiləm. Bu işin içində olan bir şəxs kimi bu cür fikirlərin yanlış olduğunu düşünürəm. Yenə deyirəm ki, biz sadəcə, kitabakitabxanalara cəmiyyətin yanaşma tərzində bir sıra dəyişikliklərə nail olmalı və yeni münasibət formalaşdırmalıyıq. Həyata keçirilən yeni, innovativ layihələr də bu məqsədə xidmət edir. Ümumilikdə isə kitaba maraq da kifayət qədər var və eləcə də yeni çap olunan kitabların sayı daha da kütləviləşir. Bu gün latın qrafikası ilə çap olunmuş bütün bədii ədəbiyyatı oxumaq, onları kitabxanalardanmağazalardan sifariş etmək mümkündür. Bütün bunlar isə ilk növbədə oxucu tələbatı nəticəsində yaranıb. Ona görə də bu cür kitablarla kitabxanalarımızın hamısı tam təmin olunub. Kitabxanalar intensiv, bütün həftəni işləyir və oxucuların onlardan demək olar ki, hər gün istifadə etmək imkanları mövcuddur. Eyni zamanda da dedim ki, tələblərə uyğun olaraq bu sahədə islahatlar aparılır. Amma bütün qeyd edilənlərlə kifayətlənmək yox, irəli getmək lazımdır. Bu sahəni yeni texnologiyalardan istifadə etməklə, daha da yeniləşdirmək lazımdır. Azərbaycanın bütün sahələrdə inkişaf templəri yüksəkdir, ölkəmiz artıq tətbiq etdiyi yeni texnologiyalarla dünyada qabaqcıllar sırasında yer almaqdadır. Bu baxımdan istər kitabxanalar, istər musiqi məktəbləri, istərsə də mədəniyyət evlərində yenilikləri tətbiq etməklə onların fəaliyyətini daha da səmərəli etmək bizim əsas planlarımız sırasındadır. Biz köhnə olanları, əvvəldən mövcud olanları pis adlandırmadan, onların yaxşılarını saxlayıb, yeniləri və yenilikləri tətbiq etməliyik. Bu baxımdan insanların mədəni zövqünün formalaşması və asudə vaxtını səmərəli keçirmələri üçün yeni layihələr ortaya qoymaq lazımdır. Bu gün Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyisair qurumlar bu ideyanın gerçəkləşdirilməsinə xidmət edirlər və ən ucqar kənd yerində olan kiçik bir kitabxana da buna xidmət etməlidir. Yeni ideyaların bu sahədə tətbiqi, daha kütləvi sayda oxucuların mütaliəyə cəlb olunması və insanların mədəni-mənəvi zövqünün formalaşmasında, asudə vaxtlarını bu baxımdan səmərəli keçirməsində hamımız təşəbbüslərlə çıxış etməli və məsuliyyət hiss etməliyik. Nəzərə almaq lazımdır ki, mənəvi zövq yüksək olmayan yerdə, bayağılıqlar və sair neqativliklər baş verə bilər.

-Bu baxımdan insanların kulturoloji səviyyəsinin yüksəldilməsi üçün hansı layihələr həyata keçirilə bilər?

-Əslində kulturoloji maarifləndirməyə bəlkə də uşaq beşikdə olarkən başlamaq lazımdır. Bu nə deməkdir? Uşaq bağçaya gedir. Bağçada musiqi öyrədirlər, musiqi savadı verirlər, şeirlər öyrədirlər və sair. Əgər bu gün bağça müəlliməsi bu baxımdan uşaqların zövqünü normal səviyyədə formalaşdırmağa nail ola bilirsə və onlara şeir, nəğmə öyrədirsə, bu da bir maarifləndirmədir. Bağçanı bitirəndən sonra isə məktəb mərhələsi gəlir. Bu baxımdan gəlin baxaq, bu gün nələr baş verir? Məktəblərdə əslində uşaq yaradıcılıq mərkəzləri var. Onların fəaliyyətindən söhbət gedərsə, bu, kifayət deyil. Bu, çox azdır. Məktəblərdə mütləq maarifləndirmə yönümündə müxtəlif layihələr həyata keçirmək çox vacib məsələdir. Biz 70-80-ci illərdə orta məktəbdə oxuyanda, tez-tez şagirdlərin şairlərlə, yazıçılarla görüşləri keçirilərdi. Həmçinin tez-tez tanınmış aktyorların oynadığı tamaşalar məktəblərə gələrdi. Bu gün isə məktəblərdə buna müxtəlif adlar altında imkan vermirlər. Elə bil ki bu gün məktəblərdə kiminsə marağındadır ki, bu baxımdan maarifləndirmə olmasın, məktəblilərin bu baxımdan yüksək zövqü, mədəniyyətə və həyata baxışı formalaşmasın. Bu, çox maraqlı və təəccüblü tendensiyadır. Ona görə də bu gün məktəblərə nə bir teatr, nə də digər yaradıcılıq nümunəsi daxil ola bilmir. Biz əslində bu cür kulturoloji maarifləndirmə işini məktəblərlə aparmalıyıq və onlarla bu sahədə birgə layihələrimiz olmalıdır. Halbuki məktəblərin bu vacib məsələlərə qapalı olması üzündən biz bu işləri təşkil etməkdə çətinlik çəkirik. O məktəblərdə hazırda hər hansı yazıçı, şairlə, tanınmış ictimai xadim və incəsənət insanları ilə görüşlər də keçirilmir. Yaxud da hansısa rəssam və onun yaradıcılığı ilə məktəblərin tanışlığı təşkil edilmir. Bu cür işlər baxımından məktəblərin fəaliyyəti demək olar ki, yox dərəcəsindədir. O ki qaldı, özümüzün bu barədə layihələrimizə, bu barədə həm bu həm də öncəki müsahibəmdə sizə bildirmişəm.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2013.-19 fevral.-S.11.