Milli suvenirlərimiz niyə Çində istehsal olunur? 

 

Yerli ustaların hazırladığı məhsullar keyfiyyətli olsa da, qiymətinin baha olması bazarda üstünlüyü Çin mallarına verib

 

Hər bir turist səfər etdiyi ölkədən xatirə əlaməti olaraq müxtəlif suvenirlər alır. Balaca və böyüklüyündən asılı olmayaraq həmin suvenirlər ölkə ilə bağlı təsəvvür formalaşdırır. Yəni, suvenir həmin ölkə ilə bağlı müəyyən fikirlər yaradır. Ölkənin milli simvollarını əks etdirən həmin suvenirlər təbliğat baxımından da əhəmiyyət kəsb edir. Ona görə də «suvenir» deyib keçmək olmaz. Çünki ölkə ilə bağlı təsəvvür yaradan kiçik əşya bizimlə bağlı səssiz də olsa, çox şey «danışa», çox şey «deyə» bilər. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən dövlət kimi regionun lider dövlətinə çevrilib.

Ölkəmizdə bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlər keçirilir. Yəni, Azərbaycana gələn xarici vətəndaşların, turistlərin sayı hər keçən il artır. Ötən il keçirilən «Eurovision» musiqi yarışması ilə bağlı ölkəmizə minlərlə turist axın etdi. 2015-ci ildə Bakı Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək və ölkəmizdə bu yarışa ciddi hazırlıq gedir. Bu nüfuzlu yarışla bağlı Bakı yenə də turist axınına məruz qalacaq. Bəs suvenir dükanlarımız turistlərin qarşısına nə ilə çıxır və çıxacaq? Layihə çərçivəsində təqdim etdiyimiz yazıda həmin suala cavab tapmağa çalışacağıq:

 

Xarici qonaqların araxçına marağı çoxdur

 

Bu məqsədlə yolumuzu İçərişəhərdə yerləşən «Old Baku» suvenir dükanına saldıq. 9 ildir ki, bu dükanda çalışan Orxan Babayev bildirdi ki, son illərdə İçərişəhərin siması çox dəyişib. Hər tərəfdə səliqə-səhman yaradılıb, tarixi abidələr restavrasiya edilib və hazırda bu proses davam edir: «İçərişəhər əvvəlki illərlə müqayisədə çox dəyişib. Yenidən öz qədimliyini, tarixiliyini bərpa edib. Daha əvvəlki kimi səliqəsizlik, zibillik yoxdur. Bu isə İçərəşəhərə gələnlərin sayını artırıb. Həm yeli, həm də xarici turistlərin sayında ciddi artım var. Ölkəmizə gələn əcnəbi turistlərin ilk baş çəkmək istədiyi yer Qız qalası, İçərişəhərdir. Bura onları valeh edir. Tarixi-memarlıq abidələrinə, binalara, Şirvanşahlara, Karvansaraya, qədim dar yollara tamaşa etmək qonaqlar üçün çox maraqlıdır. Turistlərin diqqətini cəlb edən əsas yerlərdən biri də suvenirlər satılan məkanlar olur. Xarici ölkəyə gedən birisi istər-istəməz ora aid suvenir almaq istəyir. Suvenirlər elə olmalıdır ki, həmin ölkənin simvollarını özündə ehtiva etməlidir. Yəni, həmin suvenir ölkə ilə bağlı nəsə deməlidir. Bizim dükana baş çəkən turistlərin sayı çox olur. Onlar daha çox əl işlərinə, xalçalara, baş geyimlərinə diqqət edirlər. Milli geyim növlərimizi, milli musiqi alətlərimiz olan tarı, kamançanı daha çox alırlar. Xaricilər bizim milli musiqi alətlərimizlə çox maraqlanırlar. Tar, kamança ilk baxışda onların diqqətini cəlb edir. Dükana daxil olan kimi ilk olaraq bu alətlərə tamaşa edirlər. Milli musiqi alətlərimizin kiçik maketlərini həvəslə alırlar. Birbaş geyimi olan araxçının satışı yaxşıdır. Xarici qonaqların araxçına marağı çoxdur. Şərq geyim formasının bir elementi kimi araxçını çox bəyənir və alırlar. Həm araxçınların qiyməti də münasib olduğu üçün çox satılır. Araxçını xaricilərlə yanaşı, yerli turistlərimiz də alırlar. Qız qalasının, Atəşgahın maketləri də turistlərin diqqətini ən çox cəlb edən və satılan suvenirlərdir. Ümumiyyətlə, İçərişəhərə gələnlər arasında rus turistlərin sayı daha çox olur».

 

1 manata da suvenir almaq olar, 300 manata da

 

O.Babayev suvenirlərin qiyməti haqqında da məlumat verdi. Onun sözlərinə görə, suvenirlərin qiyməti müxtəlif olur. Suvenirlər 1 manatdan tutmuş, 200-300 manata qədər olan qiymətə satılır. Ən baha olanı xalçalardır. Milli ornamentlərlə işlənmiş nərd taxtalarını 50 manata almaq olar. Dükan sahibinin suvenirləri haradan əldə etməsi ilə maraqlandıq. Orxan Babayev bildirdi ki, yerli ustaların istehsal etdiyi, hazırladığı milli suvenirlər çox azdır: «Bunun əsas səbəbi yerli ustaların hazırladığı məhsulların qiymətinin baha olması ilə bağlıdır. Bizim ustalarımızın hazırladığı suvenirlər keyfiyyətli olur, təmiz məhsul olur. Amma suvenirləri hazırladıqları sexin icarə pulu, kommunal ödəmələr, üstəgəl ustanın zəhmət haqqını da nəzərə alsaq, suvenir bir qədər baha başa gəlir. Həmin suvenir kefiyyətli olsa da qiyməti baha olur, ona görə , satılmır. Burada gördüyünüz suvenirlərin çoxu Çin istehsalıdır. Keramikadan hazırlanmış suvenirlərdir. Keyfiyyəti bizim ustalarımızın hazırladıqlarından aşağıdır, amma qiyməti ucuz olduğundan onlara üstünlük veririk. Tək burada deyil, digər dükanlarda da vəziyyət eynidir. Sifariş veririk, müəyyən müddətdən sonra Çində istehsal olunmuş məhsullar gətirilir. Məsələn, Xəzər dənizinin, Qız Qalasının, İçərişəhərin, mili musiqi alətlərimizin, milli geyimlərimizin əks olunduğu müxtəlif suvenirlər sifariş əsasında Çində hazırlanır. Qiymət ucuz olduğundan bu varianta üstünlük verilir. Təbii ki, yerli ustalarımızın hazırladığı məhsul bütün parametlərə görə fərqlənir, daha keyfiyyətlidir, amma qiymət məsələsinə görə Çin malları üstünlük təşkil edir. Yerli ustaların hazırladıqları suvenirləri satmaq daha yaxşı olardı. Milli suvenir ölkənin tanınması, təbliğatı baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizə gələn turistin aldığı Qız qalası, Atəşgah, İçərişəhər maketi ya araxçın, tar, kamança bizim yerli ustalarımız tərəfindən istehsal olunsa, daha yaxşı olar. Yerli ustalarımız həmin suvenirə daha ürəkdən yanaşır, hər xırda detalı belə, nəzərə alarlar. Axı həmin suvenir onu alan turistdə ölkəmiz, mədəniyyətimiz haqqında təsəvvür formalaşdırır. Biri var belə suveniri yerli usta hazırlasın, biri var ki, sifariş əsasında müəyyən formaya əsaslanaraq Çində hazırlansın. Mənə elə gəlir ki, ustalarımıza daha yaxşı şərait yaradılsa, müəyyən güzəştlər olsa, suvenirlərimizi onlara sifariş edərik. Bir məsələni qeyd edim. Məsələn, bizdən sifariş verildiyi kimi, qonşu Türkiyə, Gürüstandan da sifarişlər olur. Çinlilər eyni qabın yaxud da formanın üstündə işləyir, daha sonra üstünə sifariş verən ölkənin bayrağını yerləşdirirlər. Turistlər Bakıda, Tiflisdə ya İstanbulda olarkən baxırlar ki, eyni qab, eyni formadır, sadəcə bayraqlar dəyişdirilib. Turistlər belə hallarla çox qarşılaşır bunu bizə deyirlər. Bizim dükanda bütün mallar Çin istehsalı deyil. Dükanda Arif Seyidbəyli, Qadir Əzizli, Emil Cəmilli digər sənətkarlarımızın əsərləri yer alır. Sənətkarlarımız özləri əsərlərini bizə təqdim edirlər. Biz onların müəyyən etdiyi qiymətin üstünə müəyyən qədər əlavə edərək satırıq».

 

Yerli xarici turistlər daha çox kiçik suvenirlərə üstünlük verirlər

 

Eyni mənzərə ilə İçərişəhərdəki digər suvenir dükanında da rastlaşdıq. Müşahidə apardığımız dükanlarda İçərişəhərlə bağlı müxtəlif suvenirlər, Qız qalasının kiçik maketləri, muğam triosunun kuklaları, milli ornamentli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının İçərişəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehler, breloklar, rəsm əsərləri göz oxşayır. Onu da öyrəndik ki, müəyyən suvenirləri Qoruq İdarəsi özü sifariş verir. Təsbeh, brelok, rəsm əsərləri, əl işləmələrinin əksəriyyəti ayrı-ayrı şəxslər tərəfindən dükanlara təqdim edilir. İçərişəhərdə küçə ticarəti ilə məşğul olan suvenir satıcıları isə bildirdi ki, suvenirlərin qiyməti o qədər baha olmadığından hamının cibinə uyğundur. Turistlər çox baha olmayan kiçik suvenirlərə üstünlük verirlər. Yerli xarici turistlər əsasən 1-10 manat arasında qiyməti olan kiçik suvenirlərə daha çox üstünlük verirlər. Baha qiymətə suvenir alan turistlər olur. Çinlə yanaşı, Türkiyədən müəyyən suvenirlərin gətirildiyini öyrəndik. Həmin suvenirlərin qiyməti Çindən gətiriləndən bir qədər baha olur. Səyyar şəkildə suvenir satan satıcılar isə bildirdi ki, bayram günlərində, xüsusi tədbirlərdə ziyarətçiləri daha çox olur.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-20 fevral.-S.11.